Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur

Sentyabrın sonlarından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətin bərpa olunması üçün müqəddəs tarixi savaşa başladı. Danışıqları pozmaqla, Azərbaycana qarşı müxtəlif təxribatlar törətməklə Ermənistan özü bu tarixi günü tezləşdirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günü, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu.
Müharibə şəraitində yaşayan Azərbaycan son üç onillik ərzində ölkənin ərazi bütövlüyünün təmin olunması üçün diplomatik müstəvidə fəal iş aparmaqla yanaşı, özünün Silahlı Qüvvələrinin möhkəmləndirilməsini də davamlı şəkildə diqqət mərkəzində saxladı. Hər il respublikamızın dövlət büdcəsindən ordunun maddi-texniki təchizatını möhkəmlətmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədilə işğalçı Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrıldı. Bu gün ordumuzun arsenalında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan döyüş texnikaları var. Təsadüfi deyildir ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan Silahlı Qüvvələrini dünyanın 50 ən güclü ordusu siyahısına daxil ediblər. Ordu quruculuğu ilə bağlı digər bir mühüm məqam ondan ibarətdir ki, respublikamızda qısa müddətdə güclü müdafiə sənayesi quruldu. Hazırda ordumuzun silah-sursatla təchizatının müəyyən hissəsi daxili istehsal hesabına qarşılanır. Prezident İlham Əliyev məhz Silahlı Qüvvələrimizin gücünə istinad edərək həmişə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli var. Bəzi dövlət və hökumət nümayəndələri, siyasi ekspertlər  bildirirdilər ki, münaqişə, ancaq danışıqlar prosesi ilə nizamlanmalıdır. Zaman göstərdi ki, Azərbaycan Prezidentinin yanaşmasının alternativi yoxdur. Ölkəmiz üç onillik ərzində davam edən münaqişənin həllinə məhz öz ordusunun gücü ilə nail oldu. Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində düşmənə layiqli dərs verdi və onun hərbi birləşmələrini darmadağın etdi. Düşmən noyabrın 8-də Şuşada sarsıdıcı məğlubiyyətə uğradıqdan, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsində mövqelərini itirdikdən sonra dərk etdi ki, daha müharibəni davam etdirməyin heç bir mənası yoxdur və noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
Hər bir Azərbaycan vətəndaşına sevinc bəxş edən hərbi nailiyyətlər ona görə əldə edildi ki, uzun illər ərzində Ermənistan kimi təcavüzkarın mövcudluğu nəzərə alınaraq, müdafiə xərcləri yüksək səviyyədə saxlanıldı, ordu ən müasir silah-sursat, hərbi texnika ilə təchiz edildi, Silahlı Qüvvələrin kadr hazırlığına, gənc zabit və əsgərlərimizin müxtəlif  beynəlxalq missiyaların tərkibində bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirildi.
Nəticədə, İkinci Qarabağ müharibəsində Azərbaycanın yüksək təchizatlı ordusu, hərb elmini yaxşı mənimsəmiş, hətta ona yeniliklər gətirə bilən ali zabit korpusu, ən əsası, bu ordu ilə qələbə qazanmağı, Dağlıq Qarabağ problemini hərbi-siyasi yolla, milli maraqlarımız çərçivəsində həll etməyi qarşısına məqsəd qoymuş ölkə rəhbərliyi var idi. Ordumuzun şanlı zəfərlərində Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti və xalqımızın maraqlarından irəli gələn qərarları mühüm rol oynadı.
Azərbaycan Prezidentinin Respublika Günü münasibətilə çıxışında səsləndirdiyi bir fikir onu təsdiq edir ki, dövlətimiz bu gün dünya miqyasında öz layiqli yerini tutub: "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik".
Bu müvəffəqiyyətin əldə olunmasında Azərbaycan Ordusunun və onun şəxsi heyətinin inkaredilməz payı var...   

"Azərbaycan Ordusu"