Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2020 11:00

Sazlar “Misri” üstə köklənir bu gün...

Hər havacatın mahiyyət aşıladığı ovqat var. Sazın möcüzəsidi bu. Min illərdi belədi, əbədiyyətəcən belə olacaq... Şah İsmayıl Xətainin ordusu döyüşdən qabaq "Urfanı" ("Ruhani") dinləyərdi. Dinləmək nədi, "Urfanı"nı ruhuna köçürərdi, döyüşə (onda döyüşün bircə adı vardı: Qələbə) kökləyərdi. Təzənə simlərə dəyincə ürəklər coşardı, son xalları-gülləri əli qılıncının qəbzəsini sıxanları döyüşə uğurlayardı, döyüş ruhunu zəfərə kökləyərdi; "Urfanı" ("Ruhani") Vətən deyənlərə, torpaq deyənlərə "Zəfər sənin zəfərindi!" deyirdi. "Misri" üstə dinlədiyimiz bu ifa Tovuzda qələbə qazananlara da, şəhidlərin ruhuna da eyni kəlmələri deyir...
Dədə Qorqud boy boylayırdı, soy soylayırdı. Hansı əsər olursa-olsun, ruhunda Dədə Qorqud zərrəsi varsa, könülə yatır. Dədə Qorqud şeiriylə ozanlığının birləşməsi olan bütün əsərlər ecazkar olur, Dədə öyüdü kimi dinlənilir...
Sonralar "Ruhani" yağı nəfəsinə, yağı nəfsinə, yağı həvəsinə qılınc sıyıranları "Misri"ləşdirib. Zaman-zaman aşıqlarımız "Qaraçı"dan "Misri"yə keçid edəndə toy damı ləngərlənərdi. Bu, döyüş ruhuna dönərdi. El ağsaqqalı alnını ovuşdurub toybabasını süzsəydi, barmağını qara çırağa, sonralar otuzluq lampaya tuşlasaydı, əli qılınc tutanlar yağının sığındığı məkanlara yeriş edərdi, Koroğlu demiş, müxənnət ölkəsi talanardı...
Heç bir bəstəkar bəstəsi döyüş ruhunu saz qədərincə aşılamağa qadir deyil...
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani saza yaxşı bələddi. O da yaxşı bilir ki, döyüş ovqatını istənilən bəstə "Misri" qədərincə ifadə etməyə qadir deyil. Bu səbəbdən də neçə-neçə vətənpərvərlik mahnısının, hərbi marşın, odanın müəllifi kimi yeni şeirini sazın müşayiəti ilə ictimailəşdirib. Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimova həsr etdiyi şeiri Aşıq Şəhriyarla Aşıq Elməddin "Misri" üstə oxuyur. Yox. Oxumurlar, Abdulla Qurbaninin yaşaya-yaşaya yazdığı qəhrəmanlıq odasını yaşaya-yaşaya oxuyurlar. Dinləyəndə bir anlığa mənə elə gəldi ki, Üzeyir bəyin "Koroğlu"sunun cazibəsindəyəm. Hər qəhrəmanın öz vaxtı olur. Qəhrəmanlığın isə yox. Qəhrəmanlıq xalqın tarixə göstərdiyi milli xarakteri ifadə edən sənəddi. Beyrək möhürlü bu sənəd xalqın qəhrəmanlıq tarixidi. Müxtəlif zamanlarda qəhrəmanlar o tarixi zənginləşdirib. Qarabağ döyüşlərinin qəhrəmanları da belə tarixlər yazıb. Yusif kimi, Vəzir kimi, Rasim kimi, Mübariz kimi, Çingiz kimi, ...
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədlərimizi pozaraq artilleriya və minaatanlarla hücuma cəhd etdi. Azərbaycan Ordusunun bölmələri bu qəfil hücumun qarşısını cəsarətlə aldı. Düşmənin neçə-neçə dayaq məntəqəsi, hərbi obyektləri dağıdıldı, neçə-neçə döyüş texnikası, onlarla zabiti, əsgəri məhv edildi. Məmləkətə 2016-cı ilin aprel, 2018-ci ilin may zəfərlərinin qürurunu, sevincini yaşadan ordumuz 2020-ci ilin iyul zəfərinin də qürurunu, sevincini yaşatdı. Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmriylə bu döyüşdə şəhid olanların ruhunu nigarançılıqdan Böyük Qələbəylə qurtaracaq. Şəhid general-mayor Polad Həşimovun ruhu da həmin gün göy üzünü bürüyən şükranlığın içindən baxacaq Cıdır düzünə, İsa bulağına. A.Qurbaninin bu şeiri general-mayor Polad Həşimova həsr olunsa da, ümumiləşmiş şeir kimi oxunur, çağırış kimi dinlənilir. Şəhidlərimizə həsr olunmuş əsərdi bu şeir. Ehtiramdı, sevgidi, bir də yerə-göyə sığışmayan vətənsevərlikdi. Qəhrəmanlığıyla tarix yazanlar, əlbəttə ki, Vətənin şöhrəti-şanıdı, əlbəttə ki, bütün vətənsevərlərin fəxridi. Bu fikir A.Qurbaninin misralarında da ifadə edilib. Fikir fəlsəfi-tarixi mahiyyəti ifadə edirsə, həm də poetik ülgüdə təqdim edilirsə, həm duyum üçündü, həm də düşüncələr üçündü. Bu şeiri Aşıq Elməddinlə Aşıq Şəhriyarın ifasında da belə dinlədim.
Şair "Uğur üstündədi Oğuz elləri" deyir. Aşıq bu fikri dinləyənlərə könüləyatımlı xallarla, güllərlə çatdırır. Bu fikir Ali Baş Komandanın döyüş əmrinin Böyük Qələbəylə tamamlanacağına inam kimi dinlənilir...
A.Qurbaninin şeirinin mahiyyəti bir qəhrəmanın (general-mayor Polad Həşimov) timsalında qəhrəmanların amalının şeiridi: Çıxsın Qarabağdan yadlar, yağılar! Misrada "çıxsın" ifadəsi işğalın sonlandırılmasının poetik dərkidi və şair istəyi xalqın istəyi kimi, "çıxsın" feli "çıxardacağıq" ifadəsinin məzmunu kimi anlaşılır. Buna görə şeir də, ifa da səsdən qopan çılğın bir haraya dönür. Bu gözəlim haray "Misri"nin çılğınlığında Böyük Qələbəyəcən kiriyən deyil...
Qəhrəmanlıq bu gün olur, sabahlar üçün yaşadılır. Tarix kimi, tarixə tarixi dərs kimi. Qəhrəmanlıqların mahiyyətində dünyəvilik də var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda general-mayor Polad Həşimovun orduda çox böyük nüfuzu olduğunu, Aprel döyüşlərində rəşadət göstərdiyini xatırlatdı, onun qəhrəmanlıqla döyüşdüyünü xatırlatdı. A.Qurbaninin bu şeiri də, bu şeirin "Misri" saz havası üstə ifası da ölkə başçısının dediklərinin ədəbiyyatda da, incəsənətdə də inikası kimi dinlənilir: "...general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir...
...Bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib...". Bir qəhrəmana həsr edilən şeir, şeirin mahnılaşması ölkə başçısının kəlamının ifadəsi olursa, bu həm poeziyanın, həm incəsənətin, həm də bunların sintezi olmaq etibarilə vətənpərvərliyin təntənəsidir. Qəhrəmana xitabən "Heykəlin qəlblərdə ucalacaqdır" səmimiliyi də qəhrəmanlığa bağır basmağın, qəhrəmanlığın milli mentalitetin tərkib hissəsi kimi təqdim etmə istəyinin ifadəsidir və zənnimcə, səmimidir, inandırıcıdır. Yeniyetmələr, çağırışçılar, ümumən gənc nəsil bir daha əmin olur ki, ordu quruculuğu da, şəhidlərə diqqət və qayğı da dövlət üçün prioritetdir...
Şeir klassik ədəbiyyatımızın mirvarisi kimi yaşadılan bayatıyla tamamlanır. Bayatılar həmişə xalqın istək və arzusundan yaranıb. Bu şeir də Abdulla Qurbaninin timsalında xalqın istək və arzusunu ifadə edir. Bu baxımdan şeirin bayatıyla tamamlanmasını Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmrini qələbəylə tamamlayacağına inamın poetik rəmzi bilirəm:
 
Əziziyəm, Ağdama,

Yollar gedir Ağdama.

Səni vuran yağının

Gözlərinə ağ dama!..
Bayatının son beyti "Səni vuran yağının gözlərinə ağ damacaqdır" fikrinin eynidir...
Bədii cəhətdən zəif şeiri hansı aşıq oxuyursa-oxusun, dinlənilmir. Tufarqanlı Abbasın "Duman, gəl-get bu dağlardan" misrasıyla başlayan gəraylısını hansı aşıq oxuyursa-oxusun, duyğulanırsan.. Abdulla Qurbaninin general-mayor Polad Həşimova həsr etdiyi şeir "Misri" üstə çox duyğusal dinlənilir. Aşıq Elməddinlə Aşıq Şəhriyar şəhid general-mayor Polad Həşimova həsr edilmiş şeiri sazın ecazkarlığıyla qəhrəmanın adına (və qəhrəmanlığına!) layiq səviyyədə ifa edir...
İfanı dinlədikcə əmin olursan ki, şeirdən "Misri"yə keçid edə bilən xalqın ruhu yaxın vaxtlarda "Misri"nin Cıdır düzündə ifa ediləcəyinə inanır. Bu şeir də, şeirin "Misri" üstə ifası da bu inamın işığıdı. Bu inam dünyəvi və bəşəri işıqdı. Qəhrəmanlıq milli dəyərlərimizdən olduğu üçün...
Şeirdə də, ifada da general-mayor Polad Həşimovun timsalında qəhrəmanlığın obrazı aydınlığıyla duyulur...       
Həm ordu üçün, həm də xalq üçün qürurvericidir ki, sazlar “Misri” üstə köklənir bu gün...
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist