Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2020 10:37

Azərbaycan tarixi daha əhatəli öyrəniləcək

Naxçıvan xanlığı


1747-ci ildə Kəngərli tayfa başçısı Heydərqulu xan yerli feodallara arxalanaraq özünü Naxçıvanın ilk xanı elan etdi. Naxçıvanın xanlıqlar dövrü başladı. Səfəvilər dövründə Çuxursəd bəylərbəyliyinin ərazisində yaranan Naxçıvan xanlığı Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə qədər olan ərazini, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi.
Heydərqulu xanın vəfatından sonra xanlığı oğlanları idarə edir. 1768-ci ildən 1780-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükrulla xan Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni, hakim tituluna layiq görülməklə bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunur.
XVIII yüzilliyin sonlarında İrəvan xanı Hüseynəli xan, Qarabağ xanı İbrahimxəlil xan və Kartli-Kaxetiya çarı II İrakli istəyir ki, Naxçıvan xanları onların diktəsi ilə hərəkət etsin. Bunu Abbasqulu xanın simasında görürlər. Rəhim xanın oğlu Abbasqulu xan 1780-ci ildə xanlığı idarə etməyə başlayır, 1810-cu ildə İranda edam edilir.
Naxçıvan xanlığı 1747-1797-ci illərdə daxili və xarici siyasəti ilə qonşu xanlıqların rəğbətini qazanmış Heydərqulu xanın, sonralar I Kalbalı xanın hakimiyyəti dövründə siyasi diplomatiyası ilə fərqlənib. Xanlığın ərazisi, qoşunu, pul vahidi, xarici və daxili siyasəti, müstəqil dövlətə məxsus atributları olub.
Kalbalı xan Kəngərli süvarilərinin nizam-intizamına ciddi fikir verdiyindən xanlığın sərhədlərini ciddi qoruyan Kəngərli süvariləri əvvəlki şöhrətinə qayıtmışdı. Buna görə də başqa xanlıqlar Kalbalı xandan ehtiyat edirdilər. Knyaz  Sisianov isə Rusiyanın hakim dairələrini, əli çatan xanlıqları xəbərdar edirdi ki, özlərini Kalbalı xandan qorusunlar.
Naxçıvan xanlığı 1787-ci ildən 1797-ci ilədək  intibah dövrünü yaşayıb.
XVIII əsrin sonları, XIX əsrin əvvəllərində Naxçıvan xanlığının inzibati-ərazi bölgüsündə aparılan dəyişiklik haqqında  mənbələrdə deyilir: "1797-1828-ci illərdə buranın idarə olunmasını asanlaşdırmaq məqsədilə, Cənubi Azərbaycana hakim təyin edilmiş Abbas Mirzə Naxçıvan xanlığını Naxçıvan və Ordubad dairələrinə bölmüşdü. Həmin dairələr isə öz növbəsində mahallara bölünürdü. Naxçıvan dairəsinə Əlincə, Xok və Dərələyəz mahalları daxil edilmişdi. Ordubad dairəsi isə Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəb mahallarından ibarət olmuşdur". Naxçıvan xanlığında, Naxçıvan, Ordubad və Əylis şəhərləri mövcud idi və bu şəhərlərdə qalalar çox olduğundan oranı idarə edənlər qalabəyilər və kələntərlər adlanırdı.
1752-ci ildən sonra Naxçıvan xanlığında Naxçıvan və Ordubad şəhərləri siyasi və iqtisadi baxımdan əhəmiyyət kəsb edirdi. Xanlığın mərkəzi olan Naxçıvan şəhərində qala divarları arasında 30 minə yaxın ev olub. Şəhər xanlıqlar dövründə feodal ara müharibələri və xarici hücumlar nəticəsində ciddi dağıntılara məruz qalsa da, yenidən dirçəlib. Mənbələrdə qeyd olunur ki, "Naxçıvan çox qədim şəhərdir. Hər 200-300 ildən bir şəhər özülünə qədər dağıdılırdı. Ancaq hər dəfə yenidən bərpa edilirdi".
Təxminən 5000 il bundan əvvəl şəhər tipli yaşayış məskəninə çevrilən Naxçıvan şəhəri xanlıq dövründə inzibati cəhətdən dörd məhəlləyə (Əlixan, Şahab, Qurdlar, Sarvanlar) bölünmüşdü.
Xanlıqda iqtisadiyyatın əsasını heyvandarlıq və əkinçilik təşkil edirdi. Azərbaycan xanlıqları arasında pambıqçılıqda mühüm yeri Naxçıvan xanlığı tuturdu. Pambıq Bəyazidə, Qarsa, Tiflisə, Qarabağa ixrac edilirdi.
Bu dövrdə sənətkarlıq da özünün yüksək inkişaf mərhələsinə çatmışdı. Naxçıvan və Ordubad şəhərlərində, həmçinin kəndlərin bir çoxunda nəfis xalçalar toxunurdu. Bölgədə xalça həm şəxsi istifadə, həm də satış üçün hazırlanırdı. Xalçaçılıqla yanaşı, toxuculuq da xeyli inkişaf etmişdi. Mənbələr göstərir ki, təkcə Naxçıvan şəhərində 40 bez toxucusu olub. Sənayedə sənətkarlıq üstünlük təşkil edirdi. Şəhərlərdə və bəzi kəndlərdə külli miqdarda pambıq, ipək və yun parça istehsal edən, dəri emalı ilə məşğul olan, eləcə də zərgərlik məmulatı, mis və gil qablar hazırlayan emalatxanalar, o cümlədən silah ustaları, dərzilər, ayaqqabı ustaları, misgərlər, dəmirçilər, dulusçular fəaliyyət göstəriblər. Xanlıqda dulusçuluq xeyli inkişaf etmiş, sənətkarlığın aparıcı sahəsinə çevrilmişdi.
Sənətkarlığın, ticarətin, elm və mədəniyyətin inkişaf etdiyi Naxçıvan xanlığının həm də zəngin hərb tarixi olub. Naxçıvan uzun müddət Səfəvi dövlətinin xidmətinə "Naxçıvan süvariləri" adı altında Kəngərli tayfalarından yığma atlı dəstələr göndərib.
Naxçıvan xanlığının Kəngərli süvariləri haqqında deyilir: "Bunlar elə bil ki, qəzəblənmiş Allahın odu və ildırımlarıdırlar. Döyüş vaxtı göydən qoşunun lap mərkəzinə düşür, ölüm və dəhşət səpələyirlər". Mənbələrin verdiyi məlumata əsasən, I Kalbalı xanın hakimiyyəti dövründə Naxçıvan xanlığının qoşununda döyüşçülərin sayı 12 min nəfərdən ibarət olub. İstər xanlıq dövründə, istərsə də Naxçıvan xanlığının Rusiya tərəfindən işğalından sonra Kəngərli süvariləri əvvəlki döyüş hünərlərini qoruyub saxlayıblar.
Naxçıvan xanlığında atlı dəstənin - Kəngərli süvarilərinin vahid forma və xüsusi geyimləri olub. Atların başlarına geyindirdikləri qırmızı rəngli kaporlar onları digər döyüşçülərdən fərqləndirib.
Naxçıvan xanlığı Qarabağ, İrəvan, Xoy, Maku, Qaradağ və Gəncə xanlıqları ilə yaxın dostluq münasibətləri yaratmışdı. Naxçıvan xanlığının qonşu xanlıqlarla və Qafqazda marağı olan böyük dövlətlərlə möhkəm  və qarşılıqlı münasibətlər qurmaq məsələsində ilk addımı I Kalbalı xan atmışdı. Həmin illərdə Qafqaz regionunda böyük hərbi qüvvəsi olan Rusiya  ilə bu istiqamətdə danışıqlar aparmış Naxçıvan xanlığının, həm də bütün Qafqazın təhlükəsizliyinə çalışılmışdı.
O dövrdə I Kalbalı xanın çox güvəndiyi xanlıqlardan biri Qarabağ xanlığı idi. Bu isə İran şahı Ağa Məhəmməd şah Qacarı çox qəzəbləndirirdi. Ona görə də Qacar Naxçıvana göndərdiyi süvari dəstəsinə  əmr vermişdi ki, xanlığı darmadağın edib əhalini İranın ucqarlarına köçürsünlər. Qacar qoşunlarına müqavimət göstərə bilməyəcəyini bilən Kalbalı xan əhalini gözlənilən bəladan qurtarmaq üçün qiymətli hədiyyələrlə şahın görüşünə gedir. Ağa Məhəmməd şah hədiyyələri alsa da, V.Zubovla məktublaşdığına və Rusiya dövlətinin himayəsinə keçmək istədiyinə görə onun gözünü çıxartdırıb məhbus kimi Tehrana göndərir. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra hakimiyyətə gələn Fətəli şah I Kalbalı xanı həbsdən azad etsə də, ona Naxçıvanda yox, İrəvanda yaşamağa icazə verir.
Həm Rusiya, həm də İranın maraq dairəsində olduğundan yadellilər Naxçıvana tez-tez hücum edirdi. 1808-ci ilin oktyabrın əvvəllərində general-mayor Nebolsin 78 zabit və 3062 əsgərdən ibarət 9 batalyonla Qarabağdan Naxçıvana hücuma keçir. Qarababa döyüşlərində ruslar Abbas Mirzənin komandanlıq etdiyi İran ordusunu məğlubiyyətə uğradır. Nəticədə ruslar Naxçıvanı tutur.
Belə tarixi şəraitdə rusların İrəvan qalasına irimiqyaslı hücumu nəticəsiz qalır və ruslar ciddi tələfat verərək geri çəkilməyə məcbur olurlar. Bölgədə möhkəmlənə bilməyəcəyini görən Nebolsin Naxçıvanı tərk edir. Naxçıvanın xüsusi əhəmiyyətini nəzərə alan Abbas Mirzə Kalbalı xanın imkanlarından öz xeyrinə istifadə etmək məqsədilə, onun həbsdən azad olunması üçün Fətəli şaha müraciət edir və bu müraciət cavabsız qalmır. 1812-ci ildə Kalbalı xan yenidən Naxçıvanda hakimiyyətə gəlir.
1813-cü ildə bağlanmış Gülüstan müqaviləsindən sonra Naxçıvan xanlığı ən çətin dövrünü yaşayır. 1804-1813-cü illərdəki müharibə başa çatsa da, Rusiya hələ də Naxçıvan xanlığını işğal etmək niyyətindəydi. Bölgədə gərginlik qalmaqda idi. Rusiya imperiyası özünün nizami qoşunlarını, eləcə də kazaklardan təşkil olunmuş döyüşçü dəstələrini Qafqaz xəttində yerləşdirməkdəydi. 1816-cı ildə çar I Aleksandr A.P.Yermolovu Qafqazdakı rus qoşunlarının baş komandanı və İrana gedəcək səfirliyin başçısı təyin edir. Yermolovun 200 nəfərdən çox adamı əhatə edən missiyası Peterburqdan Tiflisə yola düşür. Heyət 1817-ci il aprelin 30-da İrəvanda qarşılanır və mayın 11-də Naxçıvana çatır. Yermolov başçılıq etdiyi dəstənin daha rahat, təhlükəsiz yolla, Xəzər dənizi sahili ilə Tehrana getmələrini təmin edə bilərdi. Amma Yermolov İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən keçib getməyə üstünlük verir. Əsas məsələ hər iki xanlığın Rusiyanın uzun illər siyasi marağında olması idi. Eyni zamanda, Yaxın Şərqdə öz müdrikliyi, igidliyi və boyun əyməzliyi ilə məşhur olan Kalbalı xan Kəngərli ilə görüş nəzərdə tutulmuşdu.
XVIII əsrin sonu XIX əsrin əvvəllərində Naxçıvan bölgəsində ictimai-siyasi vəziyyət mürəkkəb idi. Vahid dövlətin olmadığı parçalanmış Azərbaycanda feodal pərakəndəliyi hökm sürür, ayrı-ayrı xanlıqlar arasında çəkişmələr davam edirdi. Bütün bunlar isə regionu işğal etmək niyyətində olan çar Rusiyası üçün əlverişli məqam idi.
1826-cı ilin iyulunda İran ilə Rusiya arasında növbəti müharibə başladı. İmperator I Nikolay İran qoşunlarına qarşı döyüşlər üçün general Paskeviçi Qafqazda məsul vəzifəyə təyin etdi. Paskeviçin qarşısında duran əsas vəzifə qəfildən zərbə endirməklə İrəvan və Naxçıvan xanlıqlarını digər bölgələrdən təcrid etmək və xanlıqların müdafiəsini zəiflədərək işğala nail olmaq idi. Bu məqsədlə Paskeviç İrəvan və Naxçıvan arasında mövqelərini möhkəmlətdi. Qoşun iyunun 25-də Naxçıvan şəhərinin yaxınlığında dayandı. İran qoşunları Naxçıvanı tərk edən zaman şəhərin bir sıra görkəmli binalarını yandırıb dağıdaraq  Araz çayı kənarında Abbasabad qalasını möhkəmləndirdilər.
İran-Rusiya danışıqları 1828-ci ilin yanvarında yenidən başlandı. Türkmənçay sülh danışıqlarında Rusiya imperiyası tərəfindən əlahiddə Qafqaz ordu komandanı İ.Paskeviç, A.Obrezkov, xarici işlər nazirliyindən A.Qriboyedov, şah hökuməti tərəfindən şahzadə Abbas Mirzə, Mənucər xan və Mirzə Əbülhəsən xan iştirak edirdilər. İran Rusiya ilə sülh danışıqlarında Naxçıvan və İrəvanın geri qaytarılmasını tələb etsə də, tezliklə bu iddiadan əl çəkir. Çar Rusiyası Türkmənçay müqaviləsinin bağlanmasından sonra ermənilərin Şimali Azərbaycan torpaqlarına, eləcə də Naxçıvana köçürülməsi prosesinə başlayır. Həmin vaxt Qriboyedov narahatlıq hissləri ilə Paskeviçə geniş bir məktub yazır. Məktubda deyilir: "Türkmənçay müqaviləsindən sonra ermənilərin Naxçıvan vilayətinə köçürülməsi düşünülməmiş bir siyasətdir. Çünki rus hökumətinin belə bir köçə razılıq verməsi Naxçıvanda yerli və köklü əhalinin haqlı etirazına səbəb olur. Bu köçəcən Naxçıvanda əvvəllər çox az miqdarda - barmaqla sayılası qədər erməni yaşayıb. Türkmənçaydan sonra İrandan köçürülən ermənilərin sayı süni surətdə Naxçıvanda yaşayan köklü müsəlman əhalisinin sayına çatdırılır". Bu köçürmə siyasətində isə çar Rusiyasının əsas məqsədi müstəmləkəçilik idarə sistemini daha da möhkəmləndirmək, əzəli Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaqla  gələcək hərbi yürüşlərə, işğalçılıq planlarına zəmin hazırlamaq idi...

Hazırladı: Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"