Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2021 09:11

Zəfərdən sonra gələn Zəfərlərə salam olsun!

Qələbə də deyirik, zəfər də; zəfər daha əzəmətlə səslənir. Bu səbəbdən zəfər ifadəsi daha könüləyatımlıdır...
Qələbə - zəfər istəyin, niyyətin, fəaliyyətin, amalın gerçəkləşməsi deməkdi. Fərdlər üçün də, ictimaiyyət üçün də, cəmiyyət üçün də. İctimaiyyət xalq deməkdi; xalqın adına ad olan qələbə tarixdi, qələbə - zəfər ilin ayını, ayın gününü tarixləşdirməkdi.  
BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin həll edə bilmədiyi (bəlkə də həll etmək istəmədiyi!) münaqişəni Azərbaycan Ordusu həll etdi. Bu münaqişə 1988-ci ildənmi başlayır, yoxsa ermənilər Azərbaycan ərazisində məskunlaşdığı vaxtlardanmı? Soruşulsa, dünya bu sualın qarşısında gözlərini döyəcək (tarixi gerçəkliyin tələbi kimi münaqişənin dürüst tarixi belə hesablanmalıdır)…
Ermənilərin ərazi iddiası ilə başlayan münaqişə elan edilməyən müharibə ilə nəticələndi. Havadarlarına güvənən, havadarlarının maddi, hərbi dəstəyindən kifayət qədər bəhrələnən (indi də bəhrələnir!) Ermənistan faşist ideologiyasının daşıyıcısı kimi son dərəcə ağır cinayətlər törətdi; Bağanis-Ayrım, Meşəli, Qaradağlı, Xocalı faciələri heç zaman unudulmayacaq…
Dünya Ermənistanın Azərbaycandan ərazi iddiasını 2020-ci il sentyabrın 27-nə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlandırırdı. Ermənistan dəfələrlə Azərbaycan ərazisinə soxulmaq, yeni ərazilər işğal etmək üçün hücumlar etmək istəmişdi. Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən, müxtəlif təyinatlı silahlardan, artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, mövqelərimizi atəşə tutdu. Ordumuzun hissələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı.
Döyüşlərin mahiyyəti Vətən müharibəsi idi, əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi. Vətən müharibəsi xalqın müharibəsi idi; əsgərlər döyüşürdü, əli silah tutanlar döyüşmək, döyüşənlərimizin sırasında olmaq istəyirdi, səfərbərliyə çağırılmayanlar ruhən döyüşlərdəydi, döyüşənlərin kürəyini onların da, yaşlıların da, uşaqların da nəfəsi isidirdi, minlərlə mənzildə minlərlə ana-nənə döyüşənlərə corab toxuyurdu, əlcək toxuyurdu, "Simurq qanadlarında" oğul bildiyi, qardaş bildiyi döyüşçülərə çatdırırdı...
Vətən müharibəsi xalqın müharibəsi idi...
Azərbaycan Ordusu işğalı döyüş-döyüş sonlandırırdı...
Döyüşlərin ilk günlərində düşmən bir qədər müqavimət göstərə bilirdi. Azərbaycan əsgərinin qətiyyəti, Hərbi anda (deməli, dövlətə, dövlətçiliyə!) sədaqəti bu "bir qədər"i də darmadağın etdi; düşmənin pərəni (nizamı, sırası) pozuldu. Döyüşlərin ilk həftələrində döyüşə-döyüşə geri çəkilən düşmən, bir döyüş qədərincə dirəşən düşmən qaçmağa başladı...
Artilleriya atəşi səngimişdi. Yaralıları dayaq məntəqəsinə göndərmişdilər. Bir azdan döyüş əmri veriləcəkdi. Bu "bir az" müddətində çoxusu iki-iki kürək-kürəyə verib mürgüləyirdi; müharibədə istirahət belə olur...
...Düşmən hücumun qarşısını ala bilmirdi. Döyüş gərginləşdiyi anda Kərim sinəsindən yaralandı. Onun "mə-ni vur-du-lar" harayını Vasif beş-altı addımlıqdan eşitdi. O tərəfə atıldı. Kərimin qolundan yapışıb özünə tərəf çəkdi. Kərim əlləriylə sinəsini sıxıb qanı dayandırmaq istəyirdi. Vasif döyüşçünün qolları altından yapışdı. Yan-yörəsinə sancılan güllələrə məhəl qoymadan sağa sarı sürünməyə başladı. "Qorxma", - dedi. "Səni döyüşün içindən çıxardacam...". Üç-dörd addım uzaqlaşmamışdılar. Yaxınlıqlarına mərmi düşdü. Sol çiyninə qəlpələr dəyən Vasif yavaş-yavaş heydən düşürdü. Bunu hiss edən Kərim dili tutar-tutmaz, "Dayan", - dedi...
Döyüşdən sonra gördüklərindən heyrətləndilər: Vasifin sağ qolu Kərimin, Kərimin sol qolu Vasifin boynuna sarılmışdı; ikisi də şəhid olmuşdu...
Zəfər kəlməsində Kərimlərin, Vasiflərin ruhunun şükranlığını da duyuruq...
44 gün davam edən Vətən müharibəsində kəndlər, şəhərlər, strateji yüksəkliklər azad ediləndə hər döyüşçü qoynundan bir bayraq çıxardırdı. Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə döyüşənlərin sayı qədərincə bayraq dalğalanırdı; Zəfər kəlməsi, Zəfərə görə Zəfər adı qələbə bayrağı dalğalandıranların döyüşlərinin nəticəsiydi, müqəddəs müharibədə qazanılan müqəddəs zəfərə bunca ehtiram Zəfərin əbədiyyən yaşadılması istəyidi...
Vətən müharibəsinin ilk həftələrində Murovdağ dağ silsiləsi də ermənisizləşdirildi, sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı işğaldan azad edildi. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Necə? - bu "necə"ni rus mediası jurnalistikanın bütün bəşəri tələblərinə əsasən obyektivliklə, səmimiyyətlə, dürüstlüklə belə ifadə edir:  "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar...".
Noyabrın 8-i Zəfər günü kimi tarixləşdi; Zəfər günü ruhumuzun göyqurşağına döndü, Zəfər kəlməsi dilimizin əzbəri oldu...
Xorvatiyadan könüllü gəlmiş muzdlu belə deyir: "Əvvəlcə şimalda döyüşdüm, sonra bölüyümüz Şuşa yaxınlığına köçürüldü. Kabusun nə olduğunu orada anladım. Düşmən dəfələrlə çox idi. Onlar dalğa kimi irəliləyirdilər. Bir qrupu məğlub edirdik, amma onun ardınca  başqa bir qrup gəlirdi". Ermənistan ordusunun hərbi qulluqçusu Andrey Nalbandyan belə deyib: "Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər - onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi". Düşmənə belə duyğular yaşadanların qazandığı zəfəri ictimaiyyət könüllərində də, yaşantılarında da, dillərində də yaşadacaqlar. Həm də Zəfərdən sonra gələn Zəfərlərlə...
Zəfər ovqatı neçə illər, neçə on illər, neçə yüz illər cəmiyyətin yaşamının mehrabı olacaq...
Son aylarda doğulan oğlan uşaqlarına Zəfər adı verirlər. Vətən müharibəsində qazanılan zəfərə qədərsiz sevgiyə görə. Vətənin qıraqda qalan yerlərində də belədi (sərhədlərlə bölünən torpaq ruhən bölünmür!). Bu, Vətən müharibəsində dillərdə, könüllərdə yaşadılan (və yaşadılacaq!) istəyin təzahürüdü.
15-16 əsr əvvəl Qorqud Dədə ad verərdi oğullara. Dədə Qorqudu Azərbaycan Ordusunun (Azərbaycan xalqının) qələbəsi əvəzləyir; bu Zəfərdə bir qüdrət var! Müqəddəsliyinə görə, tarix yazdığına görə, tarixləşdiyinə görə!..
Əvvəllər də Zəfər adı vardı; indi Zəfər adı ruhdan gələn istəyin ad göstəricisidi...
Zəfərdən sonra gələn Zəfərlərə salam olsun!..
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist