Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2021 14:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu:  Dövlətçilik tariximiz.  Azərbaycan Atabəylər və Səfəvilər dövləti.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:

1. Dövlətçilik tariximiz.

2. Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı.

3. Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun yeri.

 

Dövlətçilik tariximiz


VI əsrin əvvəllərində Azərbaycanda feodal münasibətləri inkişaf edirdi. Kənd icmalarının torpaqları feodalların əlinə keçir, əkilib becərilməsi çətinlik törədən torpaqlar isə sahibsiz qalırdı. Torpaqsız qalan icma üzvləri asılı kəndlilərə çevrilirdilər.
Azərbaycanın cənub torpaqlarında - Atropatenada feodal münasibətlərinin inkişafına Sasani şahı I Xosrov Ənuşirəvanın islahatları da təsir göstərdi. O, sahibsiz torpaqları hərbçilərə payladı və vergilərin toplanmasını nəzərə aldı. Bununla da vergi yığan məmurların özbaşınalığına son qoyuldu. Uşaqlar, qadınlar, kahinlər, məmurlar can vergisindən azad edildilər. I Xosrovun islahatları şərti torpaq mülkiyyətini genişləndirdi, xırda və orta torpaq sahiblərinin sayı artdı.
VII əsrın əvvəllərində Azərbaycanın şimalında - Albaniyada Mehranilər sülaləsinin hökmranlığı başlandı. Bu sülalə hakimiyyətini Albaniyanın Girdiman vilayətində qurmuşdu. Sonralar Mehranilərin hakimiyyəti bütün Albaniya dövlətini əhatə etmiş, mərkəzi isə Partav şəhəri (indiki Bərdə şəhəri) olmuşdur.
VII əsrin 60-cı illərində Xilafətdə Əməvilər sülaləsinin nümayəndələri hakimiyyətə gəldi. Əməvilər müharibələri gücləndirdilər. Bizans bu müharibələrdə zəiflədi. Albaniya təklikdə çox-saylı ərəb qoşunları ilə döyüşdə uğur qazana bilməzdi. Şimaldan xəzərlərin yürüşü, cənubdan isə İran feodallarının hücumu Cavanşirin Xilafətə qarşı münasibətini dəyişdi. Cavanşir uzaqgörən xarici siyasəti ilə Azərbaycanın şimal torpaqlarını - Albaniyanı Ərəb xilafətinin, Bizansın, Sasanilərin və xəzərlərin işğallarından xilas etdi. Lakin müstəqilliyə can atan bizanspərəst feodallar sui-qəsd təşkil edərək 681-ci ildə Cavanşiri qətlə yetirdilər. Onun varisləri isə Albaniyanı qoruya bilmədilər. 705-ci ildə ərəblərin hücumu nəticəsində Albaniyanın daxili müstəqilliyi ləğv edildi. İdarəçilik xəlifənin təyin etdiyi canişinə tapşırıldı.
VII əsrin 40-cı illərində ərəb qoşunları Azərbaycana yürüşə başladılar. Sasani imperiyası dağıldıqdan sonra ərəblər Azərbaycanın işğalını genişləndirdilər. VII əsrdə Azərbaycan uğrunda ərəblərlə xəzər türkləri arasında başlayan müharibələr VIII əsrdə daha da şiddətləndi. Ərəblər Azərbaycanda möhkəmləndikdən sonra xəzərlərə qarşı daha mütəşəkkil müharibəyə başladılar. Buna baxmayaraq, döyüşlərdə hərbi üstünlük gah xəzərlərin, gah da ərəblərin əlinə keçirdi.
Azərbaycan Xilafətə qarşı azadlıq hərəkatının başlıca mərkəzlərindən biri idi. Xilafətə qarşı mübarizə bu imperiyanı zəiflətdi və Azərbaycanda bir sıra yerli feodal dövlətləri - Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətləri yarandı. Azərbaycanın qədim dövlətçilik ənənələri dirçəldi. Bu dövlətlərlə yanaşı, Şəki hakimliyi, Dərbənd və Tiflis əmirlikləri kimi nisbətən kiçik dövlətlər də yaranmışdı. Bu dövlətlərin hamısında İslam dini rəsmi din olmuş, Azərbaycan xalqının təşəkkülü üçün vacib olan vahid türk dili və türk-islam mədəniyyəti formalaşmışdı.
XI əsrin ortalarında Azərbaycanda fəaliyyət göstərən Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövləti arasında siyasi və iqtisadi əlaqələr zəif idi. Onlar bir-biri ilə çəkişirdilər. Belə bir şəraitdə Orta və Yaxın Şərqdə Səlcuqilər imperiyası yarandı. Orta Asiya, İran, İraq, Suriya, Misir, Kiçik Asiya, Ön Qafqaz xalqları ilə birlikdə Azərbaycan da Səlcuqilərin hakimiyyəti altına keçdi. XII əsrin 20-30-cu illərində Səlcuq sultanları arasında hakimiyyət uğrunda mübarizə nəticəsində mərkəzi hakimiyyət zəiflədi və nəticədə XII əsrin 30-cu illərində Azərbaycan Atabəylər dövləti yarandı. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Atabəylər dövləti xalqımızın etnik-siyasi tarixində xüsusi çəkiyə malikdir.
XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil dövlətin daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, onun hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, xalqın maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi.

 

Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı


Azərbaycan atabəylərinin idarə etdiyi Eldəgizlər dövləti (1136-1225) Azərbaycan tarixində Eldənizlər və ya Eldəgəzlər dövləti kimi də tanınır. Atabəy Şəmsəddin Eldənizin adı ilə bağlı olan Atabəylər dövlətinin ərazisi İraqı, İranı və Kür çayından cənubdakı Azərbaycan torpaqları da daxil olmaqla cənubi Qafqazın bir hissəsini əhatə edirdi. Sultan II Toğrul (1132-1134) Şəmsəddin Eldənizə "əmir" titulu verdi və onu öz oğlu Arslan şahın atabəyi təyin etdi. 1136-cı ildə o, Arran hakimi təyin olundu və Bərdəyə göndərildi. Bununla müstəqil Azərbaycan Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Şəmsəddin Eldəniz bir çox xırda feodal mülklərini aradan qaldıraraq bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. O, sultan sarayından iqta aldığı Arranla yanaşı, Azərbaycanın bəzi cənub bölgələrini, habelə Naxçıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdirməyə başladı. Paytaxt əvvəllər Naxçıvan şəhəri idi. 1160-cı ildə Şəmsəddin Eldəniz "Böyük Atabəy" titulunu aldıqdan sonra bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə başladı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi. Beləliklə, İraq Səlcuq sultanlığı Azərbaycan sultanlığına çevrildi. Şirvanşahlar dövləti və Azərbaycan üçün daim təhlükə yaradan gürcü torpaqlarını da Eldənizlər dövlətinin tərkibinə daxil etmişdilər. Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın Eldənizlər dövləti Dərbənd keçidindən İran körfəzinə qədər çox geniş əraziləri - Azərbaycanı, o cümlədən Arran və Şirvan, əl-Cibal ölkəsi, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyi əhatə edirdi.
Səlcuq Sultanı III Toğrulun (1176-1194) atabəyi olan Məhəmməd Cahan Pəhləvan (Şəmsəddinin oğlu) hakimiyyətə gəldikdən sonra (1175-1186) paytaxtı Naxçıvandan Həmədana köçürdü (1175), həmin ili Təbrizi Ağsunqurilərin əlindən aldı, müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini qırdı və mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə keçən qardaşı Qızıl Arslan (1186-1191) uzun müddət taxt-tacı ələ keçirməyə cəhd edən saray müxalifətinə və iri feodallara qarşı mübarizə apardı. Qızıl Arslan sui-qəsd nəticəsində öldürüldükdən sonra Azərbaycanda hakimiyyəti Əbu Bəkr (1191-1210) ələ keçirdi. Məhəmməd Cahan Pəhləvanın digər oğulları Qutluq İnanc və Əmir Əmiran Ömərin idarə etdikləri İsfahan, Rey vilayətləri və İraqın bir hissəsi Eldənizlər dövlətindən ayrıldı. Özbəyin (1210-1225) hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi. Beləliklə, monqolların hücumu ərəfəsində Azərbaycan dövlətlərindən heç biri nə Eldənizlər, nə də Şirvanşahlar ölkəni xarici təhlükədən qorumağa qadir deyildilər. 1206-cı ildə Çingiz xan tərəfindən Mərkəzi Asiyada yaradılmış Monqol dövləti ilk vaxtdan hərbi yürüşlərə başladı. Monqol ordusu geniş əraziləri tutaraq Azərbaycana doğru irəlilədi. 1220-ci ildə Təbriz şəhəri xərac verərək təhlükədən xilas edildi.
1221-ci ilin əvvəllərində Marağaya və 1222-ci ildə Şamaxıya hücum edən monqollar şəhərləri talan etdilər. Bu hadisədən sonra monqollar şimala üz tutdular. Dərbəndi tuta bilməyəcəklərini anlayıb Azərbaycanı tərk etdilər. Talan olunmuş Azərbaycan zəifləyib gücdən düşmüşdü. Yeni torpaqlarda möhkəmlənmək istəyən Xarəzmşah şahzadəsi Cəlaləddin 1225-ci ildə Azərbaycana hücum etdi və nəticədə Atabəylər dövləti süquta uğradı.

 

Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun yeri


Azərbaycan dövlətçiliyi tarixində Səfəvilər dövlətinin özünəməxsus yeri vardır. Səfəvilərin Ərdəbil hakimliyindən sonrakı dövrünü onların Azərbaycanın siyasi həyatında mühüm rol oynaması, bütün Azərbaycanda hakimiyyətin yaranması və möhkəmlənməsi dövrü kimi qiymətləndirmək olar. Məhz Səfəvilərin Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılması yolunda başlanğıc rolunu oynamışdır. XV əsrin ortalarından etibarən Səfəvilər daha fəal siyasət yeritməyə başladılar. Səfəvilərin hakimiyyəti Ərdəbil dövründən (1501) başlanır və 1736-cı ilə qədər davam edir.
Səfəvilərin hakimiyyəti Şah İsmayılın dövründə daha da gücləndi. Onlar kütlələri öz tərəflərinə cəlb etmək üçün ədalətli qərarlar vəd edirdilər. Təkcə Ərzincan səfəri ərzində İsmayılın bayrağı altına müxtəlif tayfalardan 7 min qazi toplaşdı. 1500-cü ilin payızında qızılbaşlar (səfəvilər) Kürü keçib Şirvan ərazisinə daxil oldular. Şirvanın paytaxtı tutuldu, Fərrux Yasarın başı kəsildi, qızılbaşlar Şirvanşahların böyük sərvətini ələ keçirdilər. Sonra İsmayıl Bakı üzərinə yeriyərək onu ələ keçirdi. Ağqoyunlu Əlvənd Mirzə bundan bərk narahat oldu. O, İsmayılın cənuba doğru hərəkətinə nə qədər mane olmağa çalışsa da, buna müyəssər olmadı. 1501-ci ilin ortalarında Naxçıvan ərazisində onlar arasında həlledici döyüş baş verdi. Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti göstərərək qələbə qazandı.
Həmin qələbədən sonra, 1501-ci ilin payızında İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan etdi. Beləliklə, paytaxt Təbriz olmaqla Səfəvilər dövlətinin əsası qoyuldu. Azərbaycan Səfəvilər dövlətinin özəyi idi. 1503-cü ildə Ağqoyunlu dövlətinin varlığına son qoyan şah İsmayıl Əlvənd üzərində qələbə ilə İran və Əcəm İraqının xeyli hissəsinə yiyələndi.
Səfəvilər dövlətinin yaranması Azərbaycan tarixində mühüm hadisə idi. Bu ölkənin təsərrüfat həyatı üçün şərait yaratdı, yadellilərə qarşı xalqın mübarizəsini asanlaşdırdı.
Səfəvilər dövlətinin meydana çıxması və onun qüdrətinin artması Osmanlı İmperiyasını narahat edirdi. Osmanlı İmperiyasının sultanı II Bəyazit Şah İsmayıla qarşı müharibəyə başlamaqdan imtina edərək, 1504-cü ildə bu dövləti tanıdı. 1514-cü il avqustun 24-də Çaldıran düzündə tarixin ən qanlı qardaş qırğını, türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə qələbəsi oldu. Bu döyüşdə Səfəvilər məğlub olaraq Ərzurum şəhəri ilə birlikdə Şərqi Anadolunu və Şimali İraqı itirdilər.
Şah İsmayılın ölümündən sonra onun oğlu I Təhmasib taxta çıxdı (1524-1576). Süleyman Qanuninin (1520-1566) vaxtında Osmanlı ali təbəqəsi öz nüfuz dairələrini şərq istiqamətində genişləndirmək cəhdlərindən əl çəkmirdi. Odur ki, qarşılıqlı hücumlar ara vermir, illərlə davam edirdi. Nəhayət, 1555-ci il mayın 29-da Amasiyada Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsini başa çatdıran sülh müqaviləsi imzalandı. Bu sülhə görə, Qərbi Gürcüstan - İmeretiya, Menqreliya və Quriya Türkiyənin, Gürcüstanın şərq vilayətləri - Mesxi, Kartlı, Kaxetiya və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi. Lakin bu sülh uzun sürmədi. XVI əsrin 70-ci illərindən etibarən Osmanlı işğalının yeni dövrü başlandı.
Beləliklə, 1586-1589-cu illərdə bütün Azərbaycan Sultan II Muradın ordusu tərəfindən zəbt olundu. Səfəvilər ərazilərinin qalan hissəsini itirməmək üçün sülhə razılaşdılar. 1590-cı ildə imzalanan İstanbul sülh müqaviləsinə görə, Azərbaycandan əlavə indiki Ermənistan, Gürcüstan, habelə İranın qərb vilayətləri Türkiyəyə verildi. Səfəvilər dövləti süquta uğradı.
Osmanlı ilə müharibənin davam etdiyi illərdə İranda hakimiyyət dəyişikliyi oldu. I Şah Abbas taxt-taca sahib oldu (1587-1629). O da Azərbaycana qarşı planlarını gizlətmirdi. 1607-ci ildən etibarən hərbi əməliyyatlara başlayan I Şah Abbas Şirvana hücum etdi. O, zəbt etdiyi ərazilərdə güclü farslaşdırma siyasəti yeridir, amansız bir idarə üsulu yaradırdı.
1639-cu il mayın 17-də Qəsri-Şirində imzalanmış sazişə görə Səfəvi-Osmanlı müharibəsinə son qoyuldu. Ərəb İraqı osmanlılara, Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərə verildi.
Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə amili vətənpərvərliyi şərtləndirir. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Azərbaycanda dövlətçilik ənənələrinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən bərpa edilməsi və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi və dönməz xarakter alması, beynəlxalq nüfuzunun sürətlə artması mümkün olub.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi