Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2020 09:33

“Uşaqlar bizim gələcəyimizdir...”

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".
Bu kəlam Azərbaycanın bəşəri dövlət olaraq 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün mahiyyətinə münasibətini ifadə edir. Cəmşid Naxçıvanski adına Hərbi Lisey də bu müdrik kəlamın işığında fəaliyyətə başladı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir". Bu siyasətin mahiyyəti çağırışçıların, nəticə etibarilə əsgərlərin vətəndaş kimi formalaşması deməkdir; dövlətin uşaq siyasətiylə bir vaxtlar bu gün ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlər də əhatələnib. Dövlətin digər qayğılarıyla bir sırada bu siyasətin kəramətiylə də Vətənə məhəbbət ruhunda formalaşan xidmət etdiyi ordu bəşəri ordu olur. Azərbaycan Ordusu belə ordudu. Azərbaycan Ordusu həm dövlətin ərazi bütövlüyünü qoruyur, həm də Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək. Belə bir milli-xəlqi dövlətçilik missiyasını böyük məsuliyyətlə, dövlətə, dövlətçiliyə sədaqətlə yerinə yetirən Azərbaycan Ordusu əhalini, bu baxımdan  uşaqları müdafiə edir. Deməli, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü həm də digər bəşəri missiyalı ordular sırasında Azərbaycan Ordusuna ehtiram günüdür. Ermənilərin Azərbaycandan ərazi iddiası, Moskvanın bu iddiaya münasibəti, ən dürüstü bu iddianı dəstəkləməsi Azərbaycanda milli-azadlıq hərəkatını genişləndirdi.
1988-ci il fevralın 2-də Xankəndidə vilayətin ancaq erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar, qeyri-qanuni iclasında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında müraciət qəbul edildi. Fevralın 22-də minlərlə silahsız azərbaycanlı Ağdamdan Əsgərana tərəf yürüş etdi. Ermənilər mitinqə çıxanlara atəş açdılar. İki uşaq - Əli ilə Bəxtiyar şəhid oldu...
Xocalı mühasirədəydi...
Ermənilər fevralın 26-da dislokasiya yeri Xankəndi olan 366-cı alayın iştirakı ilə Xocalıda qırğın törətdi. 63 uşaq xüsusi amansızlıqla qətlə yetirildi.
Əli ilə Bəxtiyar qətlə yetirildiyinə görə dinməyən Dünya bəşəri Dünya olsaydı, Xocalıda ermənilər 63 uşağı qətlə yetirəndə dillənərdi. Onda "arşını əyilmiş dünyada" Uşaqların Beynəlxalq Müdafiəsi Günü niyə və nəyə təsis edilib? İnsanlığı və insanları sevənlər bu günün təsis edilməsini illərdi alqışlayır, belə faktlara görə dünyanı qınayır. Onu da xatırladır ki, bəşər ildə bir gün - iyunun 1-də deyil, 365 gün uşaqların müdafiəsinin mənəvi cəfakeşi olmalıdır. Dünyanı sıxıntılardan 1 iyunun mənəvi cəfakeşi olanlar xilas edəcək. Ondan sonra heç kim "mən belə dünyanın nəyindən küsüm?" deməyəcək. Uşaqların müdafiəsinin mənəvi cəfakeşi olmayanlar görəsən "Biz qayıdacağıq" filminə baxıbmı? Ecazkar səsiylə heyrət ünvanı olan məktəbli Zakirin Musiqi Akademiyasına deyil, Ali Hərbi Məktəbə getdiyinin mahiyyətini dərk edincə, yol boyunca onun iç dünyasının səsini eşidincə xəcalət çəkirmi? Murad ("Ağ atlı oğlan") onlara tarixi tarix "dərsi verəndə" özünü qınayırmı? Bilmirmi ki, bu yaşda uşaq hərbçilərin ciddi cəhdinə, tələbinə baxmayaraq döyüşçülərin sırasındadırsa, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımız işğaldan azad ediləcək. Bu, şəhidlərin, bu sıradan şəhidlərin uşaqlarının ruhuna gözaydınlığı olacaq.
1993-cü ilin yayında Zəngilan böyük bir xəyanətə ünvan olmuşdu: Bakıdan rayonun əhalisinin köçürülməsi üçün yüzlərlə yük maşını göndərilmişdi. Ordunun və fəal ictimaiyyətin dönməz müdaxiləsiylə təxribatın qarşısı alındı, qısa müddətdə təbliğata uyub gedənlər də qayıtdı (Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin xronikasında dəyərli tarixi kadrlar var). Onda Qıraq Müşlan kəndində 10-12 yaşlı Əfsanədən eşitdiklərimi xatırlayıram:
- Qaçanlar niyə qaçır, hara qaçır? Ocaqları sönməyəcəkmi, ev-eşiyinin divarları çatlamayacaqmı? İtləri zəncir çeynəyə-çeynəyə, ulaya-ulaya acından ölməyəcəkmi? Peşiman olub geri dönəndə həyət-bacaları onları yaxın almayacaq, yad kimi çəpər dalından baxacaqlar...
Onda bir daha əmin oldum ki, müharibə illərinin uşaqları yaşından tez böyüyür...
Ermənistanın Azərbaycana qarşı elan etmədən apardığı müharibə başa çatmayıb. Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq.
Ermənistan "arabanın kölgəsini geniş görüb" atəşkəsi hər gün dəfələrlə pozur. Belə təxribatların qarşısı qətiyyətlə alınsa da, bəzən mülki əhalidən də düşmən gülləsinə tuş gələn olur. Bəzən uşaqlar da.
2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı qəsəbəsində 16 aylıq Zəhra düşmən mərmisindən həlak oldu. Dünya yenə səsini çıxartmadı.  Bəlkə 2020-ci ildə haqqın, ədalətin əsgəri ola, bəşərilik naminə işğalçıya (işğalçılara) "Dayan!" ("Dayanın!"), "Dur!" ("Durun!") deyə, uşaqların müdafiəsinin cəfakeşi ola?!
Görən Dünya niyə unudub ki, "davadan söz düşəndə qəlbi alovlanan anaların" harayını eşitməmək günahdı? Unutmasın ki, bu mənəvi-psixoloji günahdan həm də uşaqların müdafiəsinin gərəkliyini yaşam fəlsəfəsi bilməklə qurtula bilər...
...Azərbaycan əsgərinin döyüş növbətçiliyinin mahiyyəti deyir ki, biz Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyik, xidmətdə olanda da, tərxis olunduqdan sonra da Azərbaycanın, eləcə də bəşəri dövlətlərin uşaqlarının müdafiəsinin əsgəri olacağıq!..

Rəşid HÜSEYNOV, əməkdar jurnalist