Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

Türkiyə tarixinin qəhrəmanlıq səhifəsi

Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixinin çox önəmli səhifələrindən biri də 30 avqust zəfər bayramıdır.
Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qətiyyətli mübarizə aparıb. Sülhsevər, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçib və onların uğrunda ölüm-dirim savaşına qalxıb. Bu savaşların gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə öz tarixinə yeni səhifələr  yazıb.
Türk ordusu dedikdə, ilk öncə gözlərimizin önündə yurdsevər, vətənsevər, millətsevər, bayraqsevər, ürəyində Vətən sevgisi alışıb yanan yüksək nizam-intizamlı, qüdrətli bir ordu canlanır. Vaxtilə böyük türk imperatoru Mətə xaqan nizam-intizamın bir ordu üçün qəhrəmanlıqdan da üstün olduğunu anlayır və bu düşüncə ilə tarixin ən intizamlı ordusunu qurur.
Türkiyə Cümhuriyyəti türk millətinin XX yüzillikdə cahan tarixinə qızıl hərflərlə yazmış olduğu bir qəhrəmanlıq dastanıdır. Yarandığı gündən yer üzündə əmin-amanlığı bərqərar etməyə çalışan türk dövlətləri özlərinin mütərəqqi islahatları və mədəni quruculuq səyləri ilə bəşər mədəniyyəti xəzinəsinə yeni-yeni töhfələr veriblər. Bütün bu proseslər düşmən qüvvələrə qarşı çətin və qanlı müharibələrlə müşayiət olunub. Türklərin  yenildiyi məqamlar da olub. Lakin böyük təşkilatlanma qabiliyyətinə malik olmaları onlara yeni-yeni zəfərlər qazandırıb.
Təsadüfi deyil ki, türk tarixi zəfərlərlə zəngindir. Bu zəfərlər sırasında ən önəmli yer tutan və 30 avqust 1922-ci ildə sonu qələbə ilə bitən Dumlupınar savaşını türk millətinin yenidən dirçəlişi günü hesab etmək olar. Bu savaş Anadolu torpaqlarının "Türk Vətəni" olduğunu bir daha düşmənlərə sübut etdi. Qurtuluş savaşının yekunu olan və o zaman türk ordularının baş komandanı, istedadlı və qətiyyətli general  Mustafa Kamalın şəxsən rəhbərlik etdiyi böyük hücumun son günü - yəni, 1922-ci il avqustun 30-u Baş Komandanlıq müharibəsi adını da alıb. Bu zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Ankara, Afyon Karahisar  və İzmirdə  böyük təntənə ilə  bayram edilib. İlk dəfə 1924-cü il avqustun 30-da Dumlupınarda Çal kəndi yaxınlığında Türkiyə Cümhuriyyətinin ilk Prezidenti Mustafa Kamal Paşanın da qatıldığı bir törəndə bu qələbə Baş Komandan zəfəri adı ilə bayram edildi. Kamal Paşa həyat yoldaşı Lətifə xanım ilə birlikdə Naməlum əsgər abidəsinin təməlqoyma mərasimində iştirak etdilər. 1926-cı ildən etibarən bu bayram Zəfər bayramı kimi qeyd olunur. Rəsmən 1935-ci ilin mayında qəbul olunmuş qanunla Zəfər bayramı elan olunub və hər il bütün yurdda şənliklərlə qeyd olunmaqdadır. Hazırda bu bayram, eyni zamanda, Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Cümhuriyyətinin milli bayramı hesab olunur.
Bu zəfər təsadüfi bir qələbə olmayıb. Birinci Dünya müharibəsi zamanı türklərin doğma yurdları uğrunda apardıqları ölüm-dirim müharibəsi  sonda qurtuluş hərəkatına gətirib çıxardı. İngilis və fransız orduları Çanaqqalaya hücum edən zaman əmin idilər ki, özlərinin üstün müasir silahları, təlimi qarşısında, Balkan müharibəsindən çıxmış yorğun türk əsgəri  mübarizə apara bilməyəcək. Hətta türklərlə müttəfiqlik edən alman zabitləri də eyni düşüncədə idilər. Lakin Ənvər Paşanın sərt  intizamı ilə bir il yarım ərzində hazırlanan ordunun, yetkin və fədakar zabitlərinin komandası ilə türklər düşməni işğal etdikləri torpaqlardan qovdu. Onların ruhlarını zəfərə inam bürümüşdü.  1922-ci ilin yayında Mustafa Kamal Paşa deyirdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir."
1922-ci il avqustun 26-sı sübh tezdən saat 05.30-da müzəffər türk ordusunun topçu birliklərinin atəşləri altında geniş hücum əməliyyatı başlandı. Düşmən mövqeləri bir-birinin ardınca ələ keçirildi. Bu qanlı döyüşlər iki gün davam etdi. Avqustun 27-də türk qoşunları Sincanlı və Afyon düzənliklərinə enib, Afyonu azad etdilər. Düşmən böyük bir şaşqınlıq içində özünə gəlməyə, qüvvələrini səfərbər etməyə çalışırdı. Darmadağın olmuş yunan birlikləri Sincanlı düzənliyindəki təpələrdə təkrar müdafiəyə keçməyə cəhd göstərsələr də, buna nail ola bilmədilər. Dumlupınar-Uşak istiqamətində canlarını qurtarmaq üçün qaçan yunanların böyük bir qismi cənubdan 1-ci ordu, simaldan 2-ci ordu birliklərinin təzyiqi nəticəsində Aslihanlar bölgəsində sıxışdırıldı. Ancaq avqustun 28-29-da düşmənin arxa cəbhəsinə keçən türk  birlikəri onların İzmirə doğru qaçış yollarını kəsdi. Bu əməliyyatın nəticəsi olaraq düşmənin beş diviziyalıq bir qüvvəsi Dumlupınar bölgəsində mühasirəyə alındı. Türk əsgər və zabitləri böyük bir rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər.  
Avqustun 30-da səhər tezdən geri sıxışdırılan düşmən birlikləri ilə türk birlikləri arasında bu bölgədə böyük bir meydan savaşı başlandı. Baş komandan Qazi Mustafa Kamalın doğru-düzgün, məharətlə idarə etdiyi, yönəltdiyi bu savaş türk tarixşünaslığında haqlı olaraq "Baş Komandanın meydan müharibəsi" adını alıb. Kamal Paşanın hərbi dühası sayəsində bu savaşda bir gün içində yunan ordusunun çoxlu sayda canlı qüvvəsi məhv edildi və əsir alındı. Mustafa Kamal Paşa tarixi əmrini  vermişdi: "Ordular! İlk hədəfiniz Ağ dənizdir. İrəli!"
Bu əmri alan qəhrəman türk ordusu böyük bir qələbə həyəcanı ilə irəli atıldı. Türk süvariləri, xüsusilə çevik hərəkətləri ilə uğurlar qazandılar. Yunan ordusunun darmadağın edilməsi xəbəri Egeydə olan digər yunan birliklərində çaşqınlıq, təlaş yaratmışdı. Onlar sürətlə qaçmağa başladılar. Yunanlar qaçarkən türk birlikləri də işğal edilən ərazilərə daxil olurdular. Beləliklə, 1922-ci il sentyabrın 18-də Qərbi Anadolu işğalçı yunan birliklərindən tamamilə təmizləndi. Bununla da türk  yurdunun bütövlüyü təmin edildi və Türkiyə Cümhuriyyətinin yaranmasına aparan yol açılmış oldu. Dahi Atatürk qələbə ilə bitən qurtuluş hərəkatından bəhs edərək yazırdı: "Bu əsər, türk millətinin hürriyyət və müstəqillik fikrinin əbədi abidəsidir. Bu əsəri yaradan bir millətin övladı, bir ordunun Baş Komandanı  olduğumdan sonsuza qədər xoşbəxt və bəxtiyaram".
Türk milləti özünün şanlı tarixi qələbəsini qazandı. Bu qələbənin məntiqi nəticəsi isə müasir Türkiyə dövlətinin yaranması oldu. Bu gün Türkiyə ilə yanaşı, çiyin-çiyinə qardaş Azərbaycan da Zəfər bayramını böyük coşqu ilə qeyd edir. Əminik ki, tezliklə Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından tamamilə azad etdikdən sonra bütün türk dünyası daha bir Zəfər bayramını qeyd edəcək.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"