Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2020 10:00

“Qarabağın ürəyi olan Şuşanı unutmayaq!”

1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri Şuşa şəhərini işğal etdi. Azərbaycanın ərazi bütövlüyünə vurulmuş bu ağır zərbədən artıq 28 il keçir. Xalqımız əzəli torpaqlarımızın, o cümlədən Azərbaycanın dilbər guşələrindən biri, Vətənimizin musiqi beşiyi hesab edilən Şuşa şəhərinin itirilməsi ilə heç zaman barışmayacaq.
Azərbaycan Hərb Tarixi Muzeyində koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş karantin rejiminə riayət etməklə "Qarabağın ürəyi olan Şuşanı unutmayaq!" adlı tədbir keçirildi. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Yalnız muzey kollektivinin bir qisminin iştirak etdiyi tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək, 28 il öncə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə edilmiş qəsd barədə söhbət açdı. O, müharibənin bütün çətinliklərindən keçən zabit kimi, Şuşa şəhərinin düşmən tərəfindən işğalının səbəb və nəticələri haqqında düşüncələrini bölüşdü, o zaman cəmiyyətdə və yeni yaranmaqda olan orduda mövcud olan problemlər haqqında fikirlərini söylədi.
Şuşa ermənilər tərəfindən ələ keçirildikdən sonra şəhər viran qoyularaq, rayonun 30 kəndi dağıdılıb. Düşmən 195 nəfər dinc sakini qətlə yetirib, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
Bir sıra tarixi-mədəniyyət abidələri ermənilər tərəfindən varvarcasına soyğunçuluğa məruz qalıb. Məşhur Şuşa qalası, beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, dövlət xalça muzeyinin filialı, xalq tətbiqi sənəti muzeyi, bir sözlə, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidəni ermənilər amansızcasına qarət ediblər.
Muzey rəisi, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yoluna toxundu, ordu quruculuğu sahəsində baş verən keyfiyyət dəyişikliklərindən danışdı. Ehtiyatda olan zabit onu da vurğuladı ki, Azərbaycan xalqı torpaqlarımızın işğalı faktı ilə heç vaxt barışmayacaq.
Tədbir iştirakçıları çıxış edərək Şuşa şəhərinin işğala məruz qalmasının ölkəmiz üçün ağır itki olduğunu vurğuladılar və sülh yolu ilə mümkün olmasa, Azərbaycan Ordusu tərəfindən tez və ya gec erməni təcavüzündən azad ediləcəyinə əminliklərini bildirdilər.

Əbülfət QASIMOV, Azərbaycan Hərb Tarixi Muzeyi