Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2020 10:30

Sən dövlətə sədaqətin əsgərisən, Vətən adlı bir qüdrətin əsgərisən!..

Analar sənə oğul deyir, bacılar qardaş, Azərbaycan əsgəri. Vətənin keşiyindəsən, onu yad nəfəsindən qoruyursan - dövlətə sədaqətin əsgərisən! Vətən müqəddəsdi, müqəddəslik qüdrətdi, sən müqəddəsliyin - qüdrətin əsgərisən!
2016-cı ilin aprelində yaşanılanlar bir qədər fərqli, bir qədər də eyniliklə bu ilin iyulunda da yaşanıldı. Fərq zaman, məkan fərqiydi, eynilik döyüş əzminin, qələbə ruhunun, xalqın güvəncinin, inamının eyniliyiydi. Bu eynilik deyir ki, azərbaycançılıq qüdrətdi, müstəqil Azərbaycan dövlətçiliyinin əbədilik qüdrətidi. Bu yalçın düşüncələrlə yayın bürküsündən keçib ön xəttə çatmaqdayıq. Bir azdan salam-əleykin davamı yenə döyüş əzmi, qələbə ruhu, iyul döyüşləri olacaq, söz sözü çəkəcək, mətləb mətləbə söykənəcək, əsgər düşüncələri könlümüzü yenə telləndirəcək. Azərbaycan Ordusunun birləşmələrinin qələbəsiylə nəticələnmiş iyul döyüşlərinin qələbəsinin qürurunu qələbə qazanılanda yaşamışdıq, döyüşlər getmiş ərazidə, əsgərlərin əhatəsində də yaşayacağıq. Döyüş təəssüratları yaşanılan ovqatın bənzərsizliyinə dönərək düşüncələrimizdə şahlıq edəcək. "Şəhidlik ölümə ölüm hökmüdü..." - deyəcəm. Əsgərlərin baxışları döyüşlər getmiş əraziyə yönələcək...
Səngərlərin həndəvərində "Bir azdan düşüncələrimiz sərhədlərimizi keçməyə cəhd göstərmiş düşmənlə tarixin də heyrətləndiyi qətiyyətlə vuruşanların, qələbə qazananların əsgər qardaşlarının düşüncələrilə qoşalaşacaq" - düşünürəm və gözaltı qoşa qolları səngərə sarılmış cığıra baxıram. "Düşmən yaxşı bilir ki, təxribata cəhd etsə, o cığırı aşan Azərbaycan əsgərinin güllələriylə öləcək" - deyirəm. Zabit Çingiz Mahmudov gülümsünür. "Elədi", - deyir. "Dünya dövlətçiliyə sədaqətin necəliyini də, döyüşü də, qələbənin necə qazanıldığını da 2016-cı ilin aprelində də görmüşdü. Xalqın orduya inamını da, ordunun xalqa necə arxalandığını da bu ilin iyulunda gördü".
Ermənistanın hərbi birləşmələrinin iyulun 12-də Tovuz rayonu istiqamətindən dövlət sərhədimizi pozmaq cəhdinin qarşısı qətiyyətlə alındı. Döyüşlərin iştirakçılarının hər birini qəhrəman bilirik; fərdi qəhrəmanlıqlar ruhun qəhrəmanlığını müəyyənləşdirir. İyul döyüşlərində də azərbaycançılıq qalib gəldi, Hərbi anda, dövlətçiliyə sədaqət qalib gəldi, Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu qalib gəldi. Düşmən də, onun havadarları da Azərbaycan əsgərinin Vətən sevgisini, Vətən üçün necə döyüşdüyünü, necə qalib gəldiyini, ... bir daha gördü və dərk etdi ki, Azərbaycandan torpaq ala bilməyəcək. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qürurla bildirib: "Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağını keçə bilməmişlər". Bu qürur bir döyüşün qürurudu, sonrakı döyüşlərdə qazanılacaq qürurların başlanğıcıdı.                           
Səngərdəyik...       
Torpaq doyar-doymaz ötərgi yay yağışı kəsir. Göyqurşağı görünür. Göyün qurşağı göy üzünü gözəlləşdirir. Bu gözəlləşməni təbiətin döyüş növbətçiliyi aparan əsgərlərə səmavi ehtiramı bilirəm...
Döyüş növbətçiliyindən qayıtmış əsgərlərimizin əhatəsindəyəm. Söhbətə başlanğıc kimi "Yağış başlayanda qaşlarınız çatılmışdı..." - deyirəm. "Yağış bitincə eynimiz açılır..." deyirlər və gözaltı qarşı tərəfə baxırlar. Əsgərlərimizin döyüş növbətçiliyinin mahiyyəti bu baxışların ifadə etdiyi mətləbi  tamamlayır. Zabit Çingiz Mahmudov qənaətimizi könül xoşluğu gətirən təbəssümlə tamamlayır:
- Əsgərlərimiz döyüş növbətçiliyini böyük məsuliyyətlə aparırlar. Bu, təkcə  mövqenin deyil, ümumən ərazinin, əslində, Vətənin təhlükəsizliyi üçündü. Düşmən Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığından da çəkinir, bu hazırlığın tərkib hissəsi olan diqqətcilliyindən, ayıq-sayıqlığından da. Düşmən bilir ki, mövqeləri nəzarətdə saxlanılır, əsgərlərinin hər tərpənişi diqqətlə izlənilir. Barmağı tətiyə dəyən kimi cavab aldığından cızığından çıxmağa cəsarət etmir...
Zabitin dediklərinin yaratdığı qürur döyüş növbətçiliyindən qayıtmış əsgər Ruslan Haqverdiyevi söhbətə çəkir, özünün də, əsgər yoldaşlarının da xidmətinə verilən dəyər düşüncələrinin işığına dönür:
- İlk döyüş növbətçiliyimi xatırlayıram. Növbətçilikdən əvvəl komandirim, təcrübəli əsgər yoldaşlarım nə etməli olduğumu başa salmışdılar. Bütün diqqətimlə düşmənin mövqeyini müşahidə edirdim. Növbətçiliyim müddətində qarşı tərəfdə düşmənin heç bir tərpənişini hiss etmədim...
Əsgər Elçin Cəfərov əsgər yoldaşının fikrinə ərklə müdaxilə edir:
- İlk döyüş növbətçiliyinin həyəcanını müəyyən fərqlərlə hamımız yaşamışıq. Bu həyəcanın ömrü ilk növbətçilik müddəti başa çatana kimidi. Həyəcanı Vətən sevgisinə, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətə söykənən məsuliyyət əvəzləyir və əsgər ayların əsgəri kimi qətiyyətləşir.
Həm jurnalist kimi, həm də vətəndaş kimi döyüş növbətçiliyini istidə-bürküdə, soyuqda-sazaqda, yağışda-qarda  da Vətən sevgisiylə qoşa aparan əsgərlərin düşüncələrinə ehtiramımızı bildirirəm:
- İstər 2016-cı ilin Aprel döyüşlərini, istərsə də bu ilin iyul döyüşlərini sizinlə nəfəs-nəfəsə xatırlamaq bənzərsiz könül xoşluğudu. Bilirik ki, siz də Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq əsgərlərin sırasında olmaq istəyirsiniz.
- İyulda əsgərlərimizin hamısı döyüşlərə can atırdı. Ehtiyac olmadığına görə döyüşlərə cəlb olunmadılar, - zabit Çingiz Mahmudov belə deyir və əsgərlərə baxır, əsgərlər qarşı tərəfə. Zabitin baxışlarında sevgi, əsgərlərin baxışlarında hiddət görürəm; zabitin əsgərlərə sevgisi əsgərlərin düşmənə nifrətiylə elə gözəl tamamlanır ki! Bu möhtəşəm tamamlanma Böyük Qələbəyə inamın əlaməti kimi düşüncələrimə hopur...
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüşlər haqqında dediyi "...onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi..." fikirlərinə istinadən iyul döyüşlərində qazanılan qələbədən danışırıq. Bu ovqat içində zabitin də, əsgərlərin də təəssüfünü sezmək çətin deyil. Qələbəyə görə sevinənlər döyüşdə iştirak etmədiklərinə təəssüflənirlər. Belə təəssüfləri Lələtəpə ətrafında da duymuşam, Bayraqtəpə ətrafında da. Lələtəpədən, Bayraqtəpədən nisbətən uzaqda yerləşən hərbi hissələrdə xidmət edənlərin düşüncələrində də belə təəssüflər olub. Bu da vətənpərvərlikdi. Zabitin dediklərini belə yaşarı vətənpərvərliyə düşüncə qafiyəsi bilirəm.
- Əsgərlərimiz mərdliklə döyüşdü. General-mayor Polad Həşimovu da, polkovnik İlqar Mirzəyevi də tanıyırdım. 2016-cı ilin Aprel döyüşlərində iştirak edənlərin hamısı hər iki zabitin  döyüşdə iştirakı, şücaəti haqqında böyük qürrə ilə, fəxrlə, vətənsevərliklə danışırdı. Onlar bu döyüşdə də döyüşənlərin sırasında olub...
Düşüncələrimiz bu gərəkli düşüncələrdən doymamış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Əliyev deyir:
- Bu qələbə həm də əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının nəticəsidir.
- İyul döyüşlərində bizim iştirakımıza ehtiyac olmadı. Mən Goranboydanam, Elçin Füzulidəndi, Şəhriyar Lənkərandan. Azərbaycanın üç Milli Qəhrəmanı bizim hərbi hissədə xidmət edib, bu gün onların ruhu sıramızdadı. Ali Baş Komandanın döyüş əmriylə biz də döyüşmək, torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq istəyirik. Qələbədən sonra şəhidlərin ruhuna "Qisasınızı aldıq!" pıçıldayacağıq, - əsgər Ruslan Haqverdiyev belə deyir. Keçən il Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına postda eşitdiklərimin eynini eşitmək ürəyimi telləndirir...
Azərbaycan Respublikası Prezidentinin dediyi "...Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır" fikrini xatırlayırıq. Zabit yamac boyunca uzanan nazik cığıra sarı baxır və:
- Fəxr edirəm və qürrələnirəm ki, bizim əsgərlərimizin də həyat amalı, hərbi xidməti ölkə başçısının tövsiyələri ilə səsləşir. Elvindən bir neçə yaş böyük olan əsgərlərimiz Prezidentimizin Elvinə dediklərini özlərinə də aid edirlər, yəni, onlar da qəhrəmanlarımızın döyüş yolunu sədaqətlə davam etdirəcəklər, - deyir.
Səmimi söhbət əsgərləri duyğulandırır. Elşən Quliyev ürəyəyatımlı fikir deyir:
- 2016-cı ilin Aprel döyüşləri də, 2020-ci ilin iyul döyüşləri də Böyük Qələbəyə kimi qürurla xatırlanacaq. Biz əsgər kimi, çağırışçılar gələcəyin əsgəri kimi qəhrəmanların döyüş yolunu, qəhrəmanlıqların mahiyyətini sevgilərlə, vətəndaş kimi öyrənirik.
Zabit əsgərin fikrini tamamlayır:
- Bu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olur.
Ötən il Əlibəylidə davarını örüşə aparan ağsaqqalla kəlmələşmişdik. O söhbət yadıma düşür:
- Bizi də, torpaqlarımızı da qoruyan ordumuz var. Ermənilər əl-ayaq tərpədənə kimi əsgər balalarımız onları susdururlar. Heç nədən çəkinmirik. Son nəfəsimiz ata ocağına sarılacaq. Səngərlərdəki əsgərlər hər evin əzizidi. Burada xidmət edib tərxis olunan neçə əsgər sonralar kəndə gəlib, hamısı camaatın əzizi kimi qarşılanıb.
O söhbəti xatırladıram və bir anlığa əminliklə:
- Bizə elə gəlir ki, döyüşlər başlayanda Əlibəyli kəndinə gələnlərin sırasında vaxtilə burada xidmət etmiş əsgərlər də olublar. Oğul kimi gəliblər, döyüşçü kimi gəliblər. Onların köməyinə ehtiyac olmayıb. Döyüşlər qələbəylə başa çatana kimi kənddən çıxmayıblar.
Dediklərimiz zabiti duyğulandırır:
- Əlibəylili kişinin dedikləri böyük sevgidi. Həm əlibəylililərə, həm də Əlibəylidə xidmət etmiş əsgərlərə, o əsgərlərin timsalında ordumuza...
...Göy üzündə bir topa qarayaçalan bulud görünür. Zabit baxışlarımızın səmtini duyunca deyir ki, gəldi-gedər buluddu, yağışı yoxdu. Bu fikri uşaqlığımda da eşitmişdim, müharibədə Füzulinin Qacar kəndində də, Ərgünəşin ətəklərində də, Murovdağda da, Zəngilanda Şüküratazda da, Ağdərədə də. Müxtəlif vaxtlarda müxtəlif məkanlarda eşitdiyim bu fikri neçə yüz kilometrlərlə aralıda, həm də belə bir məkanda yenidən eşitmək düşüncələrimə də, yaddaşıma da bənzəri olmayan duyğular kimi hopur. Ön xətdə, səngərdə belə məzmunlu, fəlsəfi mahiyyətli fikir mənə əsgərlərə xitabən  "Sən dövlətə sədaqətin əsgərisən, Vətən adlı bir qüdrətin əsgərisən!" dedizdirir. Mənə elə gəlir ki, xırdaca-xırdaca əsən meh bir azdan kükrəyəcək, bu kəlmələri uzaqlara aparacaq...


Rəşid HÜSEYNOV, əməkdar jurnalist