Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2020 10:14

Xalqın sizə inamı qalibiyyət bayrağındı, Azərbaycan əsgəri!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi elan edilmədən başlayan və davam edən müharibəyə səbəb olub. Beynəlxalq təşkilatlar bu münaqişənin həlli ilə bağlı qətiyyətli mövqe göstərmir. Bu səbəbdən də işğalçı dövlət atəşkəsi müntəzəm olaraq pozur, təmas xəttində təxribatlar törədir. İşğalçılıq niyyətinin davamı olan belə təxribatlar münaqişənin həlli prosesini uzadır.
Ermənistanın silahlı qüvvələrinin bölmələri iyulun 12-də günorta saatlarında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində böyük siyasi niyyətlə dövlət sərhədlərimizi pozdu. Ağır döyüşlər getdi. Azərbaycan Ordusunun bölmələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Böyük itkilər verən düşmənin hücum planı pozuldu.
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında ermənilərin dövlət sərhədimizi pozmaqla hücuma keçməsini həm siyasi, həm də hərbi baxımdan təhlil etdi. Ölkə başçısı bildirdi ki, "Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb...". Bu fakt təsdiqləyir ki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili münasibət bəsləyir, məsələyə yanaşmada ciddi, ədalətli mövqe sərgiləmir. Beynəlxalq təşkilatlar qəbul edilmiş qətnamələrin yerinə yetirilmədiyinə görə niyə işğalçı dövləti ən azından ciddi qınamır? İşğalçı dövlət beynəlxalq təşkilatların nüfuzundan, təsiretmə mexanizmindən çəkinsəydi, Azərbaycanın işğal etdiyi torpaqlarından geri çəkilərdi, münaqişə sülh yolu ilə həll edilərdi, münaqişə həll edilməmiş yeni ərazilər işğal etməyə cəhd göstərməzdi. Azərbaycan Respublikasının Prezidenti iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında beynəlxalq təşkilatları yenə fəaliyyətsizlikdə, təsirsiz və birtərəfli fəaliyyətdə təqsirləndirdi, Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsi istəyini də ifadə edərək dedi: "Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik". Bu fikir beynəlxalq təşkilatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyət göstərməyin gərəkliyini xatırlatdı. Bu xatırlatmanı "Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır" fikri tamamladı. Dünya ictimaiyyəti də, beynəlxalq təşkilatlar da, "bütün dayaqlarını itirməkdə olan işğalçı Ermənistan" da, onun havadarları da bildi ki, münaqişəni Azərbaycan Ordusunun həll edəcəyi ehtimalı istisna deyil, Azərbaycan Ordusu buna qadirdir...
Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun daha da artmasından narahat olan  Ermənistanın təxribata meyillənməsi həm ermənilərin diqqətini daxili vəziyyətin gərginliyindən yayındırmaq, həm də digər siyasi aspektlər üçündü. Azərbaycan Respublikasının Prezidenti qətiyyətlə bildirdi ki, "...hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir".
Dünya dövlətləri bilirmi ki, Ermənistanda hakimiyyət dəyişə bilər, ancaq bu münaqişənin həlli ermənilik xislətinin aradan qaldırılması ilə başa çatacaqdır. Beynəlxalq təşkilatlar erməniliyin aradan qaldırılmasına nail ola bilməsələr bunu Azərbaycan Ordusu yerinə yetirəcəkdir. Torpaqlarını işğaldan azad etməklə, beynəlxalq təşkilatlara qəbul edilmiş qərarlara ciddi nəzarət edilməsinin bəşəriliyə xidmət olduğunu, Azərbaycanın timsalında dövlətçiliyin, dövlətin necə qorunduğunu xatırlatmaqla yerinə yetirəcəkdir...
İyulun 14-də minlərlə gənc, Qarabağ müharibəsi veteranı, əlillər Şəhidlər xiyabanında orduya dəstək aksiyasına gəlmişdi. Gözəl missiyaydı. Döyüşlərdə iştirak etmək istəyənlər də, onların niyyətinə xeyir-dua verənlər də döyüşlərin Böyük Qələbəylə tamamlanması niyyətinin əhatəsindəydi. Bu, ordu ilə xalqın birliyinin təzahürüydü. Bu izdihamın mahiyyəti mənə 2016-cı ilin aprel ayının əvvəllərini xatırladırdı. Əsgərləşənlər döyüşən əsgərlərin sırasında olmaq, döyüşmək, işğalı sonlandırmaq, döyüşməyə fiziki imkanı olmasa da, ürəyinin təpəri ilə gələnlər onları uğurlamaq istəyirdi. O vaxtlarda Birinci Qarabağ müharibəsindən tanıdığım 2-ci qrup əlil Sahib Aslanovun dediklərini xatırlayıram: "Bizim köməyimizə ehtiyacı olmasa da, kürəyində xalqın nəfəsini hiss edən əsgərin qələbə ruhu daha da yüksəlir." Sahibin qətiyyətinin eyni bildiyim bu izdihamda dövləti təmsil edən rəsmilər ordu ilə xalqın birliyinin böyük qüvvə olduğunu bildirdilər...
Məlum qətnamələri yerinə yetirilməyən BMT-ni qətiyyətsizlikdə qınayan xalq bu münaqişəni Azərbaycan Ordusunun həll edəcəyinə inanır. Əmindir ki, dünyanın ən güclü ordularından biri olan Azərbaycan Ordusu elan edilmədən başlayan müharibəni sonlandırmağa, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Xalqın bu səviyyədə qətiyyəti 1991-ci ildə rus imperiyasını çökdürmüşdü. Onda xalqın ordusu yox idi. İndi qüdrətli ordusu var. İyulun 14-də Şəhidlər xiyabanındakı izdiham işğalçı dövlətə də, onun havadarlarına da xatırlatdı ki, Azərbaycan Ordusunun əsgərlərinin sayı xalqın əli silah tutanlarının sayı qədərdi. Onu da dərk etdilər ki, Azərbaycanda Vətən müqəddəslik mərtəbəsində qorunur, şəhidlik bu xalqın milli mentalitetinin tərkib hissələrindən biridir. 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarının döyüş yolunu davam etdirən hərbçilərimizin hər biri üçün Hərbi and var, Vətənin ululuğu var, dövlətə, dövlətçiliyə sədaqət var. Bu sədaqət həm də döyüşlərlə yerinə yetirilir. Azərbaycan əsgəri döyüşlərdə şəhid olanlarımızın ruhunun nigarançılığını qələbələrin sonlandıracağına inanır və belə xidmət edir.
2017-ci ilin martında ön xətdə Novruz bayramı tədbirində polkovnik Polad Həşimovla söhbətləşmişdik. Qürurla Aprel döyüşlərindən danışmışdı, torpaqlarımızı işğaldan azad etməyə qadir olan əsgərlərimizin vətənsevərliyindən, qorxmazlığından danışmışdı. Onda Aprel döyüşlərindən sonra “Polad” postu adlandırılan mövqedən də söz açmışdım. "O postun döyüşdə iştirak edən hər əsgərin adıyla çağırılması daha ədalətli olardı. Dediyiniz postu Azərbaycan əsgəri adına post kimi tanıyıram, belə də tanınmasını istəyirəm", - demişdi. "Təvazökarlıq Azərbaycan zabitinin mənəvi keyfiyyətlərini nə gözəl tamamlayır!", - demişdim. Gülümsünmüşdü. Ehtirama dirsəklənmiş bu təbəssümün Aprel döyüşlərinin iştirakçılarına ad olduğunu duymaq çətin deyildi...
İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhid oldular. İyulun 13-də döyüşlər zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Rəşad Mahmudov şəhid oldu. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov qəhrəmancasına şəhid oldu. Düşmən hücumunun qarşısını alarkən polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı,  gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə şəhid oldular. İyulun 14-də Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kənd sakini Əziz Əzizov yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən o, aldığı çoxsaylı qəlpə xəsarətləri nəticəsində həlak oldu. İyulun 16-da döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nazim İsmayılov şəhid oldu.
 Ön xətdə Aprel döyüşlərinin iştirakçısı olmuş zabitlərdən polkovnik İlqar Mirzəyevin də şücaətlə döyüşdüyünü eşitmişəm. O döyüşlərin qəhrəmanları bu döyüşlərin də qəhrəmanı oldular. O döyüşlərdə qazi kimi, bu döyüşlərdə şəhid kimi tarix yazdılar…
Şəhidlərin hər birinin dəfni dünya ictimaiyyətinə bir daha xatırlatdı ki, Azərbaycanda şəhidlərə dövlət səviyyəsində ehtiram var və bu ehtiram bəşəri, yaşarı ehtiramdır.
Müharibə başlayalı düşüncələrimizi əsgərlərimizin döyüş əzmi, qələbə ruhu nizamlayıb, əsgərlərimizlə döyüşdən əvvəl də söhbətləşmişik, döyüşdən sonra da. Hər söhbətdə qətiyyətin, dövlətə, dövlətçiliyə sədaqətin eynini görmüşəm. Son illərdə əsgərlərimizdə bir narahatlıq da hiss etmişəm - bütün əsgərləri Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə bir sırada "kaş ki, döyüş əmri biz tərxis olunanacan veriləydi" istəyi də birləşdirir.
Ötən il indi döyüşlər getmiş Ağdam kəndində ezamiyyətdəydim. Döyüş növbətçiliyi aparan əsgərlərin sırasında Ruslan Şərifovla Nurlan Şərifovu orada tanımışdım. Nurlanla Ruslanın əkiz qardaş olması ürəyimi telləndirmişdi. Qardaşlar Qəbələnin Cığatelli kəndindəndirlər. Eyni gündə məktəbə gediblər, eyni sinifdə oxuyublar, eyni gündə hərbi xidmətə çağırılıblar, eyni gündə Hərbi and içiblər, eyni taqımda xidmət edirdilər, eyni vaxtda döyüş növbətçiliyinə gedirdilər. Aqil insanların dediyi kimi, qardaşdırlar, müqayisəyəgəlməz səmimiyyətlə yoldaşdırlar...
Leytenant Nəsimi Həsənli demişdi ki, ikisi də nümunəvi xidmət edir, döyüş növbətçiliyini də yüksək məsuliyyətlə aparır.
Dörd nəfəriydik: leytenant Nəsimi Həsənli, Nurlan, Ruslan, mən. Səmimi söhbətləşirdik:
- 2016-cı ilin Aprel döyüşlərində orta məktəbdə oxuyurduq. Əsgərlərimizin qazandığı qələbələr bizim də qürurumuz oldu. O günlərdə hamı kimi biz də döyüşlərlə nəfəs alırdıq, özümüzü xəyalən əsgərlərimizin sırasında hiss edirdik. Həmin günlər biz yaşda uşaqları əsgərləşdirdi, - Nurlan belə demişdi.
- Onda Ruslan dedi ki, ordumuz Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan tamamilə azad edəcək. Sinif yoldaşlarımızın hamısının barmaqları yumruqlaşmışdı. Nurlan dedi ki, biz də yaxın vaxtlarda belə bir ordunun əsgəri olacağıq, - Ruslan belə demişdi.
Düşüncələrimdə Nurlan və Ruslan Şəfiyev qardaşları ilə döyüşün qalibləri kimi söhbətləşirəm...
Azərbaycan Ordusu güclü ordudur. Düşmənin planlı hücumunun qarşısı da alındı, neçə-neçə dayaq məntəqəsi dağıdıldı, onlarla döyüş texnikası, yüzlərlə canlı qüvvəsi məhv edildi...
General-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyevin böyük izdihamlı dəfnində İkinci Fəxri xiyabana minlərlə insan gəlmişdi. Vətəndaşlıq borcu, mənəvi həmrəylik kimi. General-mayor Polad Həşimovun bacısının dediklərini "Mənim Poladım idi, gördüm ki, hamınızın Poladı imiş", yəni, Vətənin Poladı imiş, dəfndə iştirak edən vətəndaş qızın "Elə bilirəm atamı itirmişəm" təəssüf-ağrısı, gənc oğlanın "Hər birimiz Ali Baş Komandanın döyüş əmriylə əsgərlərimizin sırasında olmağa hazırıq", ... fikirlərini ordunun gücünə, qüdrətinə inam bildim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında general-mayor Polad Həşimovun orduda çox böyük nüfuzu olduğunu, Aprel döyüşlərində rəşadət göstərdiyini, general-mayor Polad Həşimovun da, polkovnik İlqar Mirzəyevin də qəhrəmanlıqla döyüşdüyünü xatırlatdı. Dəfndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin telefonla şəhidlərin ailələrinə başsağlığı verməsi dövlətin şəhidlərə ehtiramının, şəhidliyə müqəddəs münasibətin təsdiqidir...
...Ermənilər Tovuz rayonu istiqamətindən dövlət sərhədlərimizi pozmağa cəhd etdi. Azərbaycan əsgəri qələbə qazandı. Azərbaycan Ordusunun bölmələri düşmənin neçə-neçə dayaq məntəqəsini dağıtdı, neçə-neçə döyüş maşınını, onlarla əsgərini, zabitini məhv etdi. Ali Baş Komandanın döyüş əmri də qələbə ilə tamamlanacaq!...
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist