Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

Əsgər düşüncəsi də Vətənə sevgidi

Bakıdakı 96 saylı orta məktəbdə oxuyurdu. Poeziyaya böyük həvəsi vardı. Yazdığı şeirləri bir qədər çəkingənliklə müəlliminə oxuyardı. Müəllimi dinləyərdi, dinləyə-dinləyə düşünərdi: şagirdin düşüncələrinin şeirləşməsi şeiriyyətə meyilli duyğuların özünəməxsusluğudu. Sağ əli ahəstəcə baxışlarında təbəssüm çiçəkləyən şagirdinin çiyninə enərdi...
Fariz İmanovun şeirlərində Vətən sevgisi vardı, torpağa, el-obaya, torpağı qoruyanlara sevgi vardı. Bu sevginin qədəmləri möhkəmlənəcəkdi, mətinləşəcəkdi, boya-başa çatandan sonra torpağı qoruyanların sırasına aparacaqdı onu. Farizin "Mən əsgərəm!" nidası əzizlərinə könül xoşluğu olacaqdı...
Qarabağdan da yazırdı Fariz, Topxanadan da, Xarı Bülbüldən, Şuşadan, Cıdır düzündən də. Sonuncu sinifdə oxuyanda əsgərlərimizə xitabən bir şeir yazmışdı: "Sıranıza qatılım, gedək üzü Şuşaya".
Onda 16 yaşı vardı. İllərlə babası Əlidən, atası Ayazdan soruşduqları kimi, soruşduqlarına aldığı cavablar kimi bu düşüncə də vətənsevərliyin zəmanətiydi. Bu zəmanət bir vaxtlar soruşduqlarının mahiyyətinin düşündürücü yozumuydu. Mübariz İbrahimovun qəhrəmanlığı (və şəhidliyi!) məktəbli Farizin Vətən sevgisinin mahiyyətini formalaşdırırdı, dünyaduyumunu genişləndirirdi. Fariz müqəddəs döyüşlərin də, şəhidliyin də ifadə etdiyi məzmunu həmin vaxtlarda dərk etmişdi...
Türkiyədə ali təhsil alırdı, Aydın Universitetində. II kursu bitirdikdən sonra hansı duyumun, hansı istəyin təsiriyləsə, təhsilini dondurub hərbi xidmətə getməyi qərara alıbmış. Ayaz oğlunun bu niyyətinə qarşı çıxmamışdı. Ötən ilin yazında hərbi xidmətə gedəndə babasına, atasına demişdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlərdə mən də iştirak edəcəm. Qətiyyətlə, bir qədər də həyəcanla demişdi. Bu qətiyyət az qala hərbi xidmətdə içəcəyi Hərbi andın tərkib hissəsi kimi səslənmişdi. Bu anları hərbi ximətdə xidmət yoldaşları ilə vaxtaşırı xatırlayırdı. Hərbi xidmət yoldaşlarının əhatəsində hər xatırlama əsgər Fariz İmanovun da, digər əsgərlərin də döyüş və mənəvi-psixoloji hazırlığına söykənirdi; özünəinam həmişə əsgəri mənəvi kamilliyə yönəldən qüvvə kimi dəyərləndirilir. Fariz İmanov belə əsgər idi...
Sentyabrın 27-də ordumuzun hissələri Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatlarının qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə ordumuzun əks-hücum əməliyyatı başladı. Bu əməliyyat müqəddəs müharibə kimi - Vətən müharibəsi kimi davam etdirildi. Fariz İmanovun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olundu...
Hərbi xidmətdə hər əsgərin hərbi ixtisası olur. Gənc əsgərlərin hazırlığı kursunda Fariz İmanov qumbaraatan ixtisasına yiyələnmişdi. Kənd mühitinə də, atıcılığa da yaxşı bələd idi (bu bələdlik Vətən müharibəsində nə qədər gərəkli olacaqmış!). Döyüş hazırlığı məşğələsində Fariz zabitdən soruşmuşdu: “Bu silah döyüşdə hansı gücə malikdir?” Zabit gülümsünmüşdü: “Onun gücünü döyüşəndə, düşməni məhv edəndə özün görəcəksən. Sənin döyüş əzmin, qələbə ruhun silahının gücündən daha güclü olmalıdır, İmanov...”
Digər əsgər yoldaşları kimi əsgər Fariz İmanovun da döyüş əzmi, qələbə ruhu "Vətən!" deyirdi, "Qələbə!" deyirdi. Bütün əsgərlərin bu səviyyədə döyüş əzmi, bu səviyyədə qələbə ruhu ordunun gücünə dönmüşdü, Vətən müharibəsində çılğınlıqla kükrəmişdi...
Vətən müharibəsinin ilk günlərində düşmən bir qədər müqavimət göstərə bilirdi. Azərbaycan Ordusunun gücü, qüdrəti düşmənin müdafiə səddini darmadağın etdi. Suqovuşanın ermənisizləşdirilməsi düşmənin müdafiə əzminə, ümumən hərbi gücünə ağır zərbə oldu, döyüşənlərimizin döyüşə sevgisini - döyüş əzmini, qələbə ruhunu daha da artırdı...
Əsgər Fariz İmanov Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. Döyüşlərin gedişində qumbaraatanın hansı gücə malik olduğunu görmüşdü. Onda gülümsünmüşdü, əsgər yoldaşının sorğulu baxışlarını hiss edincə, "Qumbaraatanın gücünü özümün gücüm bilirəm. Mən də güclüyəm, mən, yəni, Azərbaycan əsgəri! Azərbaycan əsgərinin gücünə sevginin təbəssümüdü..."...
...Düşmən müqavimət göstərirdi. Komandir müdafiənin nisbətən ciddi hissəsini müəyyənləşdirən kimi qumbaraatanların həmin ərazini atəşə tutmasını əmr etdi. Əsgər Fariz İmanov da daxil olmaqla əsgərlər əmri yüksək dəqiqliklə yerinə yetirdilər. Az sonra düşmən təkcə həmin istiqamətdən deyil, döyüşlər gedən digər mövqelərdən də geri çəkilməyə başladı. Döyüşü davam etdirən düşməni dəqiq atışlarla səngərdən çıxmağa məcbur edir, qaçan düşməni təqib edirdilər.
Oktyabrın 4-də Cəbrayıl işğaldan azad edildi. Suqovuşanda döyüşməsələr də, özlərini bu qələbəni qazananların da sırasında hiss etmişdilər. Bu, Vətən müharibəsinin mahiyyəti ilə bağlı olan qələbə ruhunun mahiyyətindən irəli gəlirdi. Vətən müharibəsində "mən döyüşdüm" deyən yoxuydu, döyüşçülərin hamısı "biz döyüşdük" deyirdi. Bu deyiliş ordunun şəxsi heyətinin mənəvi kamilliyinin ifadəsi idi. Qələbədən aylar sonra da bu deyilişi eşidəndə ürəyim dağa dönür, həm qələbə sevincini yenidən yaşadığıma görə, həm də döyüşçülərimizin azərbaycançılığı bu səviyyədə yaşatdığına görə...
Füzuli uğrunda döyüşürdülər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bu döyüşlər haqqında dedi: "Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi...". Bu döyüşlərdə iştirak edənlərlə söhbətlərdə eşitdiklərim qətiyyətin qüdrətinə, vətənsevərliyin məğlubedilməzlik inancına dönür. Döyüşçülər səmimiyyətlə ""Biz döyüş əmrini yerinə yetirdik..." - deyirlər. Döyüş əmri qələbə idi,  "Qələbə qazandıq" - deyirlər. Ali Baş Komandanın Füzuli uğrunda gedən döyüşlər haqqında dedikləri qətiyyətin, Vətən sevgisinin, dövlətə, dövlətçiliyə sədaqətin, döyüş əzminin, qələbə ruhunun ifadəsidi: "... 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək, hələ böyük sual altında idi. Ancaq rəşadətli Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi...". Bu fikirlər bayraqlaşaraq sonrakı döyüşlərdə döyüşçülərin qələbə ruhunu qələbə həddinə çatdırmışdı. Onlara elə gəlirdi ki, komandirin əmri ilə başlayacaq döyüş, bu döyüşlə qazanılacaq qələbə Şuşaya aparacaq. Əsgər Fariz İmanov o vaxtlar yazdığı şeiri xatırladı və döyüşçü yoldaşlarına baxdı və  "Mən də sıranızdayam, gedək üzü Şuşaya!" dedi. Kəlmələr az qala çağırışa döndü. Hamısı bu gözəl fikri gözəlliklə təkrarladı.
Belə gərgin, belə ağır döyüşlərdə əsgər Fariz İmanov da vuruşub. Bu döyüşün qalibləri sırasında ona da təşəkkür edilib.
...Qubadlı uğrunda döyüşlər gedirdi. Düşmən Suqovuşan, Cəbrayıl, Füzuli məğlubiyyətlərindən sonra olan-qalan gücünü səfərbərliyə almaq, müdafiəni gücləndirmək istəyirdi, bunu bacarmayacağını bilsə də, çarəsiz müdafiənin müddətini uzatmaqla xarici havadarlarının təsirinə bel bağlayırdı. Ancaq unudurdu ki, Vətən müharibəsində Azərbaycan Ordusunun hücumunun qarşısını kəsməyə, qələbə yolunu uzatmağa heç kəsin qüdrəti çatmayacaq...
Döyüş gedirdi. Cəbrayılın, Füzulinin işğaldan azad edilməsi döyüşçülərimizin döyüş sevgisini - döyüş əzmini, qələbə ruhunu kükrətmişdi. Döyüşçülər cəsarətlə vuruşurdular.
Düşmən döyüş üzünə çıxmağa çəkinirdi, qorxurdu. Əvvəlki məğlubiyyətlərin ağrıları düşmənin müdafiə əzmini çilikləmişdi; müdafiə atışları seyrəlmişdi.
Qumbaraatanlar verilmiş koordinatları atəşə tutmuşdu. Əsgər Fariz İmanov növbəti mərmini atışa hazırlamışdı. "Atəş!" əmri verilən anda barmağı tətiyi sıxacaqdı. Həmin anda yaxınlığına mərmi düşdü. Qəlpələr sol ayağını, əlini ağır yaraladı. Atışı davam etdirmək üçün dikəlmək istədi, taqəti çatmadı...
Qəlpələr əlini orta dərəcəli, ayağını ağır dərəcəli yaraladı...
Ağcabədidə əməliyyat olundu...
Müalicə olunur...
Əsgər Fariz İmanov "Çox darıxıram. Əsgər yoldaşlarımla, döyüşçü yoldaşlarımla döyüşlərdən, qələbədən danışmaq, o sevinci yenidən, bu dəfə birlikdə yaşamaq üçün darıxıram, şəhidlərimizi bu ovqatda, hamılıqla xatırlayacağımız gün üçün darıxıram...", - deyir. Bu kəlmələr əsgərin həm Hərbi anda sədaqətinin, həm də gözəl, gərəkli düşüncəyə malik olduğunun təsdiqidir. Əsgər döyüşüb, yaralanıb, təltif olunub, müalicə olunur, əsgər yoldaşlarının sırasına can atır. Bu, mənəvi kamillikdir...
Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə əsgər Fariz İmanov da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib...
Vətən müharibəsinin iştirakçıları kimi Fariz İmanov da yeniyetmələrə, çağırışçılara döyüşlər haqqında təəssüratlar, xatirələr danışacaq. Danışılanlar Vətən müharibəsinin tarixi kimi dinləniləcək. Vətən sevgisi dinləyənlərin düşüncələrinin nurunu zərrə misallı da olsa artıracaq...
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist