Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2020 10:00

Vətən sənin Vətənindi, Azərbaycan əsgəri!

Ön xətdə dan yeri erkən sökülür. Səngərlərin yan-yörəsində dan yerinin ağarışdandığını görüncə gecənin qaranlığı öləziyir, titrəyir, əsir və yox olur. Bu, təbiətin möcüzəsi deyil, əsgərin döyüş növbətçiliyinin mahiyyətinin dərkinin, döyüş növbətçiliyinə əminliyin, döyüş növbətçiliyi aparanlara inamın təzahürüdü. Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu təbiətə bu baxımdan hökm edə bilir. Ön xətdə, səngərdə könlümüzü telləndirən yazın ruhumuzun da yazı olması istəyiylə söhbətləşəndə belə demişdim. Əsgərlərin baxışlarına bir məmnunluq sarılmışdı. Bu məmnunluğun oxşarını 2016-cı ilin aprelində Lələtəpədə döyüş növbətçiliyi aparan əsgərlərin baxışlarında da görmüşdüm. Əsgərlərə bunu da xatırlatmışdım: "Yaxşı əsgər baxışı baxışına oxşayan qəhrəmanların döyüş yolunu sədaqətlə davam etdirməyə, o zəfəri tam qələbəylə tamamlamağa borcludur”. “Biz yaxşı əsgər olacağıq”, - demişdilər. Bu biçim könül xoşluğunun işığında söz sözü çəkmişdi, əsgərlərin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində ədəbiyyatın, bu baxımdan poeziyanın əhəmiyyətindən söz düşmüşdü. Müxtəlif əsərlər haqqında danışılmışdı. Bir daha əmin olmuşduq ki, ədəbiyyat çağırışçıların xarakterini, əsgərlərin Vətən sevgisini formalaşdırır, dünyagörüşlərinin genişlənməsinə böyük təsir göstərir. Bu təsir həm də vətənpərvərlik duyğularının yüksəlməsiylə nəticələnir.
Əsgər Dünyamin Tağızadə qürurla dedi ki, Vətəni sevmək bizim vətəndaşlıq, qorumaq əsgəri borcumuzdur. Əslində, əsgəri borc da vətəndaşlıq borcudu. Dedi və əsgər yoldaşlarına baxdı. Hamısının baxışlarında bu gözəl fikirə tərəddüdsüz şəriklik gördüm.  "Vətən Vətəni sevənlərindi. Vətən sizin Vətəninizdi", - dedim. Az sonra biləcəkdim ki, "sizin Vətəninizdi" ifadəsi zabit Cəlal Eminova böyük türk şairi Orxan Şaik Gökyayın "Bu Vətən kimin" şeirini xatırladıb. Dünyaminin də, zabitin də dünyaduyumu könlümə yatdı, sevdiyim şeirin sevdiklərimin əhatəsində səslənişi də mənə könül xoşluğu verdi. Çoxumuzun əzbərində olan, duyğuların söykənməli olduğu və söykəndiyi bu şeir ön xətdə xidmət edən, döyüş növbətçiliyi aparan, "torpağın qara bağırında sıra dağlar kimi duranların da", "hüdudlarda (sərhədlərdə - R.H) qəza (döyüş - R.H.) bayraqlarından alnına işıqlar düşənlərin" döyüş yolunu davam etdirənlərin də əzbərindəymiş.
Zabit Ruslan Novruzov Xəlil Rza Ulutürkün 90-cı illərdə milli-xəlqi ruhumuzun manifesti olan "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram..." misralarını da xatırlatmışdı. Əsgər Rahib Eyvazov əsgər yoldaşları adından şeiri sonacan demişdi. Onda köksümüz ürəyimizə darlıq etmişdi. Bu xatırlatma Vətənlə bağlı gərəkli, məfkurəvi bir söhbətə başlanğıc oldu. Abbas Səhhətin "Vətən"ini də xatırladıq, Səməd Vurğunun "Azərbaycan"ını da, Şəhriyarın "Heydər babaya salam"ını da.
Şeirlə başlayan söhbət əsgərlərin qürurumu silələyən fikirləriylə davam etdirildi:
- Heç kim sinəsinə döyüb "Mən Vətəni sevirəm" deməsin. Vətəni sevmək hamının mənəvi borcudur.   
- Vətəni əsgər olanda da daha böyük sevməlisən, qorumalısan, tərxis edildikdən sonra da.
- Vətən sevgisi son nəfəsəcən ödənilməli olan Vətən borcunu tamamlayır.
Əsgər Cəbrayıl Babayev şeirlərin, şeiriyyətin işığında hamımızın düşüncələrini bürüyəcək bir mətləbə toxundu: Vətəni hamı sevir, əsgərin Vətən sevgisi daha qüdrətlidir. Döyüş növbətçiliyini məsuliyyətlə, sədaqətlə aparan Azərbaycan əsgəri Vətəni sevə-sevə qoruyur, qoruya-qoruya sevir.
Bu sevgi döyüş əzmidi, qələbə ruhudu...
Bu sevgi milli-xəlqi ruhun qadir zərrəsidi...
Bu sevgi "Vətən gözdü, biz kirpik, Gözümüzün keşiyini çəkirik" (Fikrət Qoca) deyən sevgidi...
Bu sevgi "Səngərləri sərhədlərə köçürəcəyik" amalıyla xidmət edənləri yaşadan sevgidi...
Bu fikirlər neçə ay əvvəl ön xətdə, səngərdə əsgərlərdən eşitdiklərimi könlümcə tamamlayır:
Əsgərlərdən biri demişdi ki, "Azərbaycan Ordusu" qəzetində dərc edilən məqalələrdən birində oxuduğumuz "Əsgər ürəyindən başlayır Vətən" fikri bizim hər birimizin gücünə güc verdi. Bu fikri "Haradan başlanır Vətən?" sualına ən dürüst, ən məntiqli cavab bilirik. Vətənin başlanğıcı, həqiqətən, əsgər ürəyidi. Səngərin nə olduğunu bilənlər üçün belədi...
"Hər bir hərbi qulluqçu üçün Vətən, dövlət, xalq ucalığı var. Bu ucalıq hərbi xidmət anlayışı ilə ömür anlayışını məfkurə baxımından eyniləşdirir. Çağırışçı hərbi xidmətə müəyyən biliklərlə, müəyyən dünyagörüşlə gəlir. Hərbi xidmətdə yeni biliklər, vərdişlər əldə edirik. Bu biliklər hərbi biliklərdir, vərdişlər hərbi vərdişlərdir. Hərbi xidmətə gələnə kimi nəyi qoruyacağımızı bilirdik, necə qoruyacağımızı hərbi xidmətdə öyrəndik. Hərbi xidmətdə həm də Vətənin, dövlətin nə olduğu haqqında düşüncələrimiz genişləndi, dərinləşdi. Vətən kəlməsinin ifadə etdiyi məzmunu daha əhatəli dərk etdik. Məhz buna görə hərbi xidməti də Vətən qədər müqəddəs bilirik. Ömrümüz, əlbəttə ki, hərbi xidmət dövründə də, tərxis olunduqdan sonra da müqəddəs Vətənə müqəddəs xidmət üçündü" - bu kəlmələri də ön xətdə, səngərdə əsgərlərdən eşitmişəm.
Onda da qürurlanmışdım, indi də qürurlandım. Bu qüruru sözə çevirib o hərbi hissədə xidmət edən əsgərlərin timsalında ümumən Azərbaycan əsgərinə xitabən dedim ki, sizi belə qətiyyətli edən bu sevgidi - Vətən sevgisidi. Sizin döyüş hazırlığınız da yüksəkdi, mənəvi-psixoloji hazırlığınız da. Siz həm də Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətinizlə güclüsünüz.  Siz Vətəni daha dəruni sevgiylə sevirsiniz. Əlbəttə ki, bu Vətən sizindi, Azərbaycan əsgəri! Vətən sənindi. Vətəni sevirsən də, qoruyursan da. Onun işğal olunmuş ərazilərini də azad edəcəksən!

Rəşid HÜSEYNOV, əməkdar jurnalist