Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2020 11:49

O gün tarixi gün olacaq

Bir bayatımızın bir misrası düşüncələrimdə şahlıq etməkdədi: Gün var min aya dəyər. Yəni,  gün dövlətçiliklə, xalqın taleyiylə bağlıdırsa, yəni, milli-xəlqi ruhun "boyuna biçilmiş" gündürsə, dövlətçilik anlamında tarixin axarını müəyyənləşdirən gündürsə, əlbəttə ki, mahiyyətinə görə min (bu rəqəm şərti deyilib, şərti deyilir) ayın mahiyyətini üstələyir. 1918-ci ilin 28 may günü, 1991-ci ilin 17 noyabr günü belə anılır, belə yaşadılır...
Azərbaycanın dövlətçilik tarixi min illərin o üzüylə səsləşir. Bu baxımdan 1918-ci ilin 28 may gününü dövlətçiliyin bərpası günü kimi anırıq. 1918-ci ilin 28 may günündən sonra tarix bir daha əmin oldu ki, "Qoca Şərqin qapısı" (S.Vurğun) qəlbitəmizlərin üzünə açıqdı. Bu qapı səmimiyyət qapısıdı, xoş niyyət, xoş ünsiyyət, mədəniyyət qapısıdı  - Cümhuriyyət qapısıdı...
Azərbaycan Demokratik Respublikasının yaranması xalqın azadlıq, müstəqillik mübarizəsinin məntiqi nəticəsiydi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".
Azərbaycan qürurla, qətiyyətlə, zaman anlamında tarixin dünənlərinə dirsəklənərək "Mən də varam!" dedi. Siyasi müstəvidə Cümhuriyyətin boyu aydınlığıyla görünəndə dünyanın bəşəri dövlətləri 28 mayı bəşərilik tarixində  uğurlu gün bildi - Azərbaycan Demokratik Cümhuriyyətini rəsmən tanıdı...
28 may, 28 aprel. Bu iki tarixi müəyyənləşdirən 28 rəqəmi təsadüfüydümü, təsadüfün tarixə ironiyasıydımı?..
Bolşevizm ideologiyalı, ilhaq niyyətli Rusiyanın Azərbaycanın yeraltı, yerüstü sərvətlərinə tamahı Şərqdə ilk demokratik cümhuriyyətin yaşamını tükəndirdi...
Milli-xəlqi ruh 71 il ilhaqla mübarizə apardı. İmperiyanın siyasi qadağaları xalqın mübarizə əzminin üstündə yellər əsdirsə də onu üşüdə bilmədi. Sərt repressiyalar, Sibir xofu, "Xalq!" deyən, "Millət!" deyən, "Dövlət" deyən dərin təfəkkürlər həbs edildi, sürgünə göndərildi, güllələndi. Ancaq "yel qayadan heç nə apara bilmədi" - 1920-ci ilin 28 aprelindən başlayan gizlin milli azadlıq mübarizəsini aşkar mübarizə əvəzlədi, bu mübarizəni təkcə təfəkkürlər deyil, xalq aparırdı. Bir atalar sözündə deyildiyi kimi, el bir oldu, zərbi (zərbəsi) - xalqın əzmi, iradəsi kərəni (ilhaq zəncirini) sındırdı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə, bunun əsasında qəbul edilən dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı xalqın müstəqillik mübarizəsinin labüd nəticəsiydi. Dünya Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında qeyd edildiyi kimi, Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tanıdı. Dövlət müstəqilliyi bərpa olunan Azərbaycan 71 ildən sonra yenə "Mən varam!" dedi və dünya bu qətiyyətin dönməzliyindən duydu və əmin oldu ki, bu varolma əbədidir. Azərbaycanın dövlət bayrağı bir daha ucalıqlardan enməyəcək.
Gədəbəydə, Alagöllərdə əsgərlərlə kəlmələşirdik. Söz sözü çəkmişdi. Müstəqillikdən də danışmışdıq. Əsgərlərdən biri qürurla demişdi ki, o mübarizədə bizim atalarımız da iştirak edib. Biz onların mübarizəsinin nəticəsi olan azadlığımızı, müstəqilliyimizi qoruyuruq. Əsgər kimi qoruyuruq. Döyüş növbətçiliyi həm torpaqlarımızı qorumaqdı, həm də müstəqilliyimizi. Düşmən bilir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, həm də ərazi bütövlüyüylə əbədidir. Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcəyik. Onda adaşım əsgər yoldaşının sözünə qüvvət olaraq demişdi ki, mülki həyatda da qoruyacağıq. Əsgər qətiyyətiylə, əsl vətəndaş dönməzliyiylə. Bu gözəl, bu yaşarı kəlamı Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığının mahiyyəti bilmişdim. Sonralar başqa bölgədə, başqa hərbi hissədə, başqa səngərlərdə bu düşüncələrin eynini gördüm. Onda dəniz səviyyəsindən 3000 metr ucalıqda səslənən bu dəyərli kəlmələr ürəyimi telləndirmişdi, ürəyim o kəlmələri hər xatırlayanda tellənir. Alagöllər relyef ucalığıydı. "Mən azərbaycanlıyam!" deyənlərin hamısı Alagöllərdə xidmət edən əsgərlər kimi Azərbaycan Respublikasının dövlət bayrağının mənəviyyat ucalığında dalğalanmasının cəfakeşidi, şübhəsiz...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində dediyi "Erməni qoşunları işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxmalıdır" fikri ötən ilin oktyabrında Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışında dediyi "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatının davamıdır. Bu bəyanat da, müsahibə də sübut etdi ki, Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək. Həmin günə Böyük Qələbə günü deyəcəyik. O gün tarixi gün olacaq. 9 may kimi, 18 oktyabr kimi həmin günü də həmişə böyük təntənəylə, ruhumuzun qələbə günü kimi qeyd edəcəyik. Təkcə Azərbaycan adlı məmləkətdə deyil, Azərbaycana sayğısı, bəşəriliyə sədaqəti olan dövlətlərdə də...
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist