Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2021 11:11

20 Yanvar - müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin qüdrətinin zəfər salnaməsidir.
20 Yanvar təqvimdə adi gündür, xalqın tarixində xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir.
20 Yanvar faciəsindən 31 il keçir.
1990-cı ilin 19 yanvar gecəsi sovet imperiyası Azərbaycana qoşun yeritdi. Həmin gecə törədilən faciə, hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Azadlıq, müstəqillik mücahidlərinin qətlə yetirilməsi, yaralanması totalitar sovet rejiminin mahiyyətiydi; azərbaycanda milli-azadlıq hərəkatı rus imperiyasının siyasi dayaqlarını titrətdi.
Vaxt keçdikcə qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar, onların nəticələri olan ağır fəsadlar hələ dünyəvi qiymətini almasa da, mahiyyət pislənildi. Bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.
Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı idi. 20 Yanvar faciəsi sovet rejiminin erməniliyə meylinin, erməniliyə görə antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu qırğın Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq üçün törədilmişdi. Sovet imperiyası Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Qanlı Yanvar milli-azadlıq hərəkatının daha da yüksəlməsinə səbəb oldu və nəticə etibarilə  Azərbaycanın müstəqilliyini bərpa etməsinin qarşısını ala bilmədi. 70 il ərzində müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədən ayırmaq, onu qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür.
1990-cı ilin yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin on minlərlə əsgər və zabiti Bakıya və şəhər ətrafındakı hərbi hissələrə yerləşdirildi. Bu ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan əsasən erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edilmişdilər.
1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Soveti hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul etmişdi.
Yanvarın 19-da SSRİ DTK-nın "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırmaq mümkün olmasın, yəni, qırğının miqyası bu şəkildə artırılsın.
Fövqəladə vəziyyət yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməliydi, ancaq qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na rəhbərliyi birbaşa SSRİ Müdafiə naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.
Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhərə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələrinə güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanı axıdıldı. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyət elan olunmayan rayonlarda - yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi.
20 Yanvar faciəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər də olmuşdu.
O ağır günlərdə ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdi...
Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: "Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".
Yanvarın 20-də  bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutmuşdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı. Qardaş Türkiyədə Bakıda törədilən cinayətlərə sərt reaksiya verildi, ölkənin hər yerində mitinq və nümayişlər keçirildi.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini dövlətin mühüm vəzifələrindən biri kimi qarşıya qoyub…
31 ildir ki, xalqımız bu günü Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.
1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli-azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Müstəqil Azərbaycan dövlətinin tarixində 20 Yanvar faciəsi həm də mübarizlik, qəhrəmanlıq tarixi kimi xatırlanacaq…
 
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"

 

***



Azərbaycanda milli-azadlıq hərəkatını Ermənistanın Azərbaycandan ərazi iddiasına görə etirazlarla əlaqələndirmək tarixi ədalətsizlik, xalqın dövlətçiliyə sədaqətinə biganəlik olardı. Sovet imperiyası 1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikasını ilhaq etdi. Dövləti ilhaq etdi, dövlətçilik ənənələrini milli düşüncəni ilhaq etməyə gücü çatmadı...
Azərbaycanda müstəqillik, azadlıq istəyi həmişə məfkurə səviyyəsində yaşadılıb. Milli-azadlıq istəyi ideyalardan mübarizəyə köçürülüb. Siyasi rejim, imperiya belə mübarizənin olduğunu bilirdi, ideoloji fəalları siyasi rejimin ciddiliyi ilə sıxırdı.
Milli-azadlıq hərəkatı erməniliyə qarşı etirazlarla təxminən eyni vaxta düşmüşdü. Xalqın müstəqillik istəyi, bəşərilik amalı illərlə yaşadılmışdı; əqidələrdə, dərnəklərdə, dərnəklər qrupunda, ədəbiyyatda (əsasən poeziyada) yaşadılan mübarizə əzmi (bu, xalqın milli ruhu deməkdir) xalqın imperiyanın yaxasından yapışan əlinə döndü: "Biz varıq!", "Biz var olacağıq!". İndi Azadlıq meydanı adlanan meydan milyonlara darlıq edirdi. Azərbaycanımızda milli-azadlıq hərəkatının mahiyyətini X.R.Ulutürk "...Qolumdakı zəncirləri gərək qıram, gərək qıram!" - kimi ifadə edirdi və bu şeir hərəkatın manifesti kimi səslənirdi, az qala milyon səslə. Bu kükrəyiş, bu nəhr dünyanı heyrətləndirmişdi; milli-azadlıq hərəkatı Ermənistanın ərazi iddiasının əsassızlığını etiraf etməyən imperiyaya, onun milli siyasətinə yönəlmişdi. Yəni, bu hərəkat başlanğıcı ilə müqayisədə daha da güclənmiş, on illərlə qadağalara, Sibir, Lefortovo xofuna görə açıq şəkildə deyilməyənlərin açıq kükrəyişinə çevrilmişdi, dönməzləşmişdi, inqilabi ruh idi. Bu dönməz hərəkatın hərəkətverici qüvvəsi xalq idi; xalq nə yerli hökumətin (Azərbaycanın), nə də Mərkəzi hökumətin (SSRİ-nin) yaranışından siyasiləşmiş qanunlarına tabe olmurdu. Tabe olmaq 1920-ci ilin 28 aprel ilhaqına davamlı boyun əymək olardı. Bu hərəkat açıq mübarizə formatında başlanğıcını erməniliyə qarşı yönəlmiş etirazlardan götürmüşdü. Ağdamda 2 gənc qətlə yetirilmişdi, Topxanada ağacların qırılıb yerində zavod tikilməsinə cəhd göstərilirdi. Azadlıq meydanında Gülüstan müqaviləsi ilə ikiyə bölünmüş ərazilərin birləşməsi də tələb edilirdi. Bu tələb ruhun tələbi idi. Bu tələb 1989-cu il dekabrın 31-də gücə döndü, qüdrətə döndü - mücahidlər sərhədləri çığnayaraq Araz çayının bu tayından o tayına yürüş etdi. Bu, dünyaya meydan oxuyan imperiyaya meydan oxumaq idi. Bunu ancaq Azərbaycan xalqı bacarardı...
İmperiya Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün qəddarlıq etdi - Bakıya qoşun yeritdi.
O günlərdə imperiyanın ən qəddar düşməni azərbaycançılıq mücahidləri, ən həssas hədəfi Bakıda Azadlıq meydanı idi.
Azərbaycan rəhbərliyinin qətiyyətsizliyinin nəticəsi kimi respublikada fövqəladə vəziyyət elan edildi...
İmperiya Qazaxıstanda, Litvada, Tbilisidə milli düşüncənin - xalqın mitinqlərini dağıtmışdı, mitinqə gələnləri güllələmişdi, el arasında deyildiyi kimi, "dişinin dibində şirə qalmışdı". 1990-cı ilin 19 yanvar gecəsi Bakıda, daha bir neçə rayonda qırğın törədirdi. Silahlı ordu bölmələri küçələrdə qarşılarına çıxanları, binaları, yaralılara köməyə gedən "Təcili yardım" maşınlarını güllələdi, tankları küçələrdə maşınları əzib keçdi. O günlərdə onlarla, yüzlərlə mücahid tutuldu, Lefortovoya aparıldı...
Britaniyanın "The Guardian" qəzetində dərc edilən məqalədə deyilir: "Sovet tankları bu səhər tezdən barrikadaları yararaq üsyankar Bakı şəhərinə daxil olub. Milli hərəkatın nümayəndələrinin bildirdiyinə görə, onlar müqavimət göstərən hər kəsə atəş açıblar. Onların bildirdiyinə görə çoxlu sayda yaralı və ölü var". Bu məqalədə hadisənin mahiyyəti haqqında məlumat olmaqla bərabər, qırğın törədənlərə etiraz çalarları da hiss edilir; bu kimi informasiyalar xarici mətbuatın hadisəyə -  faciəyə münasibətini göstərirdi.
Qəzetdə daha bir informasiya dərc edilib: "Bir milyona yaxın sakin Bakıda toplaşaraq Sovet ordusunun təcavüzü nəticəsində ölənlərin dəfn mərasimində iştirak edib, dünən isə Azərbaycan parlamenti fövqəladə vəziyyətə son qoyulmasını və bütün Sovet qoşunlarının çıxarılmasını tələb edib". İnformasiyanın mahiyyəti təsdiqləyir ki, faciə xalqın mübarizə əzmini qıra bilməyib. Bu, milli-azadlıq hərəkatının dönməzliyinin təsdiqi kimi anlaşılırdı; qəzetin oxucuları, qəzetin oxucularının timsalında dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini daha əhatəli bildilər...
20 Yanvar faciəsi həm də Azərbaycan xalqının mübarizə tarixi olmaqla imperiyanı süquta yetirən hərəkat kimi tarixləşdi. Bu tarix əbədiyyən yaşayacaq!..
 
Gülsurə HÜSEYNOVA, Silahlı Qüvvələrin Hərbi Akademiyası