Uzun illərdən sonra ötən ilin 27 sentyabrında xalqımızın Zəfər tarixinə qızıl həriflər ilə yazılan Vətən müharibəsi başladı. Bütün ölkə Ali Baş Komandanın bir sərəncamı ilə səfərbər oldu, cəbhədə düşmənlə savaşan ordunun dəstəyinə tələsdi. Xalqımız sevinc içində idi. Çox keçmədən cəbhədən sevindirici xəbərlər gəlməyə başladı. Düşmən müdafiəsi bir neçə istiqamətdən yarıldı və cəbhənin Füzuli istiqamətində Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Cəbhənin digər istiqamətində isə oktyabrın 3-də Suqovuşanın işğaldan azad edilməsi xəbərini aldıq.
Uğurlu döyüşlər davam edirdi. Oktyabrın 4-də Cəbrayıl rayon mərkəzi işğaldan azad edildikdən sonra Xocavənd rayonunun ərazisində, Qarabağ dağ silsiləsinin cənub şərqində yerləşən Ziyarət dağına həmlə üçün yol açılmış oldu. Ziyarət dağının azad edilməsi cəbhənin bu istiqamətində döyüşən hərbi hissənin rəhbərliyinin qarşısında duran əsas tapşırıqlardan biri idi. Bölgədə Ziyarət dağı strateji mövqeyinə görə böyük əhəmiyyətə malikdir, 2478 m hündürlüyü olan Ziyarət dağından qərbə doğru uzanan Qarabağ dağ silsiləsi Laçın dəhlizinə və Şuşaya kimi gedib çıxır. Şimalda Ağoğlan, qərbdə 1500 m hündürlükdə, 28 km məsafədə Şuşa şəhəri yerləşir. Ziyarət dağı ətraf ərazilərin azad edilməsi baxımından mühüm rol oynayırdı. O, sanki ətrafda yerləşən yaşayış məntəqələrinin, yolların nəzarətini özündə saxlayırdı. Dağı azad etmədən Araz boyu əraziləri, Laçın dəhlizini nəzarətə götürmək mümkün deyildi. Oradan Qarabağın ən hündür zirvəsinə, hündürlüyü 2725 m olan Böyük Kirs dağına, Şuşa şəhərinə dərə-təpədən, sıldırım qayalardan və çətin keçilən meşələrdən yollar uzanır. Azərbaycan Ordusunun bölmələri düşmənin gözləmədiyi istiqamətdən, çətin keçilən ərazilərdən müdafiənin dərinliyinə sızaraq Şuşanı 8 noyabrda düşmən işğalından azad etdi. Döyüşçülərin irəlilədiyi həmin çığırlar indi genişləndirilərək avtomobil yolu inşa edilir.
Düşmən də Ziyarət dağının əhəmiyyətini nəzərə alaraq onu əvvəlcədən müdafiəyə hazırlamışdı. Dağın zirvəsinə müasir kameralar yerləşdirmiş və müşahidə sistemi yaratmışdı. Düşmən həmin kameralardan istifadə etməklə dairəvi müşahidə ilə bütün ətraf əraziləri, yolları və yaşayış məntəqələrini nəzarətdə saxlaya bilirdi. Orada uzunmüddətli müdafiə üçün sığınacaqlar hazırlamış, çoxlu sayda sursat və ərzaq toplamışdı. Düşmən ərazi şərtlərini nəzərə alaraq kamera müşahidə sistemini bir çox yerdə qurmuşdu. Görünür, kameraların görüntüləri bir mərkəzdə toplanaraq orada təhlil edilir və bölmələrimizin fəaliyyəti nəzarətdə saxlanılırdı. Bununla kifayətlənməyən düşmən yaxınlıqda yerləşən meşələrdən və yollardan istifadə edərək bölmələri pusquya salır, onların fəaliyyətini ləngidir və vaxt qazanmağa çalışırdı. Yeni ərazilər işğaldan azad edildikcə düşmənin müdafiə sistemi sürətlə dağılırdı. Lakin düşmən böyük itkilər versə də, cəbhədə məğlubiyyətin acısını yaşasa da, müqavimət göstərməyə davam edirdi. Çünki ərazilərin əldə saxlanılmasında Ziyarət dağının rolunun böyük olmasını bilirdi.
Oktyabrın 16-sı idi, cəbhə xətti Ziyarət dağının ətrafında yerləşən yüksəkliklərdən keçirdi. Komandanlıq çətin keçilən ərazilərdən sızaraq düşmənin dərinliyinə irəliləmiş qrupların Ziyarət dağını azad etmədən orada möhkəmlənmələrini, eləcə də onların təminatının çətin olacağını bilirdi. Yaxında yerləşən yaşayış məntəqələri Köhnə Tağlar və Ağcakənd bir növ düşmən üçün baza rolunu oynayırdı. Düşmənin burada aktiv fəaliyyəti aşkarlanmasa da, bölmələrimizin həmləsi cavabsız qalmırdı, artilleriya və minaatanlardan mövqelərimiz mütəmadi olaraq atəşə tutulurdu. Köhnə Tağlar kəndi burada xüsusi rol oynayırdı.
Günəşli gün idi, sanki təbiət də bizim haqq işimizə dəstək verirdi. Uzaqda Qubadlı və Laçın istiqamətində döyüşlər gedir, artilleriyanın, atəş və mərmi partlayışlarının səsi eşidilirdi. Düşmən qüvvələrini parçalamaq, onun bir hissəsini digər istiqamətə cəlb etmək məqsədilə Ziyarət dağına həmlə üçün əsl məqam yetişmişdi. Ətrafa sakitlik çökmüşdü, hamı diqqətlə əmr gözləyirdi. Birdən komandirin "Hücum" komandası eşidildi. Ziyarət dağının əks yamacında Tuğ kəndinin yaxınlığında atəş mövqeyində yerləşən artilleriya batareyası və Ağcakənd istiqamətində yerləşən minaatan batareyası sakitliyi pozdu. Artilleriyanın atəşindən sonra düşmən mövqeləri toz-dumana büründü. Bu zaman xüsusi hazırlıqlı qruplar düşmən mövqelərinə doğru irəliləyir və orada möhkəmlənirdi. Artilleriya batareyası aldığı sərəncama uyğun olaraq müşahidə kameralarını məhv etmək üçün ərazini atəş altında saxlayırdı. Tüstü qumbaraları dağın zirvəsinə səpələnir, müşahidə kameralarını kor edir və düşməni psixoloji təsir altında saxlayırdı. Uzaqdan baxanda sanki dağın zirvəsi dumana bürünmüşdü. Topların, minaatanların atəş dəstəyi ilə bölmələr döyüş tapşırıqlarını yerinə yetirir, qısa sıçrayışlar ilə irəli atılır və yeni əlverişli mövqelərdə möhkəmlənirdi. Həmin döyüşlərin iştirakçısı olmaq və onun sevincini yaşamaq isə sözlə ifadə edilən deyil. Bir döyüş günü başa çatsa da, əldə olunan uğurlar ilə kifayətlənmək olmazdı, ancaq irəli düşmən üzərinə atılmaq və işğalda qalan digər torpaqları da azad etmək lazım idi. Köhnə Tağlar yaşayış məntəqəsinin ətraf yüksəkliklərində iki düşmən tankının müşahidə edildiyi haqqında məlumat daxil oldu. Nəticədə həmin tankların vurulmasına qərar verildi. Növbəti gün heyətlə birgə həmin istiqamətə yollandıq. Bu zaman cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlər gedirdi. Döyüşlərə cəlb olunan zərbə tipli pilotsuz uçuş aparatları TB-2 "Bayraqdar"lar döyüş meydanında aşkarlanan düşmən tanklarını və zirehli döyüş maşınlarını məhv edirdi. Düşmən Vətən müharibəsində PUA-ların uğurlu tətbiqi nəticəsində tanklarını tətbiq edə bilmədi, hətta onu döyüş meydanında qoyub qaçdı. Çünki "Bayraqdar"lar onların ölüm kabusuna çevrilmişdi. Ona görə də düşmən tanklarını qorumaq üçün gizlədirdi. Heyətlə Dolanlar kəndindən keçib Köhnə Tağlar kəndinin ətrafında müşahidə üçün əlverişli yüksəklikdə mövqe tutduq. Kəndi və ona yaxınlaşma yollarını nəzarətə götürdük. Bizdən düşmənə qədər olan məsafə 3500 m təşkil edirdi. Bir müddət müşahidə etdikdən sonra kəndin yuxarı hissəsində çay yatağında ərazi qırışlarından istifadə olunaraq gizlədilmiş Kamaz tipli yük avtomobilini, bir az aşağıda isə böyürtkən kollarının arasında atəş mövqeyində iki minaatanı aşkar etdik. İlk raket atəşi ilə Kamazı vurduq, onun kuzovunda olan sursatlar parlamağa başladı və məlum oldu ki, avtomobil sursat ilə doludur. İkinci raketi minaatanların atəş mövqeyinə buraxdıq. Raketin atəş mövqeyində partlayışından sonra minaatan heyətinin bir neçə nəfərinin meyiti qaldı, qalan şəxsi heyət qaçıb sığınacağa girdi. Bununla da şəxsi heyət üçün əvvəlcədən hazırlanmış örtülü sığınacağın yerini aşkar etdik və üçünçü raketlə oranı atəşə tutduq. Son atəşdən sonra güclü partlayış oldu və o, bir neçə saat davam etdi. Məlum oldu ki, orada həm də sursat anbarı var imiş. Bu müddətdə düşmən də bizim yerimizi aşkar etmişdi, orada qalmaq təhlükəli idi, çox keçmədi ki, düşmən mövqeyimizi minaatanlardan atəşə tutdu. Uzun müddət mövqelərində qalan düşmən artıq psixoloji cəhətdən yorulmuşdu və onlar əsas qüvvələrdən ayrı düşmüşdü. Ziyarət dağına gələn bütün yollar nəzarətə götürülmüşdü, burada qalan yüz nəfərə qədər düşmən əsgəri mühasirəyə alınmışdı. Onlar cəbhədə nə baş verdiyindən məlumatsız idilər, öz komandirləri ilə əlaqə saxlaya bilmirdilər. Yaranmış vəziyyətlə bağlı Ermənistan tərəfi rəsmi olaraq ictimaiyyətə məlumat vermişdi. Sonradan üçtərəfli müqavilənin şərtlərinə əsasən onlar Ermənistana təhvil verildi. İndi Ziyarət dağının zirvəsində Azərbaycan bayrağı dalğalanır. Düşmən Ziyarət dağında əvvəlcədən tunellər, yaşayış üçün sığınacaqlar, sursat və ərzaq anbarları hazırlamışdı. Bunlar Ziyarət dağı azad ediləndən sonra öz təsdiqini tapdı. Bu, düşmənin işğalçılıq siyasətinin bariz nümunəsidir. Azərbaycan əsgəri isə 44 günün sonunda düşmənə diz çökdürdü. Ziyarət dağına həmlə zamanı Laçın istiqamətində döyüşlərdə olan, sonralar döyüş xatirələrini mənimlə bölüşən zabit yoldaşım o günləri belə xatırlayırdı: "Ziyarət dağını müşahidə edəndə onun zirvəsində duman aydın görünürdü, lakin bu inandırıcı deyildi, çünki günəşli bir gün idi. Bir müddətdən sonra məlum oldu ki, Ziyarət dağına həmlə başlayıb". Qarabağin gözəl guşələrindən və strateji əhəmiyyətə malik olan Ziyarət dağı onu azad edən döyüşçülərin yaddaşlarına əbədi olaraq həkk olundu. Vətən müharibəsinin zəfər tarixində mühüm rol oynadı, tarixi missiyasını özünə qaytardı və Azərbaycan xalqının Ziyarətgahına çevrildi.
Yaşar KƏRİMOV, Silahlı Qüvvələrin Hərbi Akademiyası