Qarabağ xanlığı
Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşarın qurduğu nəhəng imperiya dağılandan sonra yaranmışdı. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığının sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.
Qarabağ xanlığının banisi Pənahəli xandır (1747-1763).
Pənahəli xan yenicə yaranmış Qarabağ xanlığını möhkəmləndirmək üçün həm daxili, həm də xarici düşmənlərə qarşı uzun və gərgin mübarizə aparmalı olmuşdu. Daxildə onun hakimiyyəti üçün ən böyük təhlükəni Qarabağın xristian məliklikləri (Çiləbörd, Gülüstan, Xaçın, Vərəndə və Dizaq) yaradırdı. Nadir şahın hakimiyyəti dövründə nisbi müstəqillik əldə etmiş bu məlikliklər müstəqil Qarabağ xanlığının yaranmasını düşmənçiliklə qarşıladılar. Tezliklə Azərbaycan torpaqlarını işğal etməyə çalışan Rusiyanın və onun əlaltısı olan Kartli-Kaxetiya çarlığının əlində oyuncağa çevrilən məliklər Qarabağ xanlığını məhv etmək və onun yerində erməni dövləti yaratmaq üçün fürsət axtarırdılar. Lakin Pənahəli xanın yeritdiyi uğurlu siyasət onlara öz niyyətlərinə çatmağa imkan vermədi.
Qarabağ xanlığının yarandığı ilk dövrlərdə Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlərindən biri xanlığın paytaxt şəhərinin yaradılması idi. Bir tərəfdən daxili çəkişmələr, digər tərəfdən isə qonşu xanlıqların və İranda hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı feodal hakimlərin hücum təhlükəsi Qarabağ xanını güclü müdafiə imkanları olan şəhər-qala tikdirməyə məcbur edirdi. Bu qala, eyni zamanda, Qarabağ xanlığının paytaxtı rolunu oynamalı idi. 1748-ci ildə əsası qoyulmuş Bayat qalası məhz bu məqsədə xidmət edirdi. Lakin qala düşmən hücumlarının qarşısını almaq baxımından kifayət qədər etibarlı olmadığına görə 1751-ci ildə daha bir şəhər-qalanın - Şahbulaq qalasının əsası qoyuldu.
Lakin Şahbulaq qalası da cəmi üç-dörd il ərzində Qarabağ xanlığının paytaxtı funksiyasını yerinə yetirə bildi. Bölgədə getdikcə qızışmaqda olan ara müharibələri Pənahəli xanı daha etibarlı, əlverişli və düşmən hücumu üçün əlçatmaz olan yeni bir şəhər-qala tikdirməyə məcbur edirdi. Bu məqsədlə toplanmış məşvərət məclisində Pənahəli xan əyanlara müraciətlə demişdi: "Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz bir an belə kəsilməməlidir". Uzun axtarışlardan sonra dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası xanlığın yeni paytaxtı üçün əlverişli hesab edildi və 1753-1754-cü illərdə onun tikintisinə başlanıldı.
1756-/1757-ci illərdə xanlığın paytaxtı Şahbulaq qalasından buraya köçürüldü. Yeni şəhər-qala mövcud olduğu ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə bu yerin qədim adı ilə Şuşa adlandırıldı və Qarabağ xanlığının daimi paytaxtına çevrildi.
Şuşa şəhərinin yaranması Qarabağ xanlığının sonrakı hərbi-siyasi tarixində mühüm rol oynadı. Məhz bu qalanın mövcudluğu sayəsində Qarabağ xanlığı çox güclü düşmənlərin hücumlarının qarşısını almış, öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuşdu. Qarabağ xanlığına ilk belə güclü hücum 1757-ci ildə olmuşdu. Məhəmmədhəsən xan Qacar həmin ilin avqustunda 30 minlik ordu ilə xanlığın paytaxtı Şuşaya hücuma başladı. Xatın arxı deyilən yerdə düşərgə salan Qacar ordusu şəhəri mühasirəyə aldı. Bir aydan artıq davam edən mühasirə zamanı Qacar ordusunun Şuşanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər uğursuzluqla nəticələndi. Böyük itki verən və aclığa davam gətirməyən düşmən ordusunda döyüş intizamı pozuldu. Nəticədə Məhəmmədhəsən xan Qacar Şuşa qalasını ələ keçirə bilmədi və çox böyük itkilər verərək geri döndü.
Məhəmmədhəsən xan Qacarın məğlubiyyətindən az sonra Şuşa Urmiya hakimi Fətəli xan Əfşarın hücumuna məruz qaldı. Faktiki olaraq Qaradağ, Marağa, Urmiya və Təbriz xanlıqlarının hakiminə çevrilmiş Fətəli xan 1760-cı ildə Azərbaycanın şimal xanlıqlarını da ələ keçirmək qərarına gəlmişdi. O, ilk növbədə, Cənubi Qafqazın açarı hesab edilən Qarabağ xanlığını tabe etməyə cəhd göstərdi. Nadir şahın əsas məmurlarından olmuş və İran taxtını ələ keçirməyə çalışan Fətəli xan Əfşar Cənubi Azərbaycanı ələ keçirdi və öz ordusu ilə Qarabağa gəldi.
Urmiya hakimi öncə Pənahəli xanın yanına mahir elçilər göndərib, onu itaətə və ittifaqa dəvət etdi. Lakin Pənahəli xan elçiləri kobud cavablarla geri qaytardı. Rədd cavabı alan Fətəli xan 30 minlik ordu ilə Qarabağa yürüşə başladı. Lakin onun Şuşanı qəfil hücumla ələ keçirmək planı baş tutmadı. Belə olduqda o, Şuşanı mühasirəyə alaraq şəhərin müdafiəçilərini aclıqla taqətdən salıb öz məqsədinə çatmağa cəhd göstərdi. Fətəli xan Əfşar Pənahəli xandan narazı olan bir çox yerli hakimləri və qonşu xanları öz ətrafına toplayaraq Şuşanın 17 verstliyində olan Xocalı kəndində möhkəmləndi. Beləliklə, müharibə partizan müharibəsi xarakteri aldı. Qara Murtuz bəy və Pənahəli xanın başqa silahdaşları bu yerlərə bələd olmayan düşmən qüvvələrini müvəffəqiyyətlə tələyə salaraq qırırdılar. Şuşanın altı aya qədər davam edən mühasirəsi zamanı Fətəli xanın ordusu ciddi itkilərə məruz qaldı. Sonuncu hücumda Urmiya xanı ölənlər və əsir düşənlərlə birlikdə 2 min nəfər əsgər itirmişdi.
Şuşa şəhərini döyüşlə ələ keçirməyin mümkün olmadığını başa düşən Fətəli xan hiyləyə əl atdı. O öz qızını Pənahəli xanın oğlu İbrahimxəlil ağaya ərə vermək və bununla da guya düşmənçiliyə son qoymaq istədiyini bildirdi. Uzun sürən döyüşlər zamanı xeyli qüvvə itirmiş və zəifləmiş Qarabağ xanı təklifin hiylə olduğunu başa duşsə də, buna razılıq verdi. Fətəli xanın düşərgəsinə gələn İbrahimxəlil ağa həbs edildi və Urmiyaya aparıldı. Bununla belə, Fətəli xan Əfşar əsas məqsədinə nail olmadı. Şuşa qalasını ələ keçirə bilmədi.
XVIII əsrin 90-cı illərində Ağa Məhəmməd şah Qacar öz hakimiyyətini Azərbaycanın şimal xanlıqlarına da yaymaq qərarına gəldi. Ancaq onun Qarabağ xanlığını danışıqlar yolu ilə tabe etmək cəhdi heç bir nəticə vermədi. İbrahimxəlil xan Ağa Məhəmməd şahın təklifini nəinki qəbul etmədi, onu hətta hökmdar kimi tanımaqdan imtina etdi.
Məqsədinə dinc yolla çata bilməyən Ağa Məhəmməd şah 1795-ci ilin yayında çox güclü bir ordu ilə Qarabağa hücuma başladı və tezliklə Şuşa şəhərinə yaxınlaşdı. Lakin Qacar ordusunun çox böyük üstünlüyünə baxmayaraq, Şuşanı hücumla ələ keçirmək mümkün olmadı. Bir tərəfdən şəhərin çox güclü hərbi-strateji mövqeyə və müdafiə qurğularına malik olması, digər tərəfdən isə Qarabağ əhalisinin öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxması Qacara öz planını həyata keçirmək imkanı vermədi. Vəziyyəti belə görən Qacar Şuşanı mühasirəyə alıb əhalini aclıq yolu ilə təslim olmağa məcbur etmək qərarına gəldi. Eyni zamanda, düşmən artilleriyası Şuşanın qala divarlarını fasiləsiz atəşə tutmaqla onu dağıtmağa çalışdı. Lakin bu da gözlənilən nəticəni vermədi. Ağa Məhəmməd şah müşahidə etdi ki, toplar qalanın hasarını dağıtmağa qadir deyil. Otuz üç gün davam edən hücumun heç bir nəticə vermədiyini və şuşalıların müqavimətini qırmağın mümkün olmadığını görən Ağa Məhəmməd şah şəhərin mühasirəsindən əl çəkməyə məcbur oldu və öz ordusunu Gürcüstana yeritdi. Doğrudur, Qacar hakimi 1797-ci ildə baş vermiş ikinci yürüşü zamanı Şuşaya daxil ola bildi. Lakin cəmi üç gün sonra yaxın adamları tərəfindən qətlə yetirildi.
Çox güclü düşmən hücumları qarşısında baş əyməməsi Şuşanın şöhrətini artırmaqla yanaşı, onun sürətlə inkişaf etməsinə və əhalisinin sayının artmasına gətirib çıxardı. XVIII əsrin sonlarında burada 17 məhəllə mövcud idi. Bu məhəllələrdən 9-u Pənahəli xanın, 8-i isə onun varisi İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1806) salınmışdı. Müasirlər XVIII əsrin sonlarında Şuşada təxminən 2-3 min ev olduğunu qeyd edirlər ki, bu da 10 min nəfərdən çox əhali deməkdir. Şəhər camaatının əsasını vaxtilə Bayat və Şahbulaq qalalarından köçürülənlər təşkil edirdi. Bununla yanaşı, Şuşanın əhalisi içərisində mənşəcə qarabağlı olmayanların da xüsusi çəkisi böyük idi. Hələ Pənahəli xanın hakimiyyətinin ilk dövrlərində Təbrizdən və Ərdəbildən xeyli əhali, xüsusilə sənətkarlar Bayat qalasında yerləşdirilmişdi.
Pənahəli xanın və İbrahimxəlil xanın fəaliyyətində Qarabağ xanlığının ərazisini genişləndirmək və son nəticədə pərakəndə Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasəti özünü aydın göstərirdi. Pənahəli xan qonşu xanlıqların da torpaqlarını ələ keçirmək siyasəti yeridirdi. Pənahəli xan Şuşa şəhərinin əsasını qoyduqdan sonra əvvəllər Qarabağ xanlığının tərkibində olan Mehri və Sisian mahallarını, Təbriz xanlığının tərkibində olan Zəngəzur və Qafan mahallarını, habelə İrəvan və Gəncə xanlıqlarına məxsus olan bir çox torpaqları ələ keçirib Qarabağ xanlığının tərkibinə qatmışdı.
Pənahəli xanın ölümündən sonra hakimiyyət başına gəlmiş İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. Pənahəli xanın Qarabağ xanlığının sərhədlərini genişləndirmək siyasəti İbrahimxəlil xan tərəfindən uğurla davam etdirilirdi. Tam müstəqil xarici siyasət yeridən Qarabağ xanlığı dövlətlərarası münasibətlərdə müstəqil tərəf kimi qəbul edilirdi. Heç də təsadüfi deyil ki, İbrahimxəlil xanın 1784-cü ildə Sankt-Peterburq şəhərinə göndərdiyi Musa sultan Rusiya tərəfindən böyük bir dövlətin nümayəndəsi kimi qəbul edilmiş, onun şərəfinə təntənəli qəbul düzəldilmişdi.
Beləliklə, XVIII əsrin 60-80-ci illərində Qarabağ xanlığı yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrilmişdi. Bu dövrdə Azərbaycanla qonşu olan Osmanlı Türkiyəsi, İran və Rusiya kimi daha güclü dövlətlər özlərinin Qafqaz siyasətini həyata keçirərkən Qarabağ xanlığının mövqeyi ilə hesablaşmalı olurdular. Bununla belə, XVIII əsrin sonlarından başlayaraq Azərbaycanın şimal xanlıqlarının, o cümlədən Qarabağ xanlığının müstəqilliyi üçün ciddi təhlükə yaranmağa başladı. Ağa Məhəmməd şah Qacarın 1795 və 1797-ci illər yürüşləri, V.Zubovun başçılığı ilə rus ordusunun 1796-cı il yürüşü tezliklə İran-Qacar dövlətinin və Rusiyanın Cənubi Qafqaza münasibətdə daha qətiyyətli addım atacaqlarından xəbər verirdi. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İran-Qacar dövlətində hakimiyyət uğrunda yeni qüvvə ilə qızışan mübarizədən qalib çıxan Fətəli şah 1797-ci ildə İrəvan qalasını ələ keçirdi və Azərbaycan xanlarından, o cümlədən İbrahimxəlil xandan itaət etməyi tələb etdi. XIX əsrin əvvəllərində Qarabağ xanlığı daha güclü bir düşmənin - Rusiya imperiyasının hücum hədəfinə çevrildi. 1801-ci ildə Şərqi Gürcüstanı ələ keçirən bu dövlət az sonra Azərbaycanın Car-Balakən camaatlığını, İlisu sultanlığını və Gəncə xanlığını işğal etdi. 1804-cü ildə başlamış Rusiya-İran müharibəsinin ilk günlərindən hər iki dövlət Qarabağ xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. İran-Qacar dövlətini Qarabağ üçün daha böyük təhlükə hesab edən İbrahimxəlil xan Rusiyanın himayəsi altına keçməklə öz hakimiyyətini saxlayacağına ümid bəsləyirdi. Elə bu səbəbdən o, Qafqazdakı rus qoşunlarının komandanı general P.Sisianovun Rusiyanın himayəsi altına keçmək təklifini qəbul etdi və danışıqlara başladı. Uzun sürən bu danışıqlar 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsinin bağlanması ilə nəticələndi. Kürəkçay müqaviləsi ilk baxışdan Qarabağ xanlığının müstəqilliyinin saxlanılması görüntüsü yaratsa da, əslində onun imzalanması həm İbrahimxəlil xan, həm də onun xanlığı üçün ağır nəticələrə gətirib çıxardı. Ruslar 1806-cı ildə İbrahimxəlil xanı ailə üzvləri ilə birlikdə çox böyük amansızlıqla qətlə yetirdilər. 1813-cü ildə İran-Qacar dövləti ilə müharibəni qələbə ilə başa vuran çar hökuməti bundan bir qədər sonra, daha doğrusu, 1822-ci ildə Qarabağ xanlığını ləğv etdi.
Hazırladı: Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"