Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2021 13:50

Təhlükəsizliyin təminatı hərbi qulluqçuların fiziki səmərəliliyini artırır, onların həyatlarını qoruyur

Bu gün Azərbaycan Silahlı Qüvvələrində ordu quruculuğu prosesi xalqımızın döyüş ənənələrinə əsaslanmaqla, müasir standartlara uyğun inkişaf etdirilməklə yanaşı, həm də onun şəxsi heyətinin hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. Hərbi qulluqçunun hüquqlarının qorunması, onun xidmət zamanı fəaliyyətinin mühafizəsi, eyni zamanda, sağlam və təhlükəsiz iş şəraitinin təşkili ölkədə həyata keçirilən ordu siyasətinin prioritet məsələləri sırasındadır. Hərbi qulluqçuların sağlamlığının, təhlükəsizliyinin təmin olunması, onlara müvafiq qanunların, əsasnamə və təlimatların tələblərinin, intizam qaydalarının çatdırılması, xüsusən də əsgərlərin təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etməsi vacib şərtlərdən biridir. Eyni zamanda, hərbi qulluqçuların silahlarla davranma üsul və normaları, xidmət prosesində sağlamlıq və təhlükəsizlik ilə bağlı risklərin qarşısının alınması, sağlam və təhlükəsiz xidmət şəraitinin təmin edilməsi də diqqətdən kənarda qalmamalıdır.
Hərbi xidmətin təhlükəsizliyi dedikdə, hərbi qulluqçuların təhlükəli və zərərli amillərin təsirindən həyati vacib maraqlarının müdafiəsi dərəcəsini əks etdirən hərbi xidmətin vəziyyəti başa düşülür. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi hərbi qulluqçuların həyat və sağlamlığının qorunub saxlanılmasına, qoşunların həyat fəaliyyətinin bütün növlərinin təhlükəsizlik şəraitinin təşkilinə, eləcə də xidməti vəzifələri yerinə yetirərkən şəxsi heyətin ölümünə və xəsarət almasına səbəb olan amillərin təhlili, proqnozlaşdırılması və təsirinin məhdudlaşdırılmasına yönəlmiş Azərbaycan Respublikasının qanunvericiliyinin, Silahlı Qüvvələrin ümumqoşun nizamnamələrinin, Müdafiə Nazirliyinin müvafiq normativ aktlarının tələblərinin yerinə yetirilməsinə dair vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının məqsədyönlü fəaliyyətidir.
Xidməti vəzifələrini yerinə yetirən zamanı hərbi qulluqçuların təhlükəsizliyini təmin edən qanunvericilik aktları ilə, normativ-texniki sənədlərlə, qaydalar və təlimatlarla müəyyən edilmiş təhlükəsizlik  tələbləri vardır. Azərbaycan Respublikasının Müdafiə nazirinin qərar və əmrləri, Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanlarının əmr və sərəncamları ilə isə əlavə təhlükəsizlik tələbləri müəyyən edilir.
Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin əsas məqsədi aşağıdakılardır:
- şəxsi heyət arasında qeyri-döyüş itkilərinin qarşısının alınması;
- hərbi qulluqçular tərəfindən yerli əhaliyə qarşı hüquq pozuntularının qarşısının alınması;
- ətraf təbii mühitə zərər vurmağın maksimum azaldılması.
Hərbi xidmət təhlükəsizliyinin təmin olunmasının digər vəzifələri də vardır:
- hər bir hərbi qulluqçuda təhlükəsizlik tədbirlərinə və qaydalarına ciddi əməl olunmasına dair şəxsi məsuliyyətin formalaşması;
- şəxsi heyətdə həm öz həyatının, sağlamlığının, həm də ətrafdakıların həyat və sağlamlığının qorunub saxlanılmasına şüurlu münasibətin formalaşdırılması;
- bütün kateqoriyalı vəzifəli şəxslərə hüquqi mədəniyyətin və mövcud hüquq normalarının yerinə yetirilməsi hissinin aşılanması;
- hərbi qulluqçuların maksimum təhlükəsiz fəaliyyətini təmin edən möhkəm hərbi-peşəkar və mənəvi-psixoloji keyfiyyətlərin formalaşdırılması;
- şəxsi heyətdə mülki əhaliyə hörmətlə yanaşmanın və onlara qarşı normativ hüquqi tələblərin ciddi yerinə yetirilməsinin formalaşdırılması;
- hərbi qulluqçularda ətraf mühitə humanist münasibətlərin formalaşması.
Hərbi xidmətin təhlükəsiz şəraitini yaratmaq yalnız o zaman mümkündür ki, onlardan qorunmanı tələb edən hərbi xidmətin təhlükəsizliyinə təhdidlər məlum olsun.
Hərbi xidmətin təhlükəsizliyi aşağıdakı əsas növlərə bölünür:
- döyüş növbətçiliyinin təhlükəsizliyi;
- qarovul, daxili və qarnizon xidmətinin təhlükəsiz aparılması;
- silah və hərbi texnikanın istismarının təhlükəsizliyi;
- döyüş hazırlığının (o cümlədən, atış çalışmaları, döyüş atışları, taktiki təlimlərin keçirilməsi, döyüş texnikasının sürülməsi) təhlükəsizliyi;
- praktiki və xüsusi məşğələlərin təhlükəsizliyi;
- təsərrüfat işlərinə cəlb edilən hərbi qulluqçuların təhlükəsizliyi.
Şəxsi heyətin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq, hərbi xidmətin təhlükəsizliyinin əsas növləri dəqiqləşdirilə və konkretləşdirilə bilər.
Bu və ya digər təhlükəsizlik növünün mahiyyəti, xarakteri və məzmunu obyektlərə təsir edən amillərlə müəyyən olunur. Ümumi şəkildə hərbi xidmətin təhlükəsizliyinin bütün növlərinin mahiyyəti onların hərbi qulluqçu və ətraf mühit üçün təhlükəsizlikdən, məzmunu isə bu təhlükəsizliyə nail olmağa imkan verən müvafiq tədbirlərin keçirilməsindən ibarətdir. Təhlükəsizlik növünün mahiyyətinin, xarakterinin və məzmununun spesifik xüsusiyyətləri bu konkret fəaliyyət növünün xarakterindən asılıdır.
Hərbi xidmətin təhlükəsizliyinin təmin olunmasına ümumi yanaşma qanunların və normativ hüquqi aktların hərbi xidmətin təhlükəsizliyi məsələləri üzrə bütün tələblərinə ciddi əməl etməkdir.
Qoşunların gündəlik fəaliyyəti zamanı hərbi xidmətin təhlükəsizliyinə aşağıdakılarla nail olunur:
- şəxsi heyətin hüquq, azadlıq və təminatlarının Azərbaycan Respublikasının qanunları ilə müdafiəsi, hərbi qulluqçuların fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaqla, onlara vətəndaşların sağlamlığının və əməyin qorunmasının mühafizəsinə dair qanunvericiliyin tələbləri ilə əhatə olunması ilə;
- hərbi xidmət keçən zaman hərbi qulluqçuların təhlükəsizliyinə dair tədbirlər sisteminin və onu təmin edən orqanların təkmilləşdirilməsi üzrə dövlət tədbirlərinin həyata keçirilməsi ilə;
- tabeçilikdə olanların həyat və sağlamlığının qorunmasına görə komandirlərin şəxsi məsuliyyəti ilə, bütün vəzifəli şəxslər tərəfindən hərbi xidmətin təhlükəsizlik şəraitinin yaradılması və saxlanılmasına dair ümumqoşun nizamnamələrinin tələblərini bilməsi və yerinə yetirilməsi ilə;
- hərbi hissə və bölmələrdə qoşun xidmətinin keyfiyyətli təşkili və hüquq qaydalarının saxlanılması ilə;
- hər bir hərbi qulluqçu ilə məqsədyönlü tərbiyə işinin aparılması, hərbi kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin saxlanılması ilə;
- şəxsi heyətin sağlamlığı və hərbi qulluqçuların konkret fəaliyyət növünə yararlılığının müəyyən edilməsi üçün peşə psixoloji seçiminə tibbi nəzarətin yaxşılaşdırılması ilə;
- yanğından mühafizənin təşkili və ətraf mühitin mühafizəsinə dair görülən tədbirlər ilə;
- şəxsi heyətin ölüm və xəsarətalma hallarının səbəb və şərtlərinin aşkarlanması və aradan qaldırılması, bu məsələlərlə bağlı hərbi prokurorluq və ərazi hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə ilə;
- komandir və rəislər tərəfindən şəxsi heyətin ölüm və xəsarətalma hallarının qarşısının alınması üzrə komissiyanın işinə gündəlik rəhbərliklə;
- şəxsi heyətin xəsarətalma faktları üzrə xidməti araşdırmaların təyin edilməsi və onların nəticələrinə görə müvafiq qərarların qəbul edilməsi ilə.
Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsinə dair komandirlərin fəaliyyətinin vacib mərhələsi tabeçilikdə olan bölmələrdə təhlükəsizliyin vəziyyətinin təhlili və onun təmin edilməsinə dair yekunların keçirilməsidir.
Hərbi qulluqçuların fiziki və psixoloji sağlamlığının qorunması və möhkəmləndirilməsinə qayğı göstərilməsi komandirlərin əsas vəzifəsidir. Məhz onların üzərinə qoşun xidməti, döyüş hazırlığı, döyüş növbətçiliyi, təsərrüfat və hərbi hissənin digər fəaliyyət növləri ilə əlaqədar keçirilən müxtəlif tədbirlər zamanı təhlükəsizlik tələblərinin təmin olunmasına görə  böyük məsuliyyət düşür.
Bu gün Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni, "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır" müddəası təşkil edir.
Mövcud qanunvericiliyə əsaslanaraq təhlükəsizliyi təmin etmək üçün ilkin olaraq hər bir hərbi qulluqçu maarifləndirilməli, bundan əlavə, hər bir gənc əsgər öncə bu mövzuda hər hansı bilgiyə sahib olmalıdır. Yalnız bu zaman peşəsini yerinə yetirən şəxslərin təhlükəsizliyi qorunar. Hərbi qulluqçu bilməlidir ki, hərbi xidmət prosesində istifadə olunan silahların, texnikaların, maşınların, alətlərin, avadanlıqların, materialların və başqa texniki, canlı obyektlərin ilkin növbədə təhlükə və zərərləri aşkara çıxarılmalıdır. Bunun üçün də təhlükəsizlik tədbirlərinin təşkili və həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Rəhbər heyət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər hərbi qulluqçunun iş şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Bu, nəinki hərbi qulluqçuların fiziki səmərəliliyini artırır, həm də onların həyatlarını qoruyur. Təhlükəsizliyin düzgün təşkil olunmaması, həmçinin insan diqqətsizliyi, ehtiyatsız yanaşması, qeyri-kafi bacarıq  və düzgün nəzarət olunmama bir çox hadisələrin yaranmasına səbəb ola bilər.
 Ulu öndər Heydər Əliyev deyirdi: "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır". Bu gün Azərbaycan Ordusunun şəxsi heyəti bu devizi əsas tutaraq addımlayır.
Bu devizin əsas tutulması ölkənin gələcək rifahı və milli təhlükəsizliyinin təməlinin müəyyənləşdirilməsini və hərbi qulluqçuların Azərbaycan Ordusunun inkişafı naminə formalaşdırılmasını təmin edir. Hərbi sistem, həmçinin cəmiyyətdə gedən bütün proseslərə fəal təsir göstərir; əsrlər boyu sələflərin yadigar qoyduğu hərbi dəyərlərin və bu sahədə təhlükəsizlik tədbirlərinin gənc nəslə ötürülməsini təmin edən ən vacib vasitədir.

"Azərbaycan Ordusu"