Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2020 12:59

Hər vətəndaş döyüş növbətçiliyindədir

Azərbaycan əsgərinin döyüş növbətçiliyi Vətənə sevgidi, dövlətə, dövlətçiliyə sədaqətdi. Hansı fəsil olursa-olsun, ayam əsgərlərin könlünə yatırsa, gözəldi, gözəldirsə, bizim də könlümüzcədi. Bu ilin qışı mülayim keçdi. Sərt keçsəydi də döyüş növbətçiliyi aparanların torpağa məhəbbətinə görə, Vətənə sədaqətinə görə, hərbi xidmətin mahiyyətinə görə səngərdəkilərə təsir göstərə bilməzdi. Bu, səngərin qüdrəti deyil, səngərdəkilərin müqəddəsliyə müqəddəs münasibətinin qüdrətidi.
Səngər müharibə deməkdi;...
Səngərin nə olduğuna mən də bələdəm. Ömrümün səngərli günlərini də, səngərdə ilk dəfə nəfəs dərdiyim anları da yaxşı xatırlayıram, ilk səngərli günümdə buludların arasından sıyrılan Günəşi də, bu işığın sarıldığı gözəllikləri də...
...1993-cü ilin yazıydı. Ağdərədə səngərdən göy üzünə baxanda əvvəl-əvvəl gözlərim alacalanmışdı -  Günəş hərdən görünürdü, hərdən buludların arxasına çəkilirdi. Səngərlərin yan-yörəsində sakitliyiydi. Arada gözlərimizi müharibədən bixəbər quşların nizamsız uçuşu çəkirdi. Özümə də bəlli olmayan səbəblərə görə düşüncələrimin nizamı quşların uçuşuna tamsınırdı. Uzaqlardan ara-sıra güllə səsləri eşidilirdi. Gözlənilmədən Günəşin üzünə tül qalınlığında bulud sarılmışdı. Səngərli günümün güllə səslərinə sarı boylanmaq istəmişdim. Yusif Mirzəyev (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü) əlini çiynimə qoyub arxayınlıqla, "Qarasına atırlar" - demişdi, yəni, ünvansız atışlardı. Güllələrin ünvansız atıldığını bilsək də, sükutu dinləmək, səssizliyi dinləmək istəyiylə səngərdən çıxmışdıq. Yusifin əli hələ çiynimdən üzülməmişdi. Bir müddət beləcə dayanmışdıq. Bir qədər aralıda çən-çisək görünəndə Yusif demişdi ki, çən yan-yörəni bürüyə bilər, əsgərin döyüş əzminə, qələbə ruhuna yaxın düşəmməz. Alnını ovuşdurub "Neçə aylardı gecələrin yuxusunu güllələr dağıdanda da, döyüşlərdə də, döyüşlər səngiyəndə də qələbə haqqında düşünürük. Ermənisizləşdirdiyimiz Çaykənddə, suları hələ durulmayan çayın sahilində Fəğanın dediklərini yəqin ki, sən də unutmayıbsan:  "...Bu qələbə başlanğıcdı. Daha böyük qələbələr qazanacağıq...". Oğullar bu niyyətlə xidmət edirlər...", - demişdi. Hospitalda müalicə olunan Fəğanın neçə ay əvvəl çay qırağında dediklərinin cazibəsində, Fəğanı tanıyan əsgərlərin əhatəsində əsgərlərin döyüş əzmindən, qələbə ruhundan danışmışdıq. Əsgərlərlə həmin söhbət haqqında, həmin ovqatla  söhbətləşdik. Kəlmələr döyüş əzminin, qələbə ruhunun ifadəsiydi.
Zabit Çingiz Mahmudov dedi ki, döyüş növbətçiliyi aparan əsgərlər yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdirlər. Bu hazırlıq Böyük Qələbə üçündü.
Səngərin də, səngərdəkilərin də dəyişdiyini, səngərin yerinə yetirdiyi vəzifənin mahiyyətinin dəyişmədiyini bir daha duydum. Əsgərlərə Birinci Qarabağ müharibəsindən söz açdım, Yusiflə həmin səmimi, şirin söhbətimizi danışdım. Dünənimizin tarixi kimi maraqla, Azərbaycanın Milli Qəhrəmanı haqqında bilmədikləri bilgi kimi dinlədilər. Zabit İbrahim Süleymanlı dedi ki, bizim hərbi hissənin əsgərləri də Fəğan kimi düşünürlər, belə demək mümkünsə, onun xidmət yolunu mənəvi varislik kimi davam etdirirlər, Böyük Qələbənin əsgəri olmaq istəyirlər. İstəyirlər ki, döyüş əmri onlar tərxis olunana kimi verilsin. Əsgərlərimiz həm də deyirlər ki, bir var hərbi xidmətdə olasan, bir də var döyüşmək üçün səlahiyyətli təşkilatlardan xahiş edəsən. Kim bilir, bu xahişə əməl ediləcəkmi, edilməyəcəkmi...
Əsgərlər babalarının döyüş xatirələrindən, atalarının hərbi xidmət xatirələrindən danışdılar, torpaqlarımızın işğaldan azad edilməsiylə tamamlanacaq döyüşlərdən danışdılar. Bir daha inandım ki, Birinci Qarabağ müharibəsində iştirak edənlərin nəvələri Ali Baş Komandanın əmriylə müharibəni sonlandıracaq, torpaqlarımızı işğaldan tamamilə azad edəcək, səngərləri sərhədlərə köçürəcək.. "Adi olduğu qədər də qeyri-adi olan bir günün içindən ruhumuzun gözləriylə işğaldan azad edilmiş rayonlarımıza sarı baxdıq. Ruhən Cıdır düzündə bir niyyətin gen dövrəsində halay çəkəcəyimiz tonqalların göy üzünü qarsılayacaq alovunu görürük. Mənə elə gəldi ki, əsgərlərin səmimi kəlmələri buluddan sıyrılmış Günəşin işığına qarışdı və bu işıq mənim, mənim timsalımda bütün jurnalistlərin, jurnalistlərin timsalında ictimaiyyətin bürüncəyi torpaqlarımızın işğalı olmuş könül qübarını silməyə qadir olan ümidin, inamın qüdrəti gücündədi. Nə dedi əsgərlər?
- Babalarımız yerli müdafiə batalyonunda döyüşüb, Horadiz əməliyyatında işti-rak edib, atalarımız ordumuzun əsgəri olub, biz hərbi xidmətdəyik. Babalarımızın, atalarımızın döyüş yolunu davam etdirmək, qələbəylə tamamlayacaq əsgərlərin sırasında olmaq bizim həm əsgəri borcumuzdu, həm də vətəndaşlıq borcumuzdu. Ali Baş Komandanın əmriylə döyüşlərdə iştirak etmək istəyirik, - əsgər Rahib Eyvazov belə dedi.
- 2016-cı ilin Aprel döyüşlərində yeniyetməydik. Onda həmyaşıdlarım kimi mən də döyüşlərə getmək istəmişdim. Həm yaşımızın azlığını, həm də ordu hissələrimizin bizə, eləcə də əhaliyə ehtiyacı olmadığını dedilər, yəni, icazə vermədilər. İndi hərbi xidmətdəyəm. Mən də, əsgər yoldaşlarım da Rahibin dediyini deyirik: Torpaqlarımızı işğaldan azad edəcəyik. Biz də Böyük Qələbənin əsgəri olmaq istəyirik. Hamımızın hərbi xidmət amalı budur, - əsgər Dünyamin Tağızadə belə dedi.
- Biz də inanırıq ki, Böyük Qələbəyə az qalıb. Qələbənin iştirakçısı olmaq, qalib əsgər kimi tərxis olunmaq istərdik, - əsgər Samir İsmayılov dedi. - Bayaq 27 il əvvəlin bir səngərli günü, həmin gün bir əsgərin dediklərini xatırladınız. Hərbi hissəmizdə xidmət edən hansı əsgərinsə atası bəlkə də Fəğanın xidmət yoldaşı olub. Yəni, bu günün əsgərlərinin atası belə düşünüb. Biz də onlar kimi düşünürük. Ali Baş Komandan döyüş əmri verəndə tərxis olunmuş əsgərlərimiz də bizim sıralarımıza qayıtmaq istəyəcəklər. Onlarla qələbədən sonra işğaldan azad edilmiş kəndlərimizdə quruculuq işlərində birlikdə çalışacağıq. Hərbçi məsuliyyətiylə çalışacağıq...
Əsgər Cavid Alibanov dedi ki, Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlar mənim də yadımdadır. Bu paradlardan çağırışçı kimi qürurlanmışdım, sonralar əsgər kimi qürurlandım.
Əsgər Elşən Nəsirovun dediklərini maraqlı, düşündürücü bir məqamın ifadəsi bildik:
- Müharibə bizdən az qala 10 yaş böyükdür. İllərdi körpələr vaxtından əvvəl yeniyetmələşir, yeniyetmələr vaxtından əvvəl cavanlaşır, cavanlar əsgərləşir, əsgər olur, döyüşür. Çoxumuzun babası Qarabağda yerli müdafiə batalyonlarının tərkibində döyüşlərin iştirakçısı olub, atalarımız ermənilərin təxribatlarının qarşısının alınmasında iştirak edib. Onların xatirələrini eşidə-eşidə böyümüşük. Şəhidliyin nə olduğunu da ilk dəfə onların xatirələrini eşitdikdən sonra dərk etmişik. Biz də bilirik ki, şəhidlərin ruhu qələbə gününün intizarındadı. Biz həm də bu ruhları intizardan xilas etmək üçün xidmət edirik.
- Şəhid ömrü ölümsüzlük düsturudu, - deyirəm. Sözümü bitirər-bitirməz zabit Çingiz Mahmudov dedi ki, Azərbaycan Respublikası Prezidentinin son sərəncamlarından biri məhz şəhidlərə ehtiramın təzahürüdür.
- Şəhidlik ifadəsinin mahiyyəti Vətən sevgisi ifadəsinə çox yaxındı, - deyirəm və buludların arxasından sıyrılmış Günəşə baxıram. Mənə elə gəlir ki, könül xoşluğuna dönən bu sıyrılmada rəmzi bir mahiyyət var: bu sıyrılma qalib əsgər kimi tərxis olunma niyyətli əsgərlərə təbiətin xeyir-duasıdı. Günün bu vaxtı səngərdə, əsgərlərin əhatəsində bir qələbə ovqatı yaşadıq. "Azərbaycan əsgərinin əhatəsində həmişə belə ovqat yaşanılır", - dedim. Bu işıqlı fikir ümumən Azərbaycan əsgərinə ünvanlandığından əsgərlərin üz-gözünü qələbə rəngli bir ovqat-sevinc, ovqat-fərəh bürüdü. 2016-cı ilin Aprel döyüşlərindən də danışdıq, torpaqlarımızın Ali Baş Komandanın döyüş əmriylə işğaldan azad ediləcəyindən də. Bugünkü söhbətimiz əsgərlərin döyüş əzminin, qələbə ruhunun işığında tamamlandı...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist