Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2020 14:00

Böyük Vətən müharibəsində Azərbaycan xalqının mübarizə əzmi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Xatirə Kitabı Redaksiyası Böyük Vətən müharibəsində qazanılan Qələbənin 75 illik yubileyi münasibətilə "Qələbə-75" adlı Xüsusi buraxılış hazırlamışdır. Xüsusi buraxılışda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etmiş qəhrəman övladları haqqında məlumatlar xüsusi araşdırılaraq dərc edilmiş, Azərbaycanın Sovet İttifaqı qəhrəmanlarının həyatı  və keçdiyi  döyüş yollları haqqında məlumatlar Azərbaycan və rus dillərində öz əksini tapmışdır.
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova "Qələbə-75" Xüsusi buraxılış kitabı haqqında məlumat verərək dedi:
- Bildiyimiz kimi, bu günlər dünyanın bir çox ölkələrində faşizm üzərində Qələbənin 75 illiyi qeyd olunur. Respublika Xatirə Kitabı Redaksiyası olaraq biz də 9 May - Qələbə Gününə töhfə kimi "Qələbə-75" adlı Xüsusi buraxılış hazırladıq. Buna bizim mənəvi haqqımız var. Çünki Azərbaycanın Böyük Vətən müharibəsində, həmçinin faşizm üzərində qələbənin qazanılmasında xüsusi rolu olmuşdur. Dediklərimizi sübut etmək üçün dərinə getmədən, təkcə elə rəqəmlərə diqqət yetirmək kifayət edər. 1941-ci il Böyük Vətən müharibəsi başlayanda, həmin dövrün statistikasına görə Azərbaycanda əhalinin ümumi sayı 3,4 milyon nəfər idi. Buraya həm döyüş qabiliyyəti olan cavanlar və gənclər, həm əlillər və ahıllar, həm də qadın və uşaqlar  daxil idi. 3,4 milyon nəfərdən 681 min nəfəri, o cümlədən 10 min qadın orduya səfərbər olunmuşdu. Bunların tam yarısı, yəni, 300 min  nəfəri cəbhələrdə həlak olmuş, doğma yurduna qayıda bilməmişdir. Bu, həm ürəkağrıdıcı, həm də qürurverici faktdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Böyük Vətən müharibəsindən bəhs edərkən demişdir: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir".
- Respublika Xatirə Kitabı Redaksiyasının yaranması özü də bu döyüşlərdə həlak olanların xatirəsinə dövlətin göstərdiyi bir ehtiramdır. Təşkilatınızın üzərinə böyük və məsuliyyətli işlər düşür.
- Bəli, dediklərinizdə böyük həqiqət var. Müharibələrdə həlak olan və itkin düşən soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün  Xatirə Kitabı Redaksiyası yarandı. Üzərimizə böyük məsuliyyət və vəzifələr düşür. Cəbhələrdə həlak olmuş soydaşlarımızın döyüş yollarını öyrənmək, araşdırmaq olduqca məsuliyyətli bir işdir. Demək istərdim ki, bu təşkilatı zaman özü yaratdı. Çünki cəmiyyətdə buna ehtiyac duyulurdu. Respublika Xatirə Kitabı Redaksiyası şərəf dolu bir yol keçib. Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika Xatirə Kitabı Redaksiyası Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrildi. Amma bu dövrdə redaksiyanın fəaliyyətində nəzərəçarpacaq irəliləyiş olmadı. 1994-cü ildə Nazirlər Kabineti yenidən qərar versə də, işlər lazımi məcraya düşmədi. Ölkədə baş verən ictimai-siyasi hadisələrin gərginliyi və iqtisadi çətinliklər ucbatından Xatirə Kitabı Redaksiyasının fəaliyyəti üçün vəsait ayrılması məsələsi öz müsbət həllini tapmadı. Nəhayət, ulu öndər Heydər Əliyevin tapşırığı ilə Nazirlər Kabineti 1 may 1997-ci il tarixində "Azərbaycan Respublikası Xatirə Kitabının bərpa edilməsi haqqında" xüsusi qərar qəbul etdi. Sonra isə ümummilli lider Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Qanun qüvvəyə mindi. Nəticədə Xatirə Kitabı Redaksiyası ayrıca bəndlə dövlət büdcəsindən maliyyələşdi və bununla da redaksiyanın fəaliyyətində dönüş yarandı. Ona görə də minnətdarlıq əlaməti olaraq kitabın hər cildi böyük tarixi şəxsiyyət Ulu Öndərin portreti və "Heydər Əliyev - "Xatirə Kitabı"nın yaradıcısıdır" sözləri ilə açılır.
- Xatirə Kitabı Redaksiyasını qan yaddaşımız da adlandırmaq olar.
- Düşünürəm ki, Xatirə Kitabı Redaksiyasını yaddaşımızın daş abidəsi də adlandıra bilərik. Onun yaradılmasında əsas məqsəd - İkinci Dünya müharibəsində, məhəlli münaqişələrdə, Polşa, Çexoslovakiya, Macarıstan hadisələrində, Əfqanıstan müharibəsində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ döyüşlərində, milli müstəqilliyimiz yolunda, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşən soydaşlarımız haqqında çoxcildlik ensiklopediya hazırlamaqdır. Kitabın redaksiya heyətinə akademiklər, tarixçilər, görkəmli elm, mədəniyyət xadimləri və güc strukturlarının rəhbərləri daxildirlər. İndiyə kimi kitabın 16 cildi nəşr olunub və növbəti cildlərin hazırlanması üzərində işlər davam etdirilir.
- İşlərinizi yalnız ölkə daxilində aparırsınız, yoxsa başqa ölkə və təşkilatlarla da əlaqələr qurursunuz?
- Respublika Xatirə Kitabı Redaksiyası öz fəaliyyətində təkcə respublikadaxili müvafiq arxiv materiallarının araşdırılması ilə kifayətlənmir. Əməkdaşlarımız Rusiya Federasiyası Müdafiə Nazirliyinin müxtəlif arxivlərindən, "Ümumrusiya Tarixçilər və Arxivçilər Cəmiyyətindən", "Sevastopolun müdafiəsi və azad edilməsi" muzeyindən, Şimali Osetiya Respublikası Mozdok rayonunun "Poisk" ("Axtarış") dəstəsindən, Moldova Respublikasından, Avstriya Respublikasından və digər yerlərdən əldə etdiyi məlumatları araşdırıb dəqiqləşdirməklə daim axtarışlar aparıblar. Axtarış və araşdırmalar bu gün də davam edir. Axtarışlar nəticəsində indiyə qədər aşkara çıxarılmamış 3000 nəfərə yaxın həlak olmuş və itkin düşmüş soydaşlarımız barədə məlumatlar dəqiqləşdirilib və onların bir qismi artıq cildlərə daxil edilib.
- Böyük Vətən müharibəsində xalqımız təkcə canlı qüvvəsi ilə deyil, həm də nefti ilə hitlerçilərlə vuruşurdu.
- Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi. O zaman SSRİ-də çıxarılan neftin təxminən dörddəüç hissəsi Azərbaycanın payına düşürdü. Təkcə 1941-ci ildə Azərbaycanda 23,5 milyon ton neft hasil edilmişdi. Müharibə illərində Azərbaycan Sovet İttifaqının başlıca təminat bazasına çevrilərək cəbhəyə 75 milyon ton neft verirdi. Düşmənlərin başına mərmilər yağdırıb, ağır zərbələr endirən təyyarələrin 85-90 faizi yüksək oktanlı Azərbaycan benzini ilə işləyirdi. Qeyd etdiyiniz kimi, müharibədə Azərbaycan cəbhəni təkcə neftlə təmin etmirdi. Azərbaycanlı əsgər və zabitlər də od-alov püskürən döyüş meydanlarında misilsiz şücaət göstərirdilər. Cəbhənin elə bir istiqaməti yox idi ki, həmvətənlərimiz orada iştirak etməsinlər. Azərbaycanlılardan ibarət 416-cı, 223-cü, 77-ci milli diviziyalar təşkil olunmuşdu. Bu diviziyalarda Azərbaycandan 123 nəfər soydaşımız böyük şücaət və qəhrəmanlıqlar göstərərək SSRİ-nin ən yüksək fəxri adına - Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Şimali Qafqazın müdafiəsində Qafur Məmmədov, Stalinqrad uğrunda döyüşlərdə Həzi Aslanov, Margita şəhərində gedən döyüşlərdə Gəray Əsədov igidliyə görə "Qızıl Ulduz" aldılar. Bu şərəfli ada xalqımızın cəsur oğlu tank qoşunları general-mayoru Həzi Aslanov 2 dəfə layiq görüldü. Araşdırmaların nəticəsi olaraq əldə olunan yeni məlumatlar isə gələcək cildlərdə yer alacaq.
- "Qələbə-75" Xüsusi buraxılışı, yəqin ki, sizin Qələbə Gününə böyük bir töhfənizdir.
- Kitabdakı faktlar ciddi tarixi resurslara əsaslanıb, müharibənin yaratdığı faciələr burada dolğun şəkildə öz əksini və ifadəsini tapıb. Bir sözlə, Böyük Vətən müharibəsi zamanı Azərbaycan xalqının mübarizə əzmi, Bakı nefti, arxa cəbhədə çalışanların fədakarlığı kitabın ən müfəssəl tarixi gerçəklikləridir. Ümid edirik ki, Xatirə Kitabı Redaksiyasının hazırladığı "Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi" kitabı 9 May - Qələbə Gününə layiqli töhfə olacaq.

Müsahibəni yazdı:
Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"