Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2020 10:00

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan  1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi...
Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə  ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 
Sonralar ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.
Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".
15 iyun günü təntənə ilə qeyd edilir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdi, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.  Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu.

Fərrux ƏZİMLİ, Füzuli Hərbi Prokurorunun köməkçisi


***


Böyük tarixi şəxsiyyətlərin kəlamları atalar sözü səviyyəsində yaşadılır.
Heydər Əliyev böyük tarixi şəxsiyyət idi. Onun qürurla dediyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamını gənclər zaman-zaman yaşam düsturu bilib. Bu gün də belədir.
Bu gün müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi Azərbaycan dövlətçiliyinin mühafizləriyik. Dövlətçiliyimizi sevirik, tariximizi sevirik və onu böyük  ehtiramla öyrənirik. Tarixini bilməyən yaxşı vətəndaş ola bilməz.
Tarixi günlər haqqında bilgilərimiz də bizim vətəndaş kimi formalaşmağımızda müstəsna rol oynayır. 15 iyun belə tarixi günlərdəndir. 1993-cü ilin 15 iyunun mahiyyətini hər bir gənc mükəmməl dərk edir. Qurtuluş Günü Azərbaycan dövlətçiliyində müstəsna əhəmiyyəti olan gündür, mahiyyəti 1991-ci ilin 18 oktyabrının mahiyyətini tamamlayan gündür.
1920-ci ilin 28 aprelində rus imperiyası Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi. Azərbaycan dövlət müstəqilliyini itirdi. Ancaq imperiya xalqın mübarizə əzmini ilhaq edə bilmədi, buna gücü çatmazdı. Heç bir qurum, heç bir dövlət min illərlə ölçülən dövlətçilik tarixi olan bir xalqın müstəqillik mübarizəsini məhv edə bilməz. Bütün tarixi boyu azadlıq, müstəqillik mücadiləsi aparan xalq SSRİ adlı bir imperiyanın siyasi təzyiqlərindən, repressiyalarından, sürgünlərindən çəkinmədi, qorxmadı. Xəlil Rza Ulutürkün bir şeiri xalqın mübarizə əzminin ifadəsi oldu:
Qolumdakı zəncirləri

Gərək qıram, gərək qıram...
 1991-ci il oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, Xəlil Rza Ulutürkün dediyi ilhaq zənciri qırıldı, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Hakimiyyət hərisliyi, idarəetmə səriştəsizliyi, separatçılıq meyilləri, siyasi ambisiyalar ciddi qarşıdurmalar yaratmışdı və bu qarşıdurmalar dövlətçilik üçün labüd təhlükə yaratmışdı. Lənkəranda dövlət çevrilişi cəhdi, Gəncə qiyamı bunun nəticəsiydi. Xalq bu vəziyyətin nələrlə nəticələnə biləcəyini duyurdu. Ona görə də yeganə çarə kimi ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə tələb etdi. Hələ sovetlər dönəmində də fəaliyyətinin mahiyyəti azərbaycançılıq olan, həmişə millətini düşünən dahi siyasətçi xalqın tələbiylə hakimiyyətə qayıtdı, Azərbaycan dövlətçiliyi xilas edildi - həmin gün Azərbaycan dövlətçiliyinin qurtuluş günü oldu və Qurtuluş Günü kimi tarixləşdi...
Xalq sevdiyi rəhbərin ətrafında daha sıx birləşdi. Ulu Öndərin bir çağırışı ilə milyonlarla vətəndaş Prezident Administrasiyasının qarşısına toplaşdı. Bu dönməz birlik, bu yenilməz güc Heydər Əliyev şəxsiyyətinə böyük ehtiramın təzahürüydü. Dövlətçiliyimizə xor baxanlar, dövlətçiliyimizə düşmən kəsilənlər duydu və əmin oldu ki, rəhbərini belə sevən xalqın iradəsini əymək mümkün deyil. Azərbaycana sevgisi olan dövlətlər də, Azərbaycan dövlətçiliyini qısqananlar da gördü ki, Azərbaycan dövlətçiliyi bir daha təhlükələrlə üzləşməyəcək.
Ulu Öndər qısa müddətdə  dünyanın aparıcı dövlətlərinin diqqətini Azərbaycana cəlb etdi. "Əsrin müqaviləsi" kimi tarixləşən neft müqaviləsi imzalandı, ordu quruculuğunda əsaslı islahatlar aparıldı, yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi. Ulu Öndərin uğurlu xarici siyasətinin nəticəsiydi ki, Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev ön xətdə, səngərlərdə əsgər və zabitlərlə görüşdü, onlara dəyərli məsləhətlər verdi. Bu, Qurtuluş Gününün mənəvi işığı idi və şəxsi heyətin mənəvi-psixoloji hazırlığında olduqca əhəmiyyətli oldu. 
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin qətiyyəti Azərbaycanı xaosdan xilas etdi, siyasi çəkişmələrə son qoyuldu.  İctimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə əsaslı dönüş yaradıldı ki, bunlar da özlüyündə Azərbaycan dövlətçiliyinin müstəqil, demokratik, dünyəvi, bəşəri dövlət kimi davam etdirilməsində möhkəm dayaqlara söykənən vəsilə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycan dövlətçiliyi daha dinamik inkişaf mərhələsindədir. Bu siyasət torpaqlarımızın işğaldan azad edilməsini də təmin edəcəkdir - danışıqlar baş tutmasa, Ulu Öndərin nizami ordu kimi formalaşdırdığı ordunun şəxsi heyəti Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq!..
Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri

***


Böyük tarixi şəxsiyyət Heydər Əliyevin digər kəlamları kimi hər bir azərbaycanlının yaşam fəlsəfəsinin tərkib hissələrindən biri olan bir kəlamını da heç zaman unutmayacağıq. Ulu Öndər deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir... 
Böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə ən böyük azərbaycanlı kimi anılacaq. Onun Azərbaycan sevgisi, Azərbaycana sevgisi biz gənclər üçün həmişə örnək olub. İstər SSRİ vaxtında, istərsə də Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın hərtərəfli inkişafına böyük diqqət yetirirdi. Sovetlər dönəmində Bakıda ümumittifaq əhəmiyyətli zavodların fəaliyyətə başlaması Azərbaycanın iqtisadi qüdrətini artırırdı, Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi və s. xalqımızın bəşəri xalq kimi tanınmasında mühüm əhəmiyyətə malik olurdu. 
Azərbaycanda milli-demokratik hərəkat müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə - dövlət müstəqilliyinin bərpası ilə nəticələndi. Ancaq siyasi vəziyyət onu qorumağa qadir deyildi. Respublikada separatçılıq meyilləri, hakimiyyət səriştəsizliyi, siyasi ambisiyalar və s. kimi hallar milli-mənəvi dəyərləri də unutdurmaq həddinə gətirib çıxarmışdı - məmləkət vətəndaş müharibəsi ərəfəsindəydi. Tarix təsdiqləyir ki, belə vəziyyətlərdə dövlət dövlətçiliyini də itirə bilir. Ermənistanla sərhəd rayonlarda hərbi vəziyyətin daha da kəskinləşdiyi bir vaxtda separatçılıq meyilləri, hakimiyyət hərisliyi kimi hallar Azərbaycanın dövlət müstəqilliyini ciddi səviyyədə hədələyirdi. Xalq bunu duyurdu. Son və yeganə çarə kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fəlsəfəsiylə yaşayan, bütün fəaliyyəti boyu Azərbaycanı düşünən dahi tarixi şəxsiyyət Azərbaycanın belə çətin, belə ağır bir vaxtında da xalqın sırasında oldu, hakimiyyətə qayıtdı. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu, yaranmış təhlükənin aradan qaldırılacağına dönməz inam idi. Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilən vaxtdan bəri yaranmış gərginlik, əvvəl-əvvəl gizlin, sonra açıq şəkildə təzahür edən qarşıdurmalar vətəndaş müharibəsi vəziyyəti yaratmışdı. Bunun aradan qaldırılması dövlət və dövlətçilik qarşısında yerinə yetirilməli tarixi missiya idi. Bu missiyanı fəaliyyətinin mahiyyəti azərbaycançılıq olan böyük tarixi şəxsiyyət Heydər Əliyev qısa müddətdə yerinə yetirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi gerçəkliyin ifadəsi olan bir reallığı belə ifadə edir: "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir". Ümummilli liderimiz Heydər Əliyev cümhuriyyət tarixini "İstiqlaliyyətimizin sübhü" adlandırırdı. Bu əsər Azərbaycanın gələcəyinin sübhüdür deyə bilərik.
Ən böyük azərbaycanlı kimi tanınan və sevilən dahi tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik dühası ilə dövlət quruculuğu möhkəmləndirilən müstəqil Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı, dünya dövlətləri arasında nüfuzunu daha da yüksəltdi. Bunun nəticəsi kimi "Əsrin müqaviləsi" imzalandı, dünyanın iri dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli müqavilələr imzaladı. Bu müqavilələr Azərbaycanın iqtisadi inkişafını da təmin etdi, dünya dövlətləri sırasında yerini də müəyyənləşdirdi.
Ulu Öndər digər sahələr kimi, ordu quruculuğunu da dinamik əsaslarla inkişaf etdirdi. Ordunun nizami ordu kimi formalaşmasında vahid komandanlığın olmaması, yerli müdafiə batalyonlarının məhəlli fəaliyyəti məğlubiyyətlərə şərait yaratmışdı. Ulu Öndər yerli müdafiə batalyonlarını ləğv etdi, orduda vahid komandanlıq yaradıldı. Ordunun dünyəvi dövlətlərin orduları sırasına çıxarılması üçün mühüm islahatlar aparıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin nizami ordu kimi formalaşdırdığı ordunu dünyanın ən güclü orduları sırasına çıxmasını təmin etdi. İndi Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, qüdrətli Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirə bilər. Ordumuzun ən başlıca vəzifəsi torpaqlarımızı işğaldan azad etməkdir. Azərbaycan əsgəri Ali Baş Komandanın əmriylə bu missiyanı da uğurla yerinə yetirəcək, qəzetinizdə dərc olunmuş bir məqalədə deyildiyi kimi, səngərləri sərhədlərə köçürəcəkdir.
Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayı keçirildi, az sonra Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi beynəlxalq miqyasda qeyd edildi. Bunlar da, Azərbaycan xalqının tarixi keçmişinin müasirliklə bağlılığının təsdiqi kimi tarixləşən bu tədbir də, müasir Azərbaycan Ordusunun bugünkü qüdrəti də başlanğıcını Qurtuluş Günündən götürür...
Gülsurə HÜSEYNOVA, Silahlı Qüvvələrin Hərbi Akademiyası