Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2020 11:15

İnam qələbəyə çağırışdır

Deyirlər hərbçilər Vətən sevgisi ilə dolu olurlar. Onlar nəinki fikirləri ilə, düşüncələri ilə, eləcə də doğulduğu torpağa candan bağlı olmaları ilə fərqlənirlər. Tarixdə döyüş qabiliyyəti, bacarığı, istedadı ilə ad qoyan, döyüşlərdə şücaət göstərən, bundan sonra yüz illər keçsə də, tarixin səhifələrində, insanların yaddaşında qalacaq bir çox qəhrəmanlar var. Doğma torpağını candan sevən, sözün əsl mənasında,  Vətən sevgisi ilə dolu olan baş leytenant Camal Əzizbəyli belə insanlardandır. Zabitlə söhbətimiz qısa olsa da, səmimi və xoş idi.
Həmsöhbətim Camal soyuq bir qış gecəsində sadə bir ailədə dünyaya göz açıb. Uşaq yaşlarından formaya, hərbiyə maraq göstərib. Bu marağı həyat yoluna çevirən isə oxuduğu məktəbdə fizika müəllimi Zaur Mustafayev olub. Zaur müəllimin şagirdlərinə mütəmadi döyüşlərdən, Vətəndən danışması Camal kimi çoxlarının ruhuna, mənəviyyatına təsir edir.
“Heç unutmaram 26 fevral 2007-ci il. İlk dərsimiz fizikaydı. Zaur müəllim gülərüz, xoşsöhbət adam idi. Amma həmin gün üzündə kədər və qəzəbin qarışığı bir ifadə vardı. Dərs başlar-başlamaz Xocalı soyqırımından, ermənilərin vəhşiliklərindən söz açdı. "Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq m
üharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri yerlə-yeksan edib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur". Sonra Xocalı faciəsini özündə əks etdirən şəkillərə və videolara baxdıq. "Qisas qiyamətə qalmayacaq, sizlər Qarabağımızı azad edəcək, Xocalıda vəhşicəsinə qətlə yetirilən körpələrimizin, ana-bacılarımızın qisasını alacaqsız", - Zaur müəllim dedi. Müəllimin sözlərindən sonra gözlərimiz dolsa da, ürəyimiz qan ağlayırdı. O gün qərara aldım, hərbçi olacaq, qisas gününü qiyamətə qoymayacağam. Onu da fərəhlə bildirim ki, həyat yoluma çıraq olan müəllimimə hər zaman könüldən minnətdar olacağam. Qədim yunan filosofu və ensiklopediyaçı alim Aristotelin dediyi kimi: "Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib", - deyə baş leytenant Camal Əzizbəyli bildirdi.
Gənc zabitimizin sözlərindən sonra ümummilli lider Heydər Əliyevin "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" fikrini xatırlayıram. Doğrudan da, belədir, Camalı tanıyana qədər adını belə bilmədiyim Zaur müəllimin cəmiyyətin gələcək tərəqqisi üçün öz şagirdlərinə Vətən sevgisini, düşmənə nifrəti aşılaması bu gün Azərbaycan Ordusuna ağıllı, bacarıqlı bir zabit bəxş edib.
Camal söhbət əsnasında əsgərlərindən, onların bilik və bacarığından da söz açdı. “Bu gün sağlam təfəkkürlü, yüksək mənəvi keyfiyyətə malik gənclik yetişir. Bu da cəmiyyətin düzgün formalaşmasından irəli gəlir. Fərqli mühitdə böyüyən, fərqli düşüncəyə, təhsilə malik olan bütün əsgərləri birləşdirən vahid ünsür vətənpərvərlikdir. Hər biri ilə fərdi söhbət apararkən, məktəbdə, ailədə, cəmiyyətdə onlara düzgün vətənpərvərlik hissləri aşılandığı açıq-aşkar bilinir. Vətənini sevən əsgər məsuliyyətli olur. Məsuliyyət isə nizam-intizamda, döyüş hazırlığında özünü göstərir, - gənc zabit dedi.
Əsgərlərindən xatirənə ömürlük həkk olunan nələri xatırlayırsan sualına gənc komandir cavab olaraq  əsgər Sadiq Fətiyevin adını çəkdi.
“Sadiq Cəlilabaddanıydı. Mənəvi keyfiyyətləri, nizam-intizamı, bacarığı hər zaman əsgər yoldaşlarına nümunə idi. Əsgərlərimin heç biri inciməsin məndən, hər biri nizam-intizamlı, bacarıqlı olub. Sadiqi yaddaşıma həkk edən tərxis olunarkən dediyi sözlər idi. "Komandir gedirəm, bu gediş birdə gəlməyəcəm anlamına gəlməsin. Ali Baş Komandan döyüş əmri verəndə sizinlə çiyin-çiyinə, kürək-kürəyə Şuşaya,  Qarabağa gedəcəyik. O gün şəhadət qismətimiz olsa cənnətdə, yaşamaq nəsibimiz olsa Qarabağda dalğalanan üçrəngli bayrağımızın altında zəfər marşının sədalarını dinləyərik". Bu sözlər bir əsgərin arzusunun dilinə gətirə bildiyi kiçik bir hissəsiydi. O gün sözləriylə, arzusuyla xatirəmə ömürlük həkk olunan Sadiqin, döyüşlərdən sonra qəhrəman kimi hər kəsin xatirəsinə həkk olunacağına əminəm”, - zabit dedi.
Camalla səmimi söhbətimiz gözəl ovqata, Böyük Qələbəyə inama çevrilir. O inam ki, hər birimizin qəlbində yurdumuza, yurddaşımıza tuşlanan hər bir mərmiyə zirehdir, döyüş meydanında  düşməni məhv edəcək silahdır. Əsgər Sadiq Fətiyevin dediyi kimi: “Qəlbizimdəki Vətən sevgisi, ruhumuzdakı inamla, Qarabağda üçrəngli bayrağımızın altında zəfər marşını dinləyərək söhbətləşmək ümidilə...”
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"