Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2021 11:11

Vətən müharibəsi - Zəfər tariximiz

Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri böyük təxribat törətmək məqsədi ilə ərazilərimizə hücum etdi. Televiziyada Müdafiə Nazirliyinin rəsmi məlumatı yayımlandı: "Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb, düşmənə sarsıdıcı zərbələr endirir, şəhidlərimiz var...". Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlanıldı. Bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan edildi.
Mən sentyabrın 28-də səfərbərlik planına uyğun olaraq yeni formalaşan birliyin qərargahında vəzifəmin icrasına başladım. Bütün cəbhə boyu şiddətli döyüşlər davam edir, düşmən müqavimət göstərirdi. Azərbaycan Ordusu müdafiə xəttini yarmaq üçün qətiyyətlə döyüşürdü. Müdafiə Nazirliyinin cəbhədəki vəziyyətlə bağlı keçirdiyi brifinqdə Füzuli və Suqovuşan istiqamətində düşmən müdafiəsinin yarılması, düşmənin Murov yüksəkliyindən uzaqlaşdırılması haqqında məlumat verildi. Bu informasiya ictimaiyyətin də, döyüşənlərin də ruh yüksəkliyinə səbəb oldu. Bu, dönməz coşqu idi.
Xalq döyüşən orduya maddi və yüksək səviyyədə mənəvi dəstəyini əsirgəmirdi. Xalqın bu inamı, bu güvənci döyüşənlərin qələbə ruhunu kükrədirdi. Vətən müharibəsində döyüşən ordu ilə ictimaiyyətin şüarı eyni idi: Zəfər bizimdir!
Dünyanın marağı Azərbaycana, Azərbaycanın apardığı ədalətli müharibəyə yönəlmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər həm də dünya ictimaiyyətinə ünvanlanmışdı: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Xalq bu müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə əmin idi: bu əminlik ordunun silahlanmasına ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsinin, ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, yüksək vətənpərvərliyinin, dövlətə, dövlətçiliyə sədaqətinin əminliyi idi.  
Ordu hissələrimiz döyüşə-döyüşə qələbələr qazanırdı. Oktyabrın 3-də Suqovuşan düşməndən azad  edildi. Bu qələbə ordunun döyüş əzmini, qələbə ruhunu daha da kükrətdi. Düşmən ilk böyük məğlubiyyətə uğradıldı. Xalq bu qələbəni Böyük Qələbənin başlanğıcı bildi. Döyüşçülərimiz Cəbrayıl istiqamətində düşməni müdafiənin dərinliyinə sıxışdırırdı. Oktyabrın 4-də Cəbrayıl rayon mərkəzi işğaldan azad edildi. Xalq bu qələbəni də böyük coşqu ilə qarşıladı. Azərbaycan və Türkiyə bayraqları ictimaiyyətin sevincinin carçısı oldu.  
Səfərbərliklə formalaşan birliyin hazırlığını tamamlayaraq Füzuli istiqamətinə - cəbhə xəttinə yaxın, hər an döyüş tapşırığı yerinə yetirməyə hazır vəziyyətdə yerləşdik. Cəbhədə ağır zərbələr alan düşmən məğlubiyyətin acısını hiss etmişdi, əsgərləri də, zabitləri də silahı, sursatı, döyüş texnikasını atıb qaçırdı.
Cəbhə xətti Cəbrayılın Soltanlı və Xocavəndin Araköl yaşayış məntəqəsinin ətrafında yerləşən yüksəkliklərdən keçirdi. Ordumuz döyüşə-döyüşə irəliləyir, yeni yaşayış məntəqələrini, strateji yüksəklikləri işğaldan azad edirdi. Düşməndən azad olunan səngərlər, istehkamlar təsdiqləyirdi ki, düşmən çox ciddi müdafiə səddi yaradıbmış.
Gərgin döyüşlər zamanı elə bir vəziyyət yarandı ki, düşmən geri çəkiləndə növbəti səngərdə möhkəmlənə bilmədi, geri çəkilməyə məcbur oldu...
Çətin fiziki çoğrafi şəraitlərdə, dağlıq, meşəlik şəraitində döyüş tapşırığını yerinə yetirən əsgərlərimiz böyük qəhrəmanlıqlar göstərdilər. Döyüşçülərimiz hərbi nəzəriyyəyə əsasən, qəfillik və düşmənin gözləmədiyi yerdən onu vurmaqla, keçilməz qayalardan, meşələrdən, çiskinli, dumanlı və yağışlı havalarda da düşmənin içərisinə sızmağı bacardılar, mümkün olmayanı mümkün edə bildilər.
Suqovuşan, Cəbrayıl, Ağoğlan, Füzuli, Xudafərin, Zəngilan, Qubadlı, Şuşa iş-ğaldan azad edildi. Döyüşdə məğlubiyyətini qəbul edən düşmən üçtərəfli razılaşmanın şərtlərinə əsasən Ağdam, Kəlbəcər və Laçından çıxmaq məcburiyyətində qaldı.
İşğaldan azad olunan ərazilərdə erməniliyin nə olduğunu sözlə ifadə etmək  çətindir: bir yanda dağılmış, xarabalığa çevrilmiş kəndlərimiz, düşmənin müdafiə üçün hazırladığı səngərlər, istehkamlar, işğal müddətində istifadə etdiyi yararlı əkin sahələri, meyvə bağları, o biri yanda isə şiddətli döyüşlərin getdiyini göstərən vurulmuş tankların, döyüş maşınlarının qalıqları, döyüş meydanında qalmış meyitlər və mərmi partlayışlarının yaratdığı çuxurlar.
Qarabağda ancaq yaşayış məntəqələri işğaldan azad edilmədi, onun gözəl təbiəti, dağları, meşələri, çayları da azad edildi.
Oktyabrın sonları günəşli bir gün idi. Qubadlının Xanlıq kəndi işğaldan azad edilmişdi, növbəti tapşırıqları dəqiqləşdirmək üçün Cəbrayıla - qərargaha dönürdük. Sanki uzaqda səmada qara bulud diqqəti çəkirdi. Biz irəlilədikcə gördük ki, o, bulud deyil, azad Qarabağ səmasında görünən quş karvanıdır. Təbiət də, bütün canlılar da erməni faşizmindən azad olmasına sevinirdi.
Düşmən 44 günün sonunda diz çökdü, Cənubi Qafqaz erməni faşizminin zülmündən qurtardı. Azərbaycanın dövlət sərhədləri bərpa edildi.
Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Azadlıq meydanında vüqarla addımlayan Azərbaycan ordusunun rəşadətli əsgərləri görənlərə  unudulmaz anlar yaşatdı.
 
Yaşar KƏRİMOV, Silahlı Qüvvələrin Hərbi Akademiyası