Tarixdə elə hadisələr, insanlığa qarşı törədilmiş cinayətlər var ki, heç vaxt unudulmur. 1992-ci ildə baş vermiş Xocalı soyqırımı heç vaxt unuda bilməyəcəyimiz belə hadisələrdəndir.
Azərbaycan Hərb Tarixi Muzeyində koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş karantin qaydalarına riayət edilməklə keçirilmiş tədbirdə xalqımıza qarşı törədilmiş dəhşətli qətliamın qurbanları dərin hörmətlə bir daha xatırlandı.
Muzey rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxışında vurğuladı ki, ermənilərin Xocalını ələ keçirərkən azərbaycanlılara qarşı xüsusi amansızlıqla törətdikləri vəhşiliklər heç bir çərçivəyə sığmır. Xocalının məhv edilməsində bilavasitə iştirak etmiş bədnam 366-cı alayın tabor komandiri olmuş Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, həmin alayın üçüncü taborunun komandiri Yevgeni Nabokix, birinci taborun qərargah rəisi Valeri Citciyan və başqaları amansız qırğının bilavasitə iştirakçıları olublar.
Düşmənin qanına qəltan etdiyi soydaşlarımızın hamısı, muzey rəisinin sözlərinə görə, yalnız güllə yarasından ölməyib, ermənilər amansız işgəncələr verməklə, təhqirlərə məruz qoymaqla əsir və girovların əksəriyyətini həyatdan məhrum ediblər. Azərbaycanın ucqar dinc şəhərinin sakinlərinə qarşı erməni silahlı birləşmələrinin törətdiyi amansız vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Vətən müharibəsi zamanı bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımının günahsız qurbanlarının qisasının Azərbaycan Ordusu tərəfindən alındığı tədbirdə qeyd olundu. Eyni zamanda, erməni hərbi canilərinin gec və ya tez layiqli cəzalarını alacaqlarına bir daha inam ifadə edildi.
Əbülfət QASIMOV, Azərbaycan Hərb Tarixi Muzeyi