Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2020 11:15

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Hərbi etikanın əsasları. Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər, bölmədə sağlam əhval-ruhiyyənin yaranmasında kollektivin rolu.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Silahlı Qüvvələrin nizamnamələrindən istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

 

Suallar:

1. Hərbi etikanın əsasları.

2. Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları.

 

Hərbi etikanın əsasları


Etika qədim yunan dilində "şəxsin əxlaqi baxımdan adət və xasiyyəti" mənasını ifadə edən "etnos" kəlməsindən törəmişdir. Etikanın əsas mövzusu əxlaq anlayışıdır. Etika insanların həm ayrı-ayrı fərdlərlə, həm də ictimaiyyətlə münasibətlərin təməlini təşkil edən dəyərlər, normalar, qaydalar, səhv-düz və ya yaxşı-pis kimi xüsusiyyətləri əxlaqi baxımdan öyrənən fəlsəfi nizamdır. Etika faydalı, yaxşı, pis, doğru və yanlış kimi məfhumları tətbiq edən fərdi və ya qrup davranış və münasibətlərində nəyin məqbul, nəyin qeyri-məqbul olduğunu müəyyən edən əxlaqi tezislər, dəyərlər və standartlar sistemidir.
Əxlaqi münasibətlər ictimai münasibətlər sistemində mühüm yer tutur ki, bunlar da əxlaq haqqında elm olan "etika" tərəfindən öyrənilir. Əxlaqın məkanı - insanlar arasındakı münasibətlərdir. İnsanın güclü və ağıllı olmasını müəyyən etmək üçün onu digər insanlarla görmək və ya müqayisə etmək vacib deyil, çünki bu, fərdin özünəxas xüsusiyyətləridir. Lakin insanın nə dərəcədə xeyirxah, əliaçıq, mehriban olmasını və bu kimi digər xüsusiyyətlərinin şahidi olmaq üçün onu məhz başqaları ilə ünsiyyət prosesində görmək zəruridir.
İnsani əxlaq şüurla birgə doğulmur. O, əxlaq normalarını və davranış qaydalarını tədricən mənimsəyir. Bu normalar və qaydalar müəyyən vaxtdan sonra onun fərdi şüurunda özünə yer tapır ki, bu da "yaxşını pisdən" ayırmağa kömək edir. İnsan çox vaxt hətta öz istəyinin əksinə gedərək, ictimai rəyi nəzərə alıb, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına uyğun hərəkət etməli olur. Çünki cəmiyyətdə yaşayan insan ondan təcrid oluna bilməz. O, bu və ya digər mənada cəmiyyət qanunlarına tabe olmaq məcburiyyətində qalır. Çox vaxt, əsasən, "öz ürəyinin hökmü ilə" hərəkət edən insan cəmiyyət və ayrı-ayrı şəxslər qarşısındakı borc və vicdan hisslərinin təhriki ilə hər hansı addımı atır və bu zaman özü də hiss etmədən ictimai mənafe şəxsi mənafedən üstün tutulur. Belə olmasaydı, nə maddi-mənəvi nemətlər istehsal oluna bilər, nə də insan cəmiyyəti mövcud ola bilərdi.
Peşə etikası insanların peşə fəaliyyəti ilə əlaqədar aralarındakı münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir. Bir çox əxlaq normalarının ümumbəşəri xarakter daşımasına baxmayaraq (yəni, bu prinsiplərin hər bir insana aid olması, məsələn, bütün fəaliyyətin borc, vicdan, sədaqət prinsipləri, dostluq, yoldaşlıq münasibətləri əsasında qurulması, böyüklərə hörmət etmək, yalan danışmamaq və s.), müxtəlif peşələrlə əlaqədar fəaliyyət növlərinin də özünəməxsus davranış normaları var. 
Hərbi xidmət - insanlardan yüksək intizam, icraçılıq, dəqiqlik, təmkinlilik, dözümlülük və çeviklik tələb edən fəaliyyət sahəsidir. Hərbi qulluqçuların xidməti fəaliyyət və ondan kənar vəziyyət şəraitində davranış, müvafiq hərəkət və hadisələrə düzgün reaksiya vermə qabiliyyətini formalaşdıran əxlaqi normalar öz əksini hüquqi sənədlərdə, qanunlarda, nizamnamələrdə, təlimatlarda, komandirlərin əmrlərində tapır. Buna görə əxlaqi tələblər qanun  qüvvəsinə minir. Məsələn, qorxaqlıq cəmiyyətdə insanın psixoloji durumunun keyfiyyət göstəricisi kimi yalnız mənəvi baxımdan pislənirsə, hərbi kollektivdə aşkar edilən qorxaqlıq isə çətin məqamda döyüş tapşırığının uğurla yerinə yetirilməsinə mane olan zərərli və təhlükəli bir amil kimi aradan qaldırılmalıdır.
Odur ki, hərbi qulluqçuların qarşısında həmişə hərbi-etik normalardan irəli gələn yüksək tələblər qoyulur. Bununla belə, əxlaq qanunlara, nizamnamələrə kor-koranə tabe etdirilmir. Əksinə, Azərbaycan Ordusunda hərbi xidməti tənzimləyən bütün hüquqi sənədlər, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət, İntizam, Qarnizon və Qarovul Xidmətləri və Sıra nizamnamələri Vətən qarşısında borcun yerinə yetirilməsində könüllülüyün, şüurluluğun, təşəbbüskarlığın vacibliyini vurğulayır.
Hərbi xidmətə çağırılan hər kəs Vətənimiz Azərbaycana sadiq olacağına, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirəcəyinə, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağına təntənəli surətdə and içir.
Hərbi borcunu daim nümunəvi yerinə yetirən hər bir bacarıqlı döyüşçü yüksək mənəviyyata malikdir. Hərbi borcu həm də ləyaqətlə yerinə yetirmək hərbçinin şərəf işidir. Öz vəzifəsinə layiqincə yanaşmaq hərbi qulluqçulardan bəzən böyük çətinlikləri dəf etməyi tələb edir. Hərbi kollektivin uğuru onun hər bir üzvünün fəaliyyətindən asılıdır. Əgər hamı  öz vəzifəsinə Hərbi andın, nizamnamələrin tələblərinə uyğun yanaşırsa, deməli nailiyyət labüddür.
Hərbi etikanın vacib normalarından biri hərbi kollektivdə böyüyə hörmət etmək, subardinasiya qaydalarına riayət etməkdir. Vəzifəcə və rütbəcə kiçik olanlar rəisləri nizamnaməyə uyğun olaraq əsgəri qaydada birinci salamlayır və onlara rütbələri ilə müraciət edirlər.
Hərbi qulluqçular öz aralarında da nəzakətli olmalı, bir-birinə "siz" deyə müraciət etməlidirlər. Bu qayda rəislərə də, onların tabeliyində olanlara da eyni dərəcədə şamil edilir.
Azərbaycan zabiti və əsgəri adını daşıyan hər kəs öz yüksək mədəniyyəti, nəzakəti, təvazökarlığı ilə nümunə olmalıdır. İctimai yerlərdə, nəqliyyatda hərbi qulluqçu rütbəcə böyük olan zabiti, rəisi salamlamalı və ona hörmət etməlidir.
Hərbçilər mülki əhaliyə qarşı da nəzakətli davranmalı, Azərbaycan zabiti və ya əsgəri adını uca tutmalı, bu şərəfli ada ləkə gətirməməlidirlər. Bədbəxt hadisələr zamanı biganə qalmamalı və bacardıqları köməyi göstərməlidirlər. Hər bir döyüşçü səliqəli geyinməli, əlini cibində saxlamamalı, rəisinin və ya komandirinin yanında qeyri-etik hərəkətlərə yol verməməlidir.
Hərbi qulluqçunun mənəvi simasını göstərən cəhətlərdən biri də onun danışığıdır. Ünsiyyət zamanı aydın, səlis və inandırıcı sözlərə üstünlük vermək lazımdır.

 

Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları


"Kollektiv" latın sözü olub "toplanmış", "yığılmış", "birləşdirilmiş", "birləşmiş" mənalarını verir. Kollektiv insanların şüurlu şəkildə toplanmış birliyi və ictimai fəaliyyətin yerinə yetirilməsi üçün birgə fəaliyyətidir. Kollektiv müxtəlif olur. O, insanlar arasında münasibət formalarına və fəaliyyətin xarakterinə görə fərqlənir. Bu birgə insan fəaliyyəti içərisində hərbi kollektiv xüsusi yer tutur.
Hərbi kollektiv - ölkənin və onun sərhədlərinin xarici təcavüzdən silahli müdafiəsini təmin etmək üçün vahid komandanlıq prinsipi əsasında toplanmış hərbçilərin sarsılmaz birliyidir. Hərbi kollektiv - geniş anlayışdır. Azərbaycan Ordusu, qoşun birləşmələri - korpus, briqada, tabor, bölük, taqım hərbi kollektivlərdir. İlk kollektivlər də vardır. Azərbaycan Ordusunda ilk kollektivlər taqım və bölüklərdir. Burada hərbçilər bir-biri ilə fasiləsiz iş, məişət və digər əlaqədədirlər. İlk kollektivlər əsasən iki vəzifəni yerinə yetirirlər:  1. Peşəkarlıq (istehsalat, hərbi və s.); 2. Vahidlik və tərbiyəçilik. Başqa sözlə desək, kollektiv tərbiyənin və hərbi (əmək) fəaliyyətinin subyekti, eyni zamanda, obyektidir.
Hərbi kollektivlər də belədir. Döyüş (əmək) hazırlığı yüksək olan kollektivin tərbiyəvilik imkanları böyük olur. Tərbiyəvilik imkanları yüksək olan kollektivin də döyüş imkanları yüksək olur.
Kollektiv şəxsiyyətə təsirlərin bələdçisidir. Kollektiv vahid bir orqanizmin müstəqil həlqəsidir. Burada insanların fəaliyyəti birləşir və onlar birbaşa və ya dolayısı ilə ünsiyyətdə olur, ya bir-birinə, ya da kollektivə təsir göstərirlər. Kollektivin hərbçilərə təsir imkanları onun təbiəti, quruluşu və xarakter xüsusiyyətlərindən irəli gəlir. Hər bir bölmə Azərbaycan Ordusunun canlı bir hissəsidir, eyni zamanda, onlar həm bir-biri ilə, həm də digər kollektivlərlə möhkəm bağlıdırlar. Mənəvi birlik hərbi kollektivlər üçün xarakterik cəhətdir.
Hərbi kollektivdə mövcud olan qarşılıqlı münasibətlər - hərbi qulluqçuların həyatında, hərbi xidmətində ünsiyyət zamanı yaranan münasibətlər sistemidir. Qarşılıqlı münasibətlərin müsbət - mənfi, xeyirxah - konfliktli, formal - qeyri-formal kimi müxtəlif növləri mövcuddur. Hərbi xidmətdə "komandir - tabeçilikdə olan", "böyük - kiçik", "tabeçilik münasibətləri olmayan hərbi qulluqçuların münasibətləri'" formal qarşılıqlı münasibətlərə misal ola bilər.
Qeyri-formal qarşılıqlı münasibətlər psixoloji cəhətdən əlverişli şəraitdə heç kəs tərəfindən müəyyən olunmadan öz-özünə yaranır. Onlar yarandıqdan sonra mühüm psixoloji reallığa çevrilir: qeyri-formal qarşılıqlı münasibətlər simpatiya və antipatiyanın görünməz telləri ilə kollektivə nüfuz edərək, istər hər bir döyüşçünün, istərsə də bütövlükdə kollektivin fəaliyyətinə müəyyən təsir göstərir və müvafiq psixoloji iqlim yaradır. Onların məzmunu kollektivin inkişaf səviyyəsindən bilavasitə asılıdır.
Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər vahid komandanlıq, ciddi subordinasiya, humanizm və kollektivçilik prinsipləri əsasında qurulur. Bu prinsiplər hərbçilərə verilən əsas tələblərlə şərtlənir. Onlar bir-birinə münasibətdə komandir və tabeçi, rütbəcə böyük və kiçik olaraq dəqiq müəyyənləşdirilmiş hüquq və vəzifələr daşıyırlar. Komandirə əmr etmək hüququ verilir, tabeçilər əmr və tapşırıqları sözsüz və dəqiq yerinə yetirməyə, rəislərə, komandirlərə, rütbəcə böyüklərə hörmət, hərbi nəzakət göstərməyə və hərbi salam verməyə ciddi riayət etmək borcu şamil olunur.
Hərbi xidmətə çağırılan hər bir kəs ordu kollektivinin bir üzvünə çevrilir və silahdaşları ilə nizamnamələrin tənzimlədiyi ictimai və qarşılıqlı münasibətlərə girir. Hərbi nizamnamələr ordunun xüsusiyyətini və qarşısında duran vəzifələri nəzərə almaqla hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin prinsiplərini müəyyən edir.
Vahid rəhbərlik, təkbaşçılıq və hərbi-etik normalar kollektivdə sağlam və işgüzar iqlimin yaradılmasında aparıcı rol oynayan komandir və rəislərin tabeliyindəkilərə qarşı kifayət qədər tələbkar olmalarını, sonuncuların isə verilmiş əmr və tapşırıqları sözsüz və dəqiq yerinə yetirmələrini, yuxarıda qeyd edildiyi kimi, rütbəcə böyüklərə hörmət göstərmələrini, hərbi salam və nəzakət qaydalarına ciddi əməl etmələrini nəzərdə tutur.
Bir rəhbər və hərbçi-pedaqoq kimi rəis yalnız sözlə, komanda və əmrlə deyil, işə və insana münasibəti ilə də tabeliyindəkilərə təsir göstərir. Tələbkarlıqla yanaşı, zabit həm də qayğıkeş və ədalətli olmalı, hərbi qulluqçular arasında qarşılıqlı inam və səmimiliyin, döyüş yoldaşlığının bərqərar olunmasına çalışmalıdır. Qayğı və inamın mənəvi-psixoloji amil kimi mühüm əhəmiyyəti ondadır ki, döyüşçülərdə nəinki öz komandirlərinə etimad və hörmət hissi aşılayır, eyni zamanda, öz hərbi borcunu ləyaqətlə yerinə yetirməyə həvəs yaradır.
Hərbi qulluqçular arasında kollektivçilik prinsipi nizamnamələrdə geniş yer tutur. Əsgər, çavuş, gizir və zabitlər arasında kollektivçilik, döyüş yoldaşlığı həm əxlaqi, həm də hüquqi norma kimi təzahür edir. Nizamnamələr hərbçilərdə döyüş yoldaşlığını uca tutmağı, sözdə və əməldə silahdaşlarına kömək etməyi, onları nalayiq hərəkətlərdən çəkindirməyi tərbiyə edir.
Əsgər və matroslar arasında münasibətlər döyüşçülərin hərəkət və davranışına, onlarda bir çox şəxsi mənəvi keyfiyyət və vərdişlərin formalaşmasına bilavasitə və ciddi təsir göstərir. Ona görə tabeliiyindəkilərə müvəffəqiyyətlə rəhbərlik etmək, hərbi kollektivi möhkəmləndirmək üçün həmin münasibətləri hər bir zabit və çavuş yaxşı bilməlidir.
Hər bir hərbi kollektivdə təlim və döyüş tapşırığını birgə yerinə yetirərkən, ictimai işlərdə, məişətdə əsgər və matroslar arasında, adətən, qarşılıqlı rəğbət və bağlılıq, dostluq və qardaşlıq hissləri yaranır, döyüşçülər vaxt və qüvvə əsirgəmədən hərbi texnikanın sirlərini öyrənməkdə, çətin məqamlarda bir-birinə kömək edir, bir-birinin uğuruna sevinirlər.
Bununla belə, sıravi döyüşçülərin arasında nizamnamə tələblərinin pozulması halları da müşahidə edilir. Bu, adətən nizam-intizamın vəziyyəti ilə, zabit və çavuşların öz vəzifələrinə kifayət qədər ciddi yanaşmamaları ilə, əsgər və matrosların orduyaqədərki həyat tərzi və vərdişləri ilə izah olunur. Əsgər və matroslar arasında göstərilən mənfi hallar komandir və rəislərdən tərbiyə işinin gücləndirilməsini, neqativ halları doğuran səbəblərin vaxtında aradan qaldırılmasını tələb edir.
Hərbi kollektivlərdə bəzən bir neçə hərbi qulluqçunun birləşdiyi kiçik qrupların yaranması hallarına da təsadüf edilir, bu qruplar ümumi maraq, fəaliyyət və hərbi xidmətə münasibət zəminində ortaya çıxırlar. Hətta ən mehriban kollektivlərdə belə iki və bir neçə nəfərdən ibarət belə qruplar yaranır. Çox vaxt bu qruplar öz silahdaşlarına müsbət təsir göstərir, hərbi kollektivi möhkəmləndirən amil rolunu oynayırlar. Ancaq bəzən özünü kollektivə qarşı qoyan qruplar da əmələ gələ bilər. Belə qruplara qarşı mövqeni düzgün müəyyənləşdirməklə, həm obyektiv amilləri, həm də də daxili-psixoloji motivləri üzə çıxarmaq olar.
Ona görə komandirlər və ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər üçün kollektivlərdə mövcud olan qarşılıqlı münasibətlərin konkret təzahürlərini bilmək, onları təhlil etmək, mənfi halların yaranması və inkişafının səbəblərini vaxtında aşkara çıxarmaq, nizamnamələrin tələblərinə uyğun qarşılıqlı münasibətlərin düzgün vasitə və yollarını seçmək vacibdir.
Hərbi-etik davranış xüsusiyyətləri hərbi xidmət nizamnamələrində öz əksini geniş şəkildə tapmışdır və həmin normalar zabitlərimiz üçün qarşılıqlı münasibətlərin tənzimlənməsinə, ordu kollektivində möhkəm hərbi intizamın təşəkkül tapmasına xidmət edən yararlı istifadə mənbəyidir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi