Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2020 10:31

Dostluğu yaşatmaq mənəvi zənginlikdir

Yaxşı dost arzulayırsansa, yaxşı dost olmalısan. Dostluq duyğusu, dostluğun cəfakeşi olmaq - dostluğu qorumaq mənəvi zənginlikdi. Yüksək döyüş hazırlığına malik olan Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlığa da malikdir. Deməli, dostun da, dostluğun da qədrini bilir...
Xarakter yeniyetməlikdən ülgüləşir, ülgüləşə-ülgüləşə formalaşır, gənclikdə püxtələşir. El arasında "Ömrün oğlan çağları" kimi tanıdılan gənclik hərbi xidmət deməkdir. Yeniyetmə çağırış yaşına çatır, hərbi xidmətə gedir, Hərbi and içir, hərbi vəzifələrinin icrasına başlayır. Əsgər bilir ki, başlıca hərbi vəzifəsi torpağı qorumaqdı. Torpaq döyüş növbətçiliyiylə qorunur; hərbi xidmətin mahiyyəti müharibədə (müharibə şəraitində) döyüş növbətçiliyiylə yaşadılır, səngərdə hərbi vəzifələr döyüş  növbətçiliyiylə eyniləşir...
Hərbi xidmət gəncləri - əsgərləri əsl vətəndaş kimi formalaşdırır...
Səngərdə əsgərlərdən biri demişdi ki, əsgər döyüş  növbətçiliyini Vətən sevgisiylə qoşa, yanaşı (bəlkə də müştərək!) aparır. Döyüş növbətçiliyinin belə dərk edilməsi əsgərin əsl vətəndaş kimi formalaşmasının başlanğıcıdı. Belə düşüncələr, belə xoş ovqatlar tək yaşanılmır. Əsgər belə gərəkli ovqatı əsgər dostlarıyla nəfəs-nəfəsə yaşayır.
Döyüş növbətçiliyinin məsuliyyəti döyüş hazırlığının səviyyəsinin yüksəlmə-siylə nəticələnir.
Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri əsgər dostluğunu milli mentalitetin tərkib hissələrindən biri kimi yaşadır.
Əsgər dostluğu bir şirin salam-əleyklə başlayır, dünyagörüşününün uyğunluğuyla, yaxınlığıyla, fakt və hadisələrə yanaşma tərzinin mütənasibliyiylə, bəlkə də eyniliyiylə, maraq dünyasının ortaqlığıyla, ədəbiyyata, incəsənətə bələdliyin səviyyəsiylə,... davam etdirilir, Vətən sevgisinin işığında, hərbi xidmətə münasibətin dönməzliyiylə möhkəmlənir. Azərbaycan əsgəri bilir ki, dostluq mənəvi zənginliklə qazanılır, onu qorumaq xarakter bütövlüyüdü; Azərbaycan Ordusu bütöv xarakterli əsgərlərin ordusudu.
"Qlobus" istiqamətində həmlə olacaqdı; hamı döyüş əzmiylə, qələbə ruhuyla döyüş əmrinin veriləcəyi anı gözləyirdi. Son kəşfiyyat məlumatları əsasında çevik əməliyyat hazırlanmışdı...
Komandir Kamillə Rəhmana əməliyyatdan əvvəl düşmənin nəzarəti altında olan strateji mövqelərə, çıxışlara çatmağı tapşırmışdı, döyüş əmri veriləndə atışa əvvəlcə onlar başlamalıydı. Seymur cəsarətlə: "Komandir, xahiş edirəm, Kamilin əvəzinə məni göndərin. Kamil xəstəhaldı...", - demişdi. Komandirin qaşları çatılmışdı. Yadına Kabulda müalicədən təzə qayıtmış Usmanın əvəzinə döyüşə getməkdə israrlı olan Şərif düşmüşdü; Usmanla Şərif dostuydu. Seymurla Kamil kimi...
Komandirin əli ahəstəcə Seymurun çiyninə enmişdi...
Əsgər dostluğu 40 il, 60 il, 75 il, 80 il,... bundan əvvəl də olub, indi daha duy-ğusallıqla yaşadılmaqdadı.
"N" hərbi hissəsində xidmət edən əsgərlər asudə vaxtlarında həm də əsgər dostluğundan danışırlar. Əsgər Babək Fətəliyev Masallı rayonundandı, əsgər Toğrul Qənbərov Bakının Sabunçu qəsəbəsindəndir. Hərbi xidmətə müxtəlif vaxtlarda başlayan bu əsgərlər dostluğu hərbi xidmətin davamı kimi yaşatmağa söz veriblər. Toğrul ilk döyüş növbətçiliyinə Babəkin müşayiəti ilə gedib və bu anı həmişə könül xoşluğu ilə xatırlayır.
Əsgər dostlarının hər söhbəti qələbə ruhuyla yekunlaşır. 1993-cü ilin payızında Zəngilanda Sərvərlə, Surxayla, Firidunla, Əliylə bir əhd eləmişdik: Qələbədən sonra Cıdır düzünün çiçəklərinin şehinə bələnəcəyik. Babəklə Toğrul da belə bir əhd ediblər. Onlar da bizim kimi əmindirlər ki, əhdimizin gerçəkləşəcəyi günün ərəfəsindəyik...
Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"