Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2020 11:13

İki dövlət, bir millətin övladları

Azərbaycan hərb tarixinə xilaskar ordu adı ilə daxil olan Qafqaz İslam Ordusunun paytaxt Bakımızı daşnak-bolşevik birləşmələrindən azad etməsindən 102 il ötür. İki il öncə 15 sentyabr tarixində  Azadlıq meydanında böyük türk oğlu Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Bakını işğalçılardan azad etməsinin 100-cü ildönümünə həsr olunmuş möhtəşəm parad keçirildi. Türkiyə Respublikasının dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə keçirilən bu möhtəşəm parad Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olmaqla əbədi dostluğunun, qardaşlığının nümunəsi kimi tarixləşdi.
102 il bundan öncə 1918-ci ildə Azərbaycan, xüsusilə Bakı öz çətin və məşəqqətli günlərini yaşayırdı. Azərbaycanda türk-müsəlman əhalisinə qarşı erməni-bolşevik birləşmələri tərəfindən başlanan qırğın minlərlə insanın vəhşicəsinə öldürülməsi ilə nəticələndi. Azərbaycan mayın 28-də öz istiqlalını elan etsə də, Cümhuriyyətin rəhbərləri Bakıya gələ  bilmir, fəaliyyətlərini Tiflisdə davam etdirirdilər. Bolşeviklər zəbt etdikləri Bakının türk-müsəlman əhalisinin kütləvi qırğınını törədirdilər.
Bütün bunları nəzərə alan Azərbaycan hökuməti 1918-ci il iyunun 4-də Osmanlı hökumətinin Ədliyyə naziri Xəlil bəy və üçüncü ordunun komandiri Vəhib Paşa ilə bir  müqavilə imzalayır. Bu müqavilənin 4-cü maddəsinə rəğmən Azərbaycan Xalq Cümhuriyyəti öz istiqlalını qorumaq üçün Türkiyədən hərbi yardım istəmək haqqına malik idi. Azərbaycan xalqının yardım   istəyinə Türkiyə hökuməti dərhal razılıq verir. Bu müraciətə əsasən, iyunda 5-ci Qafqaz  diviziyası və  15-ci  Çanaqqala diviziyası Nuru Paşanın komandanlığı altında birləşir. Bundan sonra Azərbaycan-Osmanlı hərbi birləşmələri Qafqaz İslam Ordusu adlanmağa başlayır. Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçür. O dövrün tarixi mənbələrində qeyd olunur ki, 5-ci Qafqaz diviziyası Gümrü və Qazax istiqamətində Azərbaycana yardım etmək üçün hərəkət edir. Bu qüvvələr iki qrup halında Qazaxa daxil olur. Birinci qrupda 147 zabit, 2812 əsgər, ikinci qrupda 110 zabit, 2763 əsgər var idi. Türk ordusu Cəlaloğlu, Sadaxlı, Kəmərli, Aslanbəyli istiqamətində hərəkət edərək Qazaxa gəlir. Lakin 1918-ci il iyunun 30-da daşnak-bolşevik hərbi birləşmələri Göyçaya qəfil hücum etdikləri üçün türk qüvvələrinə əlavə kömək məqsədilə 38-ci alay Azərbaycana 65 zabit və 2475 əsgər göndərir.
Qeyd olunan bu qüvvələrdən sonra 3-cü ordunun ehtiyatda olan 350 əsgərinin iyulun 9-da Qazaxa gəldiyi də bildirilir. İyunun 27-də Qafqaz İslam Ordusu Gəncə istiqamətində irəliləyən erməni-bolşevik qoşun birləşmələrinin qarşısını Göyçay yaxınlığında alır. İyulun 1-də Qafqaz İslam Ordusu əks-hücuma keçir.
Türk qüvvələrindən əlavə Azərbaycan Korpusu da formalaşdırılmışdı. Bu korpusda xidmət edən azərbaycanlı zabitlər Qafqaz İslam Ordusu komandanlığı tərəfindən Gəncədə açılan qısamüddətli hərbi kurslarda təhsil almışdılar. Bu korpusa azərbaycanlılardan ibarət bir neçə alay və könüllülər daxil idi. Azərbaycan Korpusuna podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi.
Qafqaz İslam Ordusu Bakıya yaxınlaşırdı. Onlar ciddi müqavimətə rast gəlsələr də, irəliləyirdilər. Xilaskar türk ordusu Azərbaycanın nizami və könüllü dəstələri ilə çiyin-çiyinə irəliləyirdi.  Onu da qeyd edək ki, Bakının azad olunmasından 39 gün öncə türk ordusunun Bakıya hücumu məğlubiyyətlə nəticələnmişdi. Türkiyədən əlavə hərbi qüvvələr istəyən və öz hissələrindəki  Azərbaycan könüllülərini hərbi cəhətdən hazırlayan ordu ikinci qəti hücuma hazırlaşırdı. Bu döyüşlər çətin keçdiyindən Osmanlı ordusunun 15-ci diviziya qərargahı, 56-cı və 106-cı piyada alayları 1200 əsgərdən ibarət şəxsi heyəti Bakıya əlavə qüvvə kimi göndərmişdi. Azərbaycana beş qrup halında göndərilən hərbi qüvvələr cəmi 10 min nəfərdən ibarət idi. Bakının alınması uğrunda qanlı döyüşlər gedirdi. Neçə-neçə qəhrəman türk əsgəri bu döyüşlərdə canını qurban verdi, şəhid oldu.
Sentyabrın 14-dən 15-nə keçən gecə Qafqaz İslam Ordusu sürətli hücumla Bakıya daxil oldu. Bakı işğalçı qüvvələrdən azad edildi. Gecə saat 3-də başlayan bu əməliyyat az bir vaxtda qələbə ilə sona çatdı. Sentyabrın 15-i Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə yerləşən Azərbaycan hökumətinə teleqram göndərdi: "Allahın köməyilə Bakı şəhəri 15 sentyabr, saat 9-un başlanğıcında bizim qoşunlar tərəfindən alındı."
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik qüvvələrinin işğalından tamamilə azad etdi və hökumət Gəncədən Bakıya  köçdü. Qəhrəman türk ordusunun bu xilaskarlıq yürüşü  azərbaycanlıları tamamilə məhv olmaqdan qurtardı…
Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzeti tariximizə yazılmış bu qələbəni ayrıca bir şərəflə, qürurla öyür, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı fateh adlandırırdı.
Lakin Azərbaycanın bu sevinci uzun sürmədi. Birinci Dünya müharibəsinin səbəbkarı Almaniyanın müttəfiqi sayılan Türkiyə bu müharibədəki məğlubiyyəti ilə əlaqədar olaraq öz ordusunu noyabrın 16-na kimi Bakıdan çıxarmalı idi. Çox çətin vəziyyətdə qalan Azərbaycan Xalq Cümhuriyyətinin yalnız bir ümid yeri qalmışdı. O da Qafqaz İslam Ordusunun müəyyən sayda qüvvələrinin Azərbaycanda saxlanılması idi. Bununla bağlı Türkiyənin ordu komandanı İzzət Paşa  bildirmişdi: "Biz məcbur olub yalnız bunu deyə bildik ki, arzu edən zabitlər türk ordusu ilə əlaqəni kəsib,  Azərbaycanda qala bilərlər."
İngilis qoşunu isə general Tomsonun başçılığı ilə Bakıya gəlirdi. Bakı əldən-ələ keçirdi…
Azərbaycan Xalq Cümhuriyyətini bir məsələ düşündürürdü: türk zabitlərini necə olursa-olsun, Bakıda saxlamaq. Yeni yaradılan Azərbaycan Ordusuna təcrübəli zabitlər çox gərəkli idi.
Vəziyyətin ağırlığına baxmayaraq, ordu Bakını tərk etmək istəmirdi. Lakin başqa çarə qalmamışdı. General Tomson ordunun Bakını tərk etməsini tələb edirdi. Nuru Paşa Azərbaycan Ordusunun xidmətinə keçdiyini, bu səbəbdən Bakıda qalacağını bildirsə də, heç bir faydası olmadı. Lakin Nuru Paşa heç cür inadından dönmək istəmirdi. Son dərəcə vətənpərvər, cəsur hərbçi olan bu türk oğlu Azərbaycanın xilası üçün canından belə keçməyə hazır idi. Cümhuriyyətin  qurucularından sayılan  Əhməd  Ağaoğlunun qızı Sürəyya Ağaoğlu "Atamın dostları" kitabında böyük məhəbbətlə bəhs etdiyi bu cəsur komandan haqqında yazırdı: "Yeni hökumət Qafqaz Ordusuna dönmək əmri verdi. Gənc komandan zabit arkadaşlarını toplayaraq "Mən dönməyəcəyəm  - dedi, - sizlər sərbəstsiniz!". Sonra özü ilə qalan əsgər və zabitlərlə Qafqazı işğal etməyə başlayan ingilislərlə döyüşdü…”
Türk ordusu Bakını tərk etmək məcburiyyətində qaldı. Lakin Azərbaycanın istiqlalı yolunda minlərlə şəhid olan, bu yolda canından könüllü keçən türk övladının tökülən qanı Azərbaycan adlı bir məmləkətin bu gün müstəqil bir dövlət kimi yaşamasında həlledici rol oynadı. Onlar Bakını tərk etsələr də, öz təcrübələrini, azadlıq eşqini azərbaycanlı qardaşlarına əmanət qoyub getdilər.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"