Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyul 2020 15:09

Milli mətbuatımız “Əkinçi” ilə başlayıb

Azərbaycan Demokratik Respublikası dövründə nəşr edilən qəzetlər də başlanğıcını "Əkinçi"dən götürmüşdü.
Hər biri "Əkinçi"nin ideoloji davamçısı olmalıydı. Rus imperiyası Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasını ilhaq etdi. Bunu vətənsevərlər, milli-mənəvi ruhumuzu yaşadanlar müvəqqəti süqut bildi. İmperiya xalqın azadlıq, müstəqillik mübarizəsinin yolunda əngəllər yaratsa da, keçilməzlik yaratmağa qadir deyildi...
"Əkinçi"dən sonra yaranan "Kəşkül", "Ziya", "Kaspi" kimi qəzetlər ilk mətbu orqanımızın  davamçısı kimi fəaliyyətə başladı. "Əkinçi" də daxil olmaqla o dövrün qəzetlərinin əsas missiyası maarifləndirmək idi. Cəmiyyətdə kütləvi savadsızlıq hökm sürdüyünə görə "Əkinçi"ni də, ondan sonra yaranan qəzetləri də dövrün öyrədicisi adlandırmaq olar, yəni, onlar təkcə savadsızlıqla mübarizə aparmırdı, həm də ictimaiyyətə dünyagörüşü aşılayırdı...
1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı da eyni missiyanı yerinə yetirirdi...
Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsində də, təşkilatlanmasında da, vahid bir qüvvəyə çevrilməsində də sözün, mətbuatın böyük xidmətləri olub. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra yaranan ciddi mətbu orqanlar da "Əkinçi" qəzetinin əqidə, amal, məfkurə davamçısı, müstəqil dövlətin söz kürsüsü oldu.
"Əkinçi" qəzetinin nəşrə başladığı gün Azərbaycanda milli mətbuatın yaranması günü - Milli Mətbuat Günü kimi tarixləşdi.
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda senzura ləğv edildi. Bu, azad sözün daha da inkişafı üçün gözəl şərait yaratdı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Mətbuat Şurası, Kütləvi İnformasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Hər il qəzetlərin nəşrinə dövriyyəsindən asılı olaraq edilən dövlət yardımları qəzetin müntəzəm nəşr olunmasını təmin edir.
Azərbaycanda çağdaş jurnalistikanın inkişafında xidmətlərinə görə fərqlənən jurnalistlərə əməkdar jurnalist fəxri adı, "Tərəqqi" medalı verilir ki, bunlar da böyük mənəvi dəstəkdir, jurnalistikanın inkişafında gərəkli mənəvi stimuldur.
“Əkinçi” ilə başlayan milli mətbuatımız dövlətçiliyin dayağıdır.
Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri
Azərbaycanda milli mətbuatın tarixi "Əkinçi" qəzetinin nəşrə başlaması tarixidir. 1875-ci il iyul ayının 22-si bu səbəbdən Milli Mətbuat Günü kimi qeyd edilir.
Mən orta məktəbdə oxuyanda hələ internet inkişaf etməmişdi. İctimaiyyət kütləvi informasiya vasitəsi olaraq qəzetlərdə dərc edilən xəbərləri, məqalələri, reportajları oxuyurdu. Dövlətin daxili və xarici siyasəti ilə bağlı informasiyaları da qəzetlərdən oxuyurdu. Yəni, "Əkinçi" qəzetinin varisi kimi fəaliyyət göstərən qəzetlər cəmiyyətin bir parçasıydı və bu, ictimaiyyətin maariflənməsində, vətənpərvərlik duyğularının daha da inkişaf etdirilməsində müstəsna əhəmiyyətə malik idi.
"Əkinçi" qəzetinin naşiri Həsən bəy Zərdabi deyirdi: "...Bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələl-xüsus da doğru söz...". Bu kəlam 145 il əvvəl deyilib. Ancaq bu gün də müasirdir. İctimaiyyət mətbuatda dərc edilənləri dürüst söz, doğru söz bilir, ona inanır. Çağdaş Azərbaycan mətbuatı bu inamın mətbuatıdır.
Ermənistanın Azərbaycandan ərazi iddiası, bu iddianın nəticəsi kimi başlayan müharibə haqqında, döyüşlər haqqında, qəhrəmanlıqlar, qəhrəmanlar haqqında, şəhidlik, şəhidlər haqqında dərc edilən publisistik məqalələriylə, ön xətdən reportajlarıyla, əsgərlərimizin döyüş əzmindən, qələbə ruhundan yazılan məqalələriylə "Azərbaycan Ordusu" ictimaiyyətin maraqla oxuduğu qəzetlərdəndir. İctimaiyyət Azərbaycanda ordu quruculuğu haqqında daha ətraflı məlumatları da, orduda həyata keçirilən irimiqyaslı islahatları da, genişmiqyaslı təlimlərin mahiyyətini də məhz bu qəzet vasitəsilə öyrənirdi. İctimaiyyət Azərbaycan əsgərinə indi də inanır, güvənir.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı mətbuatın dövlətçilikdə rolunu da artırdı, kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyəti sahəsində Dövlət Proqramının əsas istiqamətlərini də müəyyən etdi...
Milli Mətbuat Günü təkcə mətbuat işçilərinin peşə bayramı deyil, həm də milyonlarla oxucunun bayramıdır. Məktəblilər də, yeniyetmələr də, gənclər də, ümumən ictimaiyyət ciddi qəzetləri maraqla oxuyur, onların dürüst sözünü düşüncələrinə köçürürlər.
Gülsurə HÜSEYNOVA, Bakı şəhəri