Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2020 11:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Müstəqillik tariximiz. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında tarixi materiallardan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.

3. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət


1917-ci il fevralın 27-də Rusiyada baş verən çevriliş nəticəsində çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu. Rusiyada hakimiyyət Müvəqqəti Hökumətin əlinə keçdi. 1917-ci il martın 9-da Müvəqqəti Hökumət tərəfindən Zaqafqaziyanın idarə edilməsi üçün Xüsusi İdarə Komitəsi yaradıldı.
Fevral inqilabının siyasi həyata gətirdiyi canlanma nəticəsində Azərbaycanın müxtəlif şəhərlərində müsəlman milli şuraları yaradıldı.
Zaqafqaziya Xüsusi Komitəsi öz fəaliyyətini dayandırdı və noyabrın 11-də Zaqafqaziya Komissarlığı yaradıldı. Komissarlığın tərkibinə Azərbaycandan Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov və Xəlil bəy Xasməmmədov təyin edilmişdilər.
1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi yaradıldı.

 

Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu


1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı. Mayın 27-də Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən və keçmiş Seymin Azərbaycan fraksiyasının 44 nümayəndəsindən 26 nəfərinin iştirak etdiyi iclasda Azərbaycan Milli Şurası yaradıldı və şura Azərbaycanın idarə olunmasını öz üzərinə götürdü. Mayın 28-də Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Milli Şuranın ilk iclasında Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul edildi və "İstiqlal bəyannaməsi"nin mətni təsdiqləndi. İstiqlal bəyannaməsində göstərilirdi ki:
1. Azərbaycan suveren dövlətdir, Azərbaycan xalqının hakimiyyəti altına Zaqafqaziyanın cənub və şərq hissələri daxildir.
2. Müstəqil Azərbaycan dövlətinin hökumət forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti hamı ilə, xüsusən də qonşu millətlər və dövlətlərlə dostluq əlaqələri yaratmaq niyyətindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti etnik mənşəyindən, dilindən, sinfindən, peşəsindən, cinsindən asılı olmayaraq, sərhədləri daxilində bütün vətəndaşlara tam mülki və siyasi hüquqlar üçün təminat verir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində məskunlaşmış bütün millətlərin azad inkişafını təmin edir.
6. Azərbaycan Müəssislər Məclisi çağırılana qədər Azərbaycan üzərində ali hakimiyyət hamı tərəfindən seçilmiş Milli Şura və bu şura qarşısında cavabdeh olan hökumət tərəfindən həyata keçirilir.
Mayın 30-da Azərbaycanın müstəqilliyini elan etməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. İyunun 4-də Azərbaycanın nümayəndə heyəti Batumda Osmanlı dövləti ilə daimi sülh və dostluq münasibətləri haqqında müqavilə imzaladı.
Sentyabrın 15-də Azərbaycan hərbi hissələri və türk qoşunları Nuru Paşanın rəhbərliyi ilə Bakını azad etdilər. Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü.
1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğu ləğv edildi, ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı Azərbaycanın istiqlaliyyətinin tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qısa bir müddətdə normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə diplomatik əlaqələr qurmağa nail oldu. Yeni yaranmış dövlət fəaliyyəti dövründə "türkləşmək, islamlaşmaq və müasirləşmək" ideyası uğrunda mübarizə aparırdı.
Hökumətin Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzalandı. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraqla əvəz olundu.
1918-ci il avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Nazirlər Şurasının qərarına uyğun olaraq 1918-ci il noyabrın 7-də Hərbi Nazirlik təsis edildi. 1920-ci ilin yanvarına artıq 30 min nəfər piyada və 10 min nəfər süvaridən ibarət ordu yaradılmışdı.

Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində


Müstəqil Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində fəaliyyətə başlamasının əsası İstanbul konfransında (1918-ci il) qoyulub. Gənc respublikanın dövlətlərarası münasibətlərə daxil olması olduqca çətin idi. Burada ən böyük problemlərdən biri də maddi resursların, demək olar ki, yoxluğu idi. Belə bir vəziyyətdə alternativ kimi Azərbaycan Xalq Cümhuriyyəti ilə Avropa dövlətləri arasında vasitəçiliyi Türkiyənin Avropa ölkələrindəki səfirlikləri yerinə yetirirdi.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. 1992-ci il martın 2-də Beynəlxalq Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan Respublikasının bu təşkilatın üzvlüyünə qəbul olması barədə qətnamə qəbul edildi. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində 1992-ci il martın 6-da Nyu-Yorkda fəaliyyətə başlayan Azərbaycanın BMT yanında daimi nümayəndəliyi mühüm rol oynadı. Həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açıldı.
Azərbaycan torpaqlarının 20 faizi işğal edildi. Ermənistan ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə elan etmədən müharibəyə başladı.
Belə bir şəraitdə yalnız 1993-cü ilin ikinci yarısından ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Özünün ilk andiçmə mərasimində (1993-cü il, 10 oktyabr) həmin məqama da toxunan ümummilli lider Heydər Əliyev demişdir: "Bizim xarici siyasətimiz, birinci növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrlə Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətməkdən ibarətdir".
Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə Ümummilli Lider 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək Yolu"nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyənləşdirən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirir.
Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmiş, bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır.
Azərbaycan Respublikası müsəlman aləmində çox böyük hörmət və nüfuz qazanmışdır. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət, yəni, həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və müsəlman birliyini daha da möhkəmləndirir. Həmçinin son illərdə ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər - 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, 2019-cu ilin martında VII Qlobal Bakı Forumu və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəltmişdir.
Son illər Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Ümumilikdə özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Prezident     İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi, 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin Prezident  İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb.
Azərbaycan Prezidenti        İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın, konkret şəkildə cavab verdi. Bununla da dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı.
Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artmışdır. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Ümumilikdə,  Azərbaycan diplomatiyası müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən çox uğurla və dinamik şəkildə inkişaf etdirilir. Bu baxımdan, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və tarixi nailiyyətlərlə zəngin olan bu uğurlu xarici siyasətin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi