Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2021 12:19

Silahlı Qüvvələrin Hərbi Akademiyası - qalib komandirlər yetişdirən təhsil ocağı

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması ilə başlayan, 44 gün davam edən və rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsi bir daha göstərdi ki, ən çətin və məsuliyyətli tapşırıqları tərəddüd etmədən yerinə yetirməyə qadir güclü ordunun yaradılmasında dərin düşüncəli və yüksək hazırlıqlı zabit heyətinin əvəzolunmaz rolu vardır. Qarşıya qoyulan istənilən hərbi təyinatlı tapşırığın icrasının planlaşdırılması, təşkili, şəxsi heyətin bu tapşırıqların icrasına bütünlüklə səfərbər edilməsi məhz zabit və komandir heyətinin yüksək bilik və bacarığı sayəsində mümkündür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında peşəkar, bilikli, yüksək təşkilatçılıq qabiliyyətinə malik, ən əsası Vətəninə və Ali Baş Komandanına sadiq zabit və komandir heyətinin yetişdirilməsi məqsədilə respublikada xüsusi əhəmiyyət kəsb edən hərbi təhsil sistemi yaradılmışdır. Bu təhsil sisteminin mühüm pillələrindən birini də Silahlı Qüvvələrin Hərbi Akademiyasında həyata keçirilən təhsil təşkil edir.
Yüksək ixtisaslı zabitlərin hazırlanması və təkmilləşdirilməsi kimi mühüm vəzifələrin həyata keçirildiyi bu təhsil ocağının yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda yüksək ixtisaslı hərbi kadrların hazırlanmasına ehtiyacı nəzərə alaraq, 1999-cu ilin fevralında ulu öndər Heydər Əliyev tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının fəaliyyətə başlaması haqqında fərman imzalandı. Hərbi kurs kimi fəaliyyətə başlayan bu müəssisənin sonradan mütəşəkkil bir təhsil ocağına çevrilməsi qərara alındı. Ötən illərin tarixi təhlili və eləcə də hərbi kadrların hazırlanması sahəsində əldə edilmiş nəticələr göstərdi ki, belə bir təhsil ocağının yaradılması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin perspektiv inkişafına hesablanmış strateji əhəmiyyətli bir qərardır.
Hazırda Azərbaycan Ordusunun elə bir birləşmə, birlik strukturu, əməliyyat-strateji idarəetmə orqanı yoxdur ki, orada Hərbi Akademiyanı bitirmiş zabit və komandir kadrlarına rast gəlinməsin. Azərbaycan Ordusunun təkmilləşməsində, güclənməsində və yüksək döyüş hazırlığı ilə fərqlənməsində bu kadrların rolu danılmazdır. 44 günlük Vətən müharibəsinin nəticələri də bunu əyani şəkildə sübut etdi.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının təsdiq olunmuş Əsasnaməsində bu təhsil ocağı üçün çoxşaxəli vəzifələr nəzərdə tutulur:
- Azərbaycan Ordusunun ehtiyacı baxımından hərb elmləri üzrə yüksək nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnmiş komandir və qərargah zabitlərinin hazırlanması;
- hərbi kadrların hazırlanmasının təkmilləşdirilməsi məsələlərinin həllinə yönəlmiş fundamental elmi tədqiqat işlərinin təşkili və həyata keçirilməsi;
- elmi, pedaqoji kadrların hazırlanması, komandir və müəllim heyətindən olan zabitlərin ixtisasının artırılması;
- hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi üçün elmi tədqiqatların aparılması və s.
Hazırda Hərbi Akademiyada bu vəzifələri uğurla icra edən peşəkar, savadlı və təcrübəli bir kollektiv formalaşmışdır. Bu kollektivin fədakar fəaliyyəti sayəsində Hərbi Akademiyada təhsil dünya standartları səviyyəsinə çatdırılmışdır. Əvvəllər təhsilin təşkilində inkişaf etmiş ölkələrin elmi-pedaqoji təcrübəsindən səmərəli şəkildə istifadə edilirdisə, hazırda hərbi təhsilin Azərbaycan təcrübəsi də formalaşmaqdadır.
Hərbi Akademiyanın təhsil prosesində əsas diqqət, heç şübhəsiz ki, yeni biliklərin verilməsinə, bu biliklərin təcrübə ilə əlaqələndirilməsinə, mürəkkəb şəraitdə düzgün qərar qəbul edən və onun səmərəli icrasını bacaran komandir və qərargah heyətinin formalaşdırılmasına yönəldilmişdir. Çünki günbəgün müasirləşən və daim inkişaf edən hərb elmi və hərb işi təfəkkür və intellektin inteqrasiyasını tələb edir. Bu keyfiyyətlərin dinləyicilərdə formalaşdırılması işi isə müəllim-pedaqoji heyətinin üzərinə düşür. Təhsil prosesinə qoyulan yüksək tələblər, təhsilin nəzəri və praktiki mərhələlərinin uğurla və düzgün əlaqələndirilməsi Azərbaycan Ordusunun yüksək ixtisaslı yeni komandir və qərargah zabitləri ilə təmin edilməsinə öz töhfəsini verdi. 44 günlük Vətən müharibəsi Hərbi Akademiyada məhz belə komandir və qərargah heyətinin yetişdirilməsinə bariz nümunə oldu. Belə ki, Azərbaycan xalqının tarixi qələbəsi ilə nəticələnən bu müharibədə  Hərbi Akademiyanın məzunu olmuş zabitlər iştirak etdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu komandir və qərargah heyəti hazırda dünyanın ən inkişaf etmiş ölkələrinin hərbi strukturları tərəfindən öyrənilməkdə olan bir döyüş və fəaliyyət təcrübəsi nümayiş etdirdilər.
Vətən müharibəsini zəfərlə sonlandıran Azərbaycan Ordusunun bütün şəxsi heyətinin, o cümlədən  zabit heyətinin təşkilatçılıq və idarəçilik məharəti, Vətənin haqq işinə sədaqəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən  yüksək qiymətləndirildi. Onların arasında Hərbi Akademiyanın məzunu olmuş zabitlər də az deyildi.
Vətən müharibəsində Hərbi Akademiyanın məzunları ilə yanaşı, təcrübəli müəllim və pedaqoji heyəti də iştirak edirdi. Hərbi Akademiyada təhsil prosesinə cəlb edilmiş neçə-neçə təcrübəli zabit müharibənin başlaması ilə cəbhə bölgəsinə yollandı, yeni hissə və strukturların formalaşmasında iştirak etdi və ağır döyüşlərin qəhrəmanı oldular. Əldə edilmiş uğurlara görə, Hərbi Akademiyanın rəhbərliyi, müəllim-pedaqoji heyətinin üzvləri dövlətin yüksək mükafatlarına layiq görüldülər.
Digər tərəfdən Vətən müharibəsinin təcrübəsinin ciddi şəkildə araşdırılması, təhlili, hərb məharəti sahəsində nümunələrin öyrənilməsi və onun təhsil prosesinə inteqrasiyası Hərbi Akademiyanın müəllim-pedaqoji və elmi kollektivinin qarşısında yeni vəzifələr qoyur. Ona görə də Vətən müharibəsi təcrübəsinin və tarixinin öyrənilməsi istiqamətində Hərbi Akademiyada artıq elmi araşdırmalara başlanmışdır.
Ümumiyyətlə, Hərbi Akademiyanın fəaliyyətinin mühüm tərkib hissəsini elmi fəaliyyət təşkil edir. Elmi işlərin təşkili və aparılması, eyni zamanda, hərbi-elmi kadrların hazırlanması məqsədilə 2014-cü ildə Hərbi Akademiyada Adyunktura və elm şöbəsi yaradılıb. Bu şöbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına uyğun olaraq neft kapitalının insan kapitalına çevrilməsi sahəsində əhəmiyyətli işlər görür. Hazırda Hərbi Akademiya respublikada hərbi-elmi araşdırmaların mərkəzinə çevrilib. Son illər ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, Azərbaycan Ordusunun və hərb tarixinin fundamental tədqiqilə bağlı Hərbi Akademiyanın Adyunktura və elm şöbəsində çalışan təcrübəli alimlər tərəfindən çox ciddi işlər görülüb və onların araşdırmaları işıq üzü görüb. Hərbi Akademiyanın kollektivi tərəfindən aparılan araşdırmaların nəticələri bu təhsil ocağının nəzdində fəaliyyət göstərən və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına düşmüş üç elmi jurnalda (Milli təhlükəsizlik və hərbi elmlər, Hərbi bilik, Hərbi icmal), eyni zamanda, xarici mətbu nəşrlərdə çap olunur.
Ali Attestasiya Komissiyası ilə əməkdaşlıq nəticəsində hərbi-elmi kadrların yetişdirilməsi məqsədilə "Milli təhlükəsizlik və hərbi elmlər" ixtisası üzrə elmi istiqamət müəyyənləşdirilib və bu istiqamət üzrə kadrların hazırlanması Adyunktura və elm şöbəsi tərəfindən uğurla həyata keçirilir. Hazırda Adyunktura və elm şöbəsində 46 nəfər fəlsəfə, 5 nəfər isə elmlər doktoru pilləsində təhsilini davam etdirir. Ötən illərdə artıq 3 nəfər fəlsəfə və bir nəfər də elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini uğurla müdafiə edib, Ali Attestasiya Komissiyasının qərarı ilə bu elmi dərəcələrə layiq görülmüşdür.
Hazırda Hərbi Akademiyanın nəzdində "Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə akademik kursu" fəaliyyət göstərir. Hərbi Akademiya yarandığı ildən fəaliyyət göstərən bu kursda Müdafiə Nazirliyinin, digər güc strukturlarının və mülki nazirliklərin yüksək vəzifəli kadrlarına ölkənin təhlükəsizliyi və müdafiəsinin təşkili ilə bağlı xüsusi biliklər verilir. Həmçinin bu kursda respublikanın bütün strateji fəaliyyət sahələri üçün kadrlar hazırlanır.
Hərbi Akademiyanın nəzdində, həmçinin "Xarici dil və tərəfdaşlıq mərkəzi" də fəaliyyət göstərir. Mərkəzdə zabitlərə ingilis, rus, fars, erməni dilləri tədris olunur. Tədrisin keyfiyyətinin artırılması məqsədilə beynəlxalq tərəfdaşlarla işgüzar əlaqələr qurulmuş və kursun işinə təcrübəli mütəxəssislər cəlb olunublar.
Bir sözlə, respublikanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsinə və müdafiəsinə qadir olan rəşadətli Azərbaycan Ordusunun möhkəmləndirilməsi istiqamətində Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyi və müəllim-pedaqoji heyəti fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun davam etdirməkdədir. Yaradılmasının 22-ci ili münasibətilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Akademiyanın kollektivinə ünvanladığı təbrik məktubunda da yüksək ixtisaslı zabit kadrlarının hazırlanması sahəsində görülən işləri yüksək qiymətləndirmiş və kollektivə ən xoş arzularını ifadə etmişdir. Şübhəsiz ki, dəyərli xidmətləri bütün xalqımız tərəfindən minnətdarlıqla qarşılanan yüksək ixtisaslı zabit kadrlarının hazırlanmasında Hərbi Akademiya uğurlu fəaliyyətlərini bundan sonra da davam etdirəcək və Azərbaycanın müdafiə potensialının artırılmasına öz töhfəsini verəcəkdir.

Rəşad TAHİROV, Silahlı Qüvvələrin Hərbi  Akademiyası