Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2020 10:30

Qələbədən yazılacaq kitab bəşərilik kitabı olacaq!

Hər kitab öz məzmunuyla, mahiyyətiylə, aşıladığı fikir dünyasıyla səciyyəvidir. Kitab oxunur, əgər duyğuları tərpədirsə, oxunur, düşündürür, yaşadılır. Tarixi əsərlər də belədir, tarix haqqında əsərlər də. Tarixi hadisə və faktlar heç zaman dünən olmuş kimi deyil, bugünkü tarixin başlanğıcı kimi xatırlanır. 2016-cı ilin Aprel döyüşləri də həmişə Ali Baş Komandanın əmriylə torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnəcək döyüşlərin başlanğıcı kimi xatırlanır. Qürurla ordumuzun gücünə inamla, qüdrətinə ehtiramla xatırlanılır...
Rəşid Faxralının "Bayraqtəpə" kitabı 2016-cı ilin Aprel döyüşlərinə həsr edilib. Maraqlı və düşündürücü olmaqla poeziya ilə publisistikanın vəhdəti biçimində təqdim edilib; publisistika poeziyanı, poeziya publisistikanı tamamlayır, biri digərinə şərt kimi oxunur. Tarixi hadisə (2016-cı ilin Aprel döyüşləri) ayrı-ayrı faktların mahiyyətinə publisistik və poetik münasibət istər konkret tarixə (1-5 aprel), istərsə də o tarixi yaradanlara (Aprel döyüşlərinin iştirakçılarına) sədaqətin ifadəsidir.
Rəşid Faxralı jurnalist olaraq vəzifə borclarını da sədaqətlə, məsuliyyətlə yerinə yetirir - xidməti zərurət kimi ön xətdə ezamiyyətlərdə olur, səngərlərdə əsgərlərlə kəlmələşir, könül söhbəti edir. Bu könül söhbətlərinin mübtədası Vətən olur, torpaq olur, döyüş əzmi olur, qələbə ruhu olur. Bu günlərdə belə bir könül söhbətindən riqqətə gələn, əsgərin düşüncələrinə ("2016-cı ilin aprelində məktəbliydik. Döyüşlərə can atdıq. Bizi yaşımızın azlığına görə, atalarımızı ehtiyac olmadığına görə döyüşlərə cəlb etmədilər. İyul döyüşlərində bizim iştirakımıza ehtiyac olmadı. Çox istərdik ki, Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızın işğaldan azad edilməsində biz də iştirak edək. Qələbənin əsgəri kimi tərxis olunmaq istəyirik...") heyran olan əməkdar jurnalist Rəşid Faxralı "Bayraqtəpə" kitabını əsgərə hədiyyə etdi:
- Biz də əsgərik. Siz silahınızla xidmət edirsiniz, biz sözümüzlə. Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edənlərin könlünə yatmasa söz yazıçıya da, şairə də, jurnalistə də haramdı. Sizin halal xidmətinizə halal söz haləsi olmasa, oxumaq bir yana, yazdıqlarımıza heç gözucu da baxmayın. Qoy yazdıqlarımız özümüzə gözdağı olsun...
Əsgərin baxışlarında bir doğmalıq sezilirdi. Bu doğmalıq "Bayraqtəpə" kitabının məzmununa görəydi, sözə - jurnalistikaya, poeziyaya sevgiyə görəydi. Bir də Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu varlığına hopduranların timsalında ictimaiyyətə bir ürək tutumunca ehtirama görəydi...
"Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq!" - əsgər qətiyyətlə belə dedi.
Rəşid Faxralı "Cıdır düzünün çiçəkləri Böyük Qələbənin qədəmlərinə döşənəcək!" - dedi.
Biz "Həmin tarixi gündən yazılacaq kitab bəşərilik kitabı olacaq" - dedik...


Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"