Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2021 13:33

Heç kim unudulmur, heç nə yaddan çıxmır

Zaman ötür. İllər tarixləşir. Baş verən hadisələrin bəziləri xalqın yaddaşında əbədiləşir. Belə tarixi hadisələr həmişə xatırlanır. Unudulmayan o tarixi hadisələrin iştirakçılarının ömür yoluna işıqlı ömür yolu deyirik. Şəhid olanlara ehtiramımız daha böyük olur.
29 oktyabr 1991-ci ildə AN-2 təyyarəsi 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxmış, Xocalı aeroportunda enmişdi. Həmin gün təyyarə dönüşündə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən Alazan raketi ilə vurulmuşdu.  Bu faciənin qurbanlarından biri Əhmədağa Baxşıyev 1958-ci il aprelin 4-də Ucar rayonunun Alıkənd kəndində anadan olmuşdu. Sonra ailə Yevlax rayonunda məskunlaşmışdı. Əhmədağa Baxşıyev Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun rabitə və texnologiya fakültəsini bitirmişdi. Yevlax aeroportunun rabitə qovşağının mühəndisi idi. 1992-ci ilin 14 aprelində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə xidməti borcunu yerinə yetirərkən göstərdiyi igidliyə görə (ölümündən sonra) Azərbaycan Respublikasının Fəxri Fərmanı ilə təltif edilib.  
Şəhidin həyat yoldaşı Sahibə xanım o günləri xatırlayaraq bildirdi  ki, Əhmədağa çox mərd, qorxmaz, vətənpərvər bir insan idi. “Heç nədən qorxmaz, ehtiyatlanmazdı. Vətənini çox sevirdi. O zaman tez-tez ezamiyyətlərdə olurdu. Evlə, uşaqlarla bağlı bir problem olardısa, yenə işdən qalmazdı. Əhmədağa həmən günü sanki harasa, nəyəsə tələsirdi...”
Kim bilir, bəlkə də nə olacağı ürəyinə dammışdı...
Sahibə xanım Əhmədağanın çox ailəcanlı, uşaqlarına bağlı bir ata, mehriban, hər kəslə isti münasibətdə olub əlindən gələni edən bir insan olduğunu bildirdi.  Ömür-gün yoldaşı haqqında xatirələrini kövrəkliklə bölüşən Sahibə xanım onun adına layiq vətənpərvər övladlar böyüdüb.
Dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından razılıqla danışan Sahibə xanım dövlət başçısına, Birinci vitse-prezidentə öz minnətdarlığını bildirdi. Yaşadıqları küçəyə şəhidin adının verildiyini vurğulayaraq Böyük Qələbə münasibətilə dünya azərbaycanlılarını təbrik etdi: "Torpaqlarımızın azadlığı uğrunda 44 gün davam edən bu haqq savaşı milli həmrəyliyimizin rəmzinə çevrildi. Tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Bu Qələbə dövlətimizin qüdrəti oldu. Şəhidlərimizin nigaran ruhları rahatlıq tapdı".  
Xalqımız Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş övladlarını heç zaman unutmur, onları dərin ehtiramla daim yad edir. İllər ötəcək, nəsillər dəyişəcək, şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq.
Atası şəhid olanda Nurlanın altı yaşı vardı. Nurlan ata sevgisinə, nəvazişinə həsrət böyüsə də, daim onunla fəxr etdi. Atasının Vətən, torpaq sevgisi ilə qürurlandı - atası onun ən böyük qəhrəmanı, idealı oldu. Ona layiq oğul olmağa çalışdı. Şəhid övladı, şəhid oğlu adını uca tutdu. Atasına layiq bir oğul kimi formalaşdı. Milli Aviasiya Akademiyasının hüquq fakültəsinə daxil oldu...
Bir zamanlar atasının çalışdığı Yevlax hava limanında işləyən Nurlan dedi ki, heç kəs qəhrəman doğulmur. "Dünyaya göz açan hər bir insan həyatda hər şeyi özü qazanır - rəğbəti də, məhəbbəti də. Həyatda elin məhəbbətini, xalqın sevgisini qazananlar, el-oba gözündə ucalanlar ən xoşbəxt adamlardır. Mən də belə bir insanın oğlu olmağımla fəxr edirəm."
Nurlan övladına atasının adını qoyaraq ətrini ondan alır...
Nuranənin ata sevgisi doqquz yaşından ata həsrətinə çevrilib. Bu gün şəhidliyin necə ali bir məqam olduğunu anlayıb, şəhid qızı olması ilə qürurlanan həmsöhbətim dedi ki, hamının uşaqlıqda arzuları olur: "Bəzən uşaq düşüncəsi ilə həyata keçməsini istədiyimiz bu arzuların reallaşması mümkün olmur. Yəni, arzu olaraq qalır. Böyüsək də, qocalsaq da, reallaşmayacağını bildiyimiz o arzunu unutmuruq. Mənim ən böyük arzum idi atamın geri dönməsi, məni bağrına basıb gözəl qızım deməsi, onun isti, ətirli nəfəsini bir daha duymaq...
O vaxt atam və onunla birlikdə şəhid olanlar haqqında bir məqalə çıxmışdı. Məqalə belə adlanırdı: "Yeddi oğul istərəm". Mən hər gecə Uca Yaradanıma o yeddi oğulun geri dönməsi üçün dualar edərdim... Görünür, Allahım dualarımı qəbul edərək mənə yeddi oğul verdi...".   
Bu gün yeddi oğul anası olan Nuranənin ilk övladı Vətən qarşısında müqəddəs borcunu ödəyir.  
Şəhidin bacısı Rəqiyyə xanım dedi: "O zaman Vətənimizin başının üstünü qara buludlar almışdı. Çox ağır günlər idi. Yola düşməzdən əvvəl gəlib mənimlə sağollaşdı. Dedi ki, Riqaya məzuniyyətə gedirəm. Sən demə qardaşım onu yolundan edəcəyimi düşünərək məni aldadıb, Xocalıya gedəcəyini deməyib...”
Övladları ata ocağına yığılanda Minayə ana plov dəmləyərmiş. Onda da belə olur. Bircə Əhmədağa yox idi. Ana oğlunun payını ayıraraq bildirdi ki, onsuz plova əl uzada bilmərəm. Gecə ilə oğlugilə yollanır. Lakin evdə olmadıqlarından plov əlində geri dönür. Səhərsi Əhmədağanın səsini eşidir.
- Ana, ay ana. Hardasan? Gəl görüşək mən gedirəm...
Əhmədağa aeroport meydanına çatanda görür ki, AN-2 təyyarəsi yenicə hərəkətə gəlib. Meydan boyu təyyarənin altı ilə qaçan Əhmədağanı görən yoldaşları nərdivan sallayıb onu yuxarı çəkirlər...
"Düşmən Xocalını işğal etmək üçün hər şeydən istifadə edir, rabitə əlaqəsini də kəsirdi. Qardaşım tez-tez Xocalıya ezam olunurdu. Biz narahat olmayaq deyə, bəzən o bunu bizdən gizlədirdi. O vaxt qara qutuda son səs yazısı qardaşımın idi: "Biz Xocalı ilə rabitə əlaqəsini bərpa etdik". Bu kəlmənin sonrası yox idi...", - Rəqiyyə xanım dedi.
- Əhməd mənim ata babamın adı olub, - şəhidin bacısı Nəzifə xanım dedi. - O, Böyük Vətən müharibəsində, Leninqrad uğrunda gedən döyüşlərdə həlak olub. Atam öz atasının adını oğluna qoymuşdu. Atam çox çətinliklərdən keçmişdi. Atası həlak olandan sonra ailənin anasının, iki qardaşının və bir bacısının yükünü təkbaşına çəkmiş, dəmir yolunda işə düzəlmiş, qardaş-bacısını yerbəyer etdikdən sonra Yevlaxa gəlib burada məskən salmışdı. Artıq çətinliklərin arxada qaldığını düşünür, vətənpərvər övladlar böyüdürdü. Əhmədağa instituta girəndə ata-anam necə sevinirdilər...
Sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Nəzifə xanımın oğlu Emil Məmmədov da Vətən müharibəsinin iştirakçısı olub - Emil sentyabrın 27-də Ağdaş rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə döyüşlərə gedib.  Emil Vətən, torpaq sevgisinin insana ailədə aşılandığını bildirdi. "Süddən, qandan, gendən gəlir, birbaşa valideynlərimizlə başlayır Vətən sevgisi. Mən də gözümü açandan dayımın necə igid, qorxubilməz bir insan olmasını eşitmişəm. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən igid, qorxubilməz oğullarımızın sırasında olmağımla qürur duyuram...”
Müharibə itkisiz olmur, Vətənimin şəhid övladları, bu gün sizin ruhunuz şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardığınız, uğrunda canınızdan keçdiyiniz, qanınızla suvardığınız Vətən torpaqları artıq işğaldan azaddır. Qazanılan Zəfər Əhmədağanın da, onun pilot yoldaşlarının da ruhuna gözaydınlığı oldu.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"