Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2021 10:46

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Biz haqlı olaraq gənclərimizlə fəxr edirik

Müstəqil dövlət quruculuğu yolunda gənclərin  üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı, müstəqilliyi uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilərlər. Hər bir dönəmdə Vətənin çətin günündə, ağır sınaq zamanında mərd, sadiq gənclərə böyük ehtiyac olub. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi işini məqsədyönlü istiqamət seçərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin bizə tövsiyə etdiyi kimi aparmağı qarşımıza məqsəd qoymalıyıq.
Yüksək milli vətənpərvərlik hisslərinin gənc nəsildə mövcudluğu onun hərbi xidməti dövründə qəhrəmanlığın əsasını qoyan amildir. Ulu Öndər deyirdi: "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır." Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi, xalqın mədəniyyətinin və təhsilinin inkişafı, həmçinin gənclərin hərbi xidməti məsələləri ilə bilavasitə məşğul olan Ümummilli Liderimiz üçün Vətəni  müdafiə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə məsələləri hər zaman ön planda olub.
Hələ sovet dönəmində ulu öndər Heydər Əliyevin böyük qətiyyəti sayəsində yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yüzlərlə Azərbaycan gəncinin hərbi peşəyə, hərbi ixtisasa yiyələnməsində mühüm rol oynamışdı. Müdrik dövlət rəhbərinin uzaqgörənliklə yaratdığı bu məktəbin məzunları  çağdaş Azərbaycanın ordu quruculuğuna öz böyük töhfələrini verdilər.
Ulu Öndərin ən böyük xidmətlərindən biri o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi rəhbərimiz Heydər Əliyev hər zaman vurğulayırdı: “Müəllimlər bütün qüvvə və bacarıqlarını doğma Vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi göz bəbəyi kimi qorumağa hazır olan gənc nəslin yetişdirilməsinə sərf etməlidirlər”.
30 ildən artıq nankor qonşularımızla üz-üzə dayandıq.  İllərlə əzəli, əbədi torpaqlarımız yağı düşmənin işğalında qaldı. Ona görə də gənclərin  vətənpərvərlik ruhunda tərbiyəsi başlıca vəzifəyə çevrildi.  Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarına, ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşıb. Çünki yuxarıda qeyd etdiyimiz bu amillər gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, inam hissini gücləndirir, qələbəyə ruhlandırır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin gənclər siyasəti ilə bağlı ideyaları, irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ulu Öndər həmişə gəncliyə böyük ümidlər bəslədiyini  və dəfələrlə qeyd etdiyi kimi "Azərbaycanın gələcəyi gənclərin əlindədir", - deyirdi.
Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılır. 1995-ci ildə isə Ulu Öndər Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürür. Beləliklə, 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin I Forumu keçirilir və ümummilli lider Heydər Əliyev həmin forumda iştirak edərək, Azərbaycanda gənclər siyasətinin inkişaf perspektivlərini əhatə edən tarixi nitq söyləyir.  
1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə   gənclərin bir qrupunu qəbul edən Ulu Öndər "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Fərman imzalayır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
1999-cu il martın 2-3-də keçirilən Azərbaycan gənclərinin II Forumundakı çıxışında ulu öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verir. "XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü  gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız" deyən Ulu Öndər gəncləri gələcək inkişafımızın möhkəmlənməsində  və dövlət quruculuğunda fəal iştirakçı kimi qiymətləndirirdi.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında qulluq etməkdir. Bu gün gənclərimizin böyük bir hissəsi Azərbaycan Ordusu sıralarında Vətən qarşısındakı borcunu verməkdədir.
Ulu öndər Heydər Əliyev tərəfindən 2002-ci il mayın 6-da imzalanmış "Gənclər siyasəti haqqında" qanunda deyilir: "Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri  əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə - mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır."
Qanundan o da aydın olur ki, milli vətənpərvərliyin məzmunu təkcə öz Vətəninə məhəbbət hissiylə məhdudlaşmır. Milli ruhda tərbiyə geniş məzmunu əhatə edir. Vətənpərvərlik isə qəhrəmanlığın əsasını qoyan başlıca amildir. Xalqımız şanlı hərb tariximizlə və əfsanəvi qəhrəmanlarımızla  həmişə fəxr edib. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Əliyar Əliyev, Mübariz İbrahimov, Fərid Əhmədov, Murad Mirzəyev, Samid İmanov, Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov kimi  igid  və cəsur oğullarımız Azərbaycan xalqının qəhrəman xalq olduğunu təsdiqləyirlər.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə gənclər siyasətinə eyni diqqət və qayğı ilə yanaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" gənclər siyasətinin müasir dövrdə prioritet vəzifələrinin müəyyən edilməsi, onların icrası baxımından mühüm sənədlərdir.
Dövlət başçısının  fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilərək, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoymuş oldu.
"Bədən tərbiyəsi və İdman haqqında", "Gənclər siyasəti haqqında" qanunlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu Dövlət Proqramı" ölkəmizdə gənc nəslin cəmiyyət həyatında layiqli iştirakının təmin olunması istiqamətində görülən tədbirlərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsi gənclərə dövlət başçısı tərəfindən verilən böyük önəmin bir daha əyani təsdiqidir.  
Bu gün 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla həyata keçirilməkdədir. Məhz uğurla həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir  ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşırlar. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Məhz dövlətin gənclərə dəstək olmasının və  diqqət göstərməsinin nəticəsində Azərbaycan gənclərində  özünə, öz gücünə, istedadına inam hissini artırıb. Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görür. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi  və gənclər siyasətindəki digər məsələlər ölkə rəhbərinin fəaliyyətinin əsasını təşkil edir.    
2019-cu il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirildi. Bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı demişdir:  "Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir."
O gənclər ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən əks-hücum əməliyyatlarında canlarını əsirgəmədilər. O gənclər ki, 30 ilə yaxın müddətdə erməni faşistləri tərəfindən işğal olunan torpaqlarımızı azad etdilər. Azərbaycanın haqq savaşında misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz Vətənimizin ərazi bütövlüyünün bərpasına böyük töhfələrini verdilər. Azərbaycan əsgərlərinin son damla qanınadək döyüşərək şəhidliyə yüksəlmələri bir daha sübut etdi ki, gənclərimizin vətənsevərlik duyğuları yüksəkdir. Xalqımıza o böyük zəfər sevincini yaşadan da vətənpərvər Azərbaycan gəncləri oldu.
Bəli, illərdir xain qonşularımızın xalqımıza çəkdirdiyi ağır müharibə iztirablarında gənclərimizin yarıda qırılmış şəhid ömürləri əks olunur. Əslində, bizlərə qürur yaşadan o  məqamın adı gəncliyin şəhidliyə gedən zirvəsidir. Yaxşı bilirik ki, savaşa tək-tək insanlar deyil, bütöv bir toplum girir. O toplum gənclərdən ibarətdir. Döyüş meydanında düşmən üzərində qazanılan qələbə gəncliyin iradəsindən və mənəvi əxlaqından asılıdır. Müharibə bütün arzuolunmazlıqları ilə bərabər, həm də bir millətin genetik xarakterinin, bütünlüyünün, mənəviyyatının və əxlaqının nümayişidir. Yurd, Vətən, Torpaq, tarix, milli mədəniyyət, sosial quruluş, hətta iqlim belə etnosu və milləti müəyyənləşdirən amillərdir. Bunların bütövləşməsində yurd anlayışı mahiyyətcə mənəviləşir və üzərində yaşayan xalqın milli psixologiyasını, əxlaqını və mədəniyyətini yaradır. Mədəniyyət tutarı coğrafi tutarından çox-çox böyük olan xalqımızın savaş mədəniyyəti də özünəməxsusdur, tolerantdır, əxlaqlıdır fikrini özündə ehtiva edir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"