Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2020 10:00

“Şuşa qalasına qələbə bayrağımız sancılacaq”

İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədən 75 il ötür. Tarixi qələbədə xalqımızın igid oğul və qızlarının böyük rolu və əvəzolunmaz töhfələrinin olması hər kəsə məlumdur. Dünya tarixinin ən qanlı müharibələrindən biri olan Böyük Vətən müharibəsində yüz minlərlə həmyerlimiz həm ön, həm də arxa cəbhədə düşmənə qarşı mübarizə apardı. Yaradılan diviziyalarda və partizan dəstələrində Hitler Almaniyasına qarşı müharibədə döyüşçülərimiz Qafqazdan (Zaqafqaziya cəbhəsindən) Berlinədək şanlı döyüş yolu keçərək, qazanılan qələbədə əvəzsiz pay sahibi oldular. Döyüşlərdə iştirak edən həmyerlilərimizdən 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 170 mindən çox döyüşçümüz amansız döyüşlərdə göstərdiyi rəşadətə görə müxtəlif orden və medallarla təltif edildi.

***

Hərbçilərimiz keçmiş sovet ölkəsinin müxtəlif şəhər və qəsəbələrində (Moskva, Brest, Stalinqrad və s.) gedən döyüşlərdə cəsarətlə vuruşdular, adlarından bəhs etdirməyi bacardılar. Bəşər tarixinin ən dəhşətli savaşlarından olan bu döyüşlər zamanı qazanılan qələbədə itkilərimiz də oldu ki, onların hər biri yüksək ehtiramla yad edilir, qəlbimizdə yaşayır.
Böyük Vətən müharibəsində iştirak etmiş və şanlı döyüş yolu keçmiş həmyerlilərimizdən biri də Şamil Bahadur oğlu Quliyevdir. O, 22 mart 1923-cü ildə Şuşa şəhərində anadan olub. Vətənin dar günündə o da digər qəhrəman oğullarımız kimi müharibəyə yollanıb, döyüşlərdə şücaət göstərib. Müharibənin ilk günlərindən, əvvəl atası, bir müddət keçəndən sonra 1942-ci ildə isə özü ordu sıralarına çağırılıb. Təlimlər keçdikdən sonra, 267 saylı Sivaş atıcı diviziyasının 846 saylı Şavlin atıcı alayının tərkibində döyüşüb.
Sivaş rayonu ətrafında yerləşən Karanki kəndi uğrunda gedən döyüşlərdə tabeliyində olan heyəti ruhlandıraraq alman səngərinə hücuma aparan Şamil Quliyev bu döyüşdə 5 düşmən əsgərini məhv edib.  Bu igidliyinə görə o, 16 aprel 1944-cü ildə "Döyüş xidmətlərinə görə" medalı ilə təltif olunur.
Daha sonra Sevastopol şəhərinin yaxınlığında yerləşən Derqaçi yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yenə də Ş.Quliyev tabeliyində olan heyətə şəxsi nümunə göstərərək, düşmən üzərinə hücuma qalxır. Üzərində daşıdığı qumbaralardan istifadə edərək düşmən səngərinə zərbələr endirir və faşistləri mövqelərindən sıxışdıraraq geri çəkilməyə məcbur edir. Bu döyüşdə də rəşadət göstərərək 7 faşist əsgərini məhv etdiyi üçün Şamil Bahadur oğlu 22 may 1944-cü ildə "Şücaətə görə" medalı ilə mükafatlandırılır.
Sevastopoldan Pribaltikayadək şanlı döyüş yolu keçən Şamil Quliyev, həmçinin 23 oktyabr 1944-cü il və 6 iyun 1945-ci il tarixlərdə Hitler Almaniyasına qarşı qanlı döyüşlərdə göstərdiyi  igidliyə, şəxsi rəşadət nümunələrinə görə daha iki dəfə "Şücaətə görə" medalı ilə təltif edilir.
Quliyevlər ailəsi Şamil müəllimi yada salarkən, həmişə əfsanəyə çevrilmiş bir hadisəni xatırlayır. 1942-ci ildə Şimali Qafqazın Mozdok cəbhəsində gedən döyüşlər zamanı qəhrəmanımız birdən onu səsləyən doğma səsi tanıyır. Şamil Quliyev dönüb baxarkən gözlərinə inanmır. O, öz atası Bahadur kişini görür və kövrək duyğularla ona sarılır. Sevincdən göz yaşlarına qərq olan ata və oğul ötən günləri və maraqlı cəbhə xatirələrini bir-biri ilə bölüşürlər. Ancaq bu xoşbəxt günlər, saatlar, dəqiqələr bir göz qırpımında gəlib keçir. Ata və oğlunun bir neçə gün çəkən görüşündən sonra, onların döyüş yolları Böyük Qələbədən sonra yenidən görüşmək ümidi ilə ayrılır.
Xatırladaq ki, haqqında bəhs etdiyimiz Şamil Quliyev Şuşa şəhərində dünyaya gəlmişdir. Erməni faşistlərinin işğal etdiyi Şuşa şəhəri xalqımıza saysız-hesabsız igidlər, elm və mədəniyyət xadimləri qazandırıb. Bu gün də Azərbaycanın igid oğul və qızlarının Böyük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq nümunələri gənc nəsil üçün əsl örnək və nümunədir.
İkinci Dünya müharibəsində qazanılan qələbə Azərbaycan xalqının fəxr edəcəyi, qürur duyacağı tarixi hadisədir. Ona görə də hər birimiz çalışmalıyıq ki, həmyerlilərimizin keçdiyi döyüş yolunu dərindən öyrənək və tarixi həqiqətləri nəsildən-nəslə ötürək. Çünki torpaqlarımızın düşmən işğalında olduğu bir zamanda ata-babalarımızın keçdiyi şərəfli döyüş yolu, göstərdiyi igidliklər bizləri Böyük Qələbəyə haraylayır.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"

***


Ümummilli lider Heydər Əliyev deyirdi: "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır". Bu ehtiram hər birimizin ehtiramını ifadə edir, zaman-zaman belə də olacaq. Böyük tarixi şəxsiyyətlərin kəlamları yaşarı kəlamlardır. Veteranlara bu ehtiram yeniyetmələr üçün, gənclər üçün vətənsevərlik tezisidir.
İsa İsmayılzadənin

Dava kəndimizdən uzaq olsa da,

Dava kəndimizin içindən keçib,

- misraları müharibə illərinin reallığını əks etdirir. Böyük Vətən müharibəsinin sıxıntıları, ağrı-acıları dörd il hər evdə yaşanılıb.
Müharibənin ilk günlərində döyüşən ordu sıralarına gedənlərdən biri də İsmayıllı rayonunun Hacıhətəmli kəndində yaşayan Həbulla Ağayev oldu. Uşaqlığında da, yeniyetməliyində də kəndin ağsaqqallarının söhbətləri onun bir cavan kimi formalaşmasında mühüm rol oynamışdı. Kənddə qətiyyətli, iradəli, qorxmaz  bir cavan kimi tanınırdı. Həbullanın ordu sıralarında ilk döyüşü Şimali Qafqazda oldu. İlk döyüş sonrakı döyüşlərin, həm də psixoloji baxımdan püxtələşmə  mərhələsinin başlanğıcıdı. İlk döyüşdən sonra komandir fərqlənən döyüşçü kimi Həbulla Ağayevə də təşəkkür elan etmişdi...
Pulemyotçu Həbulla Ağayev Ukrayna, Belorusiya, Moldoviya, Rumıniya, Yuqoslaviya və Macarıstan cəbhələrində vuruşub.
Ağır döyüşlərdən sonra Dnepri keçdilər. Düşmən böyük tələfat vermişdi. Döyüşdə Həbulla Ağayev qolundan yaralanmışdı. Onu lazaretə aparmağa imkan olmamışdı. Ukrayna kəndlərinin  birində müalicə olunmuşdu. Döyüşçü dostlarından biri zarafatla deyərmiş: "Bəxtin yeyinmiş ki, yaxşı cərrah əlinə düşübsən. Yaxşı cərrah varsa, lazaretə, xəstəxanaya, hospitala gərək olmur". Müalicə uzun çəkmir. O, yenidən döyüşən ordu sıralarına qayıdır. Yenidən pulemyotçu kimi əmrləri yerinə yetirir...
1944-cü ilin dekabrında Budapeşt uğrunda gedən döyüşlərdə ağır yaralanıb, onu müalicə üçün Subbotisa şəhərinə göndəriblər. Yaraları tam sağalana kimi evlərinə məktub yazmayıb. "Düşündüm ki, ölərsəm, qara kağız alacaqlar. Yaralandığımı bilmələrindən nigaranlıqla məktub gözləmələri daha yaxşıdı, düşündüm...". Müalicə 3 ay çəkdi. Bu üç ayda həm evlərinə sarı əlləri uzalıydı, həm də döyüşçü dostlarına sarı. Sağaldıqdan sonra bir müddət sovet qoşunları tərkibində Bolqarıstanda xidmət edib...
Ukrayna cəbhəsində Dnepri keçərkən göstərdiyi şücaətə görə 1-ci dəfə "Qızıl Ulduz", Yuqoslaviyanın azad olunmasında xidmətlərinə görə 2-ci dəfə "Qırmızı Ulduz" ordeninə layiq görülüb.
XX əsrin sonlarında Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. Böyük Vətən müharibəsi veteranının xatirələriylə, söhbətləriylə formalaşan Ayaz atasının xeyir-duası ilə bu müharibədə mərdliklə vuruşdu. O da bilirdi ki, ataların döyüş yolunu oğullar davam etdirir. 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Abdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə yaralanır, onu döyüşün içindən çıxarda bilmirlər. İtkin düşür Ayaz...
97 yaşlı Həbulla kişi həm Böyük Vətən müharibəsinin, həm də Qarabağ müharibəsinin ağrılarını hərdən gizlin, hərdən aşkar yaşayır, yaşaya-yaşaya yaşadır. "Allahdan əsgərlərimizin qazanacağı qələbə gününə kimi ömür istəyirəm. O xəbəri eşidib, dünyadan rahat köçüm. İnanıram ki, əsgərlərimiz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaqlar", - Həbulla Ağayev belə deyir. Eyni zamanda, veteranlara diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təşəkkürünü də bildirir...

Mənsurə MƏMMƏDOVA, "Azərbaycan Ordusu"

***


1941-ci il iyunun 22-də səhər saat 03:15-də faşist Almaniyası Sovet İttifaqına qarşı amansız müharibəyə başladı. Tarixdə ən böyük hücum əməliyyatı adlandırılan "Barbarossa"  əməliyyatında işğalçı ordunun 4,5 milyon canlı qüvvəsi 2900 km-lik sovet dövlətinin sərhədi boyunca irəliyə doğru hərəkət etdi. Tarixi statistik məlumatlardan aydın olur ki, bu   əməliyyata 60 000 texnika və 750 000 at cəlb olunub. Faşist Almaniyasının ildırımsürətli müharibə planının qələbə ilə başa çatması üçün, əlbəttə, çox böyük göstəricilər idi...
O zaman Sovetlər İttifaqına daxil olan bütün respublikalar kimi Azərbaycan da müharibənin ilk günlərindən "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı ilə istər ön cəbhədə, istərsə də arxa cəbhədə misilsiz döyüş və əmək rəşadəti göstərdi. 1941-ci ilin iyulunda respublikamızın 4 mindən çox oğul və qızı cəbhəyə yollanmaq üçün hərbi komissarlıqlara könüllü olaraq müraciət etdi. Təkcə avqustda 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 700 minə yaxın soydaşımız cəbhəyə səfərbər oldu. Azərbaycanlılardan ibarət 416-cı, 271-ci, 77-ci və 223-cü milli diviziyalar təşkil edildi. Bu diviziyalar Qafqaz dağlarından Berlinədək şanlı döyüş yolu keçərək, qəhrəmanlıqları ilə xalqımızın hərb tarixində yeni şərəfli səhifələr yaratdı. Faşizm üzərində şanlı qələbənin canlı şahidlərinin sayı, təəssüflər olsun ki, ildən-ilə azalmaqdadır.   
Tarixə qızıl hərflərlə yazılan 9 may qələbəsinin canlı şahidlərindən biri də 77-ci dağatıcı diviziyanın heyətində şərəfli döyüş yolu keçən həmvətənimiz 100 yaşlı Mir Məhəmməd Əliyevdir. O, Astara rayonunun Şiyəkəran kəndində dünyaya gəlib. Eldə, obada tanınmış böyük bir nəslin övladı olub Mir Məhəmməd. Müharibə başlayan kimi cəbhəyə könüllü yollanan soydaşlarımızdan biri də o idi...
Yaddaşının dərinliklərində iz salan cəbhə xatirələrini 100 yaşlı müharibə veteranımız hər kəsə maraqla danışmaqdan böyük zövq alır. Çünki müharibə dövrü özünün dediyi kimi, onun həyatının ən ağır sınaq illəri olub.
Mir Məhəmməd döyüşlərə Krım cəbhəsindən başlayır. Təhsili olduğu üçün onu manqa komandiri təyin edirlər. Tabeliyinə Goranboy rayonundan olan bir pulemyotçu və doqquz dağıstanlı verilir. 1941-ci ilin dekabrında şəxsi heyəti əsasən azərbaycanlılardan ibarət olan 77-ci dağatıcı diviziyasının 51-ci ordusunun tərkibində Kerç-Feodosiya desant əməliyyatında fəal iştirak edir. Krımdan başlayaraq 11000 km döyüş yolu keçir.
M.Əliyev Krımdan sonra Ukrayna cəbhələrində döyüşür. Bu ağır döyüşlərin birində başından yaralanan Mir Məhəmməd hospitalda üç ay müalicə alır və eyni zamanda, vəziyyəti qənaətbəxş olduğundan orada tibb bacılarına da kömək edir. Bundan sonra hospitalın rəisi gənc döyüşçüyə başından ağır kontuziya aldığını səbəb gətirərək, onun yenidən döyüşlərdə iştirakına icazə vermir. Milli diviziyanın cəsur döyüşçüsü Məhəmmədə xidmətini hospitalda davam etdirmək məsləhət görülür. O, üç aylıq müalicə müddətini başa vurduqdan sonra hospitalın baş çavuşu təyin  olunur. Beləliklə, Məhəmməd  döyüş əməliyyatlarının fəal iştirakçısı olmasa da, hospitalın baş çavuşu kimi faşist qoşunlarından azad olunan ərazilərlə irəliləyir...
Veteran döyüşçü müharibədən sonra Bakıda Tibb İnstitutuna qəbul olur. Daha sonra Özbəkistan Respublikasına köçərək uzun illər orada yaşayır.
Bu gün ömrünün müdrik çağlarını yaşayan  Mir Məhəmməd baba hər il 9 May - Qələbə Günündə və bu qələbənin canlı şahidləri ilə birlikdə tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşdüyünü deyir. "Biz İkinci Dünya müharibəsi veteranları dövlət başçımızın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşuq. Xalqımızı qələbənin 75 illiyi münasibətilə təbrik edirəm. Hər il 9 May - Qələbə Günü ərəfəsində  bir neçə ölkədən təbrik məktubu alıram. İnanıram ki, ordumuz tez bir zamanda Qarabağımızı da erməni faşistlərindən azad edəcək. Şuşa qalasına qələbə bayrağımız sancılacaq."


 Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"