Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2020 10:50

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Müstəqillik tariximizin mühüm mərhələsi - 15 İyun Milli Qurtuluş Günüdür.
Suallar:
1. Müstəqillik tariximizin mühüm mərhələsi.
2. 15 İyun Milli Qurtuluş Günüdür.

Müstəqillik tariximizin mühüm mərhələsi


Azərbaycanda milli azadlıq hərəkatı hələ Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet rejiminin ilk günlərindən başlamışdı. XX əsrin 60-70-ci illərində Azərbaycanda yayılan dissidentlər hərəkatı da milli müstəqillik ideyalarının yayılmasına xidmət etmişdi. Sosializm ideyalarını iflasdan və Sovet Sosialist Respublikaları İttifaqını (SSRİ) dağılmaqdan xilas etmək məqsədilə 80-ci illərin ortalarında irəli sürülən "yenidənqurma" siyasəti Azərbaycanda da demokratiya və suverenlik uğrunda mübarizəyə yeni nəfəs verdi. Azərbaycanda da demokratiya və suverenlik uğrunda kütləvi hərəkat başladı. Demokratiya və aşkarlıq şəraitindən məharətlə istifadə edən ermənilərin Azərbaycanın əzəli torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq iştahaları yenidən artdı. 1987-ci il ərzində "Böyük Ermənistan" xəritəsi kiçik formatda Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) geniş yayılmağa başladı. Qısa müddət ərzində 230 mindən çox azərbaycanlı deportasiyaya məruz qaldı. Fevral-mart aylarında Böyük Qarakilsə (Quqark) rayonunda 100 nəfər azərbaycanlı qətlə yetirildi. 1988-ci il fevralın 20-də DQMV-nin xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası Azərbaycanın əzəli tərkib hissəsi olan "Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Sovet Sosialist Respublikasının tərkibindən Ermənistan Sovet Sosialist Respublikasının tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırması barədə" qərar qəbul edildi. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağdan da azərbaycanlıların təmizlənməsinə başlanıldı. 1988-ci il fevralın 24-də Əsgəranda iki azərbaycanlı gənc qətlə yetirildi, fevralın 28-də faciəli Sumqayıt hadisəsi törədildi. Ermənilər tərəfindən baş vermiş hadisələrdə azərbaycanlıların təqsirkar olduğu məqsədli şəkildə dünyaya çatdırıldı. Bununla onlar antiazərbaycan, antitürk ictimai fikrin formalaşmasına nail oldular. Bütün bunlar Azərbaycanda suverenlik və ərazi bütövlüyü uğrunda kütləvi xalq hərəkatının başlanmasına səbəb oldu. 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz mitinqi keçirildi. Kütlələrin etiraz mitinqlərindən ən əzəmətlisi 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında oldu. Bu, Azərbaycanın müasir tarixinə Milli Dirçəliş hadisəsi kimi daxil oldu. 
1990-cı il yanvarın 13-də Bakıda bir nəfər erməni tərəfindən iki azərbaycanlının qətlə yetirilməsi vəziyyəti daha da gərginləşdirdi. 1990-cı il yanvarın 15-də Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) Ali Sovetinin Rəyasət Heyəti "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə" fərman verdi. Bakı və ətraf rayonlara əlavə hərbi qüvvələr gətirildi. Qüvvələrin şəhərə daxil olmasına yol verməməyə çalışan bir qrup şəhər sakinləri simvolik maneələr yaratmağa səy göstərdilər. Lakin "şanlı" sovet hərbi hissələri mərkəzin azərbaycanlılara divan tutmaq qərarını yerinə yetirməyə başladılar. Əməliyyata bilavasitə o zamankı SSRİ Müdafiə naziri D.Yazov başçılıq edirdi. Yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 20-si saat 00:00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Lakin o, qırğından sonra elan olunmuşdu. Əhaliyə hadisələr barədə məlumat verilməsin deyə, yanvarın 19-u axşam respublika dövlət televiziyasının enerji bloku partladıldı. Nəhayət, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı hissələrdən ibarət "şanlı" Sovet ordusu Bakı üzərinə hücuma keçdi. Şəhərdə qanlı qırğın törədildi. Bakıda və digər rayonlarda dinc vətəndaşlar qətlə yetirildi. Onların arasında çoxlu qocalar, qadınlar və uşaqlar var idi. "Qanlı Yanvar"a etiraz olaraq respublikada 40 günlük ümummilli matəm tətili keçirildi. Bu faciədən xəbər tutan ümummilli lider Heydər Əliyev ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın Bakıda qanlı qırğın törətdiyini dünyaya bəyan etdi, onu "təcavüz və xəyanət" kimi qiymətləndirdi.
Moskvada 1991-ci il 19-21 avqust hadisələrindən sonra Azərbaycanda da ictimai-siyasi vəziyyət daha da kəskinləşdi. Suverenlik, müstəqillik və azadlıq uğrunda mübarizə əməli vəzifəyə çevrildi. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da çağırılmış növbədənkənar sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul etdi. 1991-ci ilin sentyabrında Dağlıq Qarabağ özünü "müstəqil respublika" elan etmişdi. Ermənilər Dağlıq Qarabağdakı Rusiya ordu hissələrinin köməyi ilə Azərbaycanın ətraf yaşayış məntəqələrini işğal edirdilər. Hakimiyyət isə ciddi tədbirlər görmək iqtidarında deyildi. Belə bir şəraitdə xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanış sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiyası Aktı"nı qəbul etdi. Beləliklə, Azərbaycan Respublikasının müstəqilliyi rəsmən bərpa olundu.
Müstəqilliyimizin ilk illərində ictimai-siyasi vəziyyət gərgin olmaqda qalırdı. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsdləri davam edir, iqtidar-müxalifət qarşıdurması kəskinləşir, iqtisadiyyat isə tənəzzül edirdi. Bunlar da siyasi duruma çox mənfi təsir göstərmiş respublikada vəziyyəti vətəndaş müharibəsi həddinə çatdırmışdı. Belə şəraitdə xalqını, Vətənini sevən ziyalıların nəzəri, diqqəti 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana gələrək Naxçıvanda məskunlaşan və xalqın təkidi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri seçilən təcrübəli siyasətçi, ümummilli lider Heydər Əliyevə çevrilmişdi. Xalq çıxış yolunu onun respublika rəhbərliyinə gəlməsində görürdü. 1992-ci il oktyabrın 16-da ziyalılardan ibarət 91 nəfərin "Səs" qəzetində ümummilli lider Heydər Əliyevə yenidən böyük siyasətə qayıtması xahişi ilə müraciəti dərc edildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı.

 

15 İyun Milli Qurtuluş Günüdür


Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdir. İctimai həyatın bütün sahələrində hərc-mərclik baş alıb gedirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar Gəncəyə yola düşən dövlət nümayəndələrinin girov götürülməsi ilə nəticələnmişdi. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb edirdi. Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas almışdı. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük siyasətçi, ümummilli lider Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra isə Ulu Öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamanki Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq verdi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Ali Sovetin sədri seçildi və həmin gün tariximizə "Milli Qurtuluş Günü" kimi daxil oldu. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcı oldu.
1993-cü il iyunun 18-də gecə xəbər vermədən Prezident Əbülfəz Elçibəy (Əliyev) paytaxtı tərk edərək respublikanı rəhbərsiz qoydu, anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. İyunun 23-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri ümummilli lider Heydər Əliyevə həvalə etdi. 1993-cü il oktyabrın 3-də ümummilli lider Heydər Əliyev ümumxalq seçkisi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da müstəqilliyimizin ulu öndər Heydər Əliyev mərhələsi başlandı. 
Ulu öndər Heydər Əliyev ordu quruculuğu işini elmi əsaslarla və planlı surətdə həyata keçirməyə başladı. 1993-cü il noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Şurası yaradıldı. 1993-cü il noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev radio və televiziya ilə xalqa müraciət etdi. Ulu Öndər bu tarixi müraciətindən sonrakı dövr ordu quruculuğunda əsas mərhələnin başlanğıcıdır.
1993-cü il dekabrın 10-da Beyləqan istiqamətində hücuma keçən Ermənistan silahlı qüvvələri son bir neçə ay ərzində  ilk dəfə olaraq Azərbaycan Ordusunun hissələrinin güclü müqavimətinə rast gələrək uğursuzluğa düçar oldu. 1993-cü il dekabrın 28-də Ermənistan qoşunlarının Goranboy, Tərtər və Ağdam istiqamətlərində də hücumlarının qarşısı alındı. Bu istiqamətlərdə xeyli canlı qüvvə və texnikası məhv edilən düşmən geri çəkilməyə məcbur oldu. Füzuli-Beyləqan istiqamətində döyüşçülərimiz 40 km-ə qədər irəliləyərək düşməni darmadağın etdilər. Həmin günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı səngərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri yerindəcə mükafatlandırması onlara ruh yüksəkliyi verirdi. Qarabağ bölgəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlar öz müsbət təsirini göstərdi və düşmən 1994-cü il mayın 12-də atəşkəsi imzalamağa məcbur oldu.
1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə Əsrin müqaviləsi adlandırılan ilk neft müqavilələri imzalandı. İndi dünyanın 14 dövlətindən olan 30-dan çox şirkətlə 21 neft müqaviləsi imzalanaraq Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyulub.
1994-cü ilin oktyabrında, o zaman baş nazir olan Surət Hüseynovun başçılığı ilə dövlət çevrilişi etmək cəhdi xalqın köməyi ilə aradan qaldırıldı. Eyni zamanda, Əlikram Hümbətovun "Talış-Muğan" respublikası yaratmaq və 1995-ci ilin martında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis dəstələrinə başçılıq edən Rövşən Cavadov və onun qardaşı prokuror Mahir Cavadov tərəfindən zorakı hökumət dəyişikliyi cəhdlərinin qarşısı alındı. Azərbaycanda sabitlik bərqərar olundu.
Möhkəm sosial-siyasi sabitliyin və qanunçuluğun bərqərar olması müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinə imkan verdi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bununla respublikanın inkişaf tarixində - demokratik, hüquqi dövlət qurmaq, ölkənin dinamik inkişafını təmin etmək prosesi başlandı. Konstitusiyaya əsasən respublikada qanunverici, icraedici və məhkəmə hakimiyyəti yaradıldı. Parlament seçkiləri yolu ilə müxtəlif partiyaları təmsil edən 125 deputatdan ibarət Milli Məclis formalaşdırıldı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Ümummilli Liderin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Ümummilli lider Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərərək bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanıb.
Ümummilli lider Heydər Əliyev bizim dahi müasirimiz olaraq hər bir azərbaycanlı üçün qürur mənbəyimiz və taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb.
Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasəti sayəsində Azərbaycan Ordusu müasir texnika və silahlarla təchiz olundu, zabit kadrları ilə komplektləşdirildi, hərbi hissələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olundu. Bu gün səmərəli hərbi təhsil sistemi yaradılıb, hərbi kadr və mütəxəssislərin hazırlıq proqramları, hərbi təhsilin pillələri və onları həyata keçirən hərbi tədris müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən edilib.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycanın hələ neçə-neçə nəsli ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı və xalqımızın rifahı naminə faydalanacaq.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi