Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2020 10:26

Naxçıvanın qeyrət qalası - Sədərək

Ermənilərin Sədərəyə, ümumən, Naxçıvana, Azərbaycana torpaq iddiaları 90-cı illərdən başlamır. Bunun tarixi kökləri keçmişə dayanır. Erməni fitnəkarlığı zamanla özünü büruzə verib. 1905-1907, 1918-1920-ci illərin ağır, qanlı-qadalı günləri Sədərəkdən də yan keçməyib. 1918-1920-ci illərdə Sədərək əhalisinin ermənilərə qarşı apardığı mübarizədə Abbasqulubəy Şadlinskinin rəhbərliyi ilə təşkil olunmuş "Qırmızı Tabor"un böyük xidmətləri olub.  Qırx nəfəri sədərəkli olan "Qırmızı Tabor"un əsas qərargahı bir müddət Sədərəkdə yerləşib. Dərələyəz və Zəngəzur dağlarına çəkilmiş daşnak dəstələri hücumları ilə Şərur əhalisini rahat buraxmayanda "Qırmızı Tabor"un döyüşçüləri 40 kilometrlik cəbhə xəttində düşməni geri oturtmuşdu. 1921-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur, Şərur və digər yerlərin erməni daşnaklarından təmizlənməsində fərqləndiklərinə görə "Qırmızı Tabor"un "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuş 19 döyüşçüsünün 4 nəfəri sədərəkli olub. 
Şair-publisist  Vaqif Məmmədovun "Sədərəkdə yazılan gündəlik" kitabında hadisələr oxucuya olduğu kimi çatdırılır: "Şərurdan Sədərəyə gəlirdik. Dəmirçi kəndinin yaxınlığında gözləmədiyimiz və o vaxta qədər görmədiyimiz çox böyük bir maşın karvanı ilə rastlaşdıq. 150-200 yük maşınından ibarət bu karvanla Ermənistanda yaşayan azərbaycanlılar köçürülür...”
Bu faciə tarixin müxtəlif dönəmlərində yaşanıb. Bəhruz Kəngərlinin 1918-1920-ci illərdə yaratdığı "Qaçqınlar" silsilə əsərlərində də əks olunub. Bu hadisə sovet dövründə də təkrarlanıb. 1947-ci il 23 dekabr tarixli SSRİ Nazirlər Sovetinin qərarında göstərilir ki, "könüllülük prinsipləri əsasında" Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün. Məqsəd azərbaycanlıları Ermənistandan təmizləmək, ərazini erməniləşdirmək idi. Ermənilərin digər planı "Böyük Ermənistana" Naxçıvanı da daxil etmək olub. Lakin illərlə planlarını gerçəkləşdirə bilməyən ermənilər şanslarını bir də 90-cı illərdə sınamağa başlayırlar. Sərhədboyu işğalçılıq planlarını həyata keçirməyə cəhd edən ermənilərdən ən böyük zərbəni Sədərək aldı.  14 dəfə düşmənin qəfil hücumu ilə  üzləşən Sədərək ciddi dağıntılara məruz qaldı.
Tarixçi alim Vaqif Məmmədov yazır: "Hələ Azərbaycan Demokratik Respublikasının yarandığı ilk dövrlərdən etibarən bir sıra iri imperialist dövlətlərinin Naxçıvan ərazisinə diş qıcayıb bu torpaqları ələ keçirməyə, Naxçıvanda öz hakimiyyətlərini qurmağa  səy etdikləri bir vaxtda xəyanətkar qonşumuz olan ermənilər də bu fürsəti əldən verməyib Naxçıvanı ələ keçirmək, öz ərazilərini Naxçıvan torpaqları hesabına genişləndirmək iddiasında oldular. Hətta 1919-cu ilin mart ayında işğalçılıq məqsədi ilə Naxçıvana gələn ingilislər də Şərur-Dərələyəz mahallarının və Naxçıvanın ermənilərə verilməsini tələb etdilər. Ancaq həmin vaxt Naxçıvan, Nehrəm, Şərur və Sədərək əhalisi layiqincə öz sözünü dedi".  1921-ci il martın 16-da Moskva şəhərində Türkiyə ilə RSFSR arasında Moskva müqaviləsi imzalandı. Həmin müqavilənin 16-cı maddəsindən sonra başlanan 1-ci əlavənin "s" bəndində Naxçıvanın ərazisi aşağıdakı kimi göstərilmişdir:
"Ararat stansiyası-Saraybulaq dağı (8071)-Kömürlü dağ (6839)-Səyyaddağ (7868)-Qurtqulaq kəndi-Kəmsur dağ (8160)-Kükü dağ (10282) və Şərqdən Naxçıvan qəzasının inzibati sərhəddi".
Moskva və 1921-ci il oktyabr ayının 13-də imzalanmış Qars müqavilələrinə baxmayaraq, heç bir əsaslı səbəb olmadan, hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin müqavilələri bağlayan dövlətlərin başı üstündən qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr və ya 65 min 700 hektar torpaq sahəsi Ermənistana verilmişdir. Nəticədə azərbaycanlı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verildi. Bu qədim yurd yerimiz Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşdü.
Beləliklə, 1989-cu ildən Kərkinin başını qara buludlar aldı. Ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən hər axşam Sədərəkdən  Kərkiyə "Qaraağac-Cəhənnəmdərə" yolu ilə  yük maşını ilə, bəzən də piyada 30-40 nəfər könüllü müdafiəçi  gedir, gecəni səhərə  qədər kərkililərlə birlikdə kəndin  keşiyini çəkirdilər. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən axşama qədər atışma getsə də, müasir silahlarla silahlanmış ermənilərlə  döyüşən Kərkinin müdafiəçilərinin bütün  səylərinə baxmayaraq, rus hərbçilərinin əli ilə Azərbaycanın qədim torpağı, Sədərəyin bir parçası olan Kərki ermənilərə "ərməğan" edilir.  
Sədərək necə qorundu?
Sədərək 1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb. Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb.
1990-cı il yanvar ayının 15-də erməni-rus birləşmələri Sədərək yaxınlığındakı çox mühüm strateji əhəmiyyətə malik olan Kərki kəndini işğal etməklə, Sədərəyin şimali-şərq istiqamətindən öz hərbi qüvvələrini Sədərəyə tərəf xeyli irəlilədə bilmiş, Əjdəkan, Cintəndiri, Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi, bir növ, mühasirə vəziyyətinə salmışdılar.
Beləcə, Sədərək ağır sınaqla üz-üzə qaldı. Yanvarın 19-da səhər saat 11 radələrində eşidilən atəş səsləri sədərəkliləri səfərbər edir. Naxçıvanın və Şərurun bütün rayon və kəndlərindən bu xəbəri eşidənlər Sədərəyin köməyinə gəlirlər. Naxçıvanın müxtəlif bölgələrindən - Şərurdan, Ordubaddan, Culfadan, Naxçıvan şəhərindən, Nehrəmdən və digər kəndlərdən gələnlər sinələrini düşmənin önündə sipər edirlər. Yanvarın 19-da Sədərək ilk şəhidlərini verir: Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Məhəmməd Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin qardaşları.
Səhər saatlarında daha ağır bir xəbərlə üz-üzə qalır sədərəklilər. Paytaxtda baş verən 20 yanvar faciəsi eşidən hər kəsi sarsıdır. Lakin geri dönüş yoxdu. Sədərək Naxçıvanın müdafiə qalasına çevrilir.  Əli silah tutan hər kəs ayağa qalxır.
1990-cı il iyul ayının 22 -də Naxçıvana gələn ulu öndər Heydər Əliyev iyulun 28-də Sədərək kəndinə gəlir. Sədərəkdə baş verən hadisələrdən, azğın ermənilərin Sədərək üzərinə hücumlarından danışaraq Sədərək əhalisini daha dözümlü, daha əzmkar olmağa, düşmən qarşısında daha mətanətlə dayanmağa səsləyir. Sədərəyin müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə 29 avqust 1990-cı ildə Sədərək rayonu yaradılır. Qeyd edək ki, buna qədər Sədərək Şərur rayonunun tərkibində olub.
18 may 1992-ci il. Strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. Erməni təcavüzkarları bütün qüvvələrini cəmləşdirib üç istiqamətdən - Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçərək nəyin bahasına olursa-olsun, rayonu  işğal etmək qərarına gəlmişdilər. Düşmənin ağır hücum əməliyyatları nəticəsində Sədərək 38 şəhid verir. Mildə şəhid olanlardan 17 nəfərin cəsədini götürmək mümkün olmur. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində 10 gün sonra döyüşdükləri səngərdən götürülərək torpağa tapşırılır.  Heydər Əliyev ağır yaralıların qardaş Türkiyəyə göndərilməsi üçün ciddi tapşırıqlar verir.
1993-cü ilə qədər davam edən döyüşlərdə naxçıvanlılar ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Sədərəyi mərdliklə qorumağa müvəffəq olurlar.
İllər sonra 2002-ci ilin avqust ayında muxtar respublikaya səfəri çərçivəsində  Sədərək rayon zəhmətkeşləri ilə görüşən Heydər Əliyev 25 il əvvəli belə xatırlayır: "Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm".
1970-ci illərdə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Sədərək rayonu ərazisində 71 ailədən ibarət salınan nümunəvi qəsəbə ermənilərin hücumu nəticəsində bərbad vəziyyətə düşsə də, yenidən dirçəldilir. Sakinlərin təşəbbüsü ilə yaradıcısı və qurucusu Heydər Əliyevin şərəfinə qəsəbə Heydərabad adlandırılır.
Mərkəzi Heydərabad qəsəbəsi olmaqla abadlaşan, gözəlləşən Sədərək bu gün inkişafının ən yüksək dövrünü yaşayır. Sədərəklilər üçün 90-cı illərin o dəhşət dolu, əzab dolu günləri artıq geridə qalıb. Hər kəs Naxçıvanın qeyrət qalası adlandırılan Sədərəyin inkişafına öz töhfəsini verməyə çalışır. İnsanlar qurur, yaradır, şən, firavan günlərini yaşayırlar. Onlar artıq arxayındırlar. Nə 1918-ci illərin, nə 1948-53-cü illərin, nə də 90-cı illərin rüzgarı artıq bu torpağın üstündən əsə bilməz. Sədərəyi dövrələyən o məğrur dağların başında müzəffər ordumuzun məğrur əsgərləri keşik çəkir. Bugünkü Sədərək düşmənə göz dağıdırsa, dağlarda məskən salan igidlərimiz yarılmaz səddir. O sədd Kərkiyəcən uzanacaq.
Ruhiyyə RƏSULOVA, Naxçıvan televiziyasının baş redaktoru