Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2020 11:02

“Döyüşlərin qəhrəmanları biz olacağıq!”

Payızın ruhu duyulur. Yayla payızın arasında bir gözümlə yaya baxıram, bir gözümlə payıza. Beş-altı addım arxada yaydı, beş-altı addım qabaqda payız; yay sağ əlimizi buraxmır, sol əlimiz payıza çatmır...
Təbiətin hökmü kimi ağacların yarpaqlarının rəngində sarılaşma duyulur. Yel əsdikcə titrəşən yarpaqlara gözdolusu baxmaq olmur. Bir dəfə səngərdə "Yaşayanda da ağac ömrü yaşayasan, yarpaq ömrü yox" demişdim və onu şeirləşdirmişdim. Misralar əsgərləri duyğulandırmışdı. O vaxtdan bəri səngərlərdə payızdan söz açanda könlümdə qəribə duyğular gərnəşir. Bu gün payız söhbətlərimizə necə ətək sərəcək görəsən?..
Səngərlər görününcə ürəyim tellənir, mənə elə gəlir ki, ruhum bir boy da dikəlir, beş-on addımdan sonra qələbə yoluna ayaq basacam. Bu inamı bəribaşdan torpaqlarımızın yaralarına bağayarpağı bilirəm...
Son vaxtlar yazdıqlarım Azərbaycan əsgərinə müraciət kimi səslənir. Eyni ruhun zərrələri olduğuna görəmi, döyüş əzmini, qələbə ruhunu cəmiyyətin istəyinə göyqurşağı bildiyimə görəmi, əsgərlərimizin Ali Baş Komandanın döyüş əmrini qələbəylə son-landıracağı inamına görəmi, "Səngərləri sərhədlərə köçürəcəyik!" qətiyyətinə görəmi, yoxsa hamısına görəmi. Bunlar bir inamın zərrələridi. Jurnalistin özü də, qələmi də xalqa məxsus olduğuna görə bu inam xalqın inamıdı...
"Ordu-ictimaiyyət münasibətlərinin milli-mənəvi dəyərlər əsasında formalaşması qarşılıqlı inamdı, güvəncdi. Bu inam, bu güvənc günümüzün mahiyyətidi, zaman anlamında sabah ordumuzun daha qüdrətli olacağının zəmanətidi. Ordusuna inamı sevgi, sevgisi inam olan xalq tarixin axarını dəyişməyə də qadirdir. 2016-cı ilin aprelində də, bu ilin iyulunda da düşmənin təxribatının qarşısını alanlarımız xalqın "Buradayıq! Sıranıza gəlmişik!" kəlmələrinin mənəvi gücünü şəhidlərin ruhunun "Sıranızdayıq!" nidası ilə tamamlandığını ruhən yaşadı. Bu duyum, bu hissetmə, bu ovqat iyulda Tovuzda da yaşanıldı. “Ali Baş Komandanın döyüş əmri daha böyük coşqu yaradacaq. Bu coşqu Böyük Qələbənin uvertürası olacaq", - deyirəm. Zabit Səbuhi Qarayevin baxışlarında cəmləşən ovqatı səngərə çatdıracaq yolumuza işıq bilirəm. Zabit deyir ki, şəxsi heyətinin  döyüş və mənəvi-psixoloji hazırlığı istər ayrılıqda, istərsə də vəhdətdə yüksək olmayan, mənəvi-psixoloji hazırlığı döyüş hazırlığını tamamlamayan ordu güclü ordu ola bilməz. Səngərlərdə bura gəlincə düşüncələrimizdə şahlıq edən bu fikirlərin işığında söhbətləşəcəyik... 
- Əsgərlərimiz də bilir ki, könüldən-könülə aparan yollar da ruhun qüdrətinə baş əyir. İctimaiyyət bu qüdrəti ordunun qüdrətinə tən bilir. Bu qüdrət yaxın vaxtlarda Böyük Qələbənin aydınlıq suyu olacaq, - deyirəm.
Zabit fikrimi qüdrətli bir fikirlə tamamlayır:
- Bu fikirləri bir azdan Böyük Qələbəni qazanacaq əsgərlərin əhatəsində də deyərsiniz. Onda əsgərlərin də, sizin də, ictimaiyyətin də arzuladığı xoş bir ovqat yaşanılacaq.
Gülümsünürəm, yəni, yaxşı...
...Səngərdə iyul döyüşlərindən danışmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 100 illiyi qeyd edilən Fransa Müqavimət Hərəkatı iştirakçısı partizan Əhmədiyyə Cəbrayılovdan danışmışıq. Söz-sözü çəkib. Bu müharibədən, müharibənin qəhrəmanlıqlarından, qəhrəmanlarından danışmışıq.
Əsgər Murad Musayev deyir ki, atam da Azərbaycan Ordusunda xidmət edib, qardaşım da. “Mən də xidmət edirəm. Ali Baş Komandanın əmriylə döyüşlərdə üçümüz də iştirak etmək niyyətindəyik. Düşmənin təxribatının qarşısı iyulda da qətiyyətlə alındı. Əsgərlərimiz mərdliklə döyüşdülər. Bir dəfə komandirimiz söhbətində Böyük Vətən müharibəsində Kursk ətrafında faşistləri kürüyən son döyüşdən də söz açmışdı. Son döyüşün nə olduğunu qardaşım da, mən də onda dərk etmişdik. Əsgərlərimiz iyulda müharibənin son döyüşü ovqatıyla döyüşdülər. Mən də, əsgər yoldaşlarım da döyüşmək istəmişdik. Ancaq bizim iştirakımıza ehtiyac olmamışdı”.
- Biz əvvəlki döyüşlərin də, o döyüşlərin də qəhrəmanlarının, şəhidlərinin döyüş yolunu davam etdirəcəyik. Hər birimiz Böyük Qələbənin əsgəri olmaq istəyirik, - əsgər Abdul Novruzov əsgər yoldaşının sözünə söykək kimi belə deyir.
İsaq Allahverdiyev əsgər yoldaşının sözünü ərklə, həm də düşündürücü bir mətləblə tamamlayır:
- Qəhrəman olmaq niyyətiylə deyil, qalib gəlmək üçün döyüşəcəyik.
Söhbətin axarı düşüncələrimizin nizamına dönür. Mənə elə gəlir ki, məhz bu söhbətin işığına gəlirəmmiş, əsgərlərimiz qəlbimdən keçənləri duyubmuş. Beş-altı addım o yanda torpağı yarıb Gün üzünə çıxan, oradan dikələn daşın duruşunu gözlərimə köçürə-köçürə göy üzünə baxıram; illərdi səngərlərdə düşüncələrimdə azca dirəniş hiss edincə hoyuma göy üzü çatır. İndi də həmin ovqatdayam - əsgərin mənəvi kamilliyi şərtləndirən kəlmələri könül xoşluğuna dönüb. Bizə belə bir ovqat yaşadan əsgərə xitabən: 
- Hər döyüşün öz qəhrəmanları olur. Qəhrəmanlıq anları dövlət üçün, xalq üçün yaşamaqdı, - deyirəm. Sözlərimin sual kimi səsləndiyini duyunca tarixin mərhələlərini xatırladıram. Tarix qəhrəmanları da yaşadır, qəhrəmanlıqları da. Hər qəhrəman özünəməxsus qəhrəman olur, qəhrəmanlıqlar isə müəyyən qədər oxşar. Bu oxşarlıq onların mahiyyətindədir: Qələbə. Qəhrəmanlığın başlanğıcı vətənsevərlikdi, bir də qələbə ruhudu.
Mənə elə gəlir ki, əsgərlər "Hərbi xidmət hərbi qulluqçunu sizin dediyiniz kimi yaşadır" deyəcəklər. Bir nəfəs dərimi vaxt ötüşməmiş əsgər Murad Musayev deyir:
- Oxuduğum bir məqalədə bir əsgər deyirdi ki, çağırışçı nəyi qoruyacağını hərbi xidmətə gələnə qədər bilir, əsgər necə qoruyacağını hərbi xidmətdə öyrənir. Biz də hərbi xidmətdə Vətəni necə qorumağı mükəmməl öyrənmişik. Biz də torpaqlarımızı işğaldan azad etmək amalı ilə xidmət edirik. Ali Baş Komandanın döyüş əmri qələbə ilə tamamlanacaq. Bilmirəm, hansımız qəhrəman olacağıq, ancaq hamımız qəhrəman kimi döyüşəcəyik, - əsgər Rəhman Ağayev belə deyir.
Əsgər Ruslan Məmmədovun dedikləri ürəyimizi dağa döndərir:
- Yadıma nə vaxtsa eşitdiyim bir kəlam düşür: “Sonunu düşünən qəhrəman olmur.” Təbii ki, özünün sonunu düşünən nəinki qəhrəman olmaz, ona heç əsgər də deyilməməlidir. Əsgər döyüşün sonunu düşünürsə, döyüşə-döyüşə qələbəyə yaxınlaşdığını hiss etmirsə, yaxşı əsgər deyil. Döyüş onu qəhrəman da edə bilər. Məqsəd qəhrəman olmaq deyil, qələbədir. Təkcə bu döyüşün qələbəsi yox, müharibənin son döyüşünün qələbəsi.
Düşündüklərin xalqınla, Vətəninlə bağlıdırsa, vətəndaşlıqdan süzülürsə gərəklidir. Ön xətdə, səngərlərdə düşüncələr gərəkli düşüncələr olur, işığı təkcə bu günü deyil, sabahları da əhatələyir. O düşüncələr əsgərlərin düşüncələrinə söykənirsə, daha da möhtəşəmləşir. El-obasını, yəni, Vətəni yad nəfəsindən qoruyanlar da, Vətənin sabahlarını düşünənlər də zaman-zaman tarixin yaddaşında qalır. Min-min illərdi belədi. Adı çəkilsə də, çəkilməsə də, qəhrəmanlığı yaşadılan məlum qəhrəmanlara da, naməlum qəhrəmanlara da el adamı, Vətən adamı deyilib.
Zabit Elman Ağayev döyüş növbətçiliyindən qayıdan əsgərlərə baxaraq:
- Ön xətdə xidmət edən əsgərlərdən biri demişdi ki,  döyüş növbətçiliyini əsgərlə birlikdə Vətən sevgisi də aparır, - deyir. - Əsgər döyüş növbətçiliyi apara-apara qətiyyətləşir. Onların döyüş hazırlığı belə artır. Asudə vaxtlarda əsgərlərimizlə söhbətlərdə bu mövzudan da danışılır. Hər bir Azərbaycan əsgəri Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərin qəhrəmanı olacaq.
Söhbətləşdikcə naməlum qəhrəmanlar ifadəsi düşüncələrimi incələşdirir. Niyə naməlum deyirik? Yəni, qəhrəmanlıq olub, qəhrəmanlığın icraçısının kimliyi bəlli deyil. Ad-soyadı bəlli qəhrəmanlar kimi ad-soyadı bəlli olmayan qəhrəmanlar da qəhrəmanlığı adı tarixə düşsün deyə etməyib; tarixin bütün dönəmlərində xalqın əli silah tutanları - ruh əsgərləri düşmənə bir niyyətlə qılınc sıyırıb: Qələbə! Qılınc sıyırıb, vuruşub, qalib gəlib. Tarix o döyüşlərin qəhrəmanlıqlarını yaşadır, qılınc tutanlarının - qəhrəmanlarının hamısının kimliyi bilinmir. Min-min illərdi kimliyi bəlli olmayan qəhrəmanlar da kimliyi bəlli qəhrəmanlar kimi ehtiramla xatırlanır. Bu düşüncələr ön xətdə, səngərlərdə yenə yağışdan sonra göy üzünün göy qurşağına dönən göyqurşağı qədər gözəldi! Dan yeri qızarandan yaxama çökən düşüncələrin ürəyimi bunca məhrəmliklə bürüdüyünü də indi hiss edirəm...
Birinci Qarabağ müharibəsində tanıdığım neçə-neçə qəhrəmanla cani-dildən kəlmələşmişəm, düşüncələrim onların düşüncələrinin istisində isinib.  Bunları taleyimə qazanc bilmişəm. Ağdərədə Yusif Mirzəyevi tanımışam, Tərtərdə Vəzir Orucovu tanımışam, Ağdamda Şirin Mirzəyevi tanımışam, Füzulidə Rasim İbrahimovu tanımışam, ... Söhbətləşəndə onlar əsgərlərindən danışardılar, "Əsgəri qəhrəman olmayan zabit qəhrəman ola bilməz. Döyüşü zabit, komandir, sərkərdə aparır, əsgər qalib gəlir" deyərdilər. Ağdərə əməliyyatından sonra Yusif "Əsgərlərimiz qəhrəmanlıqla döyüşdü", - demişdi. Qəhrəmanların kimliyi ilə maraqlanmışdım. Ani olaraq üzümə baxmışdı, sonra Vəngə tərəf: "Döyüşdə iştirak edənlərin hamısı, yəni, Azərbaycan əsgəri..." - kəlmələri ürəyimi dağa döndərmişdi", - qürurunun cazibəsində əsgərlər Yusifin unudulmayacaq kəlamını maraqla, bir az da duyğusallıqla dinləyirlər.
Tərtərdə Vəzir Orucovun necə döyüşdüyünü hamı kimi mən də bilirdim. Qəhrəman idi Vəzir. Kapitan Pənah Məmmədov qəhrəmanlardan söz düşəndə yenə ilk olaraq tanıdığımız Vəziri tanıtmışdı. Az sonra qərargahda Vəzirlə görüşmüşdük. Tələssə də, "atüstü" kəlmələşməyə vaxt tapmışdı. O da əsgərlərin döyüş əzmindən, qələbə ruhundan, qəhrəmanlıqlardan, qəhrəmanlardan danışmışdı, o da Yusifin dediyi fikrə uyğun fikir demişdi. Əsgərlər Vəzirin də fikirlərinin mahiyyətini düşüncələrinə köçürür, biri digərini tamamlayan, biri digərinə söykək olan fikirlər deyirlər:
- Vəzir Orucovun Tərtərdə necə döyüşdüyünü atamdan eşitmişdim. O illərdə  atam da əsgər olub. Vəziri yaxından tanımasa da, qəhrəmanlığı haqqında çox eşidib, bir vaxtlar Vəzirlə xidmət etmiş hərbçi dostları da var, qəhrəmanı təkcə oxuduqlarından deyil, həm də xidmət yoldaşlarının xatirələrindən də tanıyırdı. Yəni, qəhrəmanlar xatırlana-xatırlana yaşadılır (əsgər Murad Musayev).
- Qəhrəmanlar haqqında nə qədər danışılsa da azdı, nə qədər danışılsa da, bu söhbət tükənməyəcək (əsgər Amid Abbasov).
- Şamaxı yolunda türkün qəbri var. Ad-soyadı bəlli deyil. O vaxtlar qəhrəmanlıqla döyüşüb, şəhid olub. Yüz ildən çoxdu yaddaşlarda qəhrəman kimi yaşayır. Bu müharibənin də məlum qəhrəmanları, ad-soyadı dəqiqləşdirilməmiş naməlum qəhrəmanları olub..., - deyirəm. Əsgərlər "Biz Böyük Qələbənin qəhrəmanları olacağıq" deyirlər...
Səngərdə gözəl bir ovqat var. Böyük Qələbənin ovqatı qınından sıyrılmış qılınc kimidi...
 
Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"