Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2020 12:59

Ulu Öndərin siyasi irsinin öyrənilməsi bəşəri prosesdir

Böyük tarixi şəxsiyyət Heydər Əliyev sovet dönəmində də, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra da azərbaycançılıq ideologiyasının cəfakeşi olub.
Xüsusi xidmət orqanlarında çalışan əməkdaşın geniş dünyagörüşünə, kifayət qədər yüksək təfəkkürə, analitik təhlil qabiliyyətinə, möhkəm iradəyə, qətiyyətə, ... malik olması ilkin şərtlərdən olub. Heydər Əliyev 1941-ci ildə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, Xalq Komissarları Sovetində işləyib, 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarına göndərilib. 1969-cu ilə kimi Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində işləyib, həmçinin Komitənin sədri olub. 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyət göstərib.
Dahi şəxsiyyətin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamını "Mən azərbaycanlıyam" deyənlərin hamısı yaşam fəlsəfəsinin mahiyyəti kimi yaşadıb, yaşadır, yaşadacaq...
Sovetlər dönəmində müttəfiq respublikada ittifaq miqyaslı sənaye müəssisəsi yaratmaq imperiyanın siyasətinə uyğun gəlmirdi. Belə müəssisəni yaratmaq üçün müttəfiq respublikanın rəhbərinin kifayət qədər böyük nüfuzu, nüfuzla bərabər dönməz məntiqi olmalıydı; Bakıda Elektron Hesablama Maşınları zavodu, “Radiozavod”, “Azon” zavodu, Bakı Məişət Kondisionerləri zavodu, ... yaradıldı. Bunlar müttəfiq respublikada o dövr üçün böyük və gərəkli iqtisadi tərəqqi idi. Bu tərəqqini tarix böyük tarixi şəxsiyyət Heydər Əliyevin azərbaycançılığı kimi yaşatdı. Bu zavodlar gənclərin şəhərə axınında, eyni zamanda, təhsil almasında - işləyə-işləyə ali, orta ixtisas məktəblərində oxumasında, formalaşmasında, daha geniş dünyagörüşə malik olmasında kifayət qədər əhəmiyyətli oldu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrü azərbaycançılıq ideologiyasının yaşadılmasında mühüm bir mərhələ adlandırmaq olar: azərbaycanlı gənclərin İttifaqın nüfuzlu universitetlərində təhsil alması təmin olundu. Bu, Azərbaycan üçün yüksək elmi qabiliyyətə malik milli kadrların hazırlığına göstərilən yüksək qayğı kimi dəyərləndirilməlidir. O illərdə böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda ibtidai hərbi məktəbin yaradılmasına nail oldu. SSRİ hökuməti əyalətdə (müttəfiq respublikalar imperiya üçün əyalət idi) belə bir məktəbin yaradılmasının qarşısını ala bilmədi. "Naxımov, Suvorov adına ibtidai hərbi məktəblər varsa, buna ehtiyac yoxdur" məntiqi də dahi rəhbərin qətiyyət yüksəkliyini aşa bilmədi. Bu məktəbin Azərbaycanın sonrakı taleyində - müstəqilliyi bərpa olunduqdan sonra istər hərbçi kadrların hazırlanması baxımından, istərsə də Qarabağda gedən döyüşlərdə nə kimi əhəmiyyətə malik olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bu məktəb həm də yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna əhəmiyyətə malik olub, indi də belədir. O illərdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin istər ittifaq, istərsə də dünya ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə inteqrasiyası yüksək səviyyədə təmin edildi. Böyük ədiblərin, mədəniyyət, incəsənət xadimlərinin adının əbədiləşdirilməsi də azərbaycançılıq ideologiyasının yaşarılığının təntənəsiydi və bu təntənə azərbaycanlıların bəşəri xalq, Azərbaycan adlı bir məmləkətin bəşəri dövlət olduğunun təsdiqiydi. Bu təsdiq Heydər Əliyevin xalqın ciddi tələbiylə hakimiyyətə gəlməsindən sonra daha şaxəli, daha miqyaslı xarakter aldı: Azərbaycan dünya birliyinə daxil oldu, dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr saxlamağa başladı, neçə-neçə beynəlxalq müqavilə, o cümlədən "Əsrin müqaviləsi" imzalandı. Bunlar Məhəmməd Hadinin "Yox millətimin imzası imzalar içində..." təəssüfünə tarixi təsəlli, bəşəri inam oldu...
Müstəqil Azərbaycanda ordu quruculuğu hərbi nəzəriyyələr əsasında qurulmamışdı. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra özünümüdafiə batalyonları buraxıldı, ölkəmizdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Horadiz əməliyyatı Azərbaycan Ordusunun döyüş əzminin, qələbə ruhunun təsdiqi kimi tarixləşdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Bu uğurlu, qətiyyətli siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qazanılmasında, xoş, firavan gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan bir insan - ümummilli liderimiz Heydər Əliyevdir. Həmin tarixi hadisələrdən bizi 27 illik zaman kəsiyi ayırır...
Ulu Öndərin müstəqil, balanslı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının ümidlərini artırırdı. Yalnız dahi  rəhbər   Heydər Əliyevin siyasi təcrübəsi, dövləti idarəetmə bacarığı, iradəsi ölkəni və xalqı xaosdan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edə bilərdi. Azərbaycan xalqı bu mürəkkəb geosiyasi şəraitdə böyük siyasi xadimin hakimiyyətə gəlməsini qətiyyətlə tələb edərək öz tarixi seçimini etdi.  Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra hər şeydən öncə ölkədə əmin-amanlığın inkişafı üçün geniş imkanlar yarandı. Qısa zamanda cinayətkarlığın qarşısı tam alındı, özbaşınalığa səbəb olan bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Dövlət rəhbərliyinin  böyük zəhməti hesabına yaranan ictimai sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etməyə imkan verdi. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Ən başlıcası isə odur ki, Ulu Öndərin siyasi təcrübəsi  suverenliyimizin qorunub saxlanılmasında, müstəqil dövlət təsisatlarının yaranmasında və dövlət quruculuğu prosesində böyük rol oynadı. Müstəqil Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun ilk Konstitusiyası referendum, yəni, ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bir sözlə, yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı  dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Müstəqil dövlətimizin keçdiyi inkişaf yolu göstərdi ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdış günü - 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazıldı. Ulu öndər Heydər Əliyevin müdrikliyi, böyük siyasi təcrübəsi sayəsində Azərbaycan dövləti məhv olmaq, siyasi xəritədən silinmək təhlükəsindən, xalqımız vətəndaş müharibəsindən, yenidən hansısa xarici qüvvələrin təsiri altına düşməkdən xilas edildi. Ölkəmizin tarixi inkişafı tamamilə yeni, işıqlı və perspektivli gələcəyə istiqamətləndi.
Böyük siyasi xadim  Heydər Əliyevin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. İndi regionda heç bir layihə Azərbaycanın razılığı və ya iştirakı olmadan həyata keçə bilməz. Azərbaycan bu illərdə dünyanın nəhəng dövlətləri ilə sıx münasibətlər qurdu,  ölkəmiz Avropa Şurasına  və bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatlarda dalğalandı. Bu, bir xalqın, bir dövlətin məhz ulu öndər Heydər Əliyev zəhməti ilə başa gələn qələbəsi idi. Bu qələbənin əsası məhz 15 iyunda qoyuldu.
Azərbaycan əsgərinin xoş sorağı bu gün beynəlxalq sülhməramlı əməliyyatlardan gəlir. İraq və Kosovoda əmin-amanlıq yaradılması üçün vaxtilə həmin bölgələrə ezam olunmuş bölmələrimiz üzərlərinə düşən missiyanı ləyaqətlə və məharətlə yerinə yetirdilər. Hazırda Azərbaycan Ordusunun bölmələri Əfqanıstanda sülhməramlı əməliyyatlarda uğurla iştirak edir. Azərbaycan Ordusunun qazandığı bütün nailiyyət və qələbələr Ümummilli Liderin vaxtilə ordu quruculuğu sahəsində apardığı köklü islahatların nəticəsidir. 
Ümummilli Liderimiz dünyaya onu da sübut etməyi bacardı ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün uğurla davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyevdir. Aparılan siyasi kursun doğruluğunu sübut etmək üçün son vaxtlar görülən quruculuq işlərinə, əldə olunan nailiyyətlərə diqqət yetirsək, özülü Ümummilli Lider tərəfindən qoyulan inkişafın miqyasını təsəvvür etmək çətin olmaz.
Ulu Öndərin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası özünün parlaq bəhrəsini verməkdədir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"