Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu:  IX əsrdə Azərbaycanda xalq-azadlıq hərəkatı.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. IX əsrdə Azərbaycanda xalq-azadlıq hərəkatı.

2. Xürrəmilərin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə.

3. Xürrəmilər hərəkatının əhəmiyyəti.

 

IX əsrdə Azərbaycanda xalq-azadlıq hərəkatı


VII əsrin əvvəllərində Ərəbistan yarımadasında güclü bir feodal dövləti meydana gəldi. Asiyada, Afrikada və Avropada İslam dinini yaymaq siyasəti yeridən ərəblər İranın Rey və Qəzvin şəhərlərini işğal etdikdən sonra 639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı ilə Azərbaycana daxil oldular. Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq, əhali onlara asanlıqla boyun əymədi, düşmənə ciddi müqavimət göstərərək, vergi verməkdən və islam dinini qəbul etməkdən imtina etdi. Yalnız 90 illik kəskin mübarizədən sonra xilafət ordusu Azərbaycanın istilasını başa çatdıra bildi. Ərəblər işğal etdikləri ölkələri əvvəllər öz qaydaları əsasında idarə edirdilər. Bu qaydalar isə mümkün qədər çox vergi toplamaqdan və başqa dinə mənsub olanlar arasında islam dinini yaymaqdan ibarət idi.
Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı, dəhşətli istismar və hüquqsuzluq, yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması, güclü ərəbləşdirmə siyasəti və başqa səbəblər əhalinin vəziyyətini ağırlaşdırmaqla yanaşı, ümumxalq qəzəbini coşdururdu.
VIII əsrin ortalarında Əməvilər sülaləsinin siyasətinə qarşı həm xilafət sarayında, həm də onlara tabe olan ölkələrdə kəskin mübarizə gedirdi. Xilafətə qarşı çıxışlar Azərbaycanda 748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda yerli feodalların başçılığı ilə əhalinin bütün təbəqələri iştirak edirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər Azərbaycanda möhkəmləndikcə yerli feodalları dövlət aparatından uzaqlaşdırır, onların torpaqlarını, kəndlilər üzərindəki hüquqlarını və digər imtiyazlarını məhdudlaşdırırdılar.
Ərəblərə qarşı 748-ci ildə Beyləqanda başlamış ilk üsyan tezliklə digər vilayətləri, xüsusilə Bərdəni və Ərdəbili əhatə etdi. Xalq hərəkatı Azərbaycanın digər əyalətlərini və bütün ön Qafqazı bürüdü. 752-ci ildə üsyan amansızlıqla yatırıldı.
Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı Xürrəmilər hərəkatıdır. 755-ci ildə baş verən və sözsüz ki, xürrəmilərin də iştirak etdikləri "Sunbad" üsyanı nəzərə alınmazsa, mənbələrdə "əl-müxəmmirə" - "qırmızı geyinmişlər" adı ilə məşhur olan xürrəmilərin ilk məlum çıxışı 778-ci ilə aid edilir. Xürrəmilər sosial bərabərlik uğrunda mübarizə aparır, bütün təbəqələrdən olan gənclər üçün istisnasız kəbin hüququ azadlığı, maddi nemətləri insanlar arasında bərabər bölüşdürmək kimi tələblər irəli sürürdülər.
Xürrəmilərin ərəb xilafətinə qarşı mübarizəsi üç dövrə bölünür: birincisi, Cavidanın üsyana rəhbərlik etdiyi və ona qədərki dövr, ikincisi, 816 - 817-ci ildən, yəni, Babəkin üsyana rəhbərliyi öhdəsinə götürdüyü tarixdən başlanır və Bəzz qalasının süqutuna (837-ci il) qədərki dövr, üçüncüsü, Xürrəmilər hərəkatından sonrakı dövr (838-840-cı ildə Təbəristanda Karinlər sülaləsindən olan son əmir Məzyərin, ya da Mahyədigə ibn Karin ibn Vanda-Hürmüzün rəhbərliyi ilə üsyan və məzdəkilər hərəkatı).

 

Xürrəmilərin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə


Tarixi mənbələrin məlumatına görə, xürrəmilərin ərəblərə qarşı azadlıq mübarizəsi 61 il davam etmişdir. Onun üçdə iki hissəsini Babəkə qədərki dövr təşkil edir. Bu mübarizənin xeyli hissəsinə Bəzz qalasının sahibi Cavidan rəhbərlik etmişdir. Xürrəmilər Cavidanın rəhbərliyi altında xilafətə qarşı iki dəfə - 778 və 808-ci illərdə üsyan etmişlər. 808-809-cu illərdə Azərbaycanda Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş və yüz mindən artıq adamın qoşulduğu üsyanın yatırılmasına ərəb sərkərdəsi Abdulla ibn Malikin başçılığı ilə on minlərlə atlı göndərildi. Üsyan amansızlıqla yatırıldı, üsyançıların çoxu öldürüldü, əsir alınmış kişiləri xəlifə Harun ər-Rəşidin göstərişi ilə öldürdülər, qadın və uşaqları isə qul kimi satdılar. Uğursuzluqla nəticələnməsindən sonra xürrəmilərin xilafətə qarşı çıxışları ara verdi. Xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. 816-cı ildə yerli feodal Əbu İmranla döyüşdə Cavidan ağır yaralandı və aldığı yaradan öldü. Cavidanın ölümündən sonra xürrəmilərin hərəkatına onun köməkçisi Babək rəhbərlik etdi. Əsrlərdən bəri adı qəhrəmanlıq rəmzinə çevrilmiş Babək öz zəmanəsinin cəsur sərkərdəsi və görkəmli siyasi xadimi idi.
Babək xürrəmilər icmasında  rəhbərliyi qəbul edən zaman onun tərəfdarlarının sayı kifayət qədər çox deyildi. O, xürrəmilərə silah paylayıb göstəriş verdikdən sonra əlverişli məqam çatana kimi gözləmələrini tapşırdı. Həmin müddətdə Babək öz adamlarını Azərbaycanın hər tərəfinə göndərərək ölkəni xilas etmək üçün onları ərəblərə qarşı azadlıq mübarizəsinə çağırdı. Ölkənin hər tərəfindən minlərlə insan Babəkin bayrağı altında toplandı. Bəzi mənbələrə görə, Babəkin ordusunda təkcə atlılar 20 min nəfər idi. Babək orduda hərbi intizam yaratmışdı.
Xürrəmilər xilafət orduları üzərində parlaq qələbələr çalaraq Azərbaycanı onlardan təmizlədikcə azadlıq mübarizəsinə qoşulanların sayı artırdı. Ərəb tarixçisi Bağdadın verdiyi məlumata görə, Azərbaycanın cənubunda Babək tərəfdarlarının sayı 300 min nəfərə çatırdı.
819-cu ildə xəlifə xürrəmilərə qarşı ilk nizami ordu göndərdi. Xürrəmilər düşməni məğlub edərək, Süniki, Ərsakı, Bərdəni, Beyləqanı, Qarabağı, Arranın bir sıra əyalət və şəhərlərini azad etdilər. Babəkin əsas tərəfdarları (Z.Bünyadovun qənaətinə görə), ermənilərdən fərqli olaraq, alban knyazları idi. IX əsrin 20-ci illərinin sonuna doğru azadlıq müharibəsi genişlənərək Xilafəti sarsıtdı. Göndərilən güclü ərəb ordusu 2 il hazırlıqdan sonra 829-cu il iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici savaşa başladı. Məqsəd Bəzz qalasını ələ keçirmək idi. 150 minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. Xəlifənin sevimli sərkərdəsi Məhəmməd əl-Tusi öldürüldü. Bu, ərəb orduları üzərində xürrəmilərin 5-ci qələbəsi idi.
IX əsrin 30-cu illərinin əvvəlləri azadlıq mübarizəsinin ən uğurlu dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar. 833-cü ilin sonunda Həmədan şəhəri yaxınlığında xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Onların itkisi 60 mindən 100 minə qədər idi. Xəlifə Bizansla müharibəni dayandırdı. Dövlətin fəaliyyətini, bütün ordunu, maddi və hərbi sursatı xürrəmilərə qarşı yönəltdi. Yollar sahmana salındı, yollarda keşikçi məntəqələri yaradıldı. Orduya göndərilən ərzağın, silahın və pulun çatdırılması üçün tədbirlər görüldü. Orduda intizam möhkəmləndirildi. 835-ci ildə xəlifə Mötəsim məşhur sərkərdə Afşin Heydər ibn Kavusu xürrəmilərə qarşı döyüşən ərəb ordusunun baş komandanı təyin etdi. Türk mənşəli olan Afşin öz qərargahını xürrəmilərin istehkamına yaxın olan Bərzəndə köçürdü və əks kəşfiyyatı gücləndirdi. Kəşfiyyat məlumatı toplamaq, xürrəmilər arasında təfriqə salmaq, onların ən yaxşı sərkərdələrini aradan götürmək gündəlik işə çevrildi.
Azadlıq müharibəsinin illərlə uzanması və geniş əraziləri əhatə etməsi xürrəmilərdə  rəhbərliyin işini çətinləşdirirdi. İtkilər az deyildi, adamlar uzun sürən müharibədən yorulmuşdular. Bu düşmənin diqqətini cəlb edirdi. Düşmənə isə müntəzəm olaraq yeni qüvvələr gəlirdi. Afşinin tədbirlərindən qorxuya düşən yerli iri feodallar, Babəkin sadiq tərəfdarları və müttəfiqləri Səhl İbn Sumbat, İbn Bəis, Əbu Musa və başqaları tədricən ondan uzaqlaşdılar. Xəyanət nəticəsində Babəkin cəsur sərkərdəsi İsma əsir alındı, 836-cı ildə isə daha bir sərkərdə - Tərxan öz evində öldürüldü. Müharibə uzandıqca qüvvələr nisbətindəki fərq ərəblərin xeyrinə dəyişirdi. Buna baxmayaraq, xürrəmilər 836-cı ildə Həşdadsər dağı yaxınlığında döyüşdə qələbə çaldılar. 837-ci ildə xəlifə Afşinin köməyinə 2 böyük ordu göndərdi. Həmin ilin yayında Afşinin qoşunu Bəzz qalasını mühasirəyə aldı.
Ərəb sərkərdəsi Afşin Babəkə sülh danışığına başlamağı təklif edərək onu inandırmağa çalışırdı ki, bağışlanması haqqında xəlifədən fərman alacaq. Lakin Babək əqidəsindən dönmədi. O, vətənin istiqlaliyyətini şəxsi xoşbəxtliyinə qurban vermədi. Xəlifənin təklif etdiyi imtiyazları və hədiyyələri xalqına xəyanət kimi qiymətləndirdi.
Belə olduqda həlledici döyüş labüd idi və 26 avqust 837-ci ildə baş vermiş son döyüşdə xürrəmilər məğlub oldu. Daha yaxşı silahlanmış və təchiz olunmuş ərəblər əlverişli vaxtda Babəkin ordusu üzərinə hücum etdilər. Bəzz qalasını hər tərəfdən mühasirəyə alan ərəblər qala divarlarını dağıtmaq üçün daş atan mancanaqlardan və neftlə isladılmış oxlardan da bacarıqla istifadə edirdilər. Qalanın müdafiəsinə Babəkin etibarlı və cəsur sərkərdəsi Adin başçılıq edirdi. Bütün günü davam edən qanlı döyüşdə düşmən əsgərlərindən dəfələrlə az olmalarına baxmayaraq, xürrəmilər misilsiz rəşadət göstərirdilər. Onların qeyri-adi mətanəti və igidliyi ərəbləri heyrətə gətirirdi. Vətənin cəngavər oğulları müqəddəs torpağımız uğrunda şəhid olmağı şərəf sayırdılar. Bəzz döyüşü orta əsrlər müharibələri tarixində ən çox insan qırğınına səbəb olan döyüşlərdəndir. Bu döyüşdə ərəblərdən 100 min nəfər, xürrəmilərdən 80 min nəfər həlak oldu. Afşinin göstərişi ilə Bəzz qalası dağıdıldı. Qala müdafiəçilərindən 7600 nəfər əsir götürüldü.
Bəzzin süqutundan sonra Babək qardaşı Abdulla ilə birlikdə köhnə müttəfiqi Səhl ibn Sumbat tərəfindən xəyanət yolu ilə tutularaq ərəblərə təhvil verildi. 838-ci il martın 14-də xəlifə Mötəsimin hökmü ilə Babək Samirə şəhərində edam edildi.
IX əsrin 2-ci yarısından etibarən xilafətdən asılı ölkələrdə, o cümlədən Azərbaycanda bir sıra müstəqil dövlətlər meydana gəldi. Xilafətə tabe olan iri dövlətlərdə milli-azadlıq hərəkatları başlandı.

 

Xürrəmilər hərəkatının əhəmiyyəti


Müvəffəqiyyətsizliklə nəticələnməsinə baxmayaraq, Babək hərəkatı bütün xilafəti lərzəyə salmış, Şərqdə ərəb hökmranlığına ağır zərbə vurmuşdu. Babək hərəkatı dövründə xilafətin təqribən 500 min əsgəri məhv edilmişdi. Xilafətin əsasını sarsıdan və onun dağılmasını xeyli sürətləndirən Babək hərəkatı qonşu xalqların azadlıq mübarizəsini xeyli yüngülləşdirdi və onların ərəb əsarətindən azad olmasını asanlaşdırdı. Xürrəmilərin məğlubiyyəti və Babəkin edamı Azərbaycanda, eləcə də xilafətin digər vilayətlərində ərəblərə qarşı mübarizəni dayandırmadı. 838-39-cu illərdə Təbəristanda Məzyarın başçılığı ilə üsyan başlandı. Üsyançılar xürrəmilərin şüarları ilə çıxış edirdilər.  
Orta əsrlərdə baş verən digər kəndli müharibələrindən fərqli olaraq bu müharibə hər şeydən öncə istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Mübarizədə xalqın imtiyazlı təbəqəsinin dönüklüyü, ərəblərə nisbətən daha cəsur və döyüşkən türk sərkərdələrinin eyni və digər mənşəli üsyançılara qarşı səfərbərliyə alınması, ən başlıcası ermənilərin xəyanəti və ərəblərə köməklik etməsi azadlıq müharibəsinin məğlubiyyətlə nəticələnməsinə səbəb oldu. Ağır məğlubiyyətə baxmayaraq, Xürrəmilər hərəkatı digər asılı xalqların azadlıq mübarizəsinə təkan verməklə yanaşı, Azərbaycanda xalqın şüurunda və əməlində əsrlərlə yaşadı. Üsyançılar və onların rəhbəri Babəkə nifrət hissi bəsləmələrinə baxmayaraq, hərəkatın təsirini və əzəmətini ərəb tarixçiləri də etiraf etmişlər. İbn Təğriberdi adlı tarixçi yazırdı: "Babək öz zəmanəsinin qəhrəmanı və xilafəti dəhşətə gətirən bir igiddir".
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını XX yüzilliyin sonunda məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən rəşadətli Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində uzun illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması dövlətçilik ənənələrinin inkişaf etdirilməsinin əyani sübutudur.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi