Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2020 10:28

Azərbaycan tarixi daha əhatəli öyrəniləcək

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Bizim gənclər bu tarixi bilməlidirlər, qədim tariximizi bilməlidirlər. Bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb, bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də "N" hərbi hissəsinin açılışında ictimaiyyətin diqqətini dövlətçilik, vətənsevərlik baxımından son dərəcədə gərəkli bir vəzifənin icrasına yönəldilməsini tövsiyə etdi. İctimaiyyət də, ictimaiyyətin mühüm tərkib hissəsi olan ordu da bu tövsiyəni vətəndaşlıq borcu baxımından tapşırıq bildi: "...bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır".
Azərbaycan qədim dövlətçilik tarixinə malikdir. Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisi olan müasir müstəqil Azərbaycan həm də müxtəlif dövrlərdə müxtəlif adlarla tanınan o dövlətlərin də mənəvi varisidir. Azərbaycanın dövlətçilik tarixində XVI əsr mühüm dövrlərdəndir. Azərbaycan əsgəri Səfəvilər dövləti haqqında daha müfəssəl biliklər almaqla bu dövlətin süqutu ilə xanlıqların, o cümlədən İrəvan xanlığının yaranması arasında tarixi bağlılığı da əhatələyən məlumatlara malik olacaq. Bu, tarixin öyrənilməsi baxımından əhəmiyyətli olacaq.
Səfəvilər dövləti
Şah İsmayıl tərəfindən XVI əsrin əvvəlində əsası qoyulan Səfəvilər dövlətinin adı Şah İsmayıl Səfəvinin ulu babası, islam aləminin böyük mütəfəkkiri, elm və kəramət sahibi, Səfəvilər xanədanının banisi Şeyx İsaq Səfiəddin Ərdəbilinin adından qaynaqlanır.
Azərbaycan torpaqlarını bir dövlətin tərkibində, bir bayraq altında birləşdirən Səfəvilər dövləti bir sıra qonşu ərazilərə də nəzarət edirdi. Bu səbəbdən də 200 ildən artıq bir müddətdə Osmanlı dövlətindən sonra bölgədə nüfuz sahibi idi.
Şah İsmayıl Xətai 1499-cu ildə öz tərəfdarlarını toplamağa başladı. 1500-cü ildə Ərzincana doğru hərəkət etdi. Anadolu, İraq və Suriyada olan tərəfdarları da ona qoşulduqdan sonra həmin ildə 7 minlik ordu ilə Şirvana daxil oldu. Şirvanlıları məğlub etdikdən sonra Bakını ələ keçirdi, 1501-ci ildə Şərur yaxınlığında Ağqoyunlu Əlvənd Mirzənin 30 minlik ordusunu dağıtdı. Sonra Təbrizə daxil oldu. Burada Şah İsmayıl özünü Azərbaycan şahı elan etdi.
Səfəvilər dövlətinin yaranması Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ oldu.  Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvilər dövləti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyətə də yiyələndilər. Bununla da mərkəzi hakimiyyət daha da qüvvətləndirildi. Şah sarayında Ali Məşvərət Məclisi və ya Ali Səltənət Şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisində bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi. Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində Səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Azərbaycan dili dövlət dilinə çevrildi, Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində aparılırdı.
1503-cü ildə Şah İsmayıl 13 minlik ordu ilə Həmədana doğru irəlilədi və Almaqulağı deyilən yerdə Ağqoyunlu Muradın qoşunları ilə döyüşə başladı. 70 minlik ordusu olsa da, Murad məğlub oldu. Bundan sonra qızılbaşlar həmin il Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-ci ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal etdi və şaha təhqiredici məktublar göndərərək onu hədələdi, Azərbaycana və İraqa gələcəyini bildirdi. İsmayıl cavabında özünün Xorasana gələcəyini bildirdi və ona əziyyət çəkməməyi məsləhət gördü. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və Mərv yaxınlığında Məhəmməd xanı məğlub edərək Xorasanı ələ keçirdi. Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə Azərbaycana tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi və 1512-ci ildə Qaraman və Malatyanı imperiyanın ərazisinə birləşdirdi.
XVI-XVII əsrlərdə ordu dövlət (vilayət hakimlərinin qoşunu, qorçu) və Şah qoşununa (tüfəngçilər, topçular, qulamlar, süfilər) ayrılırdı. Bir qayda olaraq dinc dövrdə vilayət hakimləri 2-3 min nəfərlik nizami alay saxlayırdılar. Müharibə zamanı isə hər bir vilayət hakimi Şahın çağırışına əsasən 8-10 min nəfərlik qeyri-nizami qoşun səfərbərliyə alırdılar. Dövlət qoşununun 20-30 min nəfərlik qorçu adlanan növü türk tayfa süvarilərindən ibarət olub ölkəni daxildən və xaricdən yaranan təhlükədən qoruyurdu.
Şəhərlərdə məktəb və mədrəsə şəbəkəsi yaradılmışdı. Məktəblərin çoxu vəqf hesabına idarə olunsa da, bəzi məktəblərin xərcini şah ödəyirdi. Pullu özəl məktəblər də mövcud idi. Şagirdlər ibtidai təhsil məktəbini bitirdikdən sonra orta təhsil verən mədrəsəyə daxil olurdular. Evliya Çələbi 1647-ci ildə Təbrizdə 600 məktəb və 47 mədrəsə, Şamaxıda isə 40 məktəb və 7 mədrəsə olduğunu bildirmişdir. Mədrəsədə ilahiyyat, hesab, cəbr, həndəsə, astronomiya, coğrafiya, tibb, fəlsəfə, tarix, ədəbiyyat fənləri öyrədilirdi.
Bu dövrdə Səfəvilərin genişlənməsi və sabitliyi üçün təhlükə yalnız Osmanlı imperiyası idi. Şiə məzhəbinin yayıcısı olan Şah İsmayıl osmanlılar üçün təhlükə hesab olunurdu. Bundan başqa, osmanlıların imperiya ərazisində qızılbaşlara qarşı təqibləri düşmənçilik hisslərini daha da alovlandırmışdı. Münasibətlərin get-gedə gərginləşməsi, nəhayət döyüşlə nəticələndi. 1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləri ilə sülh bağladı və bütün qüvvələrini Səfəvilərə qarşı səfərbər etdi. O, Ədirnədə fövqəladə divan çağırdı. Bu divanda sünni üləmalar Qızılbaşları kafir adlandırdılar və onlarla müharibənin doğru olduğuna fətva verdilər. Daha sonra I Səlimin əmri ilə Anadoluda 40-70 min arasında şiə qılıncdan keçirildi. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Belə olduqda Şah İsmayıl 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı. Osmanlıların sayca böyük üstünlüyü, ingilislərdən alınmış 300 topun  təsirini göstərdi. Qızılbaş sərkərdələri Şah İsmayıla Osmanlı ordusuna gecə ikən hücum etməyi məsləhət gördülər. Şah İsmayıl isə bunu şəxsiyyətinə sığışdırmadı.  Şah İsmayıl hücuma gecə keçsəydi, Sultan Səlimin ordusunu darmadağın edərdi.  Səfəvilər məğlub oldu. Osmanlılar Təbrizi tutdu.
Çaldıran məğlubiyyəti Xoyun, Mərəndin və Təbrizin ələ keçirilməsiylə nəticələndi. I Səlim Təbrizdə çox dayana bilmədi. Talan etdiyi Azərbaycan sərvəti ilə bərabər, bir çox incəsənət xadimini və sənətkarları da əsir apardı.
1515-ci ildə Osmanlı Türkiyəsi ilə sülh müqaviləsi bağlandı. Osmanlılar həmişəlik qərbi Anadoluya yiyələnir, lakin sonrakı 100 il ərzində yenə də Azərbaycan osmanlıların təzyiqinə və talanına məruz qalırdı. Faktiki olaraq, bütün Yaxın Şərqdə azərbaycanlılar müəyyən dərəcədə osmanlılara qarşı dayanaraq, öz müstəqilliklərini qoruya bilmişlər.
Çaldıran döyüşündə Şah İsmayılın ilk və son dəfə məğlub oldu.
Çaldıran məğlubiyyətindən sonra Şah İsmayıl 10 il yaşasa da, heç bir ciddi hərbi səfər etmədi...
Səfəvilər dövlətinin tarixində osmanlılarla münasibət xüsusi bir xətt təşkil edir. Yalnız məzhəb ayrılığı bu iki türk dövlətinin mehriban qonşuluq şəraitində yaşamasının qarşısını alırdı. Bunun nəticəsi idi ki, ayrı-ayrı vaxtlarda bu dövlətlərin qoşunları üz-üzə gəlməli oldu. I Təhmasibin hakimiyyəti dövründə, 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusu ilə şərqə doğru hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi...
Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı. Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və başqaları Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan Ağqoyunlular dövründə olduğu kimi, səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi. Bu baxımdan Səfəvilər dövləti dünyanın diqqətini çəkirdi.
I Şah Abbas özünün uğurlu islahatları ilə orta əsr Azərbaycan tarixində xüsusi yer tutur. Şah I Abbas osmanlılarla sülh bağladıqdan sonra islahatlara başladı. Əvvəlcə tayfaların üsyanları ehtimalını aradan qaldırmaq üçün onların özbaşına silah gəzdirmək hüququnu ləğv etdi, qeyri-türklərin, əsasən farsların hakimiyyətini möhkəmləndirmək üçün paytaxtı onların sıx yaşadığı İsfahana köçürdü. Ordunu yenidən təşkil etdi. Belə ki, orduda qızılbaşlarla yanaşı, tüfəngçi, topçu və qulamalar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi.
Böyük Səfəvilər Dövləti 1736-cı ilə kimi mövcud oldu. Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət kimi birləşdirməyə çalışsalar da, buna nail ola bilmədilər...
Hazırladı: Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"