Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2021 09:11

Elimizə, obamıza qayıdırıq...

Qayıdırıq... Bu sözdə nə qədər həsrət yükündən azad olmaq var, nə qədər nisgildən qurtulmaq var, nə qədər sevincə bürünmüş göz yaşı var. Bu yükün ölçüsü ölçüyə, çəkisi çəkiyə gəlməz. Azərbaycan Ordusunun cəsur, qəhrəman zabit və əsgərləri əks-həmlə əməliyyatları zamanı erməni qəsbkarlarına havadan və yerdən sarsıdıcı zərbələr endirə-endirə illərdən bəri işğalda qalmış torpaqlarımızı azad etdilər. Yaşayış məntəqələrimiz bir-birinin ardınca Ermənistan silahlı qüvvələrindən təmizləndi.
İndi həyatımızın sevinc dolu günlərini yaşayırıq. İçində ömür sürdüyümüz bu şərəfli günlər tarixin səhifələrinə böyük hərflərlə yazılıb. Çünki uzun illərdən bəri xəyal etdiklərimiz bu günlər gerçəkləşdi, reallığa çevrildi. Bu günlər hamıdan çox illərdən bəri əzablar içində köçkünlük həyatı yaşayanların üzü gülür, ürəyi açılır, sevincdən gözləri yaşarır. Artıq köçkünlər doğma ocaqlarına qayıdacaq və 28 il əvvəlki gözəl həyatlarını yaşamağa davam edəcəklər. Ömürlərinin yeni mərhələsinə, ən gözəl çağlarına qədəm qoyacaqlar.  
Bu ilıq payız günlərində 28 il erməni işğalında qalan doğma torpaqlarımızda Azərbaycan əsgərinin doğma addım səsləri eşidilir. Cəbrayıl, Füzuli rayonlarından sonra şanlı ordumuz Zəngilan və Qubadlı istiqamətlərində də əks-həmlə əməliyyatlarını böyük zəfərlərlə davam etdirdi. Döyüşçülərimiz düşməni geri qovduqca yaşayış məntəqələrimizdə üçrəngli bayrağımızı dalğalandırırdılar.
Gələcək nəsillərə nümunə olacaq uğurlu döyüşlərdən sonra oktyabrın 20-də Zəngilan rayonunun mərkəzi və bir neçə kəndi qəsbkarlardan azad edildi. Oktyabrın 21-də qoynunda dünyaya göz açdığım axarlı-baxarlı Babaylı kəndindən də düşmənin qovulduğu xəbəri verildi. Ata-baba yurdumuzun işğalına son qoyuldu.
Oktyabrın 25-də Qubadlı rayonunun mərkəzi və bir neçə kəndi erməni işğalından azad olundu. Noyabrın 8-də musiqimizin beşiyi, Qarabağın tacı Şuşa erməni qəsbindən qurtuldu. Noyabrın 10-da gözlənilən böyük tarixi hadisə baş verdi. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən erməni qəsbkarları ağır itkilər verərək torpaqlarımızı sülh yolu ilə qaytarmağa məcbur oldular. İşğalçılar noyabrın 15-nə Kəlbəcərdən, 20-nə Ağdamdan, dekabrın 1-nə qədər isə Laçından qoşunlarını çıxarmaq barədə öhdəlik götürdülər. Beləcə, Azərbaycan Ordusu 44 gün davam edən döyüşlərdə tarix yazdı.
Ali Baş Komandan İlham Əliyevin dilindən başqa yaşayış məntəqələri kimi kəndimizin də adını eşidəndə necə sevindiyimi, necə fərəhləndiyimi, hansı kövrək hisslər keçirdiyimi, nə cür iftixar dolu anlar yaşadığımı təsvir etməkdə, bəlkə də, söz də acizdir.
Doğma kəndimizin azad edildiyini eşidəndə sanki bir an içində ömrüm üzü keçmişə vərəqləndi. Ötənlər, yaşananlar kino lenti kimi gözlərimin önündən gəlib keçdi. Sanki buludsuz səmada buludlar toqquşdu, gurultudan, nəriltidən səma yarıldı, göy kişnədi. Elə bildim güclü zərbədən Ay da, Günəş də yerindən laxladı. Mənə elə gəldi ki, Yer kürəsi oxundan sıyrılıb çıxacaq. Bu xəbərin sevincindən ilıq göz yaşları yanağıma cığırlar açdı. Telefonuma bir-birinin ardınca təbrik zəngləri axışmağa başladı. Doğmalar, dost-tanışlar, qohumlar sevinc içindəydilər. Ata-baba yurdumuzun azad edilməsi xəbərinə hamı sevinirdi. Hamı Ali Baş Komandanın, Azərbaycan əsgərinin zəfərinə alqışlar deyirdi. Bəli, Azərbaycan əsgəri bizə böyük sevinc hissləri yaşatdı.
Uzun illərdi tarixin bu məqamını - doğma torpaqlarımızın azad olunacağı günü həsrətlə gözləyirdik. Bir an olsun belə qoynunda dünyaya göz açdığımız o gözəl yerləri unutmurduq, doğma ocaqlara dönmək ümidi ilə yaşayırdıq. Necə olursa-olsun, gözəl günlərin birində geriyə dönəcəyimizə inanırdıq. İnanırdıq ki, günlərin birində Azərbaycan əsgəri döyüş meydanlarında düşməni məğlubiyyətə uğradaraq torpaqlarımızı azad edəcək. Budur, həmin gün gəldi, həmin xoşbəxtlik qapımızı döydü, ümidimiz tumurcuqlayıb çiçəklədi. İndi doğma ocaqlarımıza gedən yollarımız üzümüzə geniş açılıb. Artıq geri dönməyə hazırlaşırıq. Hamımız sevinc içində, Azərbaycan əsgərinə minnətdarlıq hissi ilə elimizə, obamıza qayıdırıq. Bəli, artıq həsrətə, intizara son qoyulub, ata-baba yurdumuzun isti qoynuna geri dönürük. Şükürlər ki, bu günü görmək, bu anın sevincini yaşamaq, bu sevinci ürəyimizdə daşımaq bizə nəsib oldu.
İşğaldan azad olunduğuna görə doğma ocaqlarımızın da üzü gülür. İntizarla əsl sahiblərinin gəlişini gözləyir. İndi kəklikli, qırqovullu dərələrimizin, xınalı qayalarımızın, ot basmış cığırlarımızın gözləri yollarda qalıb. Ey doğma ocaqlar, ey doğma ellər, gözünüz yollarda çox qalmasın, ürəyimizdəki həsrət yükünü sevinclə yuya-yuya, yaxın günlərdə qoynuna qayıdacağıq. Bundan sonra heç vaxt səndən ayrılmayacaq, baş-başa verib birlikdə yaşayacağıq.   
İllərdən bəri həsrətini çəkdiyin, üzünü görmək istədiyin, qoynuna ayaq basmaq arzusunda olduğun bir torpağa dönmək nə gözəl. Yenidən o yerlərin havasını udmaq, suyunu içmək nə böyük xoşbəxtlik! Artıq Azərbaycan Ordusu 28 illik erməni işğalına, daşnak qəsbinə son qoyub. Bax, belə sevinc dolu, fərəh dolu günlərdə elimizə, obamıza qayıdırıq.
Bu günlər sevinc-sevincə qarışıb. İllərin torpaq həsrətinə, Vətən yanğısına son qoyulur. Yəqin ki, düşmən başqa yaşayış məntəqələri kimi kəndimizdə də daşı daş üstə qoymayıb. Evlər uçurulub, hasarlar dağıdılıb, hər yer vəhşicəsinə yerlə-yeksan edilib. İndi biz qayıdırıq ki, ata-baba yurdunda yenidən məskən salaq. Doğma yerlərimizə təzə nəfəs verək. Sevinə-sevinə, gülə-gülə böyük ruh yüksəkliyi ilə, qönçə arzularla elimizə, obamıza qayıdırıq.
Dünənə qədər yurd-yuvasından didərgin düşmüş insanlar kədər içindəydilər, çöhrələri həsrət dumanına bürünmüşdü. Bu gün isə artıq onların qaş-qabaqları açılıb, tutqun sifətlərindən həsrət dumanı çəkilib. Çünki  rəşadətli Azərbaycan Ordusu erməni qəsbkarlarına sarsıdıcı zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edib, gücü və qüdrəti ilə düşməni diz çökdürüb.
Kəndimizi görmək, ayağımı o torpağa basmaq üçün burnumun ucu göynəyir. Ata-baba yurduma baş çəkməyə tələsirəm. Düşmən evlərimizi uçurub dağıtsa da, ağaclarımızı kəssə də, sərvətlərimizi talasa da, torpağımızı, dağ-dərələrimizi, çaylarımızı, göllərimizi özü ilə apara bilməyib. O gözəl yerlər yenə də isti qoynunda bizə yer verəcək. Bundan sonra yenə də dağlara, dərələrə söykənib, bir-birimizə həyan durub yaşayacağıq. Elimizə, obamıza bu amalla qayıdırıq.
Bu qayıdış, bu dönüş tarixin səhifələrinə böyük hərflərlə yazılacaq. Bu yazını heç kim poza bilməyəcək. Çünki bu böyük bir dönüşdür, möhtəşəm bir qayıdışdır. İşğal günlərimizi, həsrət dolu çağlarımızı heç kim unutmayacaq. Bu günləri xatırlaya-xatırlaya həmişə ermənilərə nifrətlər yağdıracağıq. Elimizə, obamıza düşməni lənətləyə-lənətləyə qayıdırıq.
İçimi isidən, qələmimi sevindirən bu sətirləri yazdıqca gözlərim önündə 28 il həsrətini çəkdiyim kəndimiz, divarları arasında böyüdüyüm evimiz canlanır. Uşaqlığım keçən o gözəl yerləri görməyə, o torpağın üstündə addımlamağa tələsirəm. Elə tələsirəm ki, az qalıram quş olub o yerlərə uçam. Ürəyimizdə tumurcuqlayan arzularımızı həyata keçirmək üçün elimizə, obamıza qayıdırıq.  
Doğma kəndimizdə sonuncu dəfə 19 aprel 1993-cü ildə olmuşam. Həmin günlərdə cəbhə bölgəsinə ezamiyyətə getmişdim. Kəndimizdən səhər lap ertədən çıxdım. Düz iyirmi səkkiz il səkkiz ay idi ki, qoynunda dünyaya göz açdığım yerlərin həsrətini çəkirdim. Sonuncu dəfə kəndimizdən çıxanda 32 yaşım var idi. İndi isə ömrümün yaş göstəricisinin əqrəbləri yavaş-yavaş 60-ı döyür. Ömrümün 28 ilini kəndimizin həsrətini çəkə-çəkə yaşamışam. Bu illər ərzində doğma Zəngilanımı, Babaylımı yalnız və yalnız yuxularımda görmüşəm. Artıq bu gün yuxular gerçəkləşir.
Gözəl kəndimizin hər qarışı, hər addımı üçün darıxmışam. Fikirləşirəm ki, görəsən, qəsbkarlar Həkəri çayının sahilinə qədər uzanan torpaq yolun hər iki tərəfində əkilmiş, göylərə baş çəkən qovaq ağaclarını kəsməyiblər ki? Görəsən, hacıleyləklər yenə də o ağacların ən hündür budaqlarında özlərinə yuva qururlarmı? Yoxsa, yağılar təbiətin bu yaraşıqlı quşlarını da güllələyiblər. Bütün bunları görmək üçün elimizə, obamıza qayıdırıq.
Bu illər ərzində kəndimizlə bərabər sahillərində uşaqlığım keçən Həkəri çayının da həsrətindən qovrulurdum. Onun dalğaları qoynunda çimdiyim, sərin suyundan içdiyim, balıq tutduğum günlər daim yaddaşımdadır. Günəş batandan, gecə yuxuya gedəndən sonra suyun şırıltısını kənddə eşidirdik. İsti yay gecələrində həyətdəki çardaqda yatanda səhərə qədər çayın şırıltısı sanki bizə lay-lay çalırdı.  
Qoyun-quzu otardığımız yovşan qoxulu Yazı düzü, Quru dərə, Gen dərə, Qaratikan dərəsi, Bulaq dərəsi, Kiranlıq dərəsi... Bu illər ərzində yuxularımızdan çıxmadı. Həmişə yazağzı yemlik, şomun, göbələk, dombalan yığdığımız bu dərələri tez-tez xatırlayırdıq. Uşaqlığımız keçən o gözəl yovşanlı yerlərə yenidən ayaq basmaq, təmiz havasını udmaq üçün elimizə, obamıza qayıdırıq.
Doğma kəndimizə dönəndə hansı hisslər keçirəcəyimi bilmirəm. Yalnız onu bilirəm ki, ilk olaraq doğulub böyüdüyüm evə, həyətə baş çəkəcəm. Əlimi, üzümü evimizin uçulub-dağıdılmış daşlarına sürtəcəm. Həyətimizi addım-addım gəzəndən sonra əzizlərimizin uyuduğu qəbiristanlığa üz tutacam. Əgər erməni işğalçıları qəbirləri dağıtmayıblarsa, əzizlərimizin məzarını ziyarət edəcəm. Sonra quruculuq işlərinə başlaycağıq. Quruculuq işlərini daha da sürətləndirmək üçün Ali Baş Komandana minnətdarlıq hissi ilə elimizə, obamıza qayıdırıq.
Qoy bütün dünya görsün və bilsin ki, Azərbaycan Ordusu, Azərbaycan əsgəri döyüş meydanlarında böyük igidlik, qəhrəmanlıq göstərərək erməni qəsbkarlarını məğlubiyyətə uğratdı, ölkəsinin illərdən bəri işğalda olan torpaqlarını azad etdi. Bu gün xalqımız sevinc içindədir. Çünki artıq işğala son qoyulub, şəhidlərimizin qisası alınıb. Buna görə də böyük sevinclə, yüksək ovqatla, Azərbaycan əsgərinə minnətdarlıq hissi ilə elimizə, obamıza qayıdırıq.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"