Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2021 11:42

“Zəfər gününün ovqatı həmişə yaşanılacaq

Xalqın, dövlətin adına ad olan hər xatirə bir tarixdi; xatirələrdə də tarixi yaşatma qüdrəti var. Yaşadılmalı xatirələri yaşatmaq missiyası da vətənpərvərlikdi. Jurnalistika belə gözəl bir missiyanın icraçısıdı...
Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsi həm işğalı sonlandırdı, həm də Cənubi Qafqazda bir terror şəbəkəsini sıradan çıxartdı. Bu, etiraf etsə də, etməsə də, erməniliyin böyük məğlubiyyəti oldu. Erməni işğalını 44 günə sonlandıran bu qələbənin icraçıları sentyabrın 27-nə kimi əsgəriydilər, Vətən müharibəsində döyüşçü oldular. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən 44 günlük döyüşlər azərbaycançılığın qələbəsi olaraq tarixləşdi. 8 noyabr Zəfər günü kimi qeyd ediləcək, Zəfər gününün ovqatı isə - həmişə. Bu ovqatı ictimaiyyət qalibləri xatırlayıb yaşayacaq, qaliblər - xatirələrini. Bu xatirələr yaşarı xatirələrdi; danışıldıqca yaşadılacaq, yaşadıldıqca danışılacaq.
Elə bil dünənləriydi - hərbi xidmətin ilk günləriydi. Onda da belə maraqla, istəklərlə kəlmələşirdilər. Bir-birini daha yaxından tanımaq üçün, bir-birinə bir qədər də ətraflı bələd olmaq üçün. Nicat Göyüşov Goranboydan, Nicat Yaqubov Bakıdan söz açmırdı. Hərbi mundir geyinəli onlar üçün ən duyğusal məkan döyüş növbətçiliyi apardıqları mövqe idi. Onların Vətənə sevgisi, Goranboydan, Bakıdan yox, bu mövqedən başlanırdı; hər cümlədə Vətən vardı, döyüş istəyi - döyüş əzmi, qələbə ruhu vardı...
Bir dəfə Nicat Yaqubov komandirlərinə demişdi: "Ordumuz güclüdü, torpaqlarımızı işğaldan döyüşlə azad etməyə qadirdi. Həmin döyüşlərdə kaş biz də iştirak edəydik...". Komandir onun  niyyətini, istəyini böyük vətənpərvərlik adlandırmışdı, fikrini "Ali Baş Komandanın əmri ilə başlanacaq döyüşlərdə iştirak edəcəksiniz də, qəhrəmanlıqla vuruşacaqsınız da", - Nicatı da, digər əsgərləri də duyğulandıran kəlmələrlə tamamlamışdı...
Hərbi xidmətlərinin ilk ayları idi. Döyüş növbətçiliyinə də gedirdilər, digər əmrləri də məsuliyyətlə yerinə yetirirdilər. Komandirləri döyüş hazırlığında fərqləndiklərinə görə ikisinə də təşəkkür elan etmişdi və "Döyüşlərdə də təşəkkür alacağınıza əminəm", - demişdi...
Ermənistan silahlı birləşmələri böyük təxribat niyyətiylə bütün istiqamətlərdən (bəzi istiqamətlərdə Azərbaycan torpaqlarından) hücuma keçdi...
Əsgərlərin istəyi Ali Baş Komandanın əks-hücum əməliyyatı əmriylə gerçəkləşdi. Onların xidmət etdiyi bölmə də döyüşə cəlb olundu. Komandirlə mükalimələşməsini xatırlayan Nicat Yaqubov gözucu Nicat Göyüşova baxmağa macal tapdı. Baxışlar kəlmələşdi...
Suqovuşan mühüm strateji məntəqə idi. Düşmənin bu istiqamətlərdə olan qüvvələri Suqovuşandan idarə olunurdu, Suqovuşanın erməni hərbçilərindən təmizlənməsi həm bu idarəetmənin qarşısını alardı, düşmənin qüvvələrində kifayət qədər gərəkli çaşqınlıq yaranardı, həm də Ağdərəyə gedən yol tamamilə bağlanardı.
Əks-hücum əməliyyatı başlanan gün Suqovuşan istiqamətində də hücum başladı. Nicatgilin bölüyü də hücum xəttində idi.
Döyüşürdülər...
Döyüş əmrini yerinə yetirmək, mövqe qələbəsi qazanmaq üçün döyüşürdülər.
İkisi də bildirdi ki, 2016-cı ilin aprelində Talış kəndi uğrunda ağır döyüşlər getmişdi. Kəndin ətrafındakı strateji yüksəkliklər ordumuzun nəzarətinə keçmişdi. Düşmən bu kənddən sıxışdırılmışdı, ancaq kənddə möhkəmlənmək mümkün olmamışdı.
2020-ci il sentyabrın 27-də Suqovuşan istiqamətində başlayan döyüşlərdə Talış kəndinin işğalçılardan təmizlənməsi əmri verildi. Nicat Göyüşov da, Nicat Yaqubov da döyüşənlərin sırasındaydılar. İkisi də 2016-cı ilin Aprel döyüşlərinin davamı kimi döyüşürdü. Hər ikisi o döyüşlərdə şəhid olanların ruhunu da sıralarında bilib döyüşürdü. Hər ikisi o döyüşü  şəhidlərin qisas döyüşü bilib döyüşürdü. Onlar da digərləri kimi qəhrəman olmaq üçün döyüşmürdü, qəhrəmanlıqla döyüşürdü; vətənsevərlik, Hərbi anda sədaqət işğalçılığı əzib keçdi - Talış kəndi düşməndən azad edildi...
Oktyabrın 3-də Suqovuşan işğaldan azad edildi...
Komandir əsgər Nicat Göyüşova da, əsgər Nicat Yaqubova da təşəkkür elan etdi...
Onlar da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi kəlamları qürurla xatırladılar: "Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm də böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq". Onlar da bu fikirləri döyüşçü yoldaşlarının əhatəsində qürurla yaşadılar, bəşəri qürur olduğuna əminliklə yaşadılar. Onlar da Şuşaya "ruhumuzun beşiyi" dedilər. Onlar da bu qələbəyə işğalı sonlandıran möhtəşəm qələbə dedilər, erməniliyi dizə çökdürən bu tarixi zəfərə onlar da əbədiyyət işığı dedilər...
Hər ikisinin hərbi xidməti davam edir, hər ikisi nümunəvi əsgərdir...
Vətən müharibəsi tarixləşdi. Arada Nicat Yaqubov neçə aylar əvvəl komandirinə dediyi sözləri xatırlayır: “Döyüşlərdə kaş biz də iştirak edəydik”. Bu xatırlatmanın doğmalığı Nicat Göyüşovu da duyğulandırır, digər əsgərləri də. Həmin günün xatırlatmasıyla Vətən müharibəsinin döyüşlərindən danışırlar. Qəhrəmanlıqları, qəhrəmanları xatırlayırlar. Hər cümlədə Vətən var, qələbə sevinci, qələbənin qüruru var. Əsgərlər Vətən müharibəsində qazanılan zəfəri "Mən azərbaycanlıyam!" deyənlərin ömrünün bundan beləsinin qürur bayrağı bilirlər...
Müharibədə döyüşlər həm ordunun qüdrətinin, həm də döyüşçülərin döyüş əzminin, qələbə ruhunun göstəricisi olur. Əsgər qətiyyətlidirsə, ordu qətiyyətlidir, əsgər güclüdürsə, ordu güclüdür, əsgərin döyüş hazırlığı yüksəkdirsə, ordunun döyüş hazırlığı yüksəkdir. Bu, müharibələr tarixində təsdiqini tapmış tezislərdəndir. Müharibə tarixləşir, döyüşlər tarixləşir, tarixləşən döyüşlərin ayrı-ayrı məqamlarını (döyüşün gedişini) döyüşçülər yaşadır - təəssürat kimi, xatirə kimi. Vətən müharibəsinin iştirakçılarının indiki təəssüratları zaman anlamında sabah xatirə olacaq. Təəssüratların xatirələrlə müqayisədə bir qədər dolğun, dəqiq olduğunu kimsə inkar edə bilməz. Müharibədən sonra döyüşçünün döyüşçü yoldaşı ilə döyüşləri, döyüşənləri, qəhrəmanlıqları, qəhrəmanları xatırlamasına, fikirlərin fikirləri tamamlamasına (bu tamamlama həm də faktların dəqiqləşdirilməsi baxımından gərəklidir) ən yaddaqalan olmaqla, fərdlərin tarixi könül söhbəti deyərdim.
İctimaiyyət ordumuza həmişə güvənib, onun qüdrətinə dönməzliklə inanıb. Suqovuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın işğaldan azad edilməsi ictimaiyyətin yaşadığı sevinci heç kim necə varsa, elə ifadə edə bilməyəcək. Bu sevinci Vətən müharibəsinin iştirakçısı olmuş döyüşçülər necə yaşayıb? Asudə vaxtlarda Nicat Yaqubov da, Nicat Göyüşov da döyüşçü yoldaşlarıyla söhbətləşəndə bu sualın cavabı olası mətləblərdən də söz açırlar. Yaralanmış döyüşçünü döyüşdən çıxardanda şəhid olan döyüşçünü də xatırlayırlar, müharibə başlayalı döş cibində gəzdirdiyi bayrağımızı yaralananda son nəfəsində köksünə sıxan döyüşçünü də...
 "Şuşa işğaldan azad ediləndə yaşadığımız ovqatı sözlə ifadə edə bilmirəm", - əsgər Nicat Yaqubov belə deyir.
"Dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı həmin ovqatı gözəl tamamladı", - əsgər Nicat Göyüşov belə deyir...
"Vətən müharibəsinin iştirakçısı olmuş digər əsgərlər kimi biz də özümüzü bütün döyüşlərin iştirakçısı bilirik", - digər qazilər kimi onlar da belə deyirlər.
"Biz də Vətən müharibəsinin bütün iştirakçılarının döyüş yoldaşlarıyıq", - belə də deyirlər.
Vətən müharibəsi müqəddəs müharibə idi, qələbə də müqəddəs qələbədi. Əsgərlərin belə düşüncələri də qələbənin müqəddəsliyindən barınır. Əsgərlərlə kəlmələşənə elə gəlir ki, Vətən müharibəsində o da iştirak edib...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"