Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2020 09:26

Ömrümüzün bayrağıdı Ana, Vətən kəlmələri...

Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz bilirlər ki, Xətainin qılıncının qüdrəti dünyanı heyrətləndirmişdi. Şeirin aşıladığı mətləb daha həssaslıqla qavranılır, gərəkli şeirin gərəkli mətləbi düşüncələrə daha həssaslıqla hopur; xalq şairi Məmməd Arazın

Xətainin qılıncını

suvardım,

Məmməd Araz

karandaşı göyərdi -

misralarını şeirsevərlər heyrət kəlamı kimi oxumuşdular, oxuyurlar, oxuyacaqlar. Söz. Bu anlamda şeir həm tarixdi, həm də tarixi yaşatmağa qadir olan sözdü; Xətainin qılıncının qüdrətini neçə altı əsrlər həm tarix yaşadacaq, həm də söz, şeir...
Sözü sözdən seçməyi bacaranlar bilirlər ki, sözün də işığı var. İşıqlı fikir ifadəsi bununla bağlıdır. Söz müqəddəs niyyətlə səsləndiriləndə bu işıq müqəddəsliyi ifadə edir. Bu işığı duyanlar, ürəyinin gözüylə görənlər əmin olur ki, bəşəriyyətin başlanğıcından gələn sözün nə özünün, nə də işığının sonu yoxdu. Ayrılıqda da, özünə yaraşan sözə söykənəndə də, bu söykənişlə gərəkli mətləb bildirəndə də belə qüdrətə malik olan söz  eşidənə könül xoşluğu verir. Ön xətdə, səngərlərdə əsgərlərimiz mənə də, həmkarlarıma da dəfələrlə belə könül xoşluğu yaşadıblar.
Yenə səngərdən uzaqlaşmamış dönüb arxaya baxdım. Əsgərlərdən eşitdiyim işıqlı fikirlər düşüncələrimin səyyarəsinə dönmüşdü. Səngərdə əsgərlərimizin Vətənə, dövlətə, dövlətçiliyə, Hərbi anda sədaqətini indi də görmüşdüm. Onu da duymuşdum ki, əsgərlərimiz bu işığı ruhumuzun işığının zərrəsi bilirlər.
Bu gün də şeiriyyətlə bağlı əsgər sözü çəmən-çəmən yaşıllaşan təbiəti misra-misra gözəlləşdirə-gözəlləşdirə könlümüzə süzülmüşdü, şeirli anlar dünyanın bu səmtini bir kəlmələşmə qədərincə də ecazkarlaşdırmışdı.
Şəhidlikdən, şəhidlərdən danışmışdıq. Sözarası "Şəhidlik ölməzliyin, ölümsüzlüyün fəlsəfəsidi..." demişdim. Araya çökən üzücü sükutu əsgər İsmayıl Bayramov pozmuşdu:
- Vətəni hamı sevir. Bu sevgilər bir-birinə oxşasa da, bir-birinin eyni deyil. Əsgərin Vətən sevgisi yeniyetmələrin, çağırışçıların Vətən sevgisindən daha qətiyyətli olur.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu əsgər Rahib Eyvazov əsgər yoldaşının fikrini duyğusallıqla tamamlamışdı:
- Son nəfəsi Vətənə aid olanların Vətən sevgisi hamının Vətən sevgisindən, bütün sevgilərdən üstün sevgidi.
- Bu şeir Üzeyir Hacıbəyova ithaf olunsa da, onun bütün şəhidlərə yazıldığını düşünürük. Mən də, əsgər yoldaşlarım da.
Bir daha əmin oldum ki, müharibə şəraitində döyüş növbətçiliyini məsuliyyətlə aparan Azərbaycan əsgəri həm də gözəl düşünür. Döyüş növbətçiliyi də Vətən üçündü, belə düşüncələr də.
Zabit Nurlan Muradov qətiyyətlə dedi:
- Nümunəvi əsgər zabitlərin də, əsgər yoldaşlarının da ehtiramıyla əhatələnir. Qürurlanıram ki, ordumuzun əsgərləri belə əsgərlərdi. Söhbətlərimizdə öyrənmişəm ki, onlar asudə vaxtlarında müxtəlif mövzularda söhbətləşirlər,  Anamız Vətəndən danışırlar, şəhidlikdən, şəhidlərimizdən, Ali Baş Komandanın döyüş əmriylə döyüşəcəklərindən, torpaqlarımızı işğaldan azad edəcəklərindən danışırlar. Belə söhbətlərin birində "Vətəni necə sevməliyik?" sualı ətrafında gərəkli bir müzakirə aparıblar. Vəlinin dedikləriylə hamısı razılaşıb: Vətəni anamız kimi sevməliyik...
Səngərdən uzaqlaşmamış bu fikir düşüncələrimin yolgöstərəninə dönür: Vətəni anamız kimi sevməliyik. Bayaq səngərdə "Söz müqəddəs niyyətlə səsləndiriləndə bu işıq müqəddəsliyi ifadə edir" deyildi. Hamımızın baxışları döyüş növbətçiliyi aparan əsgərlərə sarı yönəldi. Bu baxışlarda qədərsiz inam, dönməz əminlik, bir də incə bir həsəd vardı. Düşüncələrimi tarıma çəkən fikir ürəyimi rəhmsizcəsinə döyəclədi. Vətəni ana kimi sevməyin gərəkliyi fikrinin poetikasının cazibəsindən çıxmaq, nəsə demək, nəsə eşitmək mümkünsüzüydü. Ötən ilin payızında ön xətdə, səngərdə keçirilən oxucu konfransında əsgərlər "Azərbaycan Ordusu"na xitabən könlümüz şeir də istəyir demişdilər. O istəyin cazibəsində bunca gözəl, bunca gərəkli, bunca müqəddəs bir fikri şeirləşdirməyi özümə mənəvi borc bildim:
 
Düşüncədən düşüncəyə

köçürəydik

Tarixlərdən boy göstərib

nurtək bitən kəlmələri.

Günümüzün çırağıdı,

Ömrümüzün bayrağıdı

Ana, Vətən kəlmələri...
 
Misralar həm maraqla dinlənildi, həm də gözəl bir mətləblə bağlı fikir demək üçün əhəmiyyətli başlanğıc oldu. Deyildi ki, müharibədə əsgərin döyüş əzmini, qələbə ruhunu ifadə edən şeir də döyüşür.
- Şeirin başlanğıcı olan laylalarla boy atırıq, bayatıların hikmətiylə yaşa doluruq, - deyildi.
- Laylalar da, bayatılar da xalqımızın ruhuyla yaşıddı, - deyildi.
- Ona görə laylalar da müqəddəsdi, bayatılar da, - deyildi...
Müqəddəsliyə ad olan fikirləri dinlədikcə Mir Cəlalın bir alğışını xatırladım: Tanrı sənə bir bayatı ömrü versin.
Əsgərlərimizə bir bayatı ömrü arzuladım. Onda əsgərlərdən biri əminliklə dedi ki, Azərbaycanımız bayatı ömrü yaşayacaq!..
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist