Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2020 09:33

Qələbəmiz bəşərilik qələbəsi olacaq

Qəhrəmanlar mənsub olduğu xalqın, dövlətin və bəşəriyyətin rifahı üçün əlindən gələni edən, bu yolda canından keçməyə hazır olan insanlardır. "Vətənə və bəşəriyyətə necə faydalı ola bilərəm?" düşüncəsi ilə yaşayan hər bir insan məqamında qəhrəman ola bilər. Görülən işin nə qədər faydalı olduğunun göstəricisi isə aparılan çalışmanın insan həyatına, bəşəriyyətə müsbət təsiri ilə ölçülür. Bu mənada, insanlıq əleyhinə törədilmiş cinayətləri dünya ictimaiyyətinə aydınlatmaq da bəşəriyyət qarşısında dəyərli xidmət sayılır. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölkəmizə və bəşəriyyətə xidməti, istər Şuşada, istər Laçında, istərsə də Xocalıda çəkdiyi kadrlar bu baxımdan çox dəyərlidir.
Zabit Seyidağa Mövsümlü Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun müdaxiləsi ilə Xocalıda öldürülənlərin nəşinin götürülməsi prosesində iştirak edib, orada neçə saatlarla video-çəkilişlər aparmışdı. İstər bu kadrlar, istərsə də Çingiz Mustafayevin Xocalı faciəsi ilə bağlı lentin yaddaşına köçürdüyü kadrlar sonralar neçə-neçə filmimiz üçün canlı materiala çevrildi və bu gün hər iki operatorun çəkdiyi həmin kadrların yer aldığı filmlər Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya çatdırır.
1992-ci il fevralın 26-da ermənilərin törətdiyi Xocalı soyqırımını hər iki operatorun videoya köçürməsi, dünya ictimaiyyətinə çatdırması xalqımıza qarşı törədilən soyqırımını təsdiq edən tarixi faktlardır.
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.
Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyub. 28 il ötməsinə baxmayaraq, faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.
Seyidağa Mövsümlünün və Çingiz Mustafayevin çəkdiyi kadrlar dünya ictimaiyyətinə Azərbaycanda beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu əyani olaraq göstərdi. Bu kadrlar sübut etdi ki, erməni terroru insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlib. Bu kadrlar Xocalı soyqırımının azərbaycanlılara, türklərə və yaxud müsəlmanlara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu açıq-aşkar sübut edir.
O dönəmdə erməni silahlılarının rəhbəri olan Serj Sarkisyan ingilis jurnalisti Tomas de Vall ilə olan müsahibəsində günahsız insanları kütləvi şəkildə öldürdüklərini açıq şəkildə bildirmişdi.
Təkcə Azərbaycanda deyil, dünyanın tolerant dövlətlərində də bu dəhşətli cinayətə sərt reaksiya veriləcəyi və cinayətkarların cəzalandırılacağı gözlənilirdi. Belə olmadı. Dünya ictimaiyyəti reallığı ya görmədi, ya görmək istəmədi - susdu. Görünən mənzərə bu idi: hələ Xocalı faciəsinə qədər də Azərbaycan informasiya blokadasında saxlanılır, insanlar məcburi köçə məruz qalır və etnik təmizləmə aparılır. Çingiz Mustafayev kimi cəsarətli jurnalistlərin, peşəkar operator Seyidağa Mövsümlünün beynəlxalq arenaya təqdim etdikləri dəhşətli faktların ya üstü örtülürdü, ya da onlar adiləşdirilərək unutdurulmağa çalışılırdı. Bu kadrlar indi xronikadır, ancaq tarixdir. Bu tarixi kadrlar  Xocalı faciəsini dünyaya nümayiş etdirərək bəşəriyyəti insanlıq naminə tədbir görməyə çağırırdı. Dünya dövlətləri və beynəlxalq təşkilatlar isə susur və fəaliyyətsiz qalırdı. Bununla, Ermənistanın həyata keçirdiyi terror siyasətinə, vandalizmə, etnik təmizləməyə, soyqırıma, islamofobiyaya və transmilli cinayətkarlığa beynəlxalq səviyyədə qeyri-rəsmi bəraətdir. Məşhur rusiyalı politoloq və hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabında 1990-cı illərdə siyasi karyerasını terrorun üzərində quran şəxslərin Ermənistanı idarə etməyə başladığını qeyd etmişdi. Yəni, separatçı silahlı dəstələrin Robert Köçəryan və Serj Sarkisyan kimi liderləri və azərbaycanlı əhaliyə qarşı qətllər törədən qatillər beynəlxalq ictimaiyyətin gözü qarşısında nüfuzlu vəzifələrə, hətta dövlət rəhbəri vəzifəsinə seçilirdilər. Dolayısı ilə, insanlıq əleyhinə cinayətlərə görə Ermənistan beynəlxalq miqyasda qınanılmadığından, belə cinayətlər dövlətin dövlətçilik mexanizminə hopurdu.
Dünyada Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verildi.
2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası başladıldı. Bu günə qədər Birləşmiş Millətlər Təşkilatına üzv olan 9 dövlət, həmçinin 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Dövlətlər beynəlxalq müstəvidə baş verən hadisələrə siyasi qiymət verməməklə, özlərinin "dövlət maraqları"nı nəzərə alırlar. Bəşəriyyət əleyhinə bu və ya digər qlobal hadisəyə vaxtında və adekvat qiymət verib zəruri tədbirlər görməmək bu cinayətin növbəti cinayətlərə başlanğıc olacağına zəmin deyilmi? Bu laqeydlik heç də həmişə həmin dövlətin maraqlarına uyğun olmur. Qətliamlara və ədalətsizliyə göz yuman dövlətlər bu və ya digər formada bəşəri cinayətlərin ağır nəticələri ilə qarşılaşırlar. 1918-ci ildə Birinci Dünya müharibəsi bitdikdən sonra Almaniyada nasional sosializm hərəkatı sürətlə populyarlıq qazandı. O zamankı aparıcı dövlətlər bu gedişata ya məhəl qoymayaraq qabaqlayıcı tədbirlər görmədi, ya da müxtəlif yollarla ona dəstək verdilər. Müəyyən müddət keçdikdən sonra Almaniya militarist və işğalçı siyasət həyata keçirməyə başladı. Nəticədə, Almaniya tərəfindən Avropanın böyük bir hissəsi işğal edildi, Holokost soyqırımı törədilməklə milyonlarla insan öldürüldü.
Əslində, faşist Almaniyasının işğalçılıq siyasəti, eləcə də törətdiyi Holokost soyqırımı ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və Xocalı soyqırımı arasında paralellər və bənzərlik mövcuddur. Fərq ondadır ki, gec də olsa Almaniyanın dağıdıcı siyasətinə son qoyuldu, faşizm məğlub edildi, insanlıq əleyhinə cinayət törədən alman faşistləri Beynəlxalq Hərbi Tribunada mühakimə olundular. Cinayətkar Ermənistana qarşı isə hələlik heç bir addım atılmamışdır. Hərçənd, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və törədilən qətliamlar mövcud olan bütün beynəlxalq qanun və normaların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin, Beynəlxalq Hüquq Prinsiplərinin, ATƏT-in Helsinki Yekun Aktının və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Digər tərəfdən, təcavüzkar siyasət yürütməsinə baxmayaraq, Ermənistanın cəzasız qalması dolaşıq siyasi gümanlar yaradır. Burada diqqəti cəlb edən məqam isə beynəlxalq qanunların və Cenevrə Konvensiyalarının ruhunda var olan humanizm fəlsəfəsinin iflasa uğraması və yaxud uğradılmasıdır. Bununla bərabər, dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasəti və Xocalı faciəsinin acı nümunəsi üzərindən yeni münaqişələrin xarakteristikasını və inkişaf dinamikasını öyrəndi. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi konseptual mövqedən nəzərdən keçirilərsə, onun nəzəri əsasının bir çox Avropa ölkələrindəki, o cümlədən keçmiş Yuqoslaviyadakı siyasi münaqişələr (məsələn, Kosovo münaqişəsi) üçün təməl təşkil etdiyi görünər. Dünya Xocalı soyqırımından bir müddət sonra 1994-cü ildə Ruanda soyqırımı, 1995-ci ildə Bosniya və Herseqovinada Srebrenitsa soyqırımı ilə üzləşdi və nəhayət, 2001-ci ildə Birləşmiş Ştatlar terror hücumuna məruz qaldı. Bununla da, araşdırmalara mövzu ola biləcək modern konfliktologiya dövrü sayılan "Terrorizmlə Qlobal Müharibə" dövrü başladı.
Seyidağa Mövsümlünün və Çingiz Mustafayevin çəkdiyi kadrlar dünya ictimaiyyətini Azərbaycan həqiqətləri barədə məlumatlandırmağa yardımçı olan, yeni çağda bəşəriyyəti gözləyən fəlakətlərin qarşısının alınması zərurətinə çağırışdır. Onlar öz peşəsi ilə sülh və əmin-amanlığın bərqərar olmasına töhfə verdi.
Dünya ictimaiyyəti Xocalı soyqırımından çəkilmiş kadrlara laqeyd yanaşmaqla, daha sonra baş verəcək qətliamlar üçün şərait yaratdı və qlobal terrorizmin qarşısının alınmasında vəsilə olmadı. Digər tərəfdən, erməni terrorizminin dəst-xətti post-bipolyar dövrdə dünyanın idarə edilməsi "düsturunun" içinə hoparaq dünyada yeni münaqişələrin baş tutmasına imkan verdi. Əgər Azərbaycan Respublikasının ədalətli mübarizəsinə vaxtında və beynəlxalq səviyyədə dəstək verilsəydi, yəqin ki, dünya bu gün daha təhlükəsiz və firavan olardı. Hər birimiz bilirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində Ermənistanın törətdiyi faciələr haqqında informasiya dünya ictimaiyyətinə ən uca kürsülərdən çatdırılır. Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü təcavüzkar siyasət dayandırılacaq, beynəlxalq hüquq normalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan torpaqlarından qeyd-şərtsiz çıxarılacaq. Belə olmasa, torpaqlarımızı Ali Baş Komandanın döyüş əmriylə azad edəcəyik. Bununla da, beynəlxalq qanunların aliliyi təmin ediləcək, Azərbaycanın tarixi qələbəsi bəşəriliyin qələbəsi olaraq bütün münaqişələrin həll olunmasına nümunə olacaq.

Nicat MƏMMƏDOV, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi