Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2020 10:56

Qələbə ruhlu ömür yolunun ünvanı - Cəmşid Naxçıvanski muzeyi

Naxçıvan şəhərinin mərkəzi küçələrindən birində tarixi bina yoldan keçənlərin diqqətini cəlb edir. XIX əsrə məxsus olan bina bir çox tarixi hadisələrin şahidi kimi bu gün də öz əzəmətini qoruyub saxlamaqdadır. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin doğulub boya-başa çatdığı ev - Cəfərqulu xanın malikanəsi XX əsrin əvvəllərində Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı kimi fəaliyyət göstərib. 1982-ci ildən bu günə kimi isə Cəmşid Naxçıvanskinin döyüş şöhrətini və vətənpərvərliyini aşılayan mədəniyyət müəssisəsi muzey kimi qapılarını tamaşaçılarının üzünə açıb. 2019-cu ildə muzeydə yenidənqurma işləri aparılıb.
6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarət muzey böyük sərkərdənin keçdiyi həyat yoluna aid tarixi sənədlərin, eksponatların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və təbliğində mühüm rol oynayır. Hazırda muzeyin fondunda 5400-ə yaxın eksponat vardır. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Zəngin hərb tariximizin bir parçasını təbliğ və təqdim edən muzeydəki eksponatlar vasitəsilə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin şərəfli ömür və döyüş yoluna nəzər salmaq mümkündür.
Qeyd edək ki, Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi və muzeyinin yaradılması ideyası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Muzeyin ilk ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin "Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1981-ci il 8 avqust tarixli Qərarının, "Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli Sərəncamının, "Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin  9 aprel 2015-ci il tarixli Sərəncamının mətnləri nümayiş etdirilir. Ümummilli lider Heydər Əliyevin 1984-cü və 1985-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olarkən,  1990-cı ildə Cəmşid Naxçıvanskinin Ev Muzeyini ziyarət edərkən çəkilmiş fotoşəkilləri maraqlı eksponatlar sırasındadır.
İkinci zaldakı eksponatlar bizi Cəmşid Naxçıvanskinin həyatı ilə yaxından tanış edir. Qeyd edək ki, bu il Cəmşid Naxçıvanskinin anadan olmasının 125-ci ildönümü tamam olur. Belə ki, görkəmli sərkərdə 1895-ci il avqustun 10-da Naxçıvan şəhərində ehtiyatda olan zabit Cəfərqulu xanın ailəsində doğulub. İlk təhsilini ailədə alıb, rus və fransız dillərini öyrənib. 1903-1906-cı illərdə İrəvanda xüsusi pansionatda oxuyub. Kiçik yaşlarından hərb sənətini sevməsi, bu sənətə böyük maraq göstərməsi onu Tiflisə - hərbi yunkerlər hazırlayan Kadet məktəbinə gətirib. O, 1907-1914-cü illərdə bu məktəbdə təhsil alıb. 1914-cü ilin avqustunda isə Qərbi Ukraynanın Yelizavetqrad şəhərində Qvardiya məktəbinə daxil olub. Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar bu məktəbdə 4 aylıq kurs keçib. Az müddət ərzində yaxşı işi, nümunəvi davranışı və qətiyyətliliyi ilə kollektivin hörmətini qazanıb. Cəmşid Naxçıvanski 3 aydan sonra - 8 noyabr 1914-cü ildə yunker-unter rütbəsi alıb. 4 aylıq kursu bitirdikdən sonra isə ona 1 dekabr 1914-cü ildə o dövr üçün ilk zabit rütbəsi sayılan-praporşik rütbəsi verilib.
Cəmşid Naxçıvanskinin ilk hərbi təhsil illərindən bəhs edən materiallar sırasında 1911-ci ildə Tiflis Kadet məktəbinin, 1914-cü ildə Yelizavetqrad Qvardiya məktəbinin kursantları ilə, eyni zamanda I Dünya müharibəsi illərində çəkilmiş fotoşəkillər diqqəti cəlb edir. Cəmşid Naxçıvanski I Dünya müharibəsinin ən ağır cəbhələrindən olan Cənub-Qərb cəbhəsində döyüşərək, babalarının şanına və şərəfinə layiq olan cəsarət və igidlik göstərmişdir. Gənc zabit bu qanlı müharibədə üç dəfə ağır yaralanmış, müalicə olunaraq təkrar döyüşlərə qatılmışdır. Cəmşid xanın göstərdiyi şəxsi döyüş nümunəsi və şücaəti ordu rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, sərkərdə ən ali mükafatlara təqdim olunmuşdur.
Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Cəmşid Naxçıvanski tabeliyində olan hərbi hissə ilə birlikdə Vətənə qayıdır. Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli ordu quruculuğunda, həmçinin cümhuriyyətin müdafiəsində fəal iştirak edir. 1918-ci il sentyabrın 15-də Bakının erməni daşnaklarından və "Sentrokaspi diktaturası" qüvvələrindən təmizlənməsində fəallıq göstərir. Bu xidmətlərinə görə ona podpolkovnik rütbəsi təqdim olunur. Azərbaycan milli hökuməti 1920-ci il 24 mart tarixli əmrlə Cəmşid Naxçıvanskini II Qarabağ süvari alayına komandir təyin edir. O, Qarabağda erməni daşnaklarına qarşı ağır döyüşlərdə iştirak edərək Əskəran qalasının, Ağdamın, Xankəndi və Şuşanın azad olunmasında əsl igidlik göstərir. Bu döyüşlərdə Cəmşid xanla birgə qardaşı Şəki alayının  komandiri III Ehsan xan Naxçıvanski də iştirak edir.
Azərbaycanda sovet hakimiyyəti qurulanda Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Cəmşid Naxçıvanskini Sovet Azərbaycanının ordu quruculuğunda iştirak etməsi üçün Bakıya dəvət edir. Cəmşid xan Qarabağdan Bakıya qayıdır. Əvvəlcə Azərbaycan Birləşmiş Komanda Məktəbinə təsərrüfat rəisi, daha sonra məktəbin rəisinin birinci köməkçisi vəzifəsinə təyin edilir. Bu illərdə Cəmşid xan vaxtının böyük hissəsini məktəbin müdavimləri ilə keçirərək milli hərbi kadrların yetişdirilməsi istiqamətində fəaliyyətini qurur. Cəmşid Naxçıvanskinin 1918-1921-ci illərdə döyüş yolu və Azərbaycan Birləşmiş Hərbi Məktəbinə rəhbərliyi illərini özündə əks etdirən, həmçinin onun Azərbaycan Birləşmiş Hərbi Məktəbinin müəllim və zabitləri və 1921-ci ildə silahdaşları ilə birgə fotoları ömür yolunun bu hissəsini öyrənməkdə bizə bələdçilik edir.
1921-ci ildə Cəmşid Naxçıvanskiyə daha çətin və məsuliyyətli bir vəzifə - Azərbaycanın ilk Milli Atıcı Diviziyasını yaratmaq tapşırılır. Cəmşid Naxçıvanski hərbçi peşəkarlığı ilə bütün bacarığını və gücünü diviziyanın yaradılması işinə sərf edir. Diviziyaya komandirliyi dövründə bir neçə dəfə ali akademiya kurslarında iştirak edir. Bütün qoşun növlərinin strategiyasını mükəmməl öyrənir və hərbi işi dərindən bilən bir komandir kimi Bakıya qayıdır. Məlumat üçün qeyd edək ki, bütün göstəricilərinə görə Zaqafqaziyada öndə olan Azərbaycan milli diviziyası Cənubi Qafqazda ilk dəfə olaraq hava hücumundan kimyəvi vasitələrlə müdafiəni təşkil etmişdir. Cəmşid xanın rəhbərlik etdiyi diviziya Azərbaycanın sərhədlərini havadan və qurudan qoruyaraq milli hərb tariximizə yeni bir nəfəs gətirmişdir. Muzeydə Cəmşid Naxçıvanskinin Azərbaycan milli atıcı diviziyasının yaradılmasında xidmətlərindən və diviziyaya komandirliyi illərindən bəhs edən eksponatlar nümayiş olunur. Guşələrdən birində Cəmşid Naxçıvanskinin 1925-ci ildə çəkilmiş şəkli,  Azərbaycan milli diviziyasına bayraq təqdim olunarkən, bölmə komandirləri ilə birlikdə, diviziyanın əsgərləri təlimə yollanarkən çəkilmiş şəkilləri sərgilənir.
Cəmşid Naxçıvanskinin komandirliyi illərində Azərbaycan milli diviziyasının taktiki təlim məşğələləri, hərbi-siyasi oyunları mütəşəkkil səviyyədə hazırlanırdı. Ekspozisiyanın III zalında ilk guşə diviziyanın keçirdiyi hərbi təlimlərdən bəhs edir. Qeyd edək ki, 1920-1930-cu illərdə Azərbaycan milli diviziyası Zaqafqaziya Hərbi Dairəsində keçirilən bütün növ hərbi təlimlərdə iştirak etmiş və hər dəfə də ilk yerlərdən birini (müxtəlif kateqoriyalar üzrə) qazanmışdır.
Cəmşid Naxçıvanski  1921-1931-ci illərdə komandirlik etdiyi diviziyanın döyüş intizamını və döyüş hazırlığını ən yüksək səviyyəyə çatdırmışdı. Sərkərdə şəxsi heyətin siyasi-ideoloji hazırlığını yüksəltmək məqsədilə diviziyanın "Hərbi bilik" jurnalını təsis etmiş və dərgidə ən aktual mövzularla çıxış etmişdir.
Ekspozisiyadakı digər eksponatlar Cəmşid Naxçıvanskinin M.V.Frunze adına Hərbi Akademiyada təhsil illərindən və hərbi pedaqoji fəaliyyətindən bəhs edir. 1931-1934-cü illərdə diviziya komandiri Cəmşid Naxçıvanski Moskvada M.V.Frunze adına Hərbi Akademiyada təhsil almış, akademiyanı fərqlənmə diplomu ilə bitirərək orada müəllim saxlanılmış, ümumi taktika kafedrasına rəhbərlik etmişdir. Cəmşid Naxçıvanskinin hərbi xidmətləri yüksək qiymətləndirilmiş, ona 1935-ci ildə general-mayor rütbəsi verilmişdir. Cəmşid Naxçıvanski akademiyada gənc sərkərdələr nəslinin hazırlanmasında da əməyini əsirgəməmişdir.
Generalın hərbi fəaliyyətinin Moskva dövrünü özündə əks etdirən stendlərə və 1936-cı ildə hərbi paradda  çəkilmiş fotolarına baxanda adamın qəlbi qürurla döyünür. Şərəfli sərkərdə ömrü fotolent kimi gözlərində canlanır.
Növbəti guşədə döyüş xidmətlərinə və hərbi fəaliyyətinə görə aldığı təltifləri, həmçinin məqalələrinin  dərc olunduğu "Hərbi bilik" jurnalının nümunələri Cəmşid Naxçıvanskinin döyüş qabiliyyətini və fədakarlığını sərgiləyir. Cəmşid Naxçıvanski Birinci Dünya müharibəsində döyüş xidmətlərinə görə 1916-cı ildə aldığı: 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenini, üzərində "İgidliyə görə" sözləri yazılmış 4-cü dərəcəli "Müqəddəs Anna" ordenini, 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordenini, 1917-ci ildə aldığı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordenini, 3-cü dərəcəli "Müqəddəs Anna" ordenini, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordenini və 1930-cu ildə hərbi fəaliyyətinə görə aldığı "Qırmızı Əmək Bayrağı" ordenini şərəflə daşıyıb.
Sovetlər birliyi dövründə hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində səmərəli fəaliyyət göstərməsinə, dəfələrlə mükafatlandırılmasına baxmayaraq 30-cu illərin repressiya dalğası Cəmşid Naxçıvanskinin də taleyindən yan keçmir. Əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğu üçün daim nəzarətdə saxlanılır, ona qarşı təqiblər get-gedə artır, haqsız ittihamlar irəli sürülür. Bu illər ərzində Cəmşid Naxçıvanski bir neçə dəfə həbs olunur. 1938-ci ildə Cəmşid Naxçıvanskiyə olan inamsızlıq daha da artır. 1938-ci ilin mayında həbs olunan generala 26 avqust 1938-ci ildə keçirilən məhkəmə iclasında ölüm hökmü çıxarılır. Xalqımızın digər görkəmli nümayəndələri kimi Cəmşid xan da haqsızlığa məruz qalaraq repressiya qurbanına çevrilir. İllər sonra 1956-cı ildə ona SSRİ Ali Məhkəməsi tərəfindən rəsmi bəraət verilir. Muzeydə olan fotoların içərisində Moskvanın 25 kilometrliyində Kaluqa şosesi üstündə yerləşən "Kommunarka" həbs düşərgəsindən də şəkillər var. 30-50-ci illərdə siyasi repressiyaya məruz qalanlar burada həbsdə saxlanılmış, güllələnərək kütləvi şəkildə dəfn olunmuşlar. Cəmşid Naxçıvanskinin də məzarı bu qardaşlıq qəbiristanlığındadır.
Azərbaycanın hərb tarixində özünəməxsus yer tutan Kəngərli nəslinin yetirdiyi 6 generaldan biri olan Cəmşid Naxçıvanski döyüşlərdə göstərdiyi şücaəti, Vətənə sədaqəti, sərkərdə məharəti ilə gənc və gələcək nəsillərə örnəkdir. Sıravi yunkerlikdən general rütbəsinədək yüksələn unudulmaz sərkərdə Cəmşid Naxçıvanski hərb tariximizə şanlı səhifələr yazıb. Döyüş ruhlu ömür yolunun ünvanı - Cəmşid Naxçıvanski muzeyinin qapıları hər bir tamaşaçısının üzünə açıqdır. Xatırladaq ki, bu muzeydə Cəmşid Naxçıvanski ilə bərabər xalqımızın 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki milli azadlıq və istiqlaliyyət uğrundakı mübarizəsində qəhrəmanlıq göstərən tarixi şəxsiyyətlərinin fəaliyyəti də  əks olunur. Bu qapını açaq və hərb tariximizin şanlı səhifələrini vərəqləyərək qürur hissi keçirək.

Ruhiyyə RƏSULOVA, Naxçıvan Televiziyasının baş redaktoru