Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2020 11:30

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Suallar:

1. Əsgərin psixoloji hazırlığının məzmunu.

2. Döyüşə psixoloji hazırlığın əsas üsulları.

Əsgərin psixoloji hazırlığının məzmunu

 
Hərbi qulluqçunun hərbi xidmətində, döyüş hazırlığında mənəvi-psixoloji cəhətdən kifayət qədər hazırlıqlı olmaması ona gətirib çıxarır ki, o, fəallıq göstərməyə çalışsa da, nəticələri ürəkaçan olmur. Yəni, belə bir insanın əqli, sensor (hissi) hərəkətləri, təfəkkürünün yaradıcı imkanları, axtarıcılıq qabiliyyəti, ağlının çevikliyi, şəraiti qiymətləndirmək, məlumatları işləyib hazırlamaq bacarıqları zəif olur, hərəkətlərində çaşqınlıq baş verir. Bura əlin, ayaqların əsməsi, səsin titrəməsi, hərəkətlərin rabitəsizliyi və zəifliyi daxildir. Məsələn, hərbi texnikanı yaxşı bilən və idarə edən hərbçi müfəttiş yoxlaması zamanı özünü itirir, kobud səhvlərə yol verir.
Hərbi hazırlığın yetəri qədər olmaması özünü hərbi qulluqçunun rəftarında və döyüş şəraitində gostərir. Belələri indiyə qədər ictimai qaydaları pozmayan şəxslər də ola bilər. Onların bəziləri əmrləri düzgün yerinə yetirə bilmir, hay-küyə və şayiələrə aldanır, onlarda məqsəd aydınlığı, qətiyyət, fəallıq, təşəbbüskarlıq, özünənəzarət zəif olur ki, bunları da yavaş-yavaş şübhə, inamsızlıq və qətiyyətsizlik əvəz edir və iradə zəifliyi müşahidə olunur.
Hərbçidə çatışmayan mühüm cəhət mənəvi-psixoloji hazırlığın zəifliyi ilə bağlıdır. Müharibənin tələb etdiyi hazırlıq başa çatdırılmayıbsa, o, əks psixoloji təsirlərin təzyiqindən özünü xilas edə bilmir. Əks psixoloji reaksiyaların təsirini azaltmaq üçün daxili qüvvələri səfərbər etmək lazım gəlir.
Əsgərin psixoloji hazırlığı - döyüşdə fəal, təşəbbüskar, fədakarcasına hərəkət etmək bacarığının qazanılmasını, fiziki və psixoloji gərginliyə tab gətirməyi, qorxu hissi ilə mübarizə aparmağı, döyüş tapşırıqlarını yerinə yetirmək üçün zəruri olan emosional - iradi keyfiyyətləri, psixoloji dayanıqlığın formalaşdırılması üzrə fəaliyyətlər kompleksini təşkil edir.
Təcrübə göstərir ki, əsgər öz döyüş hazırlığını tələb olunan anda lazımi dərəcədə həmişə göstərə bilmir. Hələ dünən gündəlik, sakit xidməti şəraitdə yaxşı və əla yerinə yetirilən hərəkətlər bugünkü döyüşdə ya yarımçıq alınır və yaxud heç alınmır. Bu əsgərin psixoloji cəhətdən kifayət qədər hazırlıqlı olmadığının göstəricisidir. Əsgərin psixoloji hazırlığı müasir tələblərə cavab verməli, Silahlı Qüvvələrin döyüş hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilməlidir.
Döyüş əsgərin öz potensialını cəld göstərə bilməsi bacarığına çox sərt tələblər irəli sürür. Bunun dəyəri isə - ya həmin əsgərin özünün, yoldaşlarının həyatı hesabına və yaxud döyüş tapşırığının yerinə yetirilməsi ilə ölçülür.
Əsgərin verilmiş tapşırığı bacardığı səviyyədə (döyüş ustalığını göstərməklə) yerinə yetirməsi daxili amillərdən -  hər şeydən öncə insanın əqidəsindən, onun təhlükəli, gözlənilməz, qeyri-müəyyənlik və vaxt qıtlığı şəraitlərində səmərəli hərəkət etmək qabiliyyətindən, verilmiş məqamda əsgərin emosional vəziyyətindən, səhhətindən asılıdır.
Sadalanmış amillərin məcmusu "psixoloji hazırlıq" adlandırılır:
- əsgərin döyüşə psixoloji hazırlığı bölmənin döyüş fəaliyyətinə dərhal başlaya bilməsinin əsas tərkib hissələrindən biridir. 
- Vətəni, doğmaları və əzizlərinin taleyi barədə əsgərin məsuliyyət hissini, özünə, öz yoldaşlarına, silahına, döyüş texnikasına inamın olmasını;
- mübarizə aparmaq, özünü sınaqdan keçirmək, öz zəif cəhətlərini üstələmək, düşmən üzərində qələbə qazanmağı nəzərdə tutur:
- əsgərin döyüşə psixoloji hazırlığının əsas əlamətləri:
- tələskənlik və qapalığın olmaması, hesablanmış və rəvan davranış;
- əmr və tapşırıqların səhvsiz və dəqiq yerinə yetirilməsi;
- normal fizioloji vəziyyət (nəbzin tezliyi, nəfəs alma, sifət rəngi və s.).
Döyüşə psixoloji hazırlığın 3 dərəcəsi var: 1 - aşağı, 2 - orta və 3 - yüksək.
Aşağı dərəcəli psixoloji hazırlığın təzahür cəhətləri: əsgər özünə inanmır, mübarizə aparmağa can atmır, qərarsızdır, həddindən artıq tələskən və yaxud qapalıdır, ən sadə tapşırıqların yerinə yetirilməsində səhvlər buraxır. Orta dərəcəli psixoloji hazırlığın xarakterik əlamətləri: özünə və yoldaşlarına inanır, lakin cəsarətli hərəkətləri, mübarizə aparmaq cəhdləri hələ kifayət qədər deyildir. Əsgər verilən tapşırıqların yerinə yetirilməsində kiçik səhvlərə yol verir, fizioloji vəziyyəti normaya yaxındır. Yüksək səviyyəli psixoloji hazırlığı isə mübarizə aparmaq arzusu, şübhələrin yoxluğu, özünü sınamaq istəyi və düşmən üzərində qələbənın qazanılması istəyi fərqləndirir. İnsan fiziologiyasının və psixikasının mühafizə mexanizmləri olduğuna görə, əsgər psixoloji hazırlığın bu səviyyəsində uzun müddət qala bilməz.
Buna görə də əsgər üçün çox vacibdir ki, döyüş qabağı özündə və yoldaşlarında orta səviyyəni saxlasın. Döyüşün gedişatında isə psixoloji hazırlığın yüksək səviyyəsi qoşulmalıdır.
Döyüş təlimi prosesində hər bir əsgər öz döyüş və psixoloji hazırlığını təkmilləşdirməlidir. Döyüşə hazırlığın faydalı vasitələrindən biri kimi əsgərin öz hərəkətlərinin ardıcıllığını əvvəlcə səhv etmədən asta-asta, getdikcə sürətini artıraraq ürəyində deməsi məsləhət görülür. Əsgər şəraitə fikrən o qədər öyrəşir ki, özündən asılı olmayaraq hərəkət etməyə başlayır. Bu isə düşüncə ilə davranış arasında möhkəm əlaqənin yaranması deməkdir.
Dərhal başlanacaq döyüş əməliyyatlarına psixoloji hazırlığın saxlanılması üçün psixoloji özünütənzimləmə üsullarından istifadə oluna bilər.
Belə ki, dəqiqədə 140-150 addımlıq gəzinti gümrah əhval-ruhiyyə yaradır. Addımın astadan sürətliyə və əksinə doğru növbə ilə dəyişməsi isə diqqətin toplanmasına və artmasına səbəb olur. Yuxu ilə mübarizə aparmaq üçün əl dərisinin çimdiklənməsi, başın adamın özü tərəfindən massaj edilməsi və insanın aktivliyini artıran digər hərəkətlər geniş tətbiq olunur. Yuxulama insanda yorğunluğun, psixi və fiziki taqətsizliyin səbəbi olduğuna görə döyüşə psixoloji hazırlığın daxili düşməni sayılır.

Döyüşə psixoloji hazırlığın əsas üsulları

 
Döyüşə psixoloji hazırlığın saxlanılması üçün özünütənzimləmənin əsas üsulları aşağıdakılardır:
- özünəinam və özünətəlqin;
- öz təxəyyülünü idarəetmə;
- nəfəs almanı və əzələləri tonusda saxlamaq.
Özünəinam - əsgərin hazırlığını yüksək səviyyədə saxlamağın vacibliyini özünə sübut etməsidir. Döyüş növbətçiliyini, qarovul xidmətini çəkən və yaxud digər döyüş tapşırığını yerinə yetirən hər bir əsgər onu yayındıran fikirlərin, istəklərin yaranması nəticəsində sayıqlığını itirməsinin nə cür dəhşətli hadisələr, nəticələr törədə biləcəyini aydın təsəvvürünə gətirməlidir. Bu yerdə Nizamnamələrin tələblərini, rəislərin xəbərdarlıqlarını, xidmətin ibrətamiz nümunələrini mütləq yada salmaq lazımdır.
Özünətəlqin - özünəinam kimi, əsgərin əsas təsir vasitəsi olaraq sözdən istifadə etməsilə şüurlu şəkildə əldə olunur. Özünətəlqin insanın özünə və imkanlarına olan inamın gücünə onun psixi vəziyyətini dəyişə bilər. Məsələn, gecə xidmət çəkən əsgər yuxuluqla oyaqlıq arasında olduğu üçün bəzi hallarda sanki tormozlanmış vəziyyətə düşür. Əsgərin psixikasının məhz bu vəziyyəti istənilən özünətəlqinə daha həssas olur. Ona görə də yuxulamağa və yaxud rahatlıq tapmağa olan ən kiçik cəhd belə yerindəcə dəf olunmalı və rədd edilməlidir. Əks təqdirdə şərait faciə ilə nəticələnə bilər.
Sayıqlığın itirilməsi çox ağır nəticələrə səbəb olur. Buna görə də əsgərlərdə gümrahlığın və aktivliyin saxlanılması üçün hərbi psixoloqlar çox dəqiq və qısa özünü təlimat forması tövsiyə edirlər. Yuxusu gələn, taqətdən düşən, sayıqlığını itirən əsgər bu ifadələri tez-tez işlətməlidir: "Mən diqqətimi toplayıram", "Mən sakitəm və özümə inanıram", "Mən öz davranışımı və vəziyyəti tam nəzarətdə saxlayıram".
Bu özünü təlimatlar ehtiyac duyulan vəziyyətin məxsusi modellərini təsvir edirlər. Əsgərin qabaqcadan hazırladığı sözlü düsturlar dəfələrlə təkrar etmə yolu ilə şüuraltına yerləşdirilir və yubatmadan onun vəziyyətini müəyyən etməyə başlayır.
Özünətəlqin zamanı bəzi qaydalara riayət etmək vacibdir:
- özünətəlqin düsturlarını 5-6 dəfə ürəyinizdə təkrar etməli, onun məzmununa diqqət yetirməli və ehtiyac duyulan vəziyyəti təsəvvür etmək lazımdır;
- sözlü düsturlar qısa, aydın olmalı və konkret şəraitdə onları yerinə yetirmək imkanları şübhə doğurmamalıdır. Burada heç bir özünütənqidə yol vermək olmaz. Yalnız öz qüvvələrinizə tam inam təxirə salınmaz nəticələr verə bilir;
- sözlü düsturlar yalnız təsdiqedici formada işlənməli, yəni, inkaredici ifadələrə yol verilməməlidir. Məsələn: "Mən yatmaq istəmirəm" özünətəlqini əks təsir verə bilər. Çünki "istəyirəm" əvəzinə deyilən "istəmirəm" ifadəsindəki "yi"-ni əvəzləyən "mi" inkar şəkilçisi adətən şüuraltında nəzərə çarpmır. Bu cür hallarda yuxunu xatırlamaq ümumən olmaz. Əksinə, demək lazımdır ki: "Mən gümrah və çalışqanam" və yaxud "Mən yatmaq istəmirəm" ifadəsinin əvəzinə "Mən gümraham" ifadəsini işlətmək lazımdır.
Təxəyyülün (fantaziyanın) idarə edilməsi isə özünətəlqinin sözlü düsturlarının təsirini əhəmiyyətli dərəcədə artıra bilir. Döyüş postunda təxəyyülünüzü işlətməklə, öz fəaliyyətinizin arzuolunan nəticəsinin obrazını yaratmaq mümkündür. Lazımdır ki, sözlü obrazların məzmununu emosiyalarında canlandırasan. Özünüzə "Mən gümraham" ifadəsini təlqin edərkən, səhər tezdən dan şehinin, təravətinin bədəninizi necə üşütməsini, əzələlərinizin necə gərilməsini təsəvvürünüzə gətirin. Siz o halı hiss etməyə çalışsanız, təsirini həmin an görəcəksiniz. Hərəkətin nümunəsini daha aydın təsəvvürünüzə gətirməklə, sizə özünüzü etalona (ideal döyüşçü, hərəkətlərin qüsursuz icrası) bənzətmək məsləhət görülür. Yəni, özünüzü "ən sayıq döyüşçü" rolunda hiss etməyiniz üçün onun ideal hərəkətlərini təsəvvürünüzə gətirin və yamsılama prinsipinə uyğun təkrar edin. "Mən ən sərrast atıcıyam", "Mən ən sayıq kəşfiyyatçıyam" kimi özünətəlqinlər müvafiq idealları, nümunələri təsəvvürə gətirməklə əsgərin əsl atıcı, kəsfiyyatçı obrazına çevrilməsinə kömək edir. Təxəyyülünüzü idarə etməklə döyüş fəaliyyətinin bu və ya digər nəticələrini, postda mümkün olan müxtəlif vəziyyətlərin inkişafını daima beyində "hərlətmək" (üzərində fikirləşmək) olar.
Məsələn: "Əgər divarın o üzündə düşmən varsa" deməli, dönməmişdən qabaq divardan 2-3 metr aralanmalı və fikrimi toplamalıyam. Bu cür fəndlər döyüşdə əlverişsiz nəticələri (arzuolunmaz sonluqları) qabaqlamaqla gözlənilməz hallara hazır olmaq imkanları verir. Yaxşı olardı ki, qabaqcadan ekstremal şəraitlərdə mümkün hərəkətlərin planı qurulsun və beyninizdə fikrən "icra edilsin".
Diqqətin idarə olunması təxəyyüllə sıx əlaqəlidir. Diqqətin hansı səmtə yönəlməsi onun sayıqlığına güclü təsir göstərir. Şüurlu nəzarətdən kənarda olan diqqətin döyüş tapşırığı ilə heç bir əlaqəsi olmayan obyektə keçirilməsi insanı yayındıra bilir. Bu isə insan psixikasının daha bir sirridir. Əgər ona məhəl qoymasaq daha ağır nəticələr qazanarıq. Köhnə bir fəndi misal gətirək. Düşmən qarovulçunu, saatdarı yayındırmaq məqsədilə kənara bir daş atır və qəfildən onun gözləmədiyi yerdən üstünə tullanır. Belə olan hallarda əsgər üçün vacibdir ki, qəfildən güclü qıcıqlandırıcı (təhlükəli səs, ekranın sönməsi, posta yaxın insan və yaxud heyvan) peyda olduqda bütün diqqətini yalnız bu obyekt üzərində saxlamasın. Eyni vaxtda daha əsas ola biləcək digər istiqamətləri də müşahidə etsin. Bunun üçün isə qabaqcadan diqqətin ən təhlükəli istiqamətlərin hər birinə növbə ilə keçirilməsi planı tərtib olunmalıdır. Yalnız bu qaydalara riayət etməklə şərait üzərində nəzarəti saxlamaq mümkündür. Döyüş şəraitində isə diqqəti döyüş tapşırığına aidiyyəti olan obyektlər üzərində saxlamaqla, ikinci dərəcəli qıcıqlara yayınmamaq tövsiyə olunur.
Nəfəsalmanın idarə olunması və əzələlərin tonusda saxlanılması sırf psixoloji fənd sayılmır. Lakin nəfəsalmanın dərinliyi və tezliyi, bədən əzələlərinin gərilmə dərəcəsi əsgərin döyüş şəraitindəki psixi vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Əsəb gərginliyinin götürülməsi üçün sakitləşdirici nəfəsalma fəndi təklif olunur. Dərindən nəfəsinizi alır, mümkün qədər nəfəsinizi saxlayıb və bacardığınız qədər asta sürətlə buraxırsınız. Psixi halınızı sakitləşdirmək üçün sizə bu fəndi 5-7 dəfə təkrar etmək lazımdır. Bundan sonra düşməni uzunmüddətli müşahidə etmək üçün zehniniz açılacaq, iradəniz səfərbər olunacaq və əzələlərinizdə təzə qüvvə əmələ gələcəkdir.
Əzələ gərginliyi əsəb fəallığını xeyli dərəcədə şərtləndirir və deməli, əsgərdə səfərbər olmaq hissinin və gümrahlığın yaranmasına səbəb olur. Əzələnin boşaldılması isə əksinə, əsgərin psixikasına sakitləşdirici və tormozlandırıcı təsir göstərir. Ona görə də döyüşü gözləmə vaxtı bədən əzələlərini gərilmiş və elastik vəziyyətdə saxlamaq lazımdır. İsidilmiş aktiv əzələlər əsgərin döyüşə psixoloji hazırlığını yüksəldir.
Beləliklə, döyüş təlimi əsgərə hərbi biliklər qazanmaq, özündə döyüş səriştəsi və bacarıqlarını formalaşdırmaq imkanı verir. Bu isə özünəinamın əsasıdır. Psixoloji hazırlıq təlimləri isə onda döyüş fəaliyyətlərinə psixoloji cəhətdən dərhal başlamaq qabiliyyəti yaradır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi