Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2020 09:16

Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Müşavirədə dövlət başçısı 2020-ci ilin birinci rübünün yekunlarına dair geniş nitq söyləyib. Prezident nitqində əsasən koronavirus pandemiyasından və ölkəmizdə ona qarşı aparılan təxirəsalınmaz tədbirlərdən söz açıb.
- Bu gün biz ilin birinci rübünün yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər.
Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük.
Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər.
Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin geniş auditoriyaya çatdırıldığını da qeyd edib.
- O ki qaldı Münxen Təhlükəsizlik Konfransına, bu da dünya miqyasında təhlükəsizliklə bağlı bir nömrəli konfransdır. Bu dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imkan oldu ki, canlı efirdə həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılsın. Çünki bu auditoriya milyonlarla insanı əhatə edir. Nəzərə alsaq ki, tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri canlı efirdə debatda idilər. Bu debatlara çox böyük maraq var idi. Bu, bir daha göstərdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Bizim sözümüz isə tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır. Ona görə Münxen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın edib və bunların uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyub. Əlbəttə, istisna edilmir ki, bu cəhdlər bundan sonra da göstəriləcək, ancaq artıq buna heç kim inanmayacaq.
Ona görə hesab edirəm ki, həm münaqişə ilə bağlı, həm Cənubi Qafqazın tarixi ilə bağlı keçirilmiş bu tədbir bizim böyük uğurumuzdur. Azərbaycan xalqı mənə göndərilən on minlərlə mesajlarda, məktublarda öz dəstəyini bir daha ifadə etmişdir.
Münaqişə ilə bağlı onu da bildirməliyəm ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilmiş qondarma "prezident"in qondarma "seçkiləri"ndən gedir. Bu "seçkilər" bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. "Seçkilər"dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk Qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu "seçkiləri" tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

AZƏRTAC-ın materialları əsasında