Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2021 10:00

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir

Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı Azərbaycan naminə cəmiyyətin mənəvi kamilliyinin başlıca şərti bilirdi. Gənclər siyasəti gənclərin siyasi proseslərə inteqrasiyasıdır, qabiliyyətli, istedadlı, vətənsevər gənclərin biliyinin, bacarığının, qabiliyyətinin cəmiyyətin inkişafı sahələrinə tətbiqini təmin edən tədbirlər sistemidir. Ulu öndər Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu düşüncə həmişə azərbaycançılıq əsasında formalaşdırılıb. Gənclər siyasəti dövlətin daxili siyasətinin başlıca istiqamətlərindən olub. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması dövlət siyasətində gənclərin daha fəal iştirakının təmin edilməsində hüquqi sənəd oldu və bu qurum dövlət siyasətinin aparıcı qüvvəsinə çevrildi.
2 Fevral 1994-cü ildən Gənclər Günü kimi qeyd olunur. Gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində israrlıdırlar.
Gənclik cəmiyyətin mühüm hissələrindəndir. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir: "Gənclər, mən sizə inanıram, güvənirəm".
Digər istiqamətlərdə olduğu kimi, gənclər siyasətinin də əsasını azərbaycançılıq ideologiyası təşkil edir. Yəni, Azərbaycan gənclərinin vətənpərvərliyi milli mentalitet əsasında formalaşdırılır.
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Xarici havadarlarına güvənən işğalçı dövlət 20 faiz ərazimizi işğal etmişdi. Nə BMT-nin Təhlükəsizlik Şurası, nə də Minsk qrupunun həmsədri olan dövlətlər bu münaqişəni həll edə bilmədi. Bəlkə də həll etmək istəmədi. Bu problemi Azərbaycan Ordusu həll etdi.
Ordu quruculuğu Azərbaycanda dövlət üçün həmişə prioritet olub. Ordu quruculuğu istiqamətində həyata keçirilən qlobal tədbirlər, müxtəlif miqyaslı təlimlər, müxtəlif səviyyəli beynəlxalq təlimlər, ordunun ən müasir silahlarla təchiz edilməsi şəxsi heyətin döyüş hazırlığı, müxtəlif tədbirlər, Ali Baş Komandanın Vətən müharibəsinə qədər ön xətdə, səngərlərdə hərbi qulluqçulara tövsiyələri, xidmətdə fərqlənənləri mükafatlandırması şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmişdi. Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındaydı. Vətən müharibəsində qazandığı qələbə onun qüdrətini daha da artırdı.
Ermənistan silahlı birləşmələri sentyabrın 27-də müxtəlif istiqamətlərdən, müxtəlif növ silahlardan, artilleriyadan istifadə etməklə böyük təxribat törətmək, yeni ərazilər işğal etmək niyyəti ilə hücum etdi. Ordumuz işğalçıların hücumunun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı  - Vətən müharibəsi başladı.
Azərbaycan Ordusunun tərkibi, əsasən, gənclərdən ibarətdir; Vətən müharibəsi iştirakçılarının əksəriyyəti gənclər idi.
Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi. Qismən səfərbərlik elan edildiyinə görə gənclərin xahişi yerinə yetirilmədi; gənclərin bu niyyəti ordunun şəxsi heyətinin döyüşə sevgisini - döyüş əzmini, qələbə ruhunu kükrətdi. Azərbaycan əsgəri Azərbaycan gəncliyinin "nəfəsini kürəyində hiss etdi"...
Vətən müharibəsinə kimi çağırışçılar hərbi xidmətə Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcək döyüşlərdə iştirak etmək niyyətiylə başlayırdı. 2020-ci il sentyabrın 27-nə kimi səngərlərdə, mövqelərdə döyüş növbətçiliyi aparan əsgərlər də bu amalla xidmət edirdilər. Hərbi xidmətdən tərxis olunanlar döyüşlər başlayanda döyüşənlərin sırasında olmaqda israrlıydılar. Yəni, Azərbaycan gəncliyi döyüş əzmi ilə xidmət edirdi, döyüş əzmi ilə yaşayırdı. Bu, qələbə ruhuna tən döyüş əzmi idi. Yəni, Azərbaycan gəncliyi düşüncələrində də, yaşantılarında da döyüş əmri gözləyirdi. Gəncliyin gözləməsi cəmiyyətin gözləməsinin eyni idi...
Birinci Qarabağ müharibəsinin iştirakçılarının oğulları, bəzilərinin nəvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün başlayacaq döyüşləri şəhidlərin ruhuna gözaydınlığı etmək niyyətindəydi. Döyüşlər əks-hücum əməliyyatı kimi başladı, Vətən müharibəsi kimi davam etdi. Azərbaycan Ordusu, bu anlamda Azərbaycan gəncləri sərkərdənin əmrini qələbə ilə tamamladı; Zəfər işğalı sonlandırdı. Azərbaycan Ordusu bu qələbə ilə regionda bir terror şəbəkəsini də zərərsizləşdirdi. Yəni, Azərbaycan Ordusunun (məntiqi baxımdan Azərbaycan gənclərinin) bu qələbəsi bəşəri qələbə oldu.
Müharibədə döyüşlər həm ordunun qüdrətinin, həm də döyüşçülərin döyüş əzminin, qələbə ruhunun göstəricisi olur. Əsgər qətiyyətlidirsə, ordu qətiyyətlidir, əsgər güclüdürsə, ordu güclüdür, əsgərin döyüş hazırlığı yüksəkdirsə, ordunun döyüş hazırlığı yüksəkdir. Bu, müharibələr tarixində təsdiqini tapmış tezislərdəndir. Müharibə tarixləşir, döyüşlər tarixləşir, tarixləşən döyüşlərin ayrı-ayrı məqamlarını (döyüşün gedişini) döyüşçülər yaşadır - təəssürat kimi, xatirə kimi. Vətən müharibəsinin iştirakçılarının indiki təəssüratları zaman anla-mında sabah xatirə olacaq. Vətən müharibəsinin iştirakçılarının döyüş təəssüratları zaman-zaman Azərbaycan gənclərinin vətənsevərliyini ovxarlayacaq. Bu qənaətim öz təsdiqini ölkə başçısının gənclərə ünvanladığı "Gənclər, mən sizə inanıram, güvənirəm" fikrindən alır. Azərbaycan gəncliyi ölkə başçısının bu qürurunu yaşayacağı illərin leytmotivi bilir; bu inamda, bu güvəncdə müqəddəslik çalarları da görür...
Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik", "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!" kimi fikirləri döyüşçülərin qələbə ruhunun manifestinə döndü, ictimaiyyət Azərbaycan gənclərinin qazandığı ilkin qələbələri tam qələbənin zəmanəti bildi. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu qələbə işğalın sonunun ərəfəsi kimi yaşanıldı. Xarici hərbi ekspertlər də Şuşanın işğaldan azad edilməsini heyrətlə qarşıladı; kimisinin heyrəti paxıllıq, gözəgötürməzlik, kimisinin heyrəti Azərbaycan Ordusuna ehtiram, rəğbət idi. Bu ehtiram, bu rəğbət Azərbaycan gənclərinə olan ehtiramdı, rəğbətdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə bu qələbənin tarixi əhəmiyyətini də vurğuladı, qələbəni qazananlara Vətən adından təşəkkürünü də bildirdi. Dünyanın heç bir yerində dövlət başçısının təşəkkürü Vətənin təşəkkürü kimi səslənmir. Bu səsləniş dövlətə, dövlətçiliyə sədaqətin səviyyəsiylə bağlıdır.
Ölkə başçısı Şuşada dedi: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Sərkərdənin döyüşçüyə - Ali Baş Komandanın əsgərə rəğbətinin bu səmimilikdə ifadəsi olan bu kəlmələr ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını ali səviyyədə tamamladı. Ordu gəncləri ilə Azərbaycan gəncləri də qürurlanır. Qürurlanır və onlara xitabən əminliklə deyir ki, sizin işğaldan azad etdiyiniz ərazilərdə biz də sizin dövlətçiliyə sədaqətiniz səviyyəsində iştirak edəcəyik! 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbəyə görə Azərbaycan gəncləri Azərbaycan Ordusuyla hansı səviyyədə qürurlanırsa, Azərbaycan Ordusunun şəxsi heyəti də bu niyyətinə görə Azərbaycan gəncləri ilə həmin səviyyədə qürurlanır...
2 Fevral Gənclər Günüdür. Həm də gənclərin gücünün, qüdrətinin, qələbələrinin davamçısı olacaq çağırışçıların, yeniyetmələrin, bu baxımdan bütün cəmiyyətin ovqatını bayraqlaşdıran gündür...
Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın bəşəri qələbəsi oldu. Bu qələbə həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi...
Azərbaycanda gənclər siyasəti inamın, güvəncin siyasətidir.
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist