Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2020 10:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Əsgərin hərbi xidmətə sosial-psixoloji adaptasiya olunması.

Suallar:

1. Sosial-psixoloji adaptasiyanın mahiyyəti.

2. Sosial-psixoloji adaptasiyanın mərhələləri.

3. Orduda döyüşçünün formalaşması.

 

Sosial-psixoloji adaptasiyanın mahiyyəti


Bu gün Azərbaycan Ordusunda gənclərin mənəvi dəyərləri ən vacib məsələlərdən biri sayılır və hərbi xidmətin gənclərə Vətənə, dövlətə, torpağa, xalqa xidmət kimi təbliğ edilməsi hərbi xidmət şəraitini, onların fəaliyyətini, şəxsiyyətini və sosial-psixoloji adaptasiyasını şərtləndirir. 
Müasir şəraitdə gənc əsgərlərin hərbi xidmətə sosial-psixoloji cəhətdən uyğunlaşma məsələləri böyük əhəmiyyət kəsb edir. Belə ki, onlar özlərinə yaxşı tanış olan, özlərini rahat hiss etdikləri bir psixoloji mühitdən, tamamilə nabələd, tanımadıqları, bilmədikləri və hazır olmadıqları psixoloji mühitə düşürlər. Göstərilən amillər gənc əsgərlərin hərbi xidmətə uyğunlaşmasına böyük təsir göstərərək, onlar üçün çətin bir dövrə çevrilir.
Gənc əsgərlərin xidməti, təlimi və ictimai fəaliyyətlərə ən əlverişli şəkildə uyğunlaşdırılması, təlim-tərbiyə prosesinin səmərəliyinin artırılması, gənc əsgərlərin təlim və tərbiyəsinin, xidməti və ictimai fəallığının, hərbi intizamının, əhval-ruhiyyəsinin uğurlu olması böyük ölçüdə onların adaptasiya olunma dövrünün xüsusiyyətlərindən asılıdır.
Əsgərlərin adaptasiyasına sosial-psixoloji yanaşma şəxsin hərbi xidmət şəraitinə tədricən daxil olma və yeni kollektivin psixologiyasını mənimsəmə prosesi kimi müəyyən edilə bilər. Əsgərin sosial-psixoloji adaptasiyası prosesinin mahiyyəti gənclərdə əvvəllər yer almış dəyərlər, bacarıq və vərdişlər, davranış və ünsiyyət sisteminə gənc əsgər olduqdan sonra onun şəxsiyyətinə verilən yeni tələblər əsasında dəyişikliklərin edilməsi arasındakı ziddiyyətlərin həll olunmasındadır. Mövcud ziddiyyət şəxsiyyətin davranışındakı köhnə üsulların dəyişdirilməsi prosesində, hərbi xidmətə uyğun yeni bacarıq və vərdişlərin yaradılması ilə həll olunur. 
Uyğunlaşma dövrünün çətinliklərini dəf edən gənc əsgərin şəxsi keyfiyyətlərindən - onun xarakterindən, temperamentindən çox məsələlər asılıdır. Sosial-psixoloji adaptasiya prosesində gənc əsgərin hansı dəyərlərə üstünlük verməsinin böyük əhəmiyyəti vardır. Əgər gənc əsgər hələ hərbi xidmətə gəlməmişdən qabaq təhsildə və yaxud kollektivin ictimai həyatında fəal iştirak edibsə, hərbi xidmətin vacibliyini başa düşərək ona maraq göstəribsə, belə şəxs ilk 1-2 ay ərzində hərbi kollektivə də tez uyğunlaşa biləcəkdir.
Gənc əsgərlərin bəzilərində xarakterin və davranışın mənfi cəhətləri, müsbət keyfiyyətlərin zəif inkişafı şəxsiyyətin uyğunlaşma qabiliyyətlərini xeyli azaldır, belə xarakterli əsgərlərin sosial-psixoloji adaptasiya proseslərini ləngidir. Bu cür əsgərlərə hərbi kollektivlərdə uyğunlaşmaq çətin gəlir. Onlar təkcə komandirlərin deyil, hərbi kollektivin böyük bir hissəsinin irəli sürdüyü və özlərinin alışmadıqları tələblərə öyrəşmək məcburiyyətindədirlər. Belə hallarda hətta bir neçə uyğunlaşma variantları mümkün olur.

 

Sosial-psixoloji adaptasiyanın mərhələləri


Sosial-psixoloji adaptasiya - şəxs və qrup tərəfindən yeni mühitin mənimsənilməsi prosesidir. Burada əsasən sosial mühitin kəskin dəyişilməsilə əlaqəli və məişət şəraitinin dəyişikliklərinə uyğunlaşma (məsələn: günün nizam qaydaları, qida qəbulu, hamam, gigiyenik təmizlik qaydaları və s.) prosesləri fərqləndirilir.
Sosial-psixoloji adaptasiya prosesində gənc əsgərin sosial-psixoloji strukturu (onun dərketmə, emosional və iradi prosesləri) və hərbi kollektivin psixologiyası (bu isə artıq ictimai fikir, adət-ənənələr, mənəvi-psixoloji mühit, rəhbərlik və liderlik üslubu kimi amillərdir) qarşılıqlı əlaqələrə girərək bir-birlərinə təsir göstərirlər.
Gənc əsgərlərin hərbi xidmətə ilkin sosial-psixoloji adaptasiya olunmasının səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
- öyrəşdikləri sosial-psixoloji mühitdən (ailəsi, məktəbi, dost və yoldaşlarından) kəskin ayrılma gənclərdə, xüsusilə ilk dövrdə tənhalıq, tək qalma, darıxma, ailə, ana, ata həsrəti kimi hisslər yaşadır;
- yeni şərait, yeni öyrəşmədiyi tələblər, çoxlu sayda yeni insanlar bir çox gənclərdə çaşqınlıq, özünü itirmə, psixoloji gərginlik və stress yaradır;
- tələblərin əsgərin daxilində müqavimət yaradan komanda şəklində verilməsi, itaət etmə çətinliyi psixoloji cəhətdən dayanıqsız əsgərlərdə açıq şəkildə etirazlara, söz güləşdirmələrə və münaqişələrə səbəb olur;
- gənc əsgərlər arasında yoldaşlıq əlaqələri asanlıqla qurulur, eyni statusa malik olduqlarına görə eyni hüquqlu şəraitdə yerləşirlər. Bəzi çətinliklər yerli qruplar arasında yarana bilir.
İlkin sosial-psixoloji adaptasiya olunmanın ən vacib sahəsi gənc əsgərlərin komandirlərin tələblərinə uyğunlaşmalarıdır. Şəxsiyyətin hərbi xidmətə uyğunlaşmasının əsas faydası bu tələbləri qəbul və yaxud inkar etməsində, mülki şəxsdən hərbi quluqçuya - gənc əsgərə çevrilməsində ifadə olunur.
Təxmin mərhələsində gənc əsgərlər komandirlərin tələblərini can-başla yerinə yetirir, məxsusi çalışqanlıq göstərirlər. Sosial-psixoloji adaptasiyanın əsas mexanizmi komandirlərin təlqin olunmasıdır (onlara bənzəmək cəhdləridir). Eyni zamanda, hər komandir şəxsiyyət kimi qiymətləndirilir. Burada komandirin əsgərlərində yaratdığı ilkin təəssürat güclü rol oynayır. Bu təəssüratı sonradan dəyişmək çox çətin olur.
Yeni şəraitlə tanış olduqdan, komandirin tələblərini qəbul etdikdən sonra gənc əsgər onunla müəyyən bir üslubu sınaqdan çıxararaq ona uyğun münasibətlər qurur. Bəzi gənc əsgərlər üçün bu asan olmur. Nəticədə aralarında böyük yaş fərqi olmayan çavuşlarla münasibətlərində anlaşılmazlıq yarana bilir. Sosial-psixoloji adaptasiyanın bu mərhələsi "böhranlı dövr" adlanır. Sınama üsulundan istifadə etməklə əsgərin davranışının əsas xətti görünməyə və gənc əsgərin özünüqiymətləndirməsi ilə gözlədiyi qiymətlər komandirin verdiyi qiymətlərə yaxınlaşmağa başlayır.
Gənc əsgərlərin öz bölmələrinə gəldikdən sonra sosial-psixoloji adaptasiyanın xarakterik xüsusiyyətləri aşağıdakılardır:
- gənc əsgərlərin qəbulu şəxsin uyğunlaşma davranışının xarakterini müəyyən edən müxtəlif səviyyələrdə inkişaf etmiş kollektivlərdə baş verir;
- sosial-psixoloji uyğunlaşmanın ən mühüm sahəsi əsgərlə hərbi kollektiv arasındakı münasibətlərin qurulması sahəsidir. Başqa sahələrə uyğunlaşma bundan asılıdır.
- formal hərbi kollektiv, yəni, hərbi kollektivin formallığı (rəsmiliyi, gerçək olmayan münasibətlərin mövcudluğu) güclü stress amili kimi qəbul olunur.
Çağırışla xidmət edən hərbi qulluqçuların uyğunlaşmasının əsas məzmunu onun növlərini (məişət, xidməti, ictimai) müəyyən edir. Məişət uyğunlaşması gənc əsgərlərin ordudakı həyat şəraitinə uyğun psixikasında baş verən dəyişikliklərə öyrəşməsidir. Onun əsas xüsusiyyətləri aşağıdakılardır:
- hərbi nizamnamələrin, intizamın tələblərinin, subordinasiya (kiçik vəzifəli şəxslərin böyük vəzifəli şəxslərə tabe olması) münasibətlərinin, yataqxanada (birgə) yaşama, günün nizam qaydalarının dəqiq yerinə yetirilməsinin zəruriliyi;
- qarnizon, qarovul və daxili xidmətin yerinə yetirilməsi;
- valideynləri, ailəsi və əzizlərilə tez-tez görüşmənin mümkünsüzlüyü;
- məhdud zaman çərçivəsində gənc əsgərin böyük həcmli xidməti biliklərə, bacarıq və vərdişlərə yiyələnməsi.
Uyğunlaşma prosesi təxminən növbəti qaydada cərəyan edir. İlk 3 ayı əsgər həyəcanlı vəziyyətdədir, xidmətə maraq göstərir, çox tez təsirlənir və bütün tapşırıqların yerinə yetirilməsinə çalışır. Bu dövrdə o, ailəsi və dostları ilə (ən azı 10-15 nəfərlə) sıx əlaqə saxlamağa çalışır. 4-6-cı aylar arası psixoloji cəhətdən ən çətin müddət sayılır. Əsgər kollektivə qatılır, yeni münasibətlər qurulur və köhnə əlaqələr azalır (2-3 nəfər). Bu dövrdə o, evdən ayrılığı ağır keçirir, tənhalıq, özünə inamın itməsi, başqalarından asılı qalma kimi hisslər yaşayır. Adətən 6 aydan sonra əsgər mənəvi-psixoloji cəhətdən bərkiyir və xidməti fəaliyyətini rahat keçirməyə başlayır.
Gənc əsgərin hərbi xidmətə uyğunlaşmasının mahiyyəti ondan ibarətdir ki, şəxsin yeni tələblərə uyğun olaraq, orqanizmin funksional sistemləri yenidən qurulmalı və hərbi ixtisasına səmərəli yiyələnməsinə imkan verməlidir. Uyğunlaşma prosesində gənc əsgərin ehtiyaclarının əsaslandırılması yeni vəzifələrə uyğun olaraq bilik, bacarıq və vərdişləri genişləndirilərək dərinləşdirilir.

 

Orduda döyüşçünün formalaşması


Müasir ümumqoşun döyüşündə əsgərin mənəvi-psixoloji hazırlığı böyük əhəmiyyət kəsb edir. Əsgəri vəzifəsini yerinə yetirərkən o, öz qüvvəsini və həyatını əsirgəməməyə; komandirlərə (rəislərə) sözsüz tabe olmağa və onları döyüşdə qorumağa; hissənin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa; döyüşdə Azərbaycan xalqı, Azərbaycan Respublikası, dövləti, ailəsi qarşısında əsgəri vəzifəsini axıradək yerinə yetirməyə borcludur. Heç nə, o cümlədən ölüm təhlükəsi belə onu əsir düşməyə məcbur etməməlidir. Hərbi and və nizamnamələr hər əsgərdən tələb edir:
- Azərbaycan Ordusu döyüşçüsünün vəzifə borcunu dərindən dərk etsin, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl etsin, Hərbi andın tələblərini yerinə yetirsin, sayıq olsun, Azərbaycanın mənafeyini vicdanla və inamla qorusun, bu işdə öz qüvvəsini, lazım gələrsə, həyatını da əsirgəməsin;
- hərbi işi vicdanla öyrənsin, komandirlərin (rəislərin) ona öyrətdiklərini möhkəm və səylə yadda saxlasın; öz vəzifələrini nümunəvi yerinə yetirsin; hərbi nizamnamələrin tələblərini dərindən bilsin və vicdanla yerinə yetirsin;
- komandirlərin (rəislərin) əmr və göstərişlərini sözsüz və vaxtında yerinə yetirsin; mərd və intizamlı olsun; nalayiq hərəkətlər etməsin və yoldaşlarını da belə hərəkətlərdən çəkindirsin;
- dövlət sirrini qorusun; komandirlərə (rəislərə) və böyüklərə hörmət etsin, hərbi nəzakət, davranış və əsgəri salamvermə qaydalarına ciddi əməl etsin;
- silahını, döyüş texnikasını və digər texnikanı yaxşı bilsin; həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlasın.
Bunlardan əlavə, əsgərin döyüşdə vəzifələri belə müəyyənləşdirilir:
- taqımın, manqanın (tankın) döyüş vəzifəsini və öz vəzifələrini bilsin;
- düşmən tanklarının, digər zirehli maşınlarının və tankəleyhinə vasitələrin döyüş imkanlarını, onların güclü və zəif cəhətlərini bilsin;
- daim müşahidə aparsın, düşməni vaxtında aşkar etsin və onun haqqında dərhal komandirə məlumat versin;
- hücumda cəsarət və qətiyyətlə, müdafiədə dəyanət və inadla hərəkət etsin;
- düşmən təyyarələrinə, vertolyotlarına və digər hava hədəflərinə atıcı silahdan atəş aça bilsin;
- döyüşdə komandirini qorusun, yaralandıqda və ya həlak olduqda bölməyə rəhbərliyi öz üzərinə götürsün;
- komandirin icazəsi olmadan döyüşdə öz yerini tərk etməsin.
Sülh və müharibə dövründə öz vəzifələrini yerinə yetirməsi üçün intizamlılıq, cəsurluq, igidlik, qətiyyətlilik, soyuqqanlılıq, öz canını və qanını əsirgəməməyə hazır olmaq, döyüş yoldaşlığı kimi mənəvi döyüş keyfiyyətlərinin tərbiyə olunması zəruridir.
Hərbi xidmət zamanı əsgərdə tərbiyə olunan mənəvi-döyüş keyfiyyətləri:
- düşmən üzərində qələbəyə sarsılmaz inam. Bu keyfiyyət Azərbaycan əsgərinin qarşısına qoyulmuş məqsədlərin ədalətliliyinə və dərin inama əsaslanır. Əsgərin döyüş qabiliyyətini, ustalığını artırır və düşmənin darmadağın edilməklə qələbəni əldə etməsinə yönəldir;
- döyüş fəallığı. Döyüş şəraitində hər bir insan, kollektiv daim öz hərəkətlərinin səmərəliliyini artırmaq üçün üsullar axtarır. Döyüş və ictimai-siyasi hazırlıq prosesində yaradılan fəal hərəkətlər və məqsədə çatmaq üçün daha səmərəli vasitələr axtarışını tələb edən mürəkkəb şəraitdə tərbiyə olunur;
- özünü idarəetmə və soyuqqanlılıq. Bu keyfiyyətin olmaması qorxaqlığın, özünüitirmənin, çaşqınlığın meydana çıxmasına səbəb olur, bu da döyüş şəraitində çox acınacaqlı vəziyyətə gətirib çıxarır;
- Hərbi anda, hərbi qulluqçu borcuna və şərəfinə sədaqət. Bu o deməkdir ki, hərbi qulluqçu döyüş və xidməti fəaliyyətində son damla qanına qədər vəzifə borcunu yerinə yetirməyə hazır olmalıdır.
Azərbaycanın ərazi bütövlüyünün hələ bərpa edilmədiyi, torpaqlarımızın düşmən işğalında olduğu bir vaxtda Azərbaycan Ordusunun gündəlik həyatında mənəvi-psixoloji hazırlığın əhəmiyyəti gündən-günə artır. Hər bir hərbi qulluqçu xidmət etdiyi hərbi hissədə yüksək döyüş qabiliyyətinin saxlanılması, döyüş hazırlığının yüksəldilməsi, hissə və bölmənin tapşırıqlarının müvəffəqiyyətli həlli üçün öz vəzifə borclarını şüurlu surətdə dərk etməli və onları vicdanla yerinə yetirməlidir.
Qrup rəhbəri bu mövzunu tədris edərkən materialı diqqətlə oxumalı, dərindən mənimsəməli və auditoriyanı, yəni, hərbi qulluqçuların kateqoriyasını, fərdi-psixoloji xüsusiyyətlərini mütləq nəzərə almalıdır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi