Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2021 11:42

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu:  26 Fevral - Xocalı faciəsi
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Xocalı faciəsinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan, həmin faciənin iştirakçılarının xatirələrindən istifadə etməlidir.
Suallar:
1. Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət.

2. 26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi.

3. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması. Xocalının qisasını  Azərbaycan əsgəri almışdır.

 

Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət


Ermənilərin "Böyük Ermənistan" dövləti yaratmaq məqsədi daşıyan cəfəng planlarını həyata keçirmək üçün XX əsrin axırında azərbaycanlılara qarşı törətdikləri ən qanlı cinayətlərdən biri, azərbaycanlıların kütləvi soyqırımı - Xocalı faciəsidir.
1989-1990-cı illərdə keçmiş Sovet İttifaqının bir çox respublikalarında milli silahlı qüvvələrin yaradılması tələbi ilə mitinqlər keçirilirdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) erməni separatçıları yaranmış vəziyyətdən bacarıqla istifadə edərək, "azərbaycanlılar Qarabağın erməni əhalisinə təhlükə yaradırlar" bəhanəsi altında DQMV-dən hərbi xidmətə çağırılan erməni gənclərinin SSRİ silahlı qüvvələrinin o zaman vilayətdə yerləşən hərbi hissələrində, Xankəndidəki 366-cı alayda və Xocavənddəki sərhəd dəstəsində xidmət keçmələrinə nail oldular. Beləliklə, Azərbaycan ərazisində (keçmiş DQMV-də) sovet ordusunun bazasında Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhlükə yaradan erməni silahlı dəstələrinin yaradılmasının ilkin mərhələsi başlandı.
1991-ci ilin noyabrında SSRİ rəhbərliyi daxili qoşunları yerləşdikləri respublikaların rəhbərliyinə tabe etmək haqqında qərar qəbul etdi. Ancaq Azərbaycanda yerləşən daxili qoşun hissələrinə rabitə qurğularını sökmək, rabitə avadanlıqlarını, silah və texnikanı respublikadan çıxarmaq tapşırığı verilmişdi. Buna baxmayaraq, Qarabağın dağlıq hissəsindən 1991-ci ilin dekabrında çıxan daxili qoşun hissələri silahları və texnikaları erməni dəstələrinə qoyub gedirdilər. 1991-ci ildə Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadıqları bir çox yaşayış məntəqələri ermənilər tərəfindən işğal olundu.
1992-ci ildə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Rusiyapərəst siyasət yeridən Azərbaycan prezidenti Ayaz Mütəllibov respublikanın MDB (Müstəqil Dövlətlər Birliyi) çərçivəsində Moskvanın maraqları orbitində qalmasına çalışır və milli ordunun yaradılmasını ləngidirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin əvvəllərində Azərbaycan Ordusu tam silahlanmamış iki tabordan (təxminən 300 nəfər), yaxşı təlim keçməmiş, vahid komandanlığı olmayan DİN, MTN, XTMD (Xüsusi Təyinatlı Milis Dəstəsi) bölmələrindən, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən (ümumi sayı cəmi 2000 nəfərə qədər) ibarət idi. Bu şəraitdə erməni silahlı dəstələrinin şəxsi heyəti sayca azərbaycanlılardan çox olmasa da, daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdi.
Artıq 1992-ci ilin fevralında Dağlıq Qarabağda Rusiyanın köməyi ilə silahlandırılmış, Azərbaycanın ərazisində işğalçı müharibə aparmağa qadir erməni ordu bölmələri var idi. Bu dövrdən etibarən ermənilər Dağlıq Qarabağın tərkibində və ondan kənarda azərbaycanlılar yaşayan iri yaşayış məntəqələrinin işğalı planının həyata keçirilməsinə başladılar. Ermənistanla quru yol əlaqələri olmayan Qarabağ erməniləri ancaq hava yolu ilə kömək ala bilərdilər. Ona görə də ermənilər Qarabağda tələsik yeni vertolyot meydançaları hazırlayır, Gorus-Stepanakert (indi Xankəndi) və Gorus-Hadrut reysləri təşkil olunurdu. Vəziyyətə tam nəzarət etmək, eləcə də bütün istiqamətlərdə maneəsiz hərəkət etmək və Dağlıq Qarabağda olan yeganə aeroportu ələ keçirmək üçün Xankəndi ilə Əsgəran arasında yerləşən, azərbaycanlıların yaşadıqları Xocalı şəhərini ermənilər ələ keçirməli idilər.

 

26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi


Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis-Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.
Xocalı Qarabağ hadisələri başlanmazdan əvvəl içindən Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolları keçən bir qəsəbə idi. 1988-ci ilə olan məlumata görə, qəsəbədə 2135 nəfər adam yaşayırdı. Dağlıq Qarabağda yeganə təyyarə meydanı da burada idi. 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlıların və Fərqanədən qaçmağa məcbur olan Ahıska türklərinin bir hissəsi də Xocalıda məskunlaşmışdılar. 1991-ci ilin ortalarında artıq burada 6300 insan yaşayırdı. Həmin ilin axırında ermənilərin şəhərə hücumlarından sonra əhalinin bir hissəsi Xocalını tərk etdi. Respublika Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına və digər sənədlərə əsasən faciəli fevral hadisələri ərəfəsində şəhərdə 3 mindən bir qədər çox adam qalmışdı. 1991-ci ilin oktyabrından Xocalı ilə avtomobil nəqliyyatı əlaqəsi kəsildi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Azərbaycanla ancaq hava yolu ilə, vertolyotlar vasitəsilə əlaqə saxlanırdı. Axırıncı mülki vertolyot yanvarın 28-də gəldi. Son dəfə fevralın 13-də hərbi vertolyot ərzaq və yanacaq gətirdi. Ermənilər tərəfindən edilən aramsız hücumlara, Azərbaycan rəhbərliyinin Xocalının taleyinə biganə münasibətinə baxmayaraq, əhali öz tarixi vətənini tərk etmək istəmirdi. Şəhər mühasirədə yaşayırdı, ancaq təslim olmurdu.
Xocalını aeroportun komendantı, milis kapitanı Əlif Hacıyevin rəhbərliyi ilə sərəncamında olan 1 "Alazan" tipli artilleriya qurğusu, 3 zirehli transportyor, yalnız atıcı silahlarla silahlanmış milli ordunun, XTMD-nin və yerli özünümüdafiə dəstəsinin döyüşçülərindən ibarət 160 nəfərlik qüvvə qoruyurdu. Şəhərin müdafiəçiləri ermənilərin bütün hücumlarını qətiyyətlə və mərdliklə dəf edirdilər. Məhz buna görə də əgər əvvəllər ermənilər azərbaycanlıların yaşadıqları kəndləri işğal edərkən, əsasən piyada bölmələri ilə kifayətlənirdilərsə, Xocalıya son hücum zamanı (fevralın 25-dən 26-sına keçən gecə) ilk dəfə artilleriyadan və zirehli texnikadan geniş istifadə etdilər.
1992-ci il fevralın 26-sı Azərbaycan tarixinə ən qanlı səhifələrindən biri kimi yazıldı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək dağıtdılar və yerli əhaliyə qarşı əsil genosid aktı törətdilər. Erməni yaraqlıları 366-cı alayın zabit və əsgərlərinin köməyilə şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütləvi şəkildə qırmağa başladılar. Yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bunu Xocalı faciəsindən təqribən ay yarım sonra - aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı qabaqcadan hazırlanmış plan əsasında həyata keçirilmiş kütləvi qırğın aktında xüsusi amansızlıqla, içərisində uşaqlar, qadınlar və qocalar olmaqla, 67 nəfər dinc sakinin qətlə yetirilməsi, onlarla şəxsin girov götürülməsi, itkin düşməsi, kəndin tamamilə yandırılması da sübut edir. Bu tədbirlərin davamı kimi 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində daha bir amansız cinayət -  Ballıqaya qətliamı törədilib. Nəticədə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.
Ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayaraq əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri ictimai-siyasi fikrin diqqət mərkəzinə gətirdi.
Bu günlər Xocalı faciəsinin 29-cu ildönümü tamam olur. Xocalı faciəsində həlak olanların xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün əziz olmalıdır. Hər il fevralın 26-da bu dəhşətli faciəni yad edən hər bir azərbaycanlı ermənilərin vəhşiliyini unutmamalıdır. Lakin biz Xocalı faciəsini tarixi hadisə kimi yadda saxlamaqla kifayətlənməməliyik. Xocalı faciəsi azərbaycanlıların qəlbinə qorxu, ermənilərin üstünlüyünə inam hissləri səpməməli, əksinə, qisasçılıq hisslərini alovlandırmalıdır. 2020-ci il sentyabrın 27-nə kimi səngərlərdə, mövqelərdə döyüş növbətçiliyi aparan əsgərlər, hərbi xidmətdən tərxis olunan hər bir Azərbaycan vətəndaşı döyüşlər başlayanda döyüşənlərin sırasında olmaqla o müdhiş gecədə həlak olan vətəndaşlarımızın, qocaların, qadınların, uşaqların, əsir düşmüş, alçaldıcı təhqirlərə məruz qalmış, namusu tapdalanmış qız-gəlinlərin qisasının alınması amalı ilə yaşayırdılar.

 

Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması. Xocalının qisasını Azərbaycan əsgəri almışdır


Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər aparılmış və 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) Uqandanın paytaxtı Kompala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri, başçılarının iştirak etdiyi VI forumun təşəbbüsü ilə "İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında" qətnamə imzalanmışdır. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" qiyməti verilmişdir. Qətnamədə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənddə öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir. "Xocalıya ədalət!" kampaniyasının fəaliyyətinin bu il 11-ci ili tamam olur. Bu müddət ərzində Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi, siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu faciəni beynəlxalq sənədlərdə insanlara qarşı cinayət və soyqırımı kimi tanımasını kampaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 21-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd edilmişdir. 2005-2007-ci ilin fevralında  Türkiyə Böyük Millət Məclisinin xüsusi iclasında Xocalı soyqırımı ilə bağlı məsələ müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək Türkiyənin ayrı-ayrı şəhərlərində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir. Dünyanin bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almışdır.
Bu siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəldilib. Cənab Prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, dövlətçiliyimizi qorumaq üçün Azərbaycanın güclü ordusu olmalıdır. Ordu quruculuğunu daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusu qarşısında hər an torpaqlarımızı azad etmək üçün hazır olmaq vəzifəsini qoymuşdur. Ali Baş Komandan Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışarkən demişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Müharibədə döyüşlər həm ordunun qüdrətinin, həm də döyüşçülərin döyüş əzminin, qələbə ruhunun göstəricisi olur. Əsgər qətiyyətlidirsə, ordu qətiyyətlidir, əsgər güclüdürsə, ordu güclüdür, əsgərin döyüş hazırlığı yüksəkdirsə, ordunun döyüş hazırlığı yüksəkdir. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərdə işğal olunmuş torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində rəşadətli Azərbaycan Ordusu tarixi torpaqları azad etdi və Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin qisasını aldı.

İdeloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi