Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Yanvar 2021 11:16

Vətən sevgisi ilahi gücdü

Astara rayonu, Səncərədi kəndində boya-başa çatmışdı Arif İsmayıl oğlu Qeybiyev. Yaşıdlarından zahirən heç nə ilə fərqlənmirdi, düşüncələrinin incəliyinə görə fərqlənirdi. Bunu müəllimləri müşahidə edirdi və bu müşahidələr onun yeniyetmə kimi, gənc kimi formalaşmasında başlıca istiqaməti müəyyənləşdirirdi. Qurub-yaradanlara, cəmiyyətdə yenilik duyğularıyla yaşayanlara rəğbəti vardı. Sonralar bilinmişdi ki, özü də qurub-yaratmağa meyillidi...
Həmin illərdə bilinmişdi ki, idmana marağı var. Müəllimləri də, valideynləri də onun bu qabiliyyətini inkişaf etdirdilər. Artıq orta məktəbi bitirəndə yaxşı idmançı kimi də tanınırdı, istedadlı atlet idi Arif. Dəfələrlə rayonda, respublikada keçirilən müxtəlif idman yarışlarının qalibi olmuşdu. Mütəxəssislər hiss edirdi və inanırdı ki, Səncərədidən başlanan yol gənc idmançını uzaqlara aparacaq.
Astara Pedaqoji Kollecinin "İdman fakültəsi"ni bitirəndə beynəlxalq yarışlarda da respublikamızı layiqincə təmsil etmişdi. 2015-ci ildə keçirilən Avropa birinciliyi Arif Qeybiyevin idman taleyinin işığına döndü. O, mükafata layiq yer tutdu...
"Kəndi, rayonu, respublikanı idmanla tanıtmaq da qurub-yaratmaqdı. Fəxr edirəm ki, mən də kəndimizə, rayonumuza, respublikamıza zərrə misallı da olsa şöhrət gətirə bilirəm", - həmişə qürurla belə deyərmiş Arif.
Arif Qeybiyev 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılır.
Pedaqoq Bəxtiyar Abdullayev deyərmiş: “Müəllimin müəllimliyi ilk dərsdən bilinir”. Yaxşı əsgər, nümunəvi əsgər özünü hərbi xidmətin ilk günündən göstərir. Arif nümunəvi əsgər olub. Hərbi hissədə cəsurluğu, yüksək nizam-intizamlılığı ilə fərqlənib, sevilib. Əsgər yoldaşlarına deyərmiş: “Nümunəvi xidmət hər birimizin Hərbi anda, deməli, Vətənə sədaqətimizdir”.
Əsgər Arif Qeybiyev xidmətini Naxçıvan Muxtar Respublikasında Xüsusi Təyinatlı Qüvvələrin tərkibində davam etdirir. Fəaliyyəti həmişə amal müəyyənləşdirir. Hərbi xidmətdə amal sədaqətdir. Əsgər Arif Qeybiyev də bu amalla Vətənə sədaqətlə xidmət edir. O da digər əsgər yoldaşları kimi Ali Baş Komandanın əmriylə torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin iştirakçısı olmağı arzulayır...
Harada xidmət edibsə, rəğbətlə, ehtiramla əhatələnib - zabitlərin də, əsgər yoldaşlarının da rəğbətini qazanırdı. Kiməsə nümunə göstərilmək üçün deyil, özü-özünə nümunə olmaqla xidmət edirdi. "Nümunəvi xidmətimiz bizim ailəmizə, təhsil aldığmız məktəbin kollektivinə hesabatımızdı", - Arif əsgər yoldaşlarına belə də deyirmiş. Onun bu fikrini hamı bəyənirmiş.
Bir dəfə hərbi hissədə asudə vaxtlarda söhbətdə Vətən sevgisindən danışırdılar. Hərə bir fikir dedi. Baxışları uzaqlara dikilən Arif "Vətən sevgisi ilahi gücdür", - dedi. Bir anlığa araya sükut çökdü. Deyəsən, bu kəlmələr hamının könlünə yatmışdı. Arif doğma baxışların tünlüyündə özünü daha güclü hiss edirdi...
Hərbi xidmətin ayları belə ötüşürdü...
Digər əsgər yoldaşları kimi Arif Qeybiyev də Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərin iştirakçısı olacağı gün üçün darıxırdı. Bu darıxma vətənsevərliyin təsdiqiydi, şübhəsiz. Hamısı qalib ordunun qalib əsgəri kimi tərxis olunmaq istəyirdi. Ayları bu istəklə yaşayırdılar...
Yadına düşürdü ki, orta məktəbdə oxuyanda televiziya verilişlərindən birində qaçqın ananın hıçqırıqları, ürək göynədən kəlmələri onun da könlünü qubarlandırmışdı. Onun da qaşları çatılmışdı, onun da barmaqları düyünlənmişdi. O da torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşəcəyini qət etmişdi. Bunun ərəfəsində olduqlarını duyunca ürəyi tellənirdi...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri yenə təxribat niyyətiylə hücum etdi. Azərbaycan Ordusunun hissələri düşmənin hücumunun qarşısını aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Əsgər Arif Qeybiyevin xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olunmuşdu.
Döyüşürdülər...
Düşmən daha müqavimət göstərə bilmirdi, döyüşə-döyüşə geri çəkilirdi. Döyüşçülərimiz hiss edirdilər ki, düşmən qaçır. Bu, döyüşçülərimizin döyüş əzmini, qələbə ruhunu kükrədirdi...
Füzuli uğrunda döyüşlər gedirdi. Ağır döyüşlər idi. Burada düşmən olduqca ciddi müdafiə səddi yaradıbmış. Döyüşçülərimiz düşmənin bu səddini də darmadağın etdilər. Arif Qeybiyev də cəsarətlə döyüşürdü. Ona elə gəlirdi ki, şəhidlərimizin ruhu da onunla bir sıradadı. Bu döyüşü şəhidlərimizin qisas döyüşü bilib döyüşənlərdən biri də əsgər Arif Qeybiyev idi...
Döyüşürdülər...
Füzuli şəhəri düşməndən azad edildi. Əsgər Arif Qeybiyev bu qələbəni görə bilmədi, döyüşlərdə şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik və şücaət nümayiş etdirdiyinə görə əsgər Arif Qeybiyev də "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib...
Əsgər Arif Qeybiyev idmanda Səncərədi kəndinə, Astara rayonuna, respublikamıza şöhrət gətirirdi. Vətən müharibəsində döyüşləriylə, şəhidliyiylə təhsil aldığı məktəbin də, boya-başa çatdığı kəndin də, rayonun da qüruru oldu. 23 illik ömrü ilə...
 
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü